İslam Həmrəyliyi Siyasəti: Azərbaycanın
qlobal humanizmə töhfəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Sərəncamı və bu istiqamətdə geniş fəaliyyətə başlanılması - mühüm siyasi addım və qlobal humanizm aktı kimi ölkəmiz üçün, bütün islam ölkələri və eləcə də, bütün dünya üçün müstəsna əhəmiyyətə malikdir.
İnsanın
mənəvi keyfiyyətlərini, iç
duyğularını ifadə edən inancı -mənəvi
aləmi nə qədər fərdi olsa da, sosial-mədəni
münasibətlərin universallaşması və zənginləşməsi
fonunda tədricən fərdi çərçivəsindən
çıxaraq ictimailəşmiş, sonda kollektiv dəyərə
çevrilmişdir. Bu tarixi prosesdə meydana gələn
müxtəlif dinlər və onların ayrı-ayrı təmayülləri
universal inanc identikliyinin formalaşmasına yol
açmışdır. Lakin bu yol
heç də həmişə hamar olmayıb. Bəzən dinlərin özünün ifrat şəkildə
mütləqləşdirməsi, müstəsnalaşdırması,
hətta ideolojiləşdirməsi prosesində onların dərin
çatları, keçilməz sədləri də yaranmış,
bir çox hallarda müxtəlif dinlər və onların cərəyanları,
sektaları arasında uzunmüddətli konfliktlər də
kükrəmişdir. XI -XII əsrlərdə Orta Şərqə
ekspansionist xristian hərbçilərinin təşkil
olunmuş çoxsaylı səlib yürüşləri
(Expeditio sacra), orta əsrlər Avropasında inkvizisiya, islam dünyasında uzun əsrlər boyu davam
edən təriqətlərarası çəkişmələr
həmin konfliktlərin bariz nümunələridir. Lakin bəşər tarixində davamlı olaraq
baş vermiş, hətta amansız savaşlara
çevrilmiş o qanlı toqquşmalar heç bir halda bir
dinin və ya inanc qrupunun digərləri üzərində
mütləq üstünlüyünü bərqərar etməmişdir.
Bununla da, insanlığın tarixi həyatının
gerçəkliyi öz yenilməz həqiqətini və
aktuallığını hər zaman qoruyub
saxlamışdır: Bəşəriyyətə davamlı
sabitlik gətirən, birgəyaşayış ənənələrini
gücləndirən humanist mənəvi mühitin
formalaşması həm fərdi, həm də kollektiv anlamda
insan inancına, insanlığın inanc şəklində
ifadə olunan mədəni-mənəvi dəyərlərinə
olan hörmətdən qaynaqlanır.
Tarix boyunca müxtəlif dini etiqadlara malik olan
insanların sülh şəraitində, bir-biri ilə
qarşılıqlı hörmət və ehtiram ruhunda
yaşamasının dərk edildiyi dünyanın nadir məkanlarından
biri də Azərbaycandır. Vicdan azadlığını insan
hüquq və azadlıqlarının yalnız bir
parçası kimi deyil, həm də tarixi dəyər kimi
uca tutan Azərbaycan xalqı müxtəlif dini inanc
daşıyıcılarının birgəyaşayış ənənələrini
zənginləşdirmiş, bütün dünya
üçün örnək ola biləcək
dini tolerantlıq modelini yaratmışdır. Məhz
bu səbəbdən, Azərbaycan tarixən
sivilizasiyalararası dialoqa önəmli töhfələr verən,
dözümsüzlüyün bütün formalarını rədd
edən humanist mənəvi məkan kimi öz mövqeyini
qoruyub saxlaya bilmişdir.
Dünyəvi
və dini dəyərlərin bir-birinə xələl gətirmədən
birgə mövcudluğu ənənələrini yaşadan Azərbaycan
xalqı XX əsrin əvvəllərində bütün islam dünyasında ilk dəfə dünyəvi-demokratik
respublika quruluşunu yaradaraq çoxəsrlik milli, dini və
ümumbəşəri dəyərlərə sadiqliyini bir
daha göstərmişdir. Azərbaycan Xalq
Cümhuriyyətinin İstiqlal Bəyannaməsində milliyyətindən,
məzhəbindən, sinfindən və cinsindən
asılı olmayaraq, öz sərhədləri daxilində
yaşayan bütün vətəndaşlara siyasi hüquqlar və
vətəndaşlıq hüququ verildiyi bəyan
edilmişdir. Bununla da, multikultural və
çoxkonfessiyalı məkan olaraq öz siyasi təyinatını
müəyyənləşdirən Azərbaycan dünyəviliyin
təkcə Qərb sivilizasiyasına məxsus olduğunu
deyil, onun mahiyyət etibarı ilə bütün bəşəriyyət
üçün universal dəyər kəsb etdiyini
bütün dünyaya nümayiş etdirmişdir.
Hətta ən
çətin dövrdə də - Sovet dönəmində də
Azərbaycan xalqı dini inanclarını, islam
dininin təbliğ etdiyi mərhəmət, yardım,
paylaşma kimi dəyərləri sosial-ictimai-məişət
həyatında qoruyub saxlamışdır.
Müstəqilliyini
bərpa etdikdən sonra hər kəsin vicdan
azadlığına malik olması konstitusion norma
kimi ölkənin ali qanununda - Konstitusiyada öz əksini
tapmışdır. Eyni zamanda, hər kəsin
dinə münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç
bir dinə etiqad etməmək, dinə münasibəti ilə
bağlı əqidəsini ifadə etmək və yaymaq
hüququ birbaşa olaraq Konstitusiyada qeyd edilmişdir. Bu gün Azərbaycanda insanların dini
inanclarını sərbəst şəkildə ifadə etməsi
üçün bütün şərait
yaradılmışdır. Ölkəmizdə
hazırda mövcud olan 2000-dən çox məscidin 300-ü
tarixi-mədəni abidə kimi dövlət tərəfindən
qorunur. İslam mədəniyyətinin unikal abidələri
olan Təzəpir, Bibiheybət, Əjdərbəy,
Şamaxı Cümə məscidləri və Gəncə
şəhərindəki "İmamzadə" kompleksi əsaslı
şəkildə təmir olunmuş, Bakı şəhərində
Cənubi Qafqazın ən böyük məscidi olan Heydər
Məscidi inşa edilmişdir. Digər dinlərə
etiqad edən vətəndaşların istifadəsi
üçün kilsələr, sinaqoqlar, məbədlər təmir
edilmiş və yeniləri tikilmişdir. Bu hüquqlardan
rasional dünyagörüşü əsasında müdrikcəsinə
istifadə edən Azərbaycan xalqı tarixi keçmişində
olduğu kimi, dini ifratçılıq, xurafat, ekstremizm kimi
dini təhrifçilikdən uzaq dayanmaqla, bəzi xarici
qüvvələrin Azərbaycanda insanların dini
inanclarından sui-istifadə cəhdlərinin üzərindən
xətt çəkmişdir. Bir sözlə,
dini inanc və dünyəvilik Azərbaycan xalqının
yaşamında ideal vəhdət yaratmışdır. Bu vəhdət həm də milli dövlət təhlükəsizliyimizin
ən mühüm mənəvi dayaqlarından biridir.
Azərbaycan
regional və qlobal müstəvidə humanizm və həmrəylik
ideyalarını təbliğ edən, konstruktiv əməkdaşlıq
imkanlarını təqdim və təşviq edən islam təsisatları ilə dərin münasibətlər
yaratmışdır. 1991-ci ildən İslam
Əməkdaşlıq Təşkilatına (İƏT)
üzv olan Azərbaycan bu təşkilata daxil olan dövlətlərlə
qarşılıqlı inama əsaslanan faydalı diplomatik
münasibətlər qurmuş, eyni zamanda iqtisadi, mədəni
sferalarda çoxşaxəli əlaqələr
yaratmışdır.
İslam Əməkdaşlıq Təşkilatı tərəfindən
Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin,
bəyanatların qəbul edilməsi Azərbaycanın
haqlı mövqeyinin beynəlxalq miqyasda müdafiə edilməsi
və bu münaqişənin beynəlxalq hüquq normaları
çərçivəsində həllinə dəstək
göstərilməsi baxımından atılmış önəmli
diplomatik-hüquqi addımlardır. 2015-ci ildə İƏT Xarici
İşlər Nazirlərinin Şurası tərəfindən
"Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü nəticəsində
işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə
aid tarixi-mədəni irsin və ibadət ocaqlarının
dağıdılması və təhqir olunması"na dair
qəbul olunmuş qətnamə dini zorakılıq və
ayrı-seçkiliyin Ermənistan tərəfindən
yürüdülən siyasətin tərkib hissəsi
olduğunu bütün dünyaya açıq şəkildə
bəyan edir.
İslam
həmrəyliyinə nail olunması bütün dünyada mədəniyyətin,
elmin, təhsilin inkişafına dəstək göstərən
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının
(İSESKO) qarşısına qoyduğu prioritet vəzifələrdən
biridir. Azərbaycanın həmin təşkilatla
da sıx əməkdaşlıq münasibətləri
mövcuddur.
İSESKO
tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində
mövcud duruma, islam dininə aid olan maddi və
qeyri-maddi irsin məqsədli şəkildə məhv
olunmasına dair çoxsaylı bəyanat və qətnamələr
qəbul olunmuşdur.
2006-cı
ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım
Əliyevanın sivilizasiyaların yaxınlaşmasında
göstərdiyi xidmətlərə, İslam aləmində
görülən işlərə böyük dəstəyinə
görə, İSESKO-nun Xoşməramlı Səfiri
adına layiq görülməsi Azərbaycan-İSESKO əlaqələrində
yeni səhifə açmışdır. İSESKO
tərəfindən 2009-cu ildə Bakı şəhərinin,
2018-ci ildə isə Naxçıvan şəhərinin
İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycanın
dini tolerantlıq məkanı kimi ümumbəşəri,
humanist ideyaların təbliği istiqamətində önəmli
mövqe əldə etdiyinə sübutdur.
İslam dini bəşər tarixinin əlamətdar mədəniyyət
hadisəsi kimi qarşılıqlı etimadı, dialoqu,
sülh və humanizm dəyərlərini özündə
ehtiva edir.
Tarix boyu multikultural ənənələrin, dini dəyərlərin
ən yüksək səviyyədə mühafizə
olunduğu, müxtəlif inanc sahiblərinin sülh şəraitində
birgə yaşadığı Azərbaycan islam
dünyasının nadir dövlətlərindən biridir ki,
həmin dəyərləri, islam dininin ali prinsiplərini təhrif
olunmadan optimal siyasi-etik platformada dünya ictimaiyyətinə təqdim
etmək potensialını ortaya qoyur.
Azərbaycan
təkcə islam həmrəyliyi
ideyalarının doğulduğu məkan deyildir. Eyni zamanda,
bu ideyaların reallığa çevrildiyi, islam
dünyasının qarşılaşdığı əsas
çağırışların həllinə yönəlmiş
ən yüksək səviyyəli müzakirələrin
aparıldığı əhəmiyyətli geopolitik məkandır.
Xalqımızın milli-mənəvi sərvəti
olan tolerantlıq, sülh ideyalarına sadiqlik, multikultural dəyərlər
həm də dövlət siyasətimizin tərkib hissəsinə
çevrilmişdir.
İslam dünyasında həmrəylik
platformasının, qarşılıqlı inama əsaslanan
münasibətlərin qurulması mövcud əməkdaşlıq
mühitini daha da genişləndirməli, onun yeni istiqamətlərini
açmalıdır. Bunun üçün islam həmrəyliyi
ideyalarının bütün islam coğrafiyasında yayılmasını
təşviq edən əhatəli və sistemli tədbirlərin
həyata keçirilməsi zəruridir. Geniş kütlələrin
marağına səbəb olan, daha böyük miqyasda islam dünyasını bir araya toplayan idman tədbirlərinin
təşkili bu istiqamətdə atılan önəmli
addımlardan biridir. 1981-ci ildə İƏT-in III sammitində
qəbul olunmuş yekdil qərara əsasən, İslam Həmrəylik
Oyunları Federasiyası təsis edilmiş və o zamandan
etibarən hər dörd ildən bir keçirilən
İslam Həmrəyliyi Oyunları beynəlxalq miqyasda əlamətdar
idman hadisələrindən birinə çevrilmişdir.
Bütün
bu tarixi və müasir reallıqların nəzərə
alınması kontekstində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycanda
"İslam Həmrəyliyi İli" elan edilməsi
haqqında Sərəncamı və bu istiqamətdə
geniş fəaliyyətə başlanılması - mühüm
siyasi addım və qlobal humanizm aktı kimi ölkəmiz
üçün, bütün islam ölkələri və eləcə
də, bütün dünya üçün müstəsna əhəmiyyətə
malikdir. Ölkə başçısı tərəfindən
irəli sürülən bu təşəbbüs,
doğrudan da, islam dünyasında indiyə
qədər presedenti olmayan yeni ənənənin əsasını
qoyur. Belə ki, islam coğrafiyasında
yerləşən ölkələr arasında Azərbaycan
ilk ölkədir ki, islam həmrəyliyini siyasi akt səviyyəsinə
yüksəldir və bütün ili həmin ideyaların təbliğinə
yönəlmiş sistemli tədbirlərin həyata
keçirilməsinə həsr edir. Bu baxımdan, Azərbaycanın
dövlət başçısı İlham Əliyev tərəfindən
irəli sürülmüş islam həmrəyliyi
təşəbbüsü müsəlman dünyasının
bu gün qarşılaşdığı problemlərin
köklü şəkildə həlli, mövcud konfliktlərin
dialoq platformasında çözümü istiqamətində
də konstruktiv fəaliyyətlərə təkan verəcəkdir.
"İslam Həmrəyliyi İli" çərçivəsində
həyata keçirilən kompleks tədbirlər İslam
dininin sülh və mərhəmət dini olduğunu göstərməklə
yanaşı, islam coğrafiyasında
genişmiqyaslı humanitar əməkdaşlığın da
yeni perspektivlərini açır.
2015-ci ildə
Birinci Avropa Oyunlarını yüksək təşkilatçılıqla
keçirən Azərbaycan 2 ildən sonra, 2017-ci il İslam Həmrəylik Oyunlarına
evsahibliyi etdi. Şərqlə Qərb arasında mədəniyyətlər
və ideyalar ortaqlığı yaradan, həmrəylik
körpüsü funksiyasını yerinə yetirən Azərbaycan,
bununla həm universal dəyərlərə
bağlılığını, həm də tarixi
keçmişində xüsusi yer tutmuş və bu gün də
qoruyub saxladığı islam dininin ali dəyərlərinə
sadiq qaldığını sübut edir. Beləliklə,
Azərbaycan qloballaşan dünyada davamlı sabitliyin bərqərar
edilməsi üçün bütün vasitələrdən
istifadə edir, günümüz üçün zəruri
olan sülhyaradıcı, barışdırıcı
mövqeyini özünəməxsus formada irəli
sürür.
İslam
Həmrəyliyi İlində Bakıda İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi Azərbaycanın islam dünyasında qarşılıqlı
etimad mühitinin yaradılmasında göstərdiyi
davamlı səylərin tərkib hissəsidir. Bu, Şərqlə
Qərbin qovşağında yerləşən Azərbaycanın
etibarlı tərəfdaş kimi islam
coğrafiyasında güclənən mövqeyinin bariz təcəssümüdür.
Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti,
Dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı
ilə bu idman tədbirinin ən yüksək standartlar əsasında
keçirilməsi üçün bütün müvafiq təşkilati
və infrastruktrur işləri uğurla həyata
keçirilmişdir.
20 idman növündə keçirilən bu mötəbər
idman tədbirinin Azərbaycanda baş tutması ölkəmizin
beynəlxalq idman yarışları keçirilməsi üzrə
təcrübəsini zənginləşdirməklə bərabər,
Azərbaycanın təqdim etdiyi tolerantlıq modelinin
bütün dünyaya bəyan edilməsi üçün də
gözəl imkanlar yaradır. Prezident İlham
Əliyevin vurğuladığı kimi, "İslam
Oyunları ilk növbədə islam həmrəyliyini gücləndirəcək,
həm islam aləminə, həm dünyaya bir daha göstərəcək
ki, islam dini sülh və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan
böyük imkanlara malik olan ölkədir və ən mötəbər
beynəlxalq yarışları keçirməyə
qadirdir".
Bir sözlə, bu
yarışmanın yüksək səviyyəli təşkili
ilə Azərbaycan bütün dünyada islam həmrəyliyinə
özünəməxsus töhfəsini verir, eyni zamanda,
müasir tolerantlıq mədəniyyətinin örnəyi,
humanist dini və milli dəyərlərin
yaşadıcısı kimi özünün artan
nüfuzunu beynəlxalq aləmdə bir daha bəyan edir. Azərbaycanın
bu təşəbbüsü İslam Həmrəyliyi Siyasətinin
əsas mahiyyətini ortaya qoyur. Bu siyasət
İslam dünyasında "həmrəylik
diplomatiyası" rəhbər tutulmaqla, siyasətdən mədəniyyətə,
dindən elmə, ticarətdən turizmə qədər
bütün sahələr üzrə birgə fəaliyyətlərin
spektri yaradılmasını, qarşılıqlı
faydalanmanın innovativ təşəbbüslərinin dəstəklənməsini, müsəlman xalqlarının
potensial imkanlarının üzə
çıxarılmasını və hərəkətə gətirilməsini,
islam dünyasının qlobal rəqabətdə
dayanıqlığının təmin olunmasını, bir
çox mühafizəkar, geriləyici meyllərdən əl
çəkilməsini, mövcud problemlərin həllində
həmrəylik nümayiş etdirməklə, qabaqcıl
dünya dövlətləri ilə əməkdaşlığın
daha effektli platforması üzərində səfərbər
olunmağı özündə ehtiva edir.
Cavanşir Feyziyev
525-ci qəzet.-2017.-23 may.-S.2-5.