Muğam feyziyabı
HEYDƏR
ƏLİYEV FONDUNUN AZTV İLƏ ƏMƏKDAŞLIĞININ
10 İLİ TAMAM OLUR
Azərbaycan Televiziyası və "Mədəniyyət" telekanallarında
yayımlanan ən populyar layihələrdən
biri - "Muğam Televiziya Müsabiqəsi-2017" - artıq finişə yaxınlaşır.
İyunun 12-də Heydər Əliyev Mərkəzində keciriləcək
final gecəsi muğamsevərlərə
növbəti dəfə
unudulmaz və xoş anlar yaşadacaq. Heydər Əliyev Fondunun
dəstəyi ilə baş tutan bu möhtəşəm tədbir, sözün əsl mənasında, təkcə ölkəmizdə
deyil, bütün dünyada yaşayan həmvətənlərimizə fəzilətli anlar bağışlamaqla yanaşı,
tamaşaçıları feyziyab edir.
Bəşər övladını xöşbəxt
etməyin müxtəlif
üsulları var. Aqillərin
fikrincə, bunlardan ən təqdirəlayiqi insanı "balıq payı almağ"a alışdırmaq
deyil, ona "tilovla balıq tutmağ"ı öyrətməkdir.
Sözün qısası, ona
peşə təlimi keçmək və ruzisini halallıqla qazanmağın yolunu göstərməkdir.
Azərbaycan Televiziyasında yayımlanan
"Muğam Televiziya
Musabiqəsi-2017"ni seyr
edəndə aqillərin
bu dəyərli nəsihətini qeyri-ixtiyari
xatırlayırsan. Artıq 2005-ci ildən bəri Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn bu telemüsabiqənin sayəsində
onlarca gənc ifaçı muğam kimi əsrarəngiz və füsunkar sənətin incəliklərinə
yiyələnib, peşəkar
xanəndə kimi püxtələşərək efirlərimizin, səhnələrimizin
yaraşığına çevrilib.
Yəqin fikir vermisiniz, hər hansı istedadlı yazıçıdan,
bəstəkardan, ifaçıdan
söhbət düşəndə,
sənətşünaslar insanların
qəlbini fəth edən bir əsəri
nümunə kimi göstərib deyirlər ki, "filankəs yalnız onu yazsaydı, bu, həmin şəxsin tarixdə qalması üçün kifayət
edərdi". Belə sözləri Azərbaycan
Respublikasının 1-ci vitse-prezidenti
Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu ilə əlaqədar da söyləmək olar. Hamıya bəllidir ki,
H.Əliyev Fondu mədəniyyətimizin, incəsənətimizin
qorunması və inkişafı naminə irimiqyaslı işlər görür. Amma təkcə "Muğam Televiziya Müsabiqəsi"nin gerçəkləşdirilməsi
Mehriban xanımın
"mədəniyyətimizin və incəsənətimizin
hamisi" adını
qazanması üçün
kifayət edərdi. Çünki bu müsabiqə
əsl sənət məktəbinə çevrilib
və ən böyük mədəni-mənəvi
xəzinəmiz olan muğamın inkişafına
güclü təkan verib, meydana yeni Leyli və
Məcnunları çıxarıb.
Əminliklə söyləmək olar ki, hazırda AzTV və "Mədəniyyət" kanalları
vasitəsilə yayımlanan
"Muğam Televiziya
Müsabiqəsi" teleməkanımızda
keçirilən ən
sanballı layihədir. Ənənə və dəyərlər qorunanda hər şey gözəl alınır. Muğam müsabiqəsi
bütün xırdalıqları
ilə Azərbaycanda mövcud olmuş qədim musiqi məclislərini xatırladır.
Seyrçinin özünü
sehrli aləmdə
hiss etməsi üçün
hər bir məsələ düşünülüb:
məclis milli geyimli peşəkar musiqiçilərin müşayiətilə
açılır, klassiklərin
qəzəlləri tanınmış
qiraət ustaları tərəfindən səsləndirilir,
muğam ifasının
patriarxları yad olunur, milli libaslı
iştirakçıların çıxışı zamanı
muğam şöbələrinin,
təsniflərin və
rənglərin adları
subtitrdə göstərilir.
Bununla da müsabiqə mühüm maarifçilik
missiyasını da yerinə yetirmiş olur.
Bu missiyanın icrası
üçün Heydər
Əliyev Fondunun Azərbaycan Televiziyasını
(2011-ci ildən "Mədəniyyət"
telekanalı da müsabiqəni yayımlayır)
seçməsi təsadüfi
deyil. Yalnız zəngin videoteka
və fonotekaya, böyük yayım təcrübəsinə malik
olan AzTV təşkilatçılıq işini yüksək səviyyədə yerinə
yetirə bilərdi.
Nəticə isə göz qabağındadır. Təsadüfi
deyil ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2007-ci ilin fevralın 1-də "Muğam
telemüsabiqəsi-2007"nin Opera və Balet Teatrında
keçirilmiş qala
konsertindən sonra Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının
müsabiqədəki rolunu
yüksək qiymətləndirmişdi.
Və artıq H.Əliyev Fondunun muğam müsabiqəsi layihəsi
üzrə AzTV ilə əməkdaşlığının
10 ili (2007-2017) tamam olur. Bu,
Heydər Əliyev Fondunun, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin
ilk və əsas televiziyasına böyük
etimadının sübutu
sayıla bilər.
Muğam müsabiqəsindən danışarkən,
münsiflər heyətinin
əməyini unutmaq olmaz. Təqdirəlayiqdir ki, Azərbaycan
Televiziyası bir təşkilatçı kimi
bütün işlərin
öhdəsindən böyük
bacarıqla gəlir.
AzTV və "Mədəniyyət"
kanallarını münsiflər
heyətində icraçı
kimi təmsil edən Nadir Axundovun simasında bu, yaxından duyulur. Başqa cür ola da bilməzdi! Çünki Azərbaycan Televiziyasının
rəhbərliyi işi
peşəkara tapşırıb.
Nadir Axundov, demək olar ki, Azərbaycan
Televiziyasının yaranışının
ilk dövrlərindən (1969-cu il) bu mənəvi ruh məbədində çalışır.
Məhz böyük bəstəkarımız
Tofiq Quliyevin təkidi ilə 1978-ci ildə N.Axundov AzTV-nin musiqi redaksiyasına baş redaktor təyin edilmişdi. Lakin 1990-cı ilin 20 Yanvar faciəsindən sonra N.Axundov doğma televiziyadan uzaqlaşmalı
olmuşdu. Çünki
20 Yanvar şəhidlərinə
yas tutulduğu o dövrdə yenicə sədr təyin edilmiş Qeysər Xəlilovun efirdən şən musiqi və yüngül verilişlər səsləndirilməsi
tələbinə tabe
olmamışdı... Təkcə elə
bu fakt bəzi
gerizəkalı bədxahlara
veriləcək yaxşı
cavabdır.
Amma N.Axundov
AzTV-dən uzaq qaldığı 16 illik dövrdə də güclü təşkilatçı
olduğunu dəfələrlə
sübuta yetirmişdi. Onun başqa telekanalda həyata keçirdiyi
"Azəristar" layihəsi
estrada səhnəmizə
neçə-neçə istedadlı
ifaçı bəxş
etdi! Lakin 2006-cı ildə AzTV-nin yeni rəhbərliyinin
dəvətilə doğma
televiziyaya qayıdan N.Axundovun muğam müsabiqəsindəki fəaliyyəti
heç nə ilə müqayisə oluna bilməz. Tamaşaçı yalnız efirdə
göstərilənləri görür. Kadr arxasında
isə AzTV rəhbərliyinin, o cümlədən
də N.Axundovun aylarla çəkdiyi böyük zəhmətin
mürəkkəblikləri, keşməkeşləri, hətta
bəzi anlarda ağırlıqları dayanır.
Bölgələrdə seçim
turlarının keçirilməsi,
yüzlərlə səsin
dinlənilməsi, ən
yaxşı ifaçıların
aşkara çıxarılıb
seçilməsi, 3 aydan
artıq davam edən müsabiqə ərzindəki məşqlərin
təşkili, qonaqların,
tamaşaçıların çəkilişlərə cəlb
olunmaları, canlı
efirin idarə edilməsi və sair məsələlər
nəhəng təşkilatçılıq
işinin görünməyən
tərəfləridir.
Bir məqam
da çox böyük maraq doğurur. Müsabiqədə baş verənlər
arasındakı heç
bir incəlik AzTV rəhbərliyinin gözündən yayınmır.
Elə müsabiqənin
gedişi zamanı AzTV rəhbərliyi Nadir Axundova tapşırıqlarını
çatdıraraq, nöqsan
görünə biləcək
hər bir xırda məsələnin
vaxtında həllinə
nail olur və ya müsabiqə iştirakçılarını ruhlandıran xeyirxah addımlar atır.
Yalnız
düşüncəli insanlar
Əlibaba Məmmədov,
Arif Babayev, Səkinə İsmayılova,
Mənsum İbrahimov kimi ustad xanəndələrin,
Sərdar Fərəcov
kimi peşəkar bəstəkarın, İlqar
Fəhmi kimi tanınmış söz adamının məsləhət
və tövsiyələrinin
xalq qarşısında
əsl imtahan verən müsabiqə iştirakçıları üçün
necə dəyərli
olduğunu anlaya bilərlər. Münsiflərin izləyici diqqətindən
yayına bilməyəcək
cəhətlərindən biri
də onların verdikləri qiymətlərin
fərqli olması, doğru saydıqları fikirdə israr etmələri, tamaşaçıların
xoşuna gəlmək
üçün deyil,
sənətin inkişafı
naminə tutduqları
mövqedir. Bu mənada,
Əlibaba Məmmədovun,
Nadir Axundovun, Sərdar
Fərəcovun, İlqar
Fəhminin söz və rəqəmlərlə
ifadə olunan qiymətləndirmələri xüsusi
rəğbət doğurur.
Müsabiqənin ən böyük nailiyyəti isə təkrarolunmaz səslərin
üzə çıxarılması
və əvvəlki laureatların (Təyyar Bayramovun, Nasir Ətapurun) artıq müəllim kimi öz tələbələrini
bu möhtəşəm
yarışa göndərmələridir. 2007-ci ildən etibarən keçirilən müsabiqənun
yüzlərlə laureatından
heç birinin səsi, avazı bir-birini təkrarlamır.
İnsan övladı
Azərbaycan xalqının
necə böyük xəzinəyə malik olduğuna heyran qalır! Hər müsabiqədə ən azı 5-6 fərqli, diqqətəlayiq
istedad ortaya çıxır. Bu mənada, 6-cı müsabiqənin
nəticələrini də
uğurlu saymaq olar. Pərviz Qasımov, Macid Əsri, Rəvanə Əmiraslanlı, Almaxanım
Əhmədli, Səma
Sultanova, Valid Abdullayev,
Məfdun Məmmədov,
Nurlan Namazov və digərləri münsiflərin və tamaşaçıların ümid
və rəğbət
bəslədikləri ifaçılardır.
Builki müsabiqədə qədim
Təbrizimizi təmsil
edən Macid Əsrinin iştirakı
biz azərbaycanlıları xüsusilə fərəhləndirir.
Bir sözlə, qədirbilən tamaşaçılar və müğamsevərlər Azərbaycanın klassik irsinin inkişaf etdirilməsi naminə göstərilən bu fədakar əməyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyət Fonduna, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə yalnız minnətdar ola bilərlər. Çünki bu, Vətənə göstərilmiş ən böyük xidmətdir!
Qəzənfər
QASIMOV
525-ci qəzet.-2017.-23 may.-S.7.