Auqsburqdakı Azərbaycan
Gündüz İSMAYILOV
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsinin sədr müavini
2007-ci ildə Bakıya
Ceyms Simit adlı əcnəbi jurnalist gəlmişdi. Danışırdı ki, əvvəlcə Xəzər neftindən yazmaq istəyib, amma sonra fikrini
dəyişib. Azərbaycan xalçaları
ilə maraqlanıb, ən sonda ölkəmizdəki
tolerantlıqdan yazmaq qərarına gəlib.
Ceyms Simit həmin yazını İngiltərə mətbuatında
çap etdirmişdi. Yazının leytmotivini təşkil edən fikir, məncə, tolerantlığımıza
münasibətdə ən
obyektiv, dəqiq qiymət sayıla bilər. O, yazır ki, Avropada heç
kim yəhudilərə,
müsəlmanlara inancına
görə təzyiq göstərə bilməz.
Çünki başqasının inancına hörmətlə
yanaşmaq avropalı
üçün qanunun
tələbi, hüquqi
normadır. Azərbaycanda da xristianlar, yəhudilər təzyiqə
məruz qalmırlar.
Ona görə ki, başqasının inancına
hörmət göstərmək
azərbaycanlılar üçün
mənəvi məsələ
və mədəni normadır.
Qısacası, tolerantlıq avropalıya görə hüquq, bizə görə isə mənəviyyat və mədəniyyət
məsələsidir. O vaxt, düz, 10 il öncə Ceyms Simit israrla deyirdi
ki, Azərbaycan nə zəngin enerji resursları, nə gözəl təbiəti, nə də sehirli xalçaları ilə dünyanı, xüsusilə
Avropanı təəccübləndirə
bilər. Amma lazım gəlsə, Azərbaycan xalqı yüksək dözümlülük
mədəniyyəti, mənəvi
zənginliyi ilə Avropaya
dərs keçər...
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin bu il 10-11 mayda
Almaniyanın Auqsburq şəhərində “Heydər
Əliyev: gənclik, multikulturalizm” mövzusunda
təşkil etdiyi konfransa gedərkən tədbirin proqramından və iştirakçılarından
məlumatlı olsam da, düzü, hansı təəssüratla
qayıdacağımı bilmirdim.
Ancaq geri qayıdarkən ağlımdan
yalnız bir fikir keçirdi ki, ingilis jurnalist
yerdən göyə qədər haqlıdır:
Azərbaycan multikulturalizminin
Avropada təqdimatı,
əslində, bizim gələcəyə qoyduğumuz
ən böyük sərmayədir.
...Uğurlu nəticə yaxşı ideyanın gerçəkləşməsidir.
Ulu Öndər Heydər Əliyevin doğum günündə Auqsburq Universitetində “Azərbaycanın
Gənc Dostları Klubu” ilə birgə konfrans keçirilməsi Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin Himayəçilər
Şurasının sədri,
akademik Kamal Abdullayevin ideyası idi. Böyük şəxsiyyətin doğum
günündə ölkədə
keçirilən ənənəvi
tədbirlərdən fərqli
olaraq Avropada, özü də gənclərin iştirakı
ilə konfrans təşkil edilməsinin
yeni, amma olduqca məsuliyyətli bir iş olduğunu
hamı başa düşürdü. Üstəlik, vaxt məhdudiyyəti var idi. Cəmi bir ay ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi səfərbər
olmalı, danışıqlar
aparılaraq Auqsburq Universitetindən razılıq
alınmalı, “Azərbaycanın
Gənc Dostları Klubu”nun üzvü olan onlarla əcnəbi
gəncin Auqsburqa gedişi təmin edilməli, ən əsası, Heydər Əliyevə həsr olunmuş konfrans ona və onun
xidmətlərinə layiq
səviyyədə keçirilməliydi.
“Azərbaycanın Gənc
Dostları Klubu”nun üzvləri əsasən
yay və qış multikulturalizm məktəbinin iştirakçıları
olan tələbələrdir. Həmin tələbələr
İndoneziyadan tutmuş
Portuqaliyaya, Amerikadan tutmuş İsrailə, Rusiyaya qədər müxtəlif ölkələrin
vətəndaşlarıdırlar. Ən önəmli məqamlardan biri odur ki, dünyanın
nüfuzlu ali
məktəblərində təhsil
alan həmin gənclər Azərbaycanın
həm dostları, həm də təbliğatçılarıdır. Onlar ölkəmizə, onun mədəniyyətinə yaxından
bələddirlər, hətta
“Azərbaycan multikulturalizmi”
fənni ilə yanaşı, dilimizi də öyrənirlər.
Həmin
gənclərin arasında
öz ölkəsində
yüksəlmək perspektivi
olan, beynəlxalq təşkilatlarda, o cümlədən
BMT-də çalışmaq
imkanı əldə edənlər var.
Təbii ki, konfransın yeri də təsadüfi
seçilməmişdi. Almaniyanın
ən nüfuzlu ali məktəblərindən
olan Auqsburq Universitetində “Azərbaycan
multikulturalizmi” tədris
edilir. Həmçinin, Auqsburq Avropada
katoliklərlə protestantların
anlaşma imzalayaraq bir arada yaşadıqları
ilk tarixi məkan - multikultural şəhərdir.
Belə bir şəhərdə Azərbaycanı, onun Liderini multikulturalizm müstəvisindən təqdim
etmək müdrik qərar idi.
...Yaxşı ideyanı yaxşı komanda həyata keçirə bilər.
Kamal Abdullayevin
müəyyənləşdirdiyi və ən xırda detallara qədər şəxsən
nəzarət etdiyi, demək olar ki, gənclərdən ibarət kiçik bir komanda Auqsburqda
qarşıya qoyulmuş
məqsədləri tam reallaşdıra
bildi. Həmin komanda - Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaşları
otuzu keçməyən
əməkdaşları iştirakçıların
və məruzəçilərin
viza məsələsindən
tutmuş, otelə, konfransın keçirildiyi
məkana, konfransın
proqramına, mədəni
tədbirlərə qədər
bütün məsələləri
ustalıqla həll etdi. Bu, yaradıcı
təfəkkürün məhsulu
olan uğurlu ideyanın gənclərin
enerjisi sayəsində
uğurla gerçəkləşməsi
idi.
...Uğurun üçüncü
şərti də var: ÜRƏK!
Qarşına qoyduğun məqsədə
çatmaq üçün
sevgini - ürəyini
qoymalısan! Əks halda, yaxşı nəticə ala bilməzsən!
Azərbaycanın Auqsburqdakı uğurunun
bir təminatçısı
da bax, bu
oldu. İstər Azərbaycandan, istərsə
də digər ölkələrdən gələnlər
səmimi idilər, onları Azərbaycana olan ortaq sevgi
birləşdirirdi. Bunu görməmək
mümkün deyildi.
Etiraf edək
ki, avropalıların
Azərbaycanla bağlı
həqiqətləri başqasının
dilindən eşitməsi
daha effektlidir. Bu mənada
Auqsburqdakı Azərbaycanı
bizdən daha çox başqaları təqdim etdi: gürcü, amerikalı, polyak, eston, rus, alman və
digərləri. Təsəvvür
edin: Sofiya Universitetinin tələbəsi
Momçil Şopov “Orta əsrlər Azərbaycan ədəbiyyatında
multikulturalizm” mövzusunda
məruzə edir. Yaxud İndoneziyanın Qadcah Mada Universitetinin tələbəsi İmas
Xoyrun Nisa Fuciati “Azərbaycan Multikulturalizminin İndoneziyada
tədrisi”ndən danışır.
Bütün bunlar isə
Azərbaycanda yox, Avropanın göbəyində
- Almaniyada baş verir.
...Azərbaycanı layiqincə
təmsil və təqdim etmək şərəfdir. Başqalarının Azərbaycanı layiqincə
təmsil və təqdim etməsi isə uğurdur. Auqsburqdakı Azərbaycanı biz yox, BİZİMKİLƏR təqdim
etdilər. Amma bu təkcə uğur deyil, həm də gələcəyimizə düşən
işıqdır!..
525-ci qəzet.-2017.-20
may.-S.9.