“Rus ki rus”
Alpay AZƏR
Sergeylə söhbətimiz həm də “Pəncşer
aslanı” Əhməd Şah Məsuda görə tuturdu - hər
ikimiz onun vurğunuyduq.
“Düzdü, o, bizim düşmənimiziydi,
döyüşlərin birində onu öldürə də
bilərdik, amma hörmət edirdik ona, çünki əsl cəngavəriydi,”
- bunu təkrar-təkrar deməkdən həzz alırdı
rus dostum.
Sergeyi Əfqanıstan müharibəsinin veteranı kimi
Sankt-Peterburq Dövlət Universitetinin tarix fakültəsinə
imtahansız götürmüşdülər. Hündürboylu,
enlikürək bu rus həm də adamları nokaut edən
boksçulardanıydı. Qaldığımız
yataqxanada özündən altı yaş kiçik, boyca ondan
xeyli balaca, arıq tələbə qız Yelenayla bir otaqda
qalırdı. Ordan qışqırıq,
sındırılan qab-qacaq səsi gələndə, bilirdim
ki, müharibə veteranı yenə içib
açarını itirib. Əvvəl-əvvəl bu
davalarda çox vaxt çəlimsiz Yelenanın yekəpər
sevgilisinin üstünə qışqırması, Sergeyinsə
ondan üzr istəməsi mənə qəribə gəlirdi,
məsələyə lap tarixçi kimi yanaşırdım:
axı, necə ola bilər, cəmi bir
neçə il əvvəl dünya tarixində ən
böyük imperiyanın (iyirmi iki milyon kvadrat!!!) Əfqanıstan dağlarında vuruşmuş
xüsusi təyinatlı döyüşçüsü, lap
sevgilisi olsa belə, qızdan üzr istəyir, bununla da öz
qüruruna tüpürür. Sonralar qonaq
getdiyim rus ailələrində belə şeyləri çox
görmüşdüm deyə, çox da təəccüblənmirdim.
Sergey
adını unutduğum bir bankda gecə gözətçisi
işləyib yaxşı maaş
alırdı, qırılmış stəkan, nəlbəki,
boşqabın yerinə təzəsini almaq problem deyildi
onunçün. Bu cütlüyün
dalaşıb, söyüşüb, ertəsi gün axşam
yataqxanamızın dəhlizində öpüşmələri
isə ayrı bir aləm idi. Bir dəfə sevgilisini doyunca
öpəndən sonra bağrına basan üzü
cırmaqlı Sergey sanki ürəyimi oxuyurmuş kimi mənə
dedi:
- Nə olsun dünən
dalaşmışıq? Əsas odur ki, biz
bir-birimizi bağışlaya bilirik.
- Düz deyirsən, mənim
axmağım (moy duraçok), - altdan ona baxan
gözünün altı göyərmiş Yelena dilləndi.
- Görürsən, mən
haqlıyam, - mənə baxıb irişən Sergey sevgilisinin
saçını sığallamağa başladı.
Gülümsədim. “Rus ki rus”. Bu
cütlüy
ün
sevgisi də, etirafı da çox səmimiydi.
Mən doxsan dörddə, Qarabağda atəşkəs
imzalanandan sonra Sankt-Peterburqa oxumağa getmişdim. Sergey “Niyə əhaliniz ermənilərdən
sayca çox ola-ola, üstəlik, neftiniz ola-ola, müharibəni
uduzmusuz?” sualını mənə verəndə deyəmməmişdim
ki, sizin dövlət Ermənistana hər cür yardım edib
bu müharibədə, fikirləşirdim, təzə gəlmişəm
Rusiyaya, mövzu həssasdı, mənə artıq
problem-filan lazım deyil. Amma axırda aramız
o dərəcədə açıldı ki, Sergeyə
Xocalı qırğınında bunların 366-cı
alayının iştirak etməsini danışası oldum.
Diqqətlə mənə qulaq asandan sonra hirslə dedi: “Bu əclafları
divara söykəyib güllələyərdim”. İnanmadım ona, mənə xoş gəlmək
istəyinə yozdum bunu.
Bir dəfə
yumruğunu masaya vurub dedi: “Mənə qulaq as, əgər sizdə
bir də müharibə başlasa, mən könüllü gəlib
Qarabağda vuruşacam. Danışmışam
sənə, taqım komandiri kimi Əfqanıstanın
dağlarında vuruşmuşam, elə bilirəm
Qarabağın dağlarında da sizin orduya xeyrim dəyər”.
Yenə inanmadım; araq idi onu dedizdirən, amma elə səmimiydi,
adam az qalırdı inansın.
Əsl
dost olduğunu sübut eləmişdi. İlıq may günlərinin
birində azərbaycanlı dostumla iordaniyalı
tanışımızın ad gününü qeyd eləməyə
gedirdik. Metroya çathaçatda iki milis bizə
yaxınlaşdı, onlardan biri sənədlərimizə
baxıb əzbərlədikləri sualı verdi:
“Üstünüzdə soyuq və ya odlu silah, narkotik maddələr
varmı?” Bunlarla məzələnməkçün əlimdəki
tortu qaldırıb gülə-gülə dedim
ki, dostumuzun ad günüdür, ona hədiyyə olaraq atom
bombası aparırıq. Soyuqqanlıqla “Onda
bizimlə bölməyə getməli olacaqsınız,” - deyən
milis ikimizi də zorla Vilis maşınının
arxasındakı dar “qəfəs”ə saldı. Qucağımda tort, dostumla üz-üzə
oturmuşdum, dizlərimiz bir-birinə dəyirdi, elə hey məni
söyürdü. Üstəlik, az
sonra iki bomju (evsiz, işsiz avara həyat sürənlər)
onsuz da dar olan “qəfəs”ə zorla soxuşdurdular. Ayaqüstə, beli bükülmüş halda bizə
toxunan bu adamlar üfunət iyi verirdi, milis iki-üç cəhddən
sonra qəfəsliyin qapısını bağlayanda, dostumla mən
burnumuzu tutduq, güclə özümüzü bunlara yumruq-təpik
vurmaqdan saxlayırdıq. Milislərsə
elə bil acığımıza çöldə aramla
siqaret çəkirdilər, - bizi bölməyə aparıb
“atom bombası” məsələsini həll etməyə tələsmirdilər.
“İndi bu bomjlara pul verəcəm söysünlər,”
- dostum dilləndi. “Əşi, nə biləydim, bu mundar
uşağı mundar zarafat qanmır,” - dilxor halda dedim. Pəncərədən çölə baxanda, bir də
görəm, Sergey milislərlə söhbət edir, sən
demə, görübmüş başımıza gələnləri.
Arada müharibə veteranı vəsiqəsini
göstərib, ikicə dəqiqənin içində,
rüşvətsiz-filansız, bizi o zülmdən xilas elədi.
Axşamsa mənə dedi ki, nə milis, nə
də “Feesbe” işçiləriylə bir də belə axmaq
zarafatlar etmə.
Mənə danışdığı,
Əfqanıstanda başına gəlmiş dəhşətli
hadisəni yəqin ki, heç vaxt unutmayacam. Sergeyin komandir
olduğu əsgərlərdən biri yaxınlıqdakı
puştun kəndinə təndir çörəyi almağa
gedir. Həmin vaxt kənddə olan
mücahidlərin məşhur komandiri Gülbəddin Hikmətyarın
bir döyüşçüsü bu rusu tərkisilah edib əsir
kimi bazalarına aparır. Bazadakı
mücahidlərdən biri, çox güman, qohumlarını
ruslar öldürdüyünə görə, əsəblərinə
güc gələmmir, əsiri güllələyir, meyitini
götürüb gizlincə kəndin girəcəyinə
atırlar. Bir saat keçir, Sergey
görür, döyüşçüsü gəlməyib,
dörd-beş əsgərlə kəndə, itmiş əsgərini
axtarmağa gedir. Qorxu içində olan
camaat meyiti Sergeyə təhvil verir. Özünün
danışdığına görə, Sergey elə
hirsliymiş, qarşısına məqsəd qoyubmuş ki,
gözünə şübhəli dəyən istənilən
birisini öldürəcək. İlk
baxışdan xoşuna gəlməyən mücahidə
oxşatdığı saqqallı kişini zorla ailəsindən
ayırırlar, anası, arvadı ağlayıb, puştun
dilində yalvarırlar ki, evin kişisini öldürməsinlər.
- Amma axırda tətiyi çəkdim.
Mənə ən pis təsir edən bilirsən
nə oldu? Beş, ya altı yaşında
olan qızının yalvarışlı baxışları.
Atasına yaxınlaşmaq istəyirdi, amma
qorxurdu, nəsə demək istəyirdi, amma susurdu. Özünə görə qorxurdu, bəlkə də
elə bilirdi, ağzını açıb nəsə desə,
onu da, anasını da güllələyə bilərəm.
Uşaq ağlıyla fikirləşirdi ki, heç olmasa, qoy
ailədən tək bir adam ölsün. Amma görürdüm ki, atasını da xilas etmək
istəyir. İndi həmin qızın on
altı-on yeddi yaşı olar. Sözsüz
ki, ərə gedib, uşaqları var, oğlu varsa, çox
güman, atasının adını qoyub ona. Amma mən əminəm ki, bu qız nə qədər
xoşbəxt olsa da, ömrünün axırına qədər
özünü qınayacaq ki, niyə mən atamı o vaxt
xilas etmədim. O qızın gözləri yadıma
düşəndə, az qalıram dəli
olam.
- Bir sual verim, amma bilirəm, axmaq səslənəcək.
O qızın baxışlarında nifrət çox idi, yoxsa
yalvarış?
- Yox, yox, elə məsələ
orasındadı ki, nifrət yox, ancaq dəhşətli bir
yalvarış vardı o baxışlarda, - elə tərzdə
dedi, sanki yaxşı ki, nifrət yox imiş o
uşağın gözlərində, yoxsa bunun əzabı
lap dözülməz olardı. - Təsəvvür et, Alik, mən onun atasını öldürəndə,
ağlamadı, elə heykəl kimi yerindəcə dayandı,
onun üzünə baxa bilmirdim, amma hiss edirdim ki, o, hələ
də mənə baxır.
Dediyinə görə, öldürdüyü
puştunun anasıyla arvadı qiyyə çəkib əvvəlcə
meyitə tərəf qaçırlar, sonra bunun üstünə
hücum çəkirlər, yanındakı əsgərlər
havaya güllə atır və Sergey öz dəstəsiylə
kəndi tərk edir. Son cümlədən sonra başıyla
qabağımdakı araq dolu qədəhi göstərib dedi:
“Ölənlərin ruhuna”. Qədəhləri
toqquşdurub içdik. “Ehh, rus ki rus,” - dumanlanan
başımda bu cümlə əks-səda verdi.
Bu hadisəni eşidəndə, əvvəlcə
rusofobluğum tutmuşdu: “Alnının ortasına bir yumruq
qoyasan,” - ağlımdan keçmişdi, sonralar elədiyi
etirafa görə bu Əfqanıstan veteranına nifrətim elə
bil soyumağa doğru gedirdi.
Bir
gün dostum işlədiyi bankda ixtisara düşdü, mənə
dedi ki, işsizəm, Alik, eşitsən, ya qəzetdə
oxusan ki, hansısa şirkətdə təhlükəsizlik
işinə vakansiya var, xəbər et.
Yelenayla daha tez-tez dalaşırdılar, amma elə bil qab-qacaq
az qırırdılar, Sergey sərxoş
olsa da, anlayırdı ki, nəyisə sındırsalar, təzəsini
almaq asan olmayacaq, - kasıbçılıq öz sözünü
deyirdi.
Sergeyin
kasıb günlərinin birində yaxınlaşıb dedim:
“Seryoqa, pula ehtiyacın varsa, de, utanma, sən
mənim dostumsan”. Kövrələn kimi oldu, yox, ayıq idi, məni
bağrına basıb dedi: “Alik, sən nə yaxşı
insansan. Heç bilmirəm sənə necə təşəkkürümü
bildirim”. Aspirant kimi Soros fondundan qrant alırdım,
üstəlik, orta məktəbdə “Qədim dünya
tarixi”ndən dərs deyib maaş
alırdım deyə, pul sarıdan vəziyyətim
yaxşıydı. Sergeyə cibimdən çıxardıb
iki yüz rubl verəndə, az qala on dəfə
təşəkkür elədi, işə düzələndə
ilk maaşını alan kimi pulu qaytaracağını dedi. “Yox, yox, Seryoqa, bunu sənə borc kimi vermirəm”.
- “Onda biz bunu gərək yuyaq. Mən aşağıdakı marketə
düşüb gəlirəm,” - deyib içki və yemək
almaq üçün yerindən götürüldü.
Beş-altı addım atmışdı ki, qayıtdı,
“Mən bu yaxşılığı heç vaxt unutmayacam” -
deyib getdi.
Bu
söhbətin üstündən iki ay keçməmiş,
Sergey Baltoil şirkətinin təhlükəsizlik xidmətində
iş tapdı, necə deyərlər, tox və rahat həyatı
öz axarına düşdü. Hətta fikir
verirdim, hərdən axşamlar araqdan vuranda belə, sevgilisiylə
dalaşmırdı, əksinə, otaqdan deyib-gülmək səsləri
gəlirdi.
Şənbəydi, axşam otağımdan
çıxıb mətbəxə gedirdim, rus dostumu dəhlizdə
gördüm.
Lül-qənbər sərxoş olsa da, ayaq
üstə dayana bilirdi.
- Ooo, Alik, bilsən, səni görməyimə
necə şadam, - gülümsədi, mənə tərəf
addımladı.
- Mən də şadam, - hiss etdim ki,
bu dəfə xoşagəlməz söhbət olacaq
aramızda.
- Alik, sən çox yaxşı
oğlansan, bilirsən bunu?
- Bilirəm, Seryoqa, bilirəm.
- Ona görə də, - əlini
cibinə salıb, bir qalaq kağız pul
çıxartdı, - gərək bunu...
- Yox, yox, Seryoqa, - əlini zorla
pullarla bir yerdə geri qaytardım.
- Sən mənə hörmət
edirsən? - rusların içəndən
sonra məşhur “Tı menya uvajayeş?” sualını verdi.
- Hörmət edirəm, Seryoqa, əlbəttə,
hörmət edirəm.
- Onda sən gərək, - əlini
şalvarının cibinə salanda, yenə qolundan tutdum.
- Seryoqa, məni başa düş,
hal-hazırda mənim pula ehtiyacım yoxdu. Ehtiyacım
olanda özüm sənə deyəcəm. Bir də biz
axı onda danışdıq...
- Sən mənim xətrimə dəyirsən,
Alik.
Gördüm,
xeyri yoxdur, əl çəkməyəcək yaxamdan, dedim:
- Yaxşı, simvolik əlli rubl götürərəm,
- əlimi qolundan çəkdim.
Kağız pulları çıxarıb içindən
bir yüzlük mənə uzatdı. O pulu qaytarıb əlliliyi
götürdüm:
- Bəsimdi, təşəkkür
edirəm.
Heç nə demədi, qalan pulları cibinə qoydu.
- Alik, - qəmli gözləriylə
mənə baxaraq, - səndən bir xahişim də olacaq.
- Seryoqa, eşidirəm səni. - “Deyirəm də, bir zibil qaynadacaq bu” - fikirləşdim.
- Sənə bir puştun kişini
güllələməyi danışmışdım,
yadındadı?
- Yadımdadı.
- Axı, sənə demişdim, bunu
ömrümün sonuna kimi özümə
bağışlamayacam.
- Bu hadisə olub keçib, indi sən
nə edə bilərsən ki?
- Alik, sən mənə bir yumruq
vurmalısan.
- Nə? Yumruq?
- Yox, yoox! - şəhadət
barmağını gözümün qarşısında tərpətdi,
- Bilirəm, fikirləşirsən ki, mən çox
içmişəm. Mən sərxoş deyiləm,
ağlım başımdadı, ancaq sən mənim
dostumsansa, gərək dediyimi edəsən!
Əmr
tonunda danışmağı, düzü, xoşuma gəlmədi,
bir az da qorxan kimi oldum, elə bildim dediyini
eləməsəm, özü mənə birini ilişdirəcək,
yumruğu tutsaydı, yəqin ki, iki metr o tərəfə
uçardım. Ehtiyatçün bir addım geri çəkilib
sakitcə dedim:
- Qulaq as mənə, Seryoqa, bəlkə
gedib yatasan?
- Sən qorxma, fikirləşmə
ki, mən də səni vuracam, ya özümə gələndə,
səninlə haqq-hesab çəkəcəm. Mən
o əfqanı öldürdüyümə görə əzab
çəkirəm və hesab edirəm ki, ömrüm boyu
döyülməliyəm, təhqir olunmalıyam, başa
düşürsən?! O əfqanın qızı yuxuma
girir tez-tez, yenə susur, heç nə demir! Axı o
böyüyüb, gəlib əslində, məni
öldürməliydi! Sən mənə yumruq
vursan, o qız bir də yuxuma girməz.
- Dedim sənə, mən səni
vurmayacam! Yaxşısı budu, gedib yatasan.
- Vur deyirəm sənə! Mən sərxoş
deyiləm, başa düşürsən, ay sənin ananı!
Bu dəfə dözəmmədim, Sergeyin burnuna ortabab zərblə
bir yumruq vurdum.
Yox, söyüşə görə vurmazdım
onu, üç iliydi Rusiyadaydım, bilirdim ki, ruslarda, bir
növ, sözarası işlənən ana
söyüşü bizdəki kimi söyüş
sayılmır. Vurandan sonra fikirləşdim
ki, məsələ tək bunun sərxoş olmağında
deyil, deyəsən, Sergey ayıq olanda belə, əfqanı
öldürdüyünə görə, o vaxt ona qorxa-qorxa
baxan, yuxusuna girən qıza görə doğrudan da illərdi
əzab çəkirmiş.
- Bu, başqa məsələ, -
köynəyinin qoluyla burnunun qanını silən dostum, nəhayət,
rahat oldu və mən mübahisəmizin bu cür qəribə-əcaib
sonluqla bitməsinə sevindim.
Bir anlıq mənə elə gəldi ki, o əfqan
qızı bir müddət Sergeyin yuxusuna girməyəcək. Elə bu vaxt
Yelena dəhlizin o biri başında göründü, əlində
iki dolu zənbil mağazadan gəlirdi. Sergey sevgilisini
görcək: “Oo, Lena, gəldin?” - deyib ona
tərəf getdi. “Uy daa, indi bu qıza necə
başa salım ki, sənin bu axmaq Seryoqanın tutması
tutmuşdu, bayaqdan vicdan əzabı çəkirdi, beynimi
xarab eliyib əl çəkmirdi ki, mənə yumruq vur.
Neçə dəfə dedim get yat, öz dediyindən əl
çəkmədi, axırda qışqırıb anamı
söydü, nəticəsi də budu”.
Sergeyin burnundan axıb dodaqlarını
qırmızı rəngə boyayan qanı görəndə,
Yelena əlindəki iki zənbili yerə buraxdı, ona
yaxınlaşıb kafel döşəməyə səpələnən
kartof, soğanı zənbilə yığmaq istəyən
sevgilisinə tərs bir sillə vurdu. “Soqlasen” (Razıyam), - arsız Sergey
dişlərini ağartdı, dalınca ikinci sillə gəldi,
“Snova soqlasen” (Yenə razıyam). Elə bildim,
yaxınlaşıb üçüncüsünü də mənə
ilişdirəcək, Yelenaya yönələn
baxışlarımla, bir növ, dedim ki, əsas günah məndə
deyil, amma gərək məni bağışlayasan. Kartof-soğanı
zənbilə yığıb ayağa duran Sergey bizim
bir-birimizə baxdığımızı görüb
sevgilisinə dedi:
- Onun heç bir günahı yoxdu, Lena, gedək evə.
- Bilirəm. Bilirəm ki, günah ancaq səndədir. Axmaq! - mənə tərəf çönüb son dərəcə mülayim və kinayəsiz, - Alik, siz heç narahat olmayın, əminəm ki, bu işdə sizin heç bir günahınız yoxdu. Ona görə də qətiyyən narahat olmayın.
- Başa düşdüm, - gülümsədim.
Başıyla sevgilisinə işarə edib “Mən bununla neyniyim?” mənasında çiyinlərini çəkdi...
Az sonra əlimdə çaydan mətbəxə tərəf gedəndə, otaqlarından Sergeyin gitarada aşağı bas səslə Əfqanıstan müharibəsi haqqında mahnı çalıb-oxuduğunu eşitdim. Dayandım. Nəqarətdə Lena da ona qoşulurdu. Başımı yelləyib, “urus ki urus” deyib, mətbəxə tərəf getdim.
20 mart-21 dekabr,
2016
Bakı-Altıağac-Bakı
525-ci qəzet.-2017.-20 may.-S.22.