Əjdər Fərzəlinin 80 illik yubileyinə həsr olunmuş tədbir

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda AYB-nin Cəfər Cabbarlı komissiyasının, "Aqra" Elmin İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə mərhum alim, şair-publisist Əjdər Fərzəlinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə görkəmli ədəbiyyat və elm xadimləri, alimlər, mərhumun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Ə.Fərzəlinin həyat və yaradıcılığı haqqında məlumat verib, onunla ilk tanışlığından söz açıb: "Əjdər müəllimin mənim yaradıcılığımda böyük rolu olub. Mənim ilk yazılarımı, şeirlərimi ilk dəfə o, "Azərbaycan gəncləri" qəzetində çap edib. Mən hər zaman onu təvazökar, məsuliyyətli, səmimi bir insan kimi xatırlayıram. Bu gün Ə.Fərzəlinin adının Ağcabədi rayonun ən böyük küçələrindən birinə verilməsi çox sevindirici haldır. Bunun görə mən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova təşəkkürümü bildirirəm. Düşünürəm ki, Əjdər müəllimi xatırlamaq, onun xatirəsini əbədiləşdirmək hər birimizin mənəvi borcudur".

 

Tədbirin aparıcısı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli "Əjdər Fərzəlinin elmi və bədii yaradıcılığı" adlı məruzə ilə çıxış edib. O, Ə.Fərzəlinin yeni çapdan çıxmış "Gəmiqaya-Qobustan mədəniyyəti" kitabını tədbir iştirakçılarına təqdim edərək deyib ki, bu gün həm də bu kitabın təqdimat mərasimi hesab oluna bilər: "Ə.Fərzəli ən yüksək diqqətəlayiq bir ziyalı idi. Onun yeni çapdan çıxmış "Gəmiqaya-Qobustan mədəniyyəti" kitabı bugünkü yubileyinə bir töhfədir. Əjdər müəllimin elmi fəaliyyəti bütün dünya tədqiqatçılarının diqqət mərkəzindədir. Onun yubileyi ilə əlaqədar olaraq, mənim şəxsi poçtuma xarici ölkələrdən bir sıra tanınmış alimlər Ə.Fərzəli haqqında fikirlərini, məqalələrini göndərirlər. Onun elmi araşdırmaları, fəaliyyəti, poeziyası hər zaman diqqət mərkəzində olub. İndiki ədəbiyyatımız, dilçiliyimiz də Əjdər müəllimin vaxtilə gəldiyi qənaətlərə yaxınlaşmaq, qəbul etmək mərhələsinə daxil olur".

 

Ə.Fərzəlinin elmdə ən böyük kəşfinin Gəmiqaya-Qobustan əlifbası olduğunu deyən A.Rüstəmli qeyd edib ki, məhz bu araşdırmalar nəticəsində həmin abidənin üstünə "Tanrı" (Tenqri) yazısı həkk edildiyi məlum olub.

 

Millət vəkili, yazıçı Aqil Abbas mərhumla tanışlığından söz açıb, onun zamanında üzləşdiyi bir sıra çətinliklərə diqqət çəkib: "Əjdər müəllimin əvvəl atamla, sonra isə mənimlə dostluğu olub. Bəzi insanlar var ki, öz ömrünü qarşılıq gözləmədən millətə, elmə fəda edirlər. Əjdər müəllim də onlardan biridir. O, sağlığında bir sıra çətinliklərlə üzləşdi. Bəzən onun yazıları, araşdırmaları ciddi qəbul edilmirdi. Amma o, buna baxmayaraq, yazırdı, yaradırdı. Bu yaxınlarda onun yubileyi Ağcabədi rayonunda da qeyd ediləcək. Mən yaradıcı insanlara "rəhmətlik" deyilməsini qəbul etmirəm. Əjdər Fərzəli kimi yaradıcı insanlar heç zaman ölmür".

 

Akademik, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu çıxışında Ə.Fərzəlinin Azərbaycan və ümumən türk dünyasının dilçilik elmində gördüyü əvəzsiz xidmətlərdən danışıb: "Dil xalqın özünütəsdiqidir, milli sərvətidir. Ana südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır. Buna görə də düşünürəm ki, dilçiliklə məşğul olan insanlar millətin sərvətidir. Ə.Fərzəli də onlardan biridir. Mən onu görməsəm də, əsərləri, fəaliyyəti ilə yaxşı tanışam. Düşünürəm ki, onun ən dəyərli əsəri "Gəmiqaya-Qobustan mədəniyyəti" kitabıdır. Bu abidənin dünyaya tanıdılmasında Əjdər müəllimin rolu çox böyükdür. O, Gəmiqaya və Qobustan kimi iki qədim abidələr arasındakı əlaqələri öz araşdırmalarında sübut edir. Bu kitabın daha bir önəmi də ondan ibarətdir ki, Ə.Fərzəli bu abidələri Orxon-Yenisey abidələri ilə müqayisəli şəkildə təqdim edir. Mən istərdim ki, onun əsasını qoyduğu bu iş gələcəkdə də davam etdirilsin, bu kitab ingilis dilinə tərcümə olunaraq, dünyaya tanıdılsın. Biz bu cür abidələrimizə vaxtında sahib çıxmalıyıq. Buna görə də təbliğat düzgün qurulmalıdır. İnsandan sonra bu dünyada yalnız onun gördüyü işlər qalır. Bu mənada Əjdər Fərzəli xoşbəxt insan hesab edilə bilər".

 

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirli çıxışında "Gəmiqaya-Qobustan mədəniyyəti" kitabının çapı haqqında tədbir iştirakçılarına məlumat verib: "Əjdər Fərzəli dünyada tanınan bir ziyalıdır. O, bizim əlifbamızın tarixini araşdırmış bir alimdir. Biz "Gəmiqaya-Qobustan mədəniyyəti" kitabını çap etdirmək istəyəndə akademik İsa Həbibbəyli böyük məmnuniyyətlə ön söz yazmağa razılıq verdi. Mədəniyyət və turizm nazirimiz Əbülfəs Qarayev kitaba dəstəyini əsirgəmədi. Bu kitab Əjdər müəllimin ruhuna həsr olunmuş böyük abidədir".

 

Yazıçı Seyran Səxavət çıxışında Ə.Fərzəlinin insani keyfiyyətlərindən söz açıb: "Mənim 16 yaşımda "Sarmaşıq" adlı şeirimi ilk dəfə Əjdər müəllim qəzetdə çap edib. O, çox səmimi insan idi. Hər kəs onun haqqında bir elm adamı, alim kimi danışır. Mən isə onun şəxsi keyfiyyətlərindən danışmaq istəyirəm. Əjdər müəllim çox abırlı, təvazökar insan idi. Onun adının əbədiləşdirilməsi üçün çox işlər görülməlidir. Əjdər müəllim çox unikal insan idi".

 

Professor Buludxan Xəlilov Əjdər Fərzəlini qeyri-adi düşüncə sahibi kimi dəyərləndirib: "Mən ilk dəfə onun Dədə Qorqudla bağlı yazılarını oxumuşdum. Belə düşünürdüm ki, o, qeyri-adi düşüncəyə malik bir insandır. Onunla şəxsən tanışlıqdan sonra bu fikrimi özlüyümdə təsdiqləmiş oldum. Həyatın yazılmamış qanunu budur ki, fərqli insanlar cəmiyyət tərəfindən ya qəbul olunmur, ya da gec qəbul olunur. Çünki belə insanları anlamaq üçün özün də fərqli düşüncə sahibi olmalısan. Ancaq belə insanlar çox zaman hər kəsdən daha çox yaşayırlar, fiziki olaraq, deyə bilmərəm, amma mənəvi olaraq ölümsüzlüyə qovuşurlar. Əjdər müəllim də məhz bu cür fərqli insanlardan biridir". "Gəmiqaya- Qobustan mədəniyyəti" kitabından söz açan B.Xəlilov qeyd edib ki, Ə.Fərzəli özündən əvvəlki araşdırmaçılardan fərqli olaraq, bu daş təsvirlərə rəsm kimi yox, bir yazı kimi yanaşıb. Bununla da o, Azərbaycan türklərinin qədim tarixini faktlarla sübut edib.

 

Daha sonra tədbirin aparıcısı, professor Asif Rüstəmli Türk dilləri tədqiqatçısı Süleyman Kan Yalçının teleqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Teleqramda deyilir: "Əjdər Fərzəli Gəmiqaya- Qobustan abidələrini tədqiq edərək dünyanın ən qədim əlifbalarının bu abidələrdən qaynaqlandığını təsdiqləməyə çalışıb. O, bununla ən qədim əlifbanın da türklərə məxsus olduğunu sübut edib".

 

Professor Bayram Allahverdiyev Ə.Fərzəlinin layiq olduğu dəyəri görmədiyindən gileylənib: "O, zəngin biliyə malik insan idi. Onunla söhbət keçmişə səyahət təsiri bağışlayırdı. O, tədqiqatlarında deyir ki, türklər dünyanın ən qədim mədəniyyətə malik millətidir. Mən onun saatlarla bir daşın üzərində apardığı araşdırmanın şahidiyəm. O, tədqiqatlarını təkcə Bakıda, Qobustanda deyil, Cənubi Azərbaycan, Kəlbəcər, Gəncə, Mingəçevir də daxil olmaqla, bütün Azərbaycanda aparıb və hər yerdə eyni işarələrə rast gəlib. Əjdər müəllimin gördüyü işi rus, ingilis, fransız alimləri aparsaydılar, indi bütün beynəlxalq aləm onlardan danışırdı. Bəşər tarixinin ən böyük kəşfi yazıdır və Əjdər müəllim bu kəşfin Azərbaycanda, Azərbaycan türkləri tərəfindən edildiyini sübuta yetirib".

 

Professor Abbas Seyidov Ə.Fərzəli ilə birgə fəaliyyətini xatırlayıb: "Biz Gəmiqayada onunla birgə işləmişik. Onun hər abidəyə, daşa necə ürəklə can yandırdığının şahidiyəm. O, səhhətindəki problemlərə baxmayaraq, tədqiqatlarından qalmırdı. O, sübut etdi ki, Azərbaycan xalqının kökündə dayanan xalqlar hələ 6-8 min il öncə əlifbanın yaradıcısı adlandırılan finikiyalılara əlifba dərsi keçiblər. Onun həm də çox gözəl poeziyası, lirikası var".

 

Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Təyyar Hacıyev rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun adından tədbir iştirakçılarını salamlayıb və Ə.Fərzəli haqqında fikirlərini bölüşüb: "Ağcabədi tarix boyunca çox böyük ziyalılar, alimlər, yazıçılar yetirib. Onlardan biri də Əjdər Fərzəlidir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 2 sentyabr 2016-cı ildə 110 saylı sərəncamına əsasən rayonun ən böyük küçələrindən birinə Əjdər Fərzəlinin adı verilib. Düşünürəm ki, onun adının əbədiləşdirilməsi üçün hələ çox işlər görülməlidir".

 

Tədbir iştirakçılarından Abdulla Yusifli Ə.Fərzəli ilə xatirələrini bölüşüb, onu həm də lirik bir şair kimi yad edib: "Əjdər müəllimlə ilk tanışlıqdan onun necə sadə, zəngin bilik sahibinə malik insan olduğunun şahidi oldum. Onun kitablarını, əsərlərini oxuduqca görürsən ki, hər misrasında dərin duyğular var. Düşünürəm ki, onun elmi tədqiqatları ilə bərabər lirikası, poeziyası da araşdırılmalıdır".

 

Sənətşünas Ziyadxan Əliyev, "Aqra" Elmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mirələkbər Seyidov, jurnalist Tahir Aydınoğlu və başqaları öz çıxışlarında Ə.Fərzəlini zəngin biliyə malik dilçi alim, təvazökar insan kimi xatırlayıblar. T.Aydınoğlu qeyd edib ki, Ə.Fərzəlinin bütün yaradıcılığını "Biz kimik?" sualı təşkil edir.

 

Daha sonra tələbələrin ifasinda Ə.Fərzəlinin şeirləri səsləndirilib. Muğam ifaçısı Mehranə Məmmədli onun qəzəlləri əsasında Muğam ifa edib.

 

Sonda Ə.Fərzəlinin nəvəsi Xaqani Məmmədov ailəsinin adından AYB rəhbərliyinə, tədbirin təşkilatçılarına və bütün çıxışçılara öz təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2017.-24 may.-S.7.