Naxçıvan: İqtisadi islahat
beşiyindən İslam mədəniyyəti paytaxtına qədər
Əsasları Heydər Əliyev tərəfindən müəyyənləşdirilən yeniləşən Azərbaycanda hərtərəfli yüksəliş siyasəti son iyirmi dörd illik dövrdə Cənubi Qafqazda və bütövlükdə dünyada inkişaf modelinə çevrilmişdir.
Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində
hərbi təhdidlərlə, iqtisadi böhranlarla, sosial
sarsıntılarla, nəticə etibarı ilə isə siyasi
uğursuzluqlarla mübarizə yalnız Onun uzaqgörən
siyasətinin və müdrik idarəçilik təcrübəsinin
nəticəsində uğurlu oldu və müstəqillik
yollarında güclü dayaq təşkil etdi. Bu
taleyüklü proseslər yeni mərhələdə öz
başlanğıcını məhz Naxçıvan Muxtar
Respublikasından götürməklə sosial-iqtisadi,
ictimai-siyasi, mədəni-hüquqi və digər sahələrdə
müşayiət edilməyə başlandı. Təbii ki, qazanılar hər bir nailiyyət isə
bütün regionların, o cümlədən
Naxçıvan Muxtar Respublikasının gələcək
inkişafı üçün yeni mərhələnin əsaslarını
yaradırdı.
Bu bir həqiqətdir ki, Naxçıvan Muxtar
Respublikası müasir müstəqillik tariximizin ən şərəfli
səhifələrini yazmaqdadır. Coğrafi yerləşməsinə,
iqtisadi perspektivlərinə, siyasi əhəmiyyətinə və
yeni iqtisadi (siyasi) şərait üçün yüksək
mahiyyət kəsb edən digər xüsusiyyətlərinə
görə, Azərbaycan Respublikasının təhlükəsizlik
və inkişaf qarantisini formalaşdıran bu diyar, hətta
materik və qitələr arasında etibarlı əməkdaşlıq
üçün ən optimal, ən pozitiv və ən
uyğun vasitə oldu.
Elə bu
nailiyyətləri əsas götürərək Azərbaycan
Respublikası Prezidenti tərəfindən 2 iyun 2016-cı il tarixdə Naxçıvan şəhərinin
2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında Sərəncam
imzalanmışdır. Bununla yanaşı, Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin "İslam Mədəniyyətinin
Paytaxtı Naxçıvan-2018" loqotipinin
hazırlanması haqqında" 23 yanvar 2017-ci il
tarixli Sərəncamı sözügedən sahə üzrə
həyata keçirilən tədbirlərin təşkilati-hüquqi
və siyasi əhəmiyyətini daha da yüksəltmişdir.
Bu tarixi sənədlərdən də görünür
ki, muxtar respublika əsasları böyük Heydər
Əliyev tərəfindən müəyyən edilən
uzunmüddətli, dayanıqlı və etibarlı inkişaf
xəttinə sadiq qalaraq gerçək mənada mədəniyyətlər
mərkəzinə çevrilmişdir. Keçən
müddət ərzində burada müvafiq iqtisadi potensial formalaşdırılmış,
dövlətin iqtisadi tənzimlənmə məqsədləri
tam gerçəkləşdirilmiş, sosial-iqtisadi maraq və
mənafelərin qorunması istiqamətində əlyetərlilik
təmin edilmişdir.
Bazar
münasibətlərinin obyektiv inkişaf qanunları əsasında
iqtisadi islahatların başladılması ilə, daha
doğrusu, həmin islahatların beşiyinə çevrilməklə,
muxtar respublika ən mükəmməl və olduqca səmərəli
tədbirlərin təşəbbüskarı kimi
çıxış etməklə:
1. iqtisadi formasiyaların bir-birini əvəzləməsi
üçün zəruri mərhələ olan keçid
dövrünü yüksək əzmkarlıqla və təşkilatçılıqla
təmin etdi;
2. hazırkı şərait üçün
aktual olan bazar iqtisadi şəraitinə keçid məhz
burada gerçəkləşdi. Nəticə etibarı ilə
də onun qanun və tələbləri çərçivəsində
proseslərin tənzimlənməsinə başlanıldı;
3. islahatların beşiyinə çevrildi. Xüsusi ilə burada başladılan islahatların
çox mühüm əhəmiyyətini göstərmək
lazımdır. Belə ki, milli liderin rəhbərliyi,
birbaşa qayğısı və diqqəti ilə ucqar Gal və
Şurud kəndlərindən başlanan islahatlar sonralar
ölkəmiz miqyasında mərkəzə doğru
çevik şəkildə davam etdirilməyə
başlandı. Yəni bununla da
Naxçıvanda müasir iqtisadi (islahat) mədəniyyətinin
formalaşması təmin edildi.
Bu proseslərlə muxtar respublikada iqtisadiyyatın əsas
aparıcı sahələrindən olan aqrar sektorun yeni iqtisadi
şərait əsasında təşkilatlanması və idarə
edilməsinə, güclü xammal bazası kimi
formalaşmasına, əsas istehsal və fəaliyyət sahələri
kimi əkinçilik və heyvandarlığın inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsinə
münbit zəmin yaradıldı. Bununla da muxtar respublikada
müasir şəraitdə xüsusi mülkiyyətə əsaslanan
təsərrüfat subyektləri təsis edildi, fəaliyyətinin
tənzimlənməsini özündə əks etdirən əsaslar
müəyyənləşdirildi, kəndli torpaqdan istifadə
etmək sahəsində sərbəst hüquqlara malik oldu,
onun torpaqla münasibətləri istehsal (aqrar və iqtisadi)
münasibətlərinin ana xəttini təşkil etdi. Bu o demək idi ki, muxtar respublika sakinləri
üçün həm də məşğul olma sahəsində
münbit şərait yaranırdı, nəticə etibarı
ilə bu kimi fəaliyyətin məcmusu olaraq makroiqtisadi səviyyədə
dövlətin bazar münasibətlərinə xas məşğulluq
siyasəti meydana gəlirdi. Bütün bunlar, muxtar
respublikadan başlanan və yeni dövr üçün zəruri
mahiyyət daşımaqla:
1. istehsaldan istehlaka qədər olan fazanın
qırılmazlığındakı fəaliyyətin
stimullaşmasını təmin etməklə, bu gün də
uğurla davam edən islahat mədəniyyətini ifadə
edir;
2. qeyd olunan proseslərin məcmusundan ibarət
olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində
formalaşan məşğulluq mədəniyyətinin
mövcudluğunu göstərir;
3. iqtisadiyyatın şaxələndirilməsi
istiqamətindəki fəaliyyət baxımından sosial mədəniyyətin
varlığına sübutdur;
4. cəmiyyətin təbii inkişaf prosesinin nəticəsində
yaranan sonsuz tələbatların qarşılanması sahəsində
psixoloji mədəniyyətin təzahürüdür;
5. eyni zamanda, sadalanan amillərin ümumiləşmiş
ifadəsi olaraq iqtisadi mədəniyyətin
yaranmasıdır.
Ümumiyyətlə, mədəniyyət istənilən
sahə və ya istiqamət üzrə müvafiq hadisə və
ya proseslərin daha da təkmilləşmiş, zaman
keçdikcə artan təcrübəyə əsaslanmaqla və
müvafiq qanunvericiliyə söykənməklə cəmiyyət
tərəfindən qəbul edilən keyfiyyət kimi də
ifadə oluna bilər. Bütün bunlar muxtar republikanın hər
bir sakinin dövlətlə olan qırılmaz tellərlə
mövcud bağlılıqlarında bir daha öz təsdiqini
tapmaqdadır. Artıq bu gün Naxçıvan Muxtar
Respublikasında:
- iqtisadi hadisə və proseslərə innovativ
yanaşma irəli sürülməklə, bu sahənin
yüksək səviyyədə tənzimlənməsi təmin
edilir. Bunun da nəticəsində muxtar respublika
iqtisadiyyatı ölkə iqtisadiyyatının
inkişafında elə tənzimləyici funksiya
daşımaqdadır;
- iqtisadi idarəetmə sahəsində sistemli fəaliyyət
həyata keçirilmiş, daha doğrusu, iqtisadi inkişafa təkan
olacaq istiqamətlərin müəyyən edilməsində
rolu olan strukturların əlaqəli fəaliyyəti təmin
edilmişdir;
- bütün bölgələrdə, hətta ən
ucqar dağ kəndlərdə belə istehsal və sosial
infrastruktur potensialı formalaşdırılmış və
bu, xüsusi mülkiyyətin növləri üzrə
çevik fəaliyyətə stimul verməkdədir.
Naxçıvan Muxtar Respublikası iqtisadi dəyərlərini,
ərazi xüsusiyyətlərinin və əhalisinin yerləşməsinin
zərurliyini üstün tutmaqla, bu sahədə
stimullaşdırıcı amillərdən səmərəli
istifadə etməklə yanaşı, eyni zamanda ölkəmizin
milli maraqlarının qorunması və təbliğində də
mühüm tədbirlər həyata keçirmişdir. Hələ müstəqilliyin
ilk illərində, xüsusən də 7 noyabr 1990-cı ildə
üç rəngli, ay-ulduzlu bayrağın Naxçıvan
Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq
etməklə və 3 oktyabr 2009-cu il tarixdə Türk Dövlətləri
Başçılarının zirvə toplantısına ev
sahibliyi etməklə, daha doğrusu, bu istiqamətlərdə
siyasi və vəhdət mədəniyyətinin də təkanverici
qüvvəsinə çevrildi.
Bu bir həqiqətdir
ki, ölkəmiz 70 il keçmiş İttifaqın tərkibində
qaldığı dövrlərdə, sadəcə 15 müttəfiq
respublika arasında və SSRİ-yə aid olan hüdudlarda
iqtisadi potensialı ilə çıxış edirdisə,
artıq müasir dövrdə regional deyil, hətta
bütövlükdə dünya miqyasında edilən
çağırışlara səs vermək zərurətilə
qarşılaşmışdır. Belə bir
şəraitdə Naxçıvan Muxtar Respublikası müstəqil
bir dövlətin ayrılmaz tərkib hissəsi olaraq daimi
sülhün, həmişəyaşar əminəmanlığın,
dünyəvi xoşməramın, etibarlı qonşuluq və
sadiq tərəfdaşlığın təmin edilməsində
və qorunmasında çox mühüm vəzifələrin
öhdəsindən gəldi. Naxçıvan Muxtar
Respublikasının başlatdığı islahatlar,
ümumilikdə iqtisadiyyatın çoxşaxəliliyinin təkanverici
qüvvəsinə çevrildi və ölkəmizin də
makroiqtisadi proseslərinin tənzimlənməsində ciddi təsirə
malik olacaq bir çox amillərlə yanaşı:
1. iqtisadiyyatın aqrar sferasını çevik
istehsal potensialına malik və yüksək təminat qabiliyyətli
sahə kimi təşkilatlandırmaqla, bu sahədə səmərəli
idarəetmənin təşkilinə nail olundu. Aqrar sektorun
inkişaf istiqamətlərini müəyyənləşdirərkən
iqtisadiyyatın digər aparıcı sahəsi
üçün baza funksiyası daim nəzarətdə
saxlanıldı;
2. sənayenin muxtar respublikanın təbii,
iqtisadi və coğrafi potensialına uyğun gələn sahələrinin
inkişafı və perspektivliyinin yüksəldilməsi məqsədilə
ardıcıl hüquqi-iqtisadi tənzimlənmə vasitələrindən
səmərəli istifadə edildi. İqtisadi idarəetmənin
bazar münasibətlərinə xas mexanizmlərinin təşkili
və səmərəliliyi dəstəkləndi;
3. iqtisadiyyatın mezo səviyyədə təşkili, xammal-emal-istehsal həlqəsinin davamlılığının stimullaşdırılması, nəticə etibarı ilə yüksək təminat qabiliyyətli potensialın formalaşdırılması mümkün oldu və s.
Beləliklə, bu gün dünyanın müasir sosial, iqtisadi, siyasi, coğrafi, hərbi və s-dən ibarət gərgin mənzərəsi fonunda Azərbaycan Respublikasının böyük Heydər Əliyev ideyalarına sadiq qalmaqla bəyan etdiyi humanistlik, inkişaf, sülh və ədalət təşəbbüsləri nümunəvi bir model kimi qəbul edilməkdədir. Bunun ən zəruri ünsürlərindən biri kimi ölkənin uğurlu regional siyasətini qeyd etmək olar. Bu siyasət bütün bölgələrdə milli-tarixi arxitektur ənənələrinə uyğun tikinti-quraşdırma tədbirlərinin, kommunal təminatların və s. məcmusundan ibarət tarazlı sosial-iqtisadi inkişaf potensialının formalaşdırılması ilə qeyri-bərabərliyin tamamilə aradan qaldırılmasında özünü göstərir ki, Naxçıvan Muxtar Respubikası da bu sahədə qətiyyətli söz sahibidir.
Cavadxan QASIMOV
İqtisad üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet 2017.- 24 may.-S.6.