Mühacirət irsimizin tədqiqinə
layiqli töhfə
Bakı Dövlət Universitetinin filologiya fakültəsi Elmi Şurasının qərarı ilə "Müasir ədəbiyyat məsələləri" (IV araşdırma) toplusu çap edilib.
Kitabın elmi redaktorları professorlar Tofiq
Hüseynoğlu və Vaqif Sultanlı, rəyçi isə
professor Almaz Əliqızıdır.
Kitaba mühacirət ədəbiyyatına dair elmi-nəzəri
tədqiqatlar daxil edilib. Topluda 21 tədqiqat işi yer alıb.
Bunlar Azərbaycan və türk alimlərinin əsərləridir.
Fəqət bu tədqiqatların obyekti Azərbaycan,
Türkiyə, Rusiya ədəbiyyatı və mətbuatıdır.
Araşdırmaların istiqaməti hələlik
Azərbaycan və Türkiyədir. Fəqət
mühacirət ədəbiyyatının obyekti müxtəlif
olub: Almaniya, İngiltərə, Rusiya, Finlandiya, Fransa, ABŞ,
Kanada, Polşa, Pribaltika və digərləri. Deməli,
kitab gələcək tədqiqatlar üçün çox
yönlər göstərir. Elə
professor Tofiq Hüseynoğlunun fikirləri də bunu bəlgələyir.
Müəllif "Uzun sürən mübahisələrin
sonu" tədqiqatında yazır: "...Y.V. Çəmənzəminli
və Fransa", "Y.V. Çəmənzəminli və
Türkiyə", "Y.V.Çəmənzəminli və
rus mədəniyyəti" mövzuları olduqca maraqlı və
aktualdır. Düşünürəm ki, bu mövzunun
lazımi səviyyədə işlənməsi və ədəbiyyatşünaslıqda
mövcud olan boşluqları doldurmağa və
yanlışları müəyyənləşdirib düzəltməyə
imkan verərdi...Y.V. Çəmənzəminli və
Almaniya-Avstriya məsələlərinin tələb olunan səviyyədə
öyrənilməsi, "Əli və Nino", həmçinin
bununla bağlı digər problemləri tam
aydınlaşdırmağa yol açardı". Digər
bir yön: Akademik A. Krımskinin Ukrayna EMA Mərkəzi
kitabxanasının əlyazmalar şöbəsində arxivi
saxlanılır. Sənədlərdə
görkəmli şərqşünas Avropa alimlərinin Azərbaycan
ədəbiyyatına, habelə, Yusif Vəzir Çəmənzəminli
yaradıcılığına diqqət və münasibəti
tövsiyə edir. Y.V. Çəmənzəminli
Berlində olmuş, fəqət məsələ hələ
ki açıq qalmışdır. Deməli,
"Müasir ədəbiyyat məsələləri"
kitabı bizim üçün araşdırmaların predmet və
obyektini daha dərindən və əhatəli öyrənməyi
aktuallaşdırır, məqsəd və vəzifə
müəyyənləşdirir. Məqsəd
milli mühacirət ədəbiyyatını daha prinsipial,
obyektiv elmi-nəzəri əsaslarla öyrənməyi, onun
toplanması, nəşri və təbliği işini yönləndirir.
Vəzifə perspektivli dissertasiyaların
yazılması və monoqrafik tədqiqatların
aparılmasını tələb edir. Bəs
elmi potensial nədən ibarətdir? Potensial bundan ibarətdir
ki, hazırda AMEA və ali məktəblər
sistemində elmi tədqiqatlara ciddi marağı olan gənclər
yetişir. Onlar Şərq və Qərb, habelə, Avropa
ölkələri üzrə milli dillərə yiyələnməyə
cəhd edir, ingilis, fransız, alman, çin, yapon və s. dilləri
elmi-praktik əsaslarla öyrənməyə
çalışır, müvafiq tədqiqatlar aparır və
nəticələr əldə edir. Məsələ
belə gəncləri həm də yuxarıda göstərilən
problemlərə doğru yönləndirməkdir.
Elmi-nəzəri tədqiqatlar toplusunda istiqlal,
azadlıq, milli, dini, turançılıq,
türkçülük, publisistika, nəşr, təbliğat-informasiya,
azərbaycançılıq, sürgünlük, legion,
folklor, nəsr, poeziya, portret-oçerk, ədəbi əlaqə
və tərcümə, habelə, mədəniyyətşünaslıq
kimi mövzular işıqlandırılıb.
Kitabda türk, Azərbaycan və rus dilli ədəbi
nümunələr verilib. Gələcəkdə
ingilis, alman, fransız və başqa dilli tədqiqat işlərinə
də yer ayrıla bilər. Təbii ki, buna
universitetin elm və tədris kadrları
hazırlığı və Bolonya prosesləri imkan verir.
Həm də o səbəbdən ki, Azərbaycanda
Avropa yönlü universitetlər açılmaqda, turizm
imkanları, multikultural münasibətlər, elmi-ədəbi
əlaqələr genişlənməkdədir. Bu baxımdan dünyaya qapıların
açılması, diplomatik əlaqələrin güclənməsi,
mədəni münasibətlərin sivilləşdirməsi
milli arxivlərin də öyrənilməsi və sənədlərin
mübadiləsi işlərini reallaşdırır.
Bakıda M.Y. Lomonosov adına MDU
filialının fəaliyyəti, Fransa Universitetinin təsisi,
habelə, mövcud universitetlərdə ixtisas fənlərinin
tədrisi və elmi istiqamətləri çağdaş
aktual problemlərin daha çox tədqiqata cəlb edilməsi
və ədəbi-elmi nəşrləri sürətləndirir.
Topluda həm siyasi
mühacirət ədəbiyyatı, həm də Azərbaycandan
kənarda yaşayan mühacir sənətkarların ədəbi-elmi
yaradıcılığı ifadəsini tapmışdır.
Siyasi mühacirət yazılarının
predmeti, əsasən, elm, istiqlal, sürgün, və bədiiyyat
mövzularıdır. Mədəni
mühacir sənətkarların yaradıcılıq predmeti
isə daha çox informasiya-məlumat və təbliğat
xarakterlidir.
Tədqiqat
işlərinin elmi-nəzəri predmetinə: Professor Tofiq
Hüseynoğlunun "Uzun sürən mübahisələrin
sonu", professor Mübariz Süleymanlının "Əhməd
bəy Ağaoğlu Malta sürgünündə"
(dünyagörüşündəki ziddiyyətlərin mədəni-
siyasi aspektləri), dosent Faiq Ələkbərlinin
"Hüseyn Baykaranın dünyagörüşü",
dosent Tural Hüseynlinin "Süleyman Təkinər Hüseyn
Cavidin tədqiqatçısı kimi"; siyasi-ideoloji
predmetinə professor Almaz Əliqızının
"Əsrimizin Səyavuşu" əsərində
türkçülük-turançılıq məfkurəsi
və Azərbaycan problemi", professor İfrat
Əliyevanın "Əlibəy Hüseynzadə
yaradıcılığında azadlığın tərənnümü",
professor Bədirxan Əhmədovun "Legion ədəbiyyatı
mühacirətin bir qolu kimi", dosent Samirə Quliyevanın
"Nauçno-teoretiçeski vzqlyadı M. E. Rasulzade",
professor G.Zayacın "Polyak şairi Vladslav Strzelniski Qafqaz
sürgünündə", Feyzi Çelikin
"Sürgün ədəbiyyatı üzərinə"
dosent İradə Rəhimovanın "Əhməd bəy
Ağaoğlunun "Üç mədəniyyət" əsərinin
nəzəri- kulturoloji mahiyyəti", dosent Samirə Məmmədlinin
"Vətən eşqinə sürgün"; elmi-publisistik
predmetinə professor Vaqif Sultanlının "Ceyhun Hacıbəyli:
vətənlə döyünən ürək"; elmi- mədəni
münasibətlər predmetinə "Ertan Eğribel və
Ufuk Özcanın "Mütareke, sürgün və
imperatorluğun təsviyəsinə dair", dr.Enver Uzunun
"Azərbaycan mühacirət ədəbiyyatında Almaz
İldırım", Hayri Ataşın "Azərbaycan
mühacirət ədəbiyyatının Türkiyədə
araşdırılması haqqında bəzi nöqtələr",
Ramin Məmmədlinin "Rusiyada Azərbaycan mühacirət ədəbiyyatı",
professor Paşa Əlioğlunun "Görkəmli Azərbaycan
alimi Turxan Gəncəyi", Mahir Həsənovun
"Mühacir ərəb yazıçılarının ərəb
ədəbiyyatının inkişafında rolu" Əli
Şamil Hüseynoğlunun Çingiz Dağçının
"Korkunç yıllar" romanında Azərbaycan
obrazı", folklor predmetinə professor Almaz Həsənqızının
"Behruz Həqqinin yaradıcılığı"
(mühacirət dövrü), mədəniyyətşünaslıq
predmetinə dosent İradə Rəhimovanın "Əhməd
bəy Ağaoğlunun "Üç mədəniyyət"
əsərinin nəzəri- kulturoloji mahiyyəti" məqalələri
daxildir. Bütün istiqamətlərdə
problem-mövzuların predmetini Azərbaycan mühacirət ədəbiyyatı,
obyektini isə onun aid olduğu ölkələr, arxivlər, ədəbiyyat
tarixləri, mətnşünaslıq və mənbəşünaslıq
təşkil edir. Kitabda sinergetika, semiotika, hermenevtika,
kulturologiya, multikulturalizm, tarixi-müqayisəli ədəbiyyatşünaslıq,
modernizm və postmodernizm kimi məsələlərin öyrənilməsi
üçün müəyyən zəmin vardır...
Topluda siyasi mühacirət ədəbiyyatının bir
tərəfi də sürgün mövzusu və onun ideya-məzmunu
ilə bağlıdır. Bu baxımdan professor Qrazyna
Zayasın "Polyak şairi Vladislav Strzelniski Qafqaz
sürgünündə ", professor Mübariz
Süleymanlının "Əhməd bəy Ağaoğlu
Malta sürgünündə"
(dünyagörüşündəki ziddiyyətlərin mədəni-siyasi
aspektləri), professor Bədirxan Əhmədovun "Legion ədəbiyyatı
mühacirətin bir qolu kimi", "Feyzi Çelikin
"Sürgün ədəbiyyatı üzərinə",
dosent Faiq Ələkbərlinin "Hüseyn Baykaranın
dünyagörüşü", dosent Samirə Məmmədlinin
"Vətən eşqinə sürgün" məqalələri
qeyd edilməlidir. Q. Zajac polyak şairi Vladislav Strzelniskinin
Qafqaz sürgününü motivləşdirmiş, onun
Polşa ədəbiyyatında yeri, sürgün həyatının
ifadəsinə diqqət yetirmişdir. Müəllifin
uğuru bundadır ki, o, Polşa -Azərbaycan münasibətlərinin
tarixinə varmış, Polşanın tarixi- siyasi durumu
(Rusiya, Prusiya və Avstraliya tərəfindən
bölüşdürülməsi) haqqında məlumat
vermiş, Azərbaycana (Qafqaza) gələnlərin əsasən
səyyahlar, rus ordusunda xidmət edənlər, milli mübarizəyə
qoşulub ruslar tərəfindən Qafqaza sürgün edilənlərdir.
Qafqaza gəlmiş polşalıların son
böyük qrupu isə çar Rusiyası vətəndaşları
olan, əsasən, polyak mühəndis, memar, müəllim,
musiqiçi və mütəxəssislər olmuşdur ki,
professional karyera qazanmaq məqsədi izləmişlər.
Q.Zajasın yazısına mövzu olan Qafqaz
qrupu XIX yüzilliyin birinci yarısında Qafqaza gələn
polşalılardır. Polşa əsgərinin
çoxunun Qafqazdakı rus ordusunda xidməti bir faciə
olmuşdur. Polşalı ədəbiyyatçılardan
ibarət olan Qafqaz qrupu Tiflisə XIX əsrin 30-cu illərində
gəlmiş və yayılmışlar. Onlardan
biri olan Strzelniski şeir, səyahət yazıları və
romanların müəllifidir. 18
yaşında yeraltı təşkilata üzv səbəbilə
həbs edilmiş, 10 illik cəza alaraq Rusiya ordusunun Qafqaz
birliklərinə göndərilmişdir. Onun ədəbi
fəaliyyəti sürgündə keçmiş, əsərləri
Tiflis,Varşava və Vilnüsdə nəşr
edilmişdir.Strzelniski Azərbaycan folkloru və etnoqrafiyası
ilə maraqlanmış, M.F.Axundzadənin dostu olmuş,
"Qafqaz" qəzetində yazılarını dərc
etdirmiş, Polşa diasporu ilə əlaqə
saxlamışdır. Strzelniski difteriya xəstəliyinə
tutulmuş və vəfat etmişdir. Məqalədə
təsvir fonunu yazıçının şeirləri,səyahət yazıları və Qafqaz qeydləri
yaradır.
Sürgün mövzusu Mübariz Süleymanlının
"Əhməd bəy Ağaoğlu Malta sürgünündə"
adlı geniş məqaləsində davam etdirilmişdir. Ümumən,
Əhməd bəy Ağaoğlu haqqında topluda üç
məqalə verilmişdir. Bu da
böyük mütəfəkkirə olan marağın
göstəricisidir. Müəllif Ə.
Ağaoğlunun dünyagörüşündəki ziddiyyətlərin
mədəni- siyasi aspektlərinə toxunmuşdur. Məqalənin uğuru onun informasiya-məlumat
xarakteri və mühakiməli-analitik təhlil aspektindədir.
M.Süleymanlı görkəmli xadimin Malta
sürgünü fonunda görüşlərini izləmişdir. Məqalədə
həm təkrarlar, həm də ümumi mülahizələr
olsa da, analitik təhlillər də diqqət çəkəndir. Professor M.Süleymanlının
vacib elmi müddəası: "Ə.Ağaoğlunun fiziki,
maddi, ruhi, mənəvi vəziyyətini dərk etmək
üçün dövrün tarixi hadisələri,
ictimai-siyasi vəziyyəti hökmən dərindən öyrənilməlidir".
Həm də o səbəbdən ki, "1919-1921-ci illərin
tarixi hadisələrini, dünyada baş verən ictimai-siyasi
dəyişiklikləri, Türkiyənin düşdüyü
böhranlı vəziyyəti dərindən
araşdırmadan, sürgün illərində qələmə
alınmış əsərlərin yazılma şəraitini
nəzərə almadan Ə.Ağaoğlunun mövqeyini, qətiliyini,
hadisələrə, ideallara, ənənə və
müasirliyə, nəhayət, vicdan, namus, qeyrət, şərəf,
ləyaqət kimi əxlaqi sərvətlərə,
kültür və mədəniyyət kimi mücərrəd
məhfumlara münasibətini aydınlaşdırmaq və
qiymətləndirmək olmaz".
M.Süleymanlı fikirlərinə əsas olaraq
ardıcıl sitatlar, şərh və izahlar vermiş,
müqayisə və təshihlərə varmış, vacib qənaətlərini
bildirmişdir.
Bu qənaətlər əsasən
Ə.Ağaoğlunun öz fikirləridir, ondan alınan
müddəalar deyildir. Məsələn,
millətin qurtuluşu üçün Qərbin və
Rusiyanın ictimai-siyasi quruluşundakı faydalı yolları
aramaq lazımdır.
- Mənfəət
məsələsində yalnız maddiyyat deyil, həm də mənəviyyat
və ruhaniyyat vardır ki, bunların təmini
üçün ölümə qədər getmək olar, -
maddiyyat və mənəviyyat bir-birini tamamlamaqdadır.
- Əsl dövlət xalqın hissləri, əməlləri
və istəklərinin birliyidir. Fəqət belə də
olur ki, şəxsə bağlılıq qaydası dövlətə
bağlılıq prinsipindən üstün də olur. - İqtidar, millət dövləti quran
gücdür.
Bütün hakimiyyət və haqlar millətə aiddir,
- bunsuz tarix qarşısında məğlubiyyətimiz
labüddür.
Bütün insanlar, hətta eyni dövlət və
hakimiyyəti, partiya və idealları təmsil edən
yüksək mövqe sahibləri arasında birlik vacibdir - ən
böyük ürfan budur.
- Məğlubiyyətin
səbəbləri zehniyyət və xarakterin fərqlərinə
görədir. Avropalılar öz
hüquqlarına və bu yolda mücadələyə hörmət
edirlər. - Biz bu həqiqəti anlamalıyıq.
-
Haqqını arayan daim möhtərəmdir, - Biz şərqlilər
bu həqiqəti idrak etmirik.
- Məmləkətin
mümtaz adamları olduğumuz halda, zora, zülmə və
maddi qüvvələrə itaət göstəririk, - Haqq və
hüququ aramaq ağıla belə gəlmir.
-
Avropalılar zülm və cəfaya qarşı fəryad və
zülmdən şikayət etməni, nalə və fəqanı,
lütf və mərhəmət diləməyi ən az hörmətə layiq bir əskiklik hesab edərlər,
- biz hələ də Avropanın bu ən ibtidai ruhi
xüsusiyyətini anlaya bilmirik.
- Haqpərəstlik
bir zehniyyətdir, Vətəni satmaq, millətə xəyanət
kimi alçaqlığa getməzlər.
- İngilis və fransız dillərini bilməklə
Avropa və Qərb kültürünün əsaslarına
yiyələnmişdir. Müsəlman millətləri dillərini də
bildiyindən lazımınca Şərqi də bilmişdir, -
Ə.Ağaoğlu islam aləmindəki hər
hansı bir mütərəqqi, liberal-demokratik təbəddülatı,
hərəkatı, bütövlükdə təkamülün
uğurlarını alqışlamış və dəstəkləmişdir.
- Ə.Ağaoğlunun məqsədi, amalı
"Türkiyəyə xidmət, kültürə sahib
durmaq, müasir mədəniyyəti mənimsəmək,
demokratik prinsiplərə əsaslanan cəmiyyət qurmaq kəlamı
olmuşdur. -
M.Süleymanlı nəticələyir ki, Mübariz
Süleymanlının vacib müddəaları
sırasındadır. O, nəticə, xülasə edir ki,
Ə.Ağaoğlunun siyasi-ideoloji və mədəni fikir
sisteminə zaman-zaman müraciət ediləcəkdir...
Feyzi Çelikin "Sürgün ədəbiyyatı üzərinə" məqaləsi də sürgün mövzusundadır. Müəllif məqalədə sürgün həyatının siyasi-psixoloji anlamını ifadə etmiş, onun izlədiyi amacı, Avropa və Rusiyada məkanı, Dostoyevski, Soljenitsn, Namiq Kamal, Ahmet Mithat efendi, Ebuziya Tevfik, İsmail Safa, Hüseyn Siretının sürgün mövzusunda əsərləri və sürgündən sonrakı dönüş ədəbiyyatı haqqında informasiya vermişdir. Məqalədə əhəmiyyətli qaynaqlardan istifadə olunmuşdur.
S.Məmmədlinin "Vətən eşqinə sürgün" məqaləsi də sürgün mövzusunda olub, didərgin ömrü yaşamış Nağı bəy Şeyxzamanlı haqqındadır. N.Şeyxzamanlının həyatı və fəaliyyəti, onun mənəvi keyfiyyətləri (millət və din duyğusu), eləcə də Gəncə üsyanı, Qafqaz İslam ordusunun Azərbaycana gətirilməsi ilə bağlı xatirələri özünə yer almışdır. Məqalə təsvir-informasiya səpkili olsa da, hər halda əsərlərin "Keykuru", "Böyük xeyriyyəçi H.Z.Tağıyev" (1957), "Dərdişlə" (1963)???, "Azərbaycan İstiqlal mücadələsi xatirələri"ndəki (1964) Vətən və İstiqlal mövzusu aktuallıq, çağdaş ideya-ruh təlqin edir. Mühacir şəxsiyyət yazır: -Azərbaycanımızın işğalından sonra bütün dünyaya yayıldıq. Ana vətən Türkiyədə özümüzə sığınacaq tapan bizlər özümüzü vətənsiz hiss etmədik. Türkiyə vətəndaşı olduq. Vətəndaşlıq borcumuzu yerinə yetirdik, yetirəcəyik. Digər tərəfdən Azərbaycanın qurtuluşu üçün çalışdıq, çalışırıq və çalışacağıq..."
Beləliklə, müasir ədəbiyyat məsələləri toplusunda mühüm elmi nəticələr əldə olunmuş, vacib elmi müddəalar irəli sürülmüş, problemlərin həlli istiqamətində əldə edilmiş uğurlar göstərilmiş, həlli vacib məsələlərin çox olduğu bəlgələnmiş, boşluqlar və nöqsanlar qeydə alınmışdır. Toplu elmi qaynaqlarla, mənbələrlə, nəticələrinin genişliyi, dəqiqliyi və ingilis dilində xülasələri ilə xarici mətbuata çıxış üçün imkanlar yaradır. İnternet resursları, hətta, müvafiq yazıların tərcüməsi üçün stimul doğurur. Biz məqalələr üzərində geniş dayandıq, əsasən, izah və şərh- informasiya-təsvir fonunu əsas tutduq, mühüm tezisləri, müddəaları, nəticələri ayırdıq, fəqət müdaxiləli və analitik təhlil səciyyəsinə üstünlük vermədik. Məqsəd, əsasən mühacirət ədəbiyyatımızın aktuallığını gündəmdə saxlayan amilləri göstərmək olmuşdur. Ümumən, "Müasir ədəbiyyat məsələləri" kitabı mühacirət ədəbiyyatının tədqiqi, nəşri və təbliği sahəsində qiymətli mənbə olub, geniş elmi tədqiqatlara əhəmiyyətli yol göstərir.
Əlizadə
ƏSGƏRLİ
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun baş elmi
işçisi, filologiya elmləri doktoru
525-ci qəzet.-2017.-25 may.-S.4.