IV İslam Həmrəyliyi Oyunları: İslam dünyasının Azərbaycana inamının təzahürü

 

"BAKININ EVSAHİBLİYİ İLƏ KEÇİRİLƏN MÖTƏBƏR İDMAN TƏDBİRİ MÜSƏLMAN ÖLKƏLƏRİ ARASINDA HƏMRƏYLİYİ DAHA DA GÜCLƏNDİRƏCƏK"

 

Son dövrlər Azərbaycanda baş tutan Birinci Avropa Oyunları, "Formula-1" üzrə Avropa qran-prisi, Dünya Şahmat Olimpiadası ilə ölkəmiz idman yarışlarını ən yüksək səviyyədə keçirməklə bağlı mövcud imkanlarını təqdim etmişdi.

 

İndi isə İslam Həmrəyliyi Oyunları ilə dövlətimiz qısa zaman kəsiyində beynəlxalq əhəmiyyətli idman oyunlarına peşəkarlıqla hazırlaşmağın mümkünlüyünü bir daha ortaya qoydu. Əlbəttə, unutmaq olmaz ki, bu müddət ərzində ölkəmiz təkcə idman sahəsində deyil, eləcə də siyasi, iqtisadi, humanitar və digər istiqamətləri əhatə edən beynəlxalq tədbirlərə evsahibliyi etdi və bəşəriyyətin gələcəyi üçün olduqca əhəmiyyət kəsb edən sivilizasiyalararası dialoq mühiti yaratdı. İstər dini, istərsə də etnik zəmində baş verən münaqişələr, müharibələr fonunda Azərbaycanın ayrı-ayrı sivilizasiyaları bir platforma ətrafında birləşdirməsi, dünya insanını sülhə, əmin-amanlığa çağırması beynəlxalq birlik ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Bu mənada, ölkəmizdə keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq əhəmiyyətli yarışlar da idmanla bağlı olsa da, sülhü, dostluğu tərənnüm edir. Xüsusilə, Azərbaycan dövləti idman yarışlarında bu ideyanın önə çıxarılmasına həmişə önəm verir. Təsadüfi deyil ki, "Gücümüz həmrəylikdədir" devizi altında keçirilən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları bunu əyani şəkildə bütün dünya ictimaiyyətinə nümayiş etdirə bildi. Mayın 12-də rəsmi açılış mərasimi ilə dünyanın 4 qitəsindən ölkəmizə gələn idmançıları yüksək qonaqpərvərliklə qəbul edən Azərbaycan 10 gün sonra, mayın 22-də möhtəşəm bağlanış mərasimi ilə IV İslam Həmrəyliyi Oyunlarına yekun vurdu.

 

Ertəsi gün isə prezident İlham Əliyev İslamiadada qalib gələn idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi. Ölkə başçısı mərasimdə çıxış edərək qeyd etdi ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi hadisədir: "Bu, İslam dünyasının Azərbaycana olan böyük hörmətinin və inamının təzahürüdür. IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyini gücləndirəcək. Bu oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdir. Azərbaycanın müsəlman aləmində siyasəti ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi problemlərə son qoyulsun".

 

IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsinin Azərbaycanın gücünü, qüdrətini göstərdiyini deyən dövlət rəhbərinin sözlərinə görə, bir daha təsdiq olundu ki, Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər: "54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanan Azərbaycan böyük tarixi qələbəyə imza atıb. Bir daha təsdiq olunub ki, Azərbaycan dünya miqyasında güclü idman dövlətidir. IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbəsi göstərdi ki, Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət bütün sahələrdə, o cümlədən, idmanda öz bəhrəsini verir".

 

İlham Əliyev vurğuladı ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir: "Son illər ərzində idmanın inkişaf etdirilməsi sahəsində atılmış addımlar bugünkü yüksək nəticələrin əsasında dayanan başlıca amildir. IV İslam Həmrəyliyi Oyunları ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tamaşaçılar böyük coşqu ilə idmançıların qələbələrini alqışladılar. Azərbaycan idmançılarının qələbəsi ölkədə idmanın inkişafını stimullaşdırır, gənc nəslin idmana daha güclü meyllənməsinə müsbət təsir göstərir".

 

Prezident bildirdi ki, IV İslam Həmrəyliyi Oyunlarının təşkilində iştirak edən bütün qurumlar Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi korpusu, idman mütəxəssisləri, idmançılar bir komanda, bir ailə kimi bir amala xidmət edərək, parlaq qələbəni mümkün etdilər: "Mehriban Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati məsələləri ən xırda detallarına kimi nümunəvi şəkildə həll edib. Mehriban Əliyevanın rəhbərliyi ilə təşkilat komitəsinin hazırladığı bütün beynəlxalq tədbirlər - 2012-ci ildə "Eurovision" mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, həmçinin IV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görülüb. Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi də çox fəal işləyib. Oyunların açılış və bağlanış mərasimləri öz möhtəşəmliyi ilə seçilib".

 

Dövlət başçısı hesab edir ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi İslam dininin mütərəqqiliyini, elm, mədəniyyət, sülh, mərhəmət dini olduğunu nümayiş etdirdi: "Açılış mərasimi Azərbaycan xalqının zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə və dünyaya göstərdi. IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. İki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunlarının keçirilməsi bunu bir daha təsdiq edir. Azərbaycan xalqı öz milli və dini dəyərlərinə sadiqdir, onları qoruyur. Eyni zamanda, dünyaya açıqlıq və inkişaf Azərbaycanın müasirliyini təcəssüm etdirir. Bu gün Azərbaycanda milli-mənəvi köklər üzərində müasir dövlət qurulur. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə, həmçinin, müsəlman aləmində böyük rəğbətə layiq ölkədir".

 

İlham Əliyev onu da qeyd etdi ki, İslam Həmrəyliyi Oyunlarında yeni yanaşma ortaya qoyuldu, yeni standartlar tətbiq edildi: "IV İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycana daha çox turist axını olacaq. Bu gün uğur əldə edən və Azərbaycanın adını ucaldan idmançılar müstəqillik dövründə yetişiblər. 25 illik müstəqillik dövründə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni, idman və digər sahələrdə böyük uğurlar əldə edib. IV İslam Həmrəyliyi Oyunlarından Azərbaycan idmançılarının parlaq qələbəsi bir neçə gündən sonra qeyd olunacaq Respublika Gününə, müstəqilliyimizə, onun möhkəmlənməsinə verilən növbəti böyük töhfədir".

 

Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Adil Əliyev qeyd edib ki, bütün beynəlxalq tədbirlər kimi, IV İslam Həmrəyliyi Oyunlarının da məhz ölkəmizdə keçirilməsi heç də təsadüfü deyildi. O, SİA-ya bildirib ki, Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də evsahibliyi etməyimizə zəmin yaradır.

 

IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz tərəfindən yüksək səviyyədə təşkil olunduğunu deyən deputat qeyd edib ki, "Bakı-2017" istər xalqımızın, istərsə də ölkəmizə təşrif buyuran xarici qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu: "İslam dünyası üçün olduqca vacib olan belə bir oyunların təşkilatçılığının yüksək səviyyədə həyata keçirilməsi şanlı tariximizdə yeni bir səhifə açdı. Dünyada İslam ölkələrinə qarşı təzyiq, təhdidlər göstərildiyi bir zamanda İslam həmrəyliyi nümayiş etdirən dövlətimizin, dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İslam ölkələrinə qucaq açması dünyaya bir ismarıc oldu. Bununla Azərbaycanın multikultural, tolerant, sülhsevər, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlara açıq olan bir dövlət olduğu bir daha sübut edildi. Əslində, Azərbaycan bu dəyərlərin daşıyıcı olduğunu tarixən sübut etmişdi, lakin bu oyunlarla islami dəyərlərə söykənən həyat tərzinin davam etdirildiyini bir daha bəyan etdi".

 

A.Əliyevin sözlərinə görə, ölkəmizə bir dəfə ayaq basan, buranın adət-ənənələri ilə tanış olan, gözəlliklərini duyan hər bir xarici qonaq yenə də Azərbaycana gəlmək istəyir və mötəbər yarışların burada keçirilməsini təqdirəlayiq hesab edir: "Bütün bunlarla yanaşı, dövlətimiz öz növbəsində tanınır və Azərbaycan həqiqətlərini dünyaya çatdırmış olur. Dünya birliyi, beynəlxalq aləm artıq bu həqiqətlər qarşısında aciz durumda qalır. Mənfur düşmən, ermənilər güclü Azərbaycanın dünyaya saldığı səsdən vahiməyə düşür, öz acizlikləri ilə barışmalı olurlar. Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin əsas məqsədlərindən biri də məhz budur. İnanıram ki, Azərbaycan sürətli inkişafı nəticəsində daha böyük yarışlara evsahibliyi edərək, uğurlara imzasını atacaq, öz həqiqətləri ilə dünyaya car çəkəcək".

 

Deputat Musa Quliyev isə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə ölkəmizdə təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarına yüksək qiymət verərək bildirib ki, bu idman tədbiri Azərbaycanın beynəlxalq nüfuzunun, mədəniyyətimizin, qonaqpərvərliyimizin, ölkəmizdə idmana göstərilən diqqət və qayğının bir daha göstəricisi oldu.

 

M.Quliyev SİA-ya bildirib ki, IV islam Həmrəyliyi Oyunları Azərbaycan prezidentinin də söylədiyi kimi, təkcə idman yarışı deyildi, eyni zamanda  Azərbaycanı, İslam dünyasını yenidən təqdim etmək mərasimi idi ki, ölkəmiz bunun öhdəsindən yüksək səviyyədə gəldi: "İstər bu oyunlarda iştirak edən idmançılar, məşqçilər, istər onlara azarkeşlik edənlər, istərsə də yarışlara baxmaq üçün turist kimi ölkəmizə gələnlər, heç şübhəsiz ki, təkcə idmanla maraqlanmaqla kifayətlənmədilər. Onlar, eyni zamanda ölkəmizin, şəhərimizin görməli yerlərində olub, mətbəximiz və musiqimizlə tanış olublar. Bundan başqa, şəhərimizə gələn qonaqlar gələcəkdə özlərinin biznes layihələrinin həyata keçirmək üçün Azərbaycandakı biznes mühiti ilə də tanış olmaq imkanı qazandılar".

 

Deputat deyib ki, bütövlükdə bu idman yarışları Azərbaycanın beynəlxalq nüfuzunun daha da artıracaq, turizm potensialını yüksəldəcək, müsəlman ölkələrilə mədəni əlaqələrin güclənməsinə şərait yaradacaq: "Bu  mənada Azərbaycan prezidentinin idmançılarla görüşündə söylədikləri bütün fikirlərlə şərikəm və hesab edirəm ki, biz qısa müddətdə bu nəticələri görə biləcəyik. Bütövlükdə İslamiada Azərbaycana uğur gətirdi və bütün dünyaya bir daha İslam dininin sülh, həmrəylik, dostluq dini olduğunu sübut etdi".

 

M.Quliyev əlavə edib ki, idmançılarımızın İslam oyunlarında böyük müvəffəqiyyətlə çıxış edərək ölkəmizi yüksək pilləyə qaldırması həm Azərbaycanın dövlət kimi güc və qüdrətinin ifadəsi oldu, həm də ölkəmizdə idmana, sağlamlığa verdiyi diqqətin müsbət nəticələrinin ifadəsi oldu.

 

Ceyhun ABASOV

525-ci qəzet.-2017.-25 may.-S.3.