Akif Əlizadə: "Yeni dərman zavodları yaranır, amma..."

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. İclasda AMEA-nın yeni seçilmiş 16 həqiqi və 25 müxbir üzvünə diplomlar təqdim olunub.

 

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə yeni üzvləri təbrik edərək onlara elmi fəaliyyətləri sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib, onları Azərbaycan elminin davamlı inkişaf naminə səfərbər olmağa çağırıb.

 

Sonra AMEA prezidenti Akademiyanın yeni üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və vəsiqələri təqdim edib. Bundan əlavə, "Magistr 2017" müsabiqəsinin 8 qalibinə də mükafatlar təqdim edilib. Müsabiqədə iştirak etmək üçün AMEA-nın 45 magistrantı sənədlərini təqdim edib. Seçim zamanı tələbələrin magistraturaya qəbul imtahanında topladığı ballar, onların imtahan sessiyalarında qazandıqları və ümumi orta müvəffəqiyyət göstəriciləri, yerlixarici jurnallarda nəşr olunmuş elmi məqalələr, təcrübəkeçmə, konfransictimai tədbirlərdə iştirak nəzərə alınıb.

 

Çıxışı zamanı A.Əlizadə vurğulayıb ki, Azərbaycan alimləri ən geridə qalmış təbəqə kimi dünya, Avropa qrant layihələrində iştirak etmir: "İnstitut direktorlarından tələb edirəm ki, qrant layihələrinə xüsusi diqqət yetirsinlər".

 

A.Əlizadə bəzi iradlarını da alimlərin nəzərinə çatdırıb: "Biz bu gün Yüksək Texnologiyalar Parkında heç bir bölmənin aktiv fəaliyyətini görmürük. Belə olsa, bu, getdikcə sönəcək. Riyazi modernləşdirməni genişləndirmək lazımdır. Bu, olduqca vacib istiqamətdir. Proqram mühəndisliyi bu gün dünyada geniş tədqiqatlar aparılır. Azərbaycanda isə bu sahənin inkişafına 21-ci əsrdə başlanılıb. Bu gün Xəzər dənizinin problemləri alimlər üçün əsas tədqiqat istiqamətləri olmalıdır. Burada deyilə bilər ki, kadr yoxdur. Kadr yoxdursa, onu hazırlamaq lazımdır. Kimyaçılar farmokoloji sahəyə diqqəti artırmalıdırlar. Azərbaycanda yeni dərman zavodları yaranır, amma AMEA yenə də kənarda qalıb. Humanitar elmlərdən çox böyük töhfələr gözləyirik". A.Əlizadə əlavə edib ki, nə televiziyalar, nə də mətbuat Azərbaycan dilinin tam səlisliyinin qorunmasına fikir verir: "Biz alimlərdən soruşurlar ki, siz haradasınız".

 

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli isə deyib ki, bu gün Azərbaycanda televiziya və xəbər saytlarının dili yaxşı vəziyyətdə deyil. Dilimizin saflığının qorunmasında KİV-lərin xüsusi rol oynadığını deyən T.Kərimlinin sözlərinə görə, bəzən TV və saytlarda verilən fikrin mənasını başa düşmək olmur: "Keçmiş SSRİ-də elmin dili rus dili olduğu kimi, indielmin dili ingilis dilidir. Bu baxımdan AMEA-da ingilis dilinin öyrənilməsinə xüsusi diqqət göstərilir. Bu gün gənclər xarici dil bilməlidirlər. Amma öz ana dilimizi də bilməlidirlər. Millət də öz ana dilini qorumaq üçün cəhd etməlidir".

 

T.Kərimli deyib ki, dilimizdə rus dilindən alınmış bir çox söz gündəlik danışığımızda çox işlənir. Onun sözlərinə görə, bəzi rus sözlər hətta şifahi danışıq dilimizdə şəkilçilər də qəbul edib: "Məsələn, "meşat" olmaq, hətta "meşatçılıq", "veş" sözünün yerinə "veş-vüş" deyilir".

 

S.QARAYEVA

525-ci qəzet.-2017.-25 may.-S.2.