Ədəbiyyatımızın İlyas
Əfəndiyev zirvəsi
Vəfa XANOĞLAN
Bakı Xoreoqrafiya Akademiyasının
elmi katibi, filologiya üzrə fəlsəfə doktoru
Yüksək bəşəri məzmun kəsb edən
gözəl sənət əsəri heç bir zaman bədii
siqlətini və estetik təravətini itirmir, daima yaşar
olur. Və bu əsərləri yaradan sənətkar da
zaman keçsə də qocalmır, həmişə xalqla
birgə olur.
Azərbaycan ədəbiyyatının klassiki, əbədiyaşar
sənətkarımız, xalq yazıçısı,
görkəmli nasir və dramaturq, sənət nəzəriyyəçisi
və teatr xadimi İlyas Əfəndiyev də məhz belə
sənətkarlardandır. Bir yaz səhəri -
mayın 26-da dünyaya göz açmış 103
yaşlı ustad sənətkarımızın heç bir
zaman öz aktuallığını, müasirliyini və bədii
təravətini itirməyən əsərləri bu gün də
gələcəyə gedən yollarımıza işıq
saçır. İlyas Əfəndiyevin
yaradıcılığı milli ədəbiyyatımızın,
teatrın, kino sənətinin inkişafına böyük təsir
göstərmiş, onun ayrılmaz hissəsi olmuş və mədəniyyətimizin
yeni səviyyəyə qalxmasını təmin etmişdir.
Dramaturqun bədii nəsri-hekayə, povest və
romanları, tarixi və müasir mövzulu dramları
obrazlı bədii dili, dərin psixologiyası, yüksək sənətkarlıq
məziyyətləri və fəlsəfi dərinliyi ilə
diqqəti çəkir. Dünya ədəbiyyatının ən
gözəl ənənələrinə dayaqlanan, milli
özünəməxsusluğa, folklora, klassik irsə möhkəm
bağlı olan, müasirlik, dərin psixoloji təhlil, bəşəri
məzmun daşıyan millilik İlyas Əfəndiyev
yaradıcılığının əsas xüsusiyyətləridir.
Onun yazıçı dili və bədii
üslubu ədəbiyyatımızda yeni ədəbi məktəb
səviyyəsinə yüksəlmişdir. Folklor poetikasının, folklor ənənə və
motivlərinin rolu İlyas Əfəndiyevin
yaradıcılığında olduqca güclüdür.
"Apardı sellər Saranı", "Qəhrəman ilə
bülbülün nağılı", "Qarı
dağı" hekayələri göstərdi ki, ustad sənətkarın
folklorla əlaqəsi sıx olmuş, getdikcə dərinləşərək
axtarışlarının mahiyyətini müəyyənləşdirən
istiqamətlərdən birinə çevrilmişdir. Yazıçının bədii əsərlərinin
dili əfsanə, rəvayət, nağıl və
dastanların leksikasından gələn üslubi
çalarlarla zəngindir. El ədəbiyyatından gələn
dərin hikmət, hər bir sözü yerində işlətmək,
yüksək ideya-məzmun və bədiilik, fəlsəfi dərinlik,
sistemli sintaktik düzüm, obrazlılıq, ləngərli
deyim ekspressivliyi, axıcılıq və yüksək
şeiriyyət bu əsərlərin təsirliliyini, estetik təravətini,
bədii hüsnünü və məna dərinliyini daha da
artırır. Sənətkara görə "bədii
dil yazıçı istedadının aynasıdır. Xalqımızın dili onun əvəzsiz sərvətidir.
Qafqazda, Yaxın Şərqdə bu dilin əhəmiyyəti
barədə yüksək fikirlər söylənilib. Dədə-babalarımız, görkəmli söz
adamlarımız dilimizi qoruyub zənginləşdiriblər.
Ana dilimizin qayda-qanunlarını pozmağa
heç kimin haqqı yoxdur. Dili qorumaq qeyrət
işidir, buna etinasız yanaşmaq olmaz". Əsərlərində milli koloriti artırmaq
üçün yazıçı roman, povest və hekayələrində
xalqın sevinc və kədərini ifadə etmək
üçün dərin məzmunlu bayatılardan
yararlanır. Məsələn, "... Köç
hündür dağın döşündən
sallanmış el yolu ilə getdikcə mənə elə gəlirdi
ki, ulduzlu göyün bir parçası, dəvənin
yırğalana-yırğalana getməsi... mənə yuxu gətirir.
Hardan gəlirik? Hara gedirik?
... bilinmirdi. Birdən köçün
qabağıncan nərin üstündə gedən Səkinə
nənə bu ulduzlu göyün altında, bu ulduzlu dərənin
üstündə uca səslə bayatı
çağırdı:
Aşıq
gecələr gələr,
Yatıb gecələr, gələr.
İllər
mübah keçəndə
Karvan gecələr gələr".
Azərbaycan
dilinin zəngin söz leksikasına dərindən bələdliyindəndir
ki, onun əsərlərinin dili axıcıdır,obrazlıdır, birnəfəsə oxunur.
"Yun şal", "Qırçı və qızıl
çiçək", "Dağlar arxasında üç
dost", "Söyüdlü arx",
"Körpüsalanlar", "Sarıköynəklə
Valehin nağılı", "Üçatılan",
"Geriyə baxma, qoca" və s. hekayə, povest və
romanları milli ədəbiyyatımızın yeni bir mərhələsidir.
Ədibin müxtəlif janrlı əsərlərində
qaldırdığı sosial-psixoloji, mənəvi-əxlaqi mövzular və
problemlər indiki dövrdə də müasirdir. İlyas Əfəndiyev elə bir şəxsiyyət
və elə bir yaradıcı sənətkardır ki, o,
istedadının gücü ilə mədəniyyətimizin
müxtəlif sahələrinə nüfuz edə
bilmişdir. Onun
yaradıcılığında müasirlik geniş fəlsəfi
məna daşıyır. Müasirlik
öncə onun əsərlərinin ideya-məzmununda,
yaratdığı obrazların dünyagörüşündə,
mənəvi-əxlaqi aləmində özünü göstərir.
Povest və romanlarındakı Sarıköynək,
Sərvinaz, Səkinə, Səriyyə, Yaqut, Qızyetər və
b. qadın obrazları İlyas Əfəndiyevın
çoxsaylı obrazlar qalereyasında xüsusi yer tutur. Saf, ülvi məhəbbətlə sevən, sevgisi
yolunda həyatın çətinliklərinə, iztirab və
psixoloji sarsıntılara sinə gərən bu qadın
obrazlarının xarakter bütövlüyü, mənəvi
saflığı, əxlaqi kamilliyi milli-mənəvi dəyərlərlə
bağlıdır. İnsan mənəviyyatını hər
şeydən üstün tutan, insan qəlbinin
iztirablarını səmimiyyətlə qələmə alan yazıçının bədii əsərlərində
qəhrəmanların ən çox daxili aləmləri, dəruni
hiss və duyğuları, kədər və sevincləri
yüksək bədiiliklə təsvir edilir. Yazıçının
əsas amalı Azərbaycanın azadlığı,
bölünməzliyi və müstəqilliyi olmuşdur.
Akademik Bəkir Nəbiyev qeyd edir ki,
"İlyas Əfəndiyev müasirlərimizin qurucu,
yaradıcı təbiətini, pak məhəbbət
duyğularını, yeniliklə köhnəliyin mübarizəsini
həyati konfliktlər, canlı xarakterlər əsasında
göstərən bir yazıçıdır. Xalq, Vətən,
cəmiyyət qarşısında mənəvi borca
münasibət onun qəhrəmanlarının daxili aləmini
müəyyən etmək üçün başlıca meyar
olmaqla yanaşı, həm də ədibin özünün sənətkar
idealının mötəbər göstəricisidir".
"İntizar"la, "İşıqlı
yollar"la dramaturgiyaya gələn ustad sənətkar milli
teatrımızın səhnəsini daha da
işıqlandırdı və bu işıq onlarla dram əsərlərinin
səhnə həyatını nura qərq etdi. Mütəfəkkir sənətkar
yarım əsr teatrlarımızın repertuar
ağırlığını öz çiyinlərində
daşıdı, onlarla lirik-psixoloji, tarixi-fəlsəfi
dramları ilə "İlyas Əfəndiyev teatrı"nı yaratdı. Onun yüksək
mündəricəli dramları teatr tariximizdə yeni bir mərhələ
yaratdı. "İlyas Əfəndiyev
teatrı" ilə yeni rejissor və aktyor nəsli
formalaşdı. Sonradan dramaturq "İntizar",
"İşıqlı yollar", "Bahar suları",
"Atayevlər ailəsi", "Sən həmişə mənimləsən",
"Mənim günahım", "Unuda bilmirəm",
"Məhv olmuş gündəliklər", "Mahnı
dağlarda qaldı", "Qəribə oğlan",
"Bağlardan gələn səs", "Xurşidbanu Natəvan",
"Büllur sarayda", "Şeyx Məhəmməd
Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin
cəhənnəmdə vüsalı", "Tənha iydə
ağacı", "Ağıllılar və dəlilər",
"Odlu səhradan gəlmiş şeytan", "Bizə inan",
"On manatlıq lüstr", "Hökmdar və
qızı" pyeslərini yazdı. İlyas
Əfəndiyevin yazdığı 22 pyesdən 19-u Akademik
Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub
və bu pyeslər çağdaş teatrımızın
inkişafına güclü təsir göstərib. Qüdrətli qələm
sahibinin dram əsərləri bu gün də öz
aktuallığını, müasirliyini və bədii-estetik
təravətini qoruyub saxlayır. Dramaturqun keçən əsrin
70-90-cı illərində qələmə aldığı
"Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan",
"Şeyx Məhəmməd Xiyabani", "Sevgililərin cəhənnəmdə
vüsalı", "Tənha iydə ağacı",
"Ağıllılar və dəlilər",
"Hökmdar və qızı" tarixi dramları
keçmişə yeni təfəkkürlə
yanaşması, xalqımızın azadlığı və
müstəqilliyi uğrunda apardığı mübarizə
ilə bağlıdır. Dramaturqun tarixi
dramları xalqımızın tarixini bədii obrazlarının
dili ilə bizə çatdırır. Bu
qəhrəmanlar xalqın azadlığı və müstəqilliyi
uğrunda mübarizə aparan əsl fədaidirlər. Bəzi
əsərlərdən nümunələrə diqqət yetirək:
"Xurşidbanu
Natəvan" pyesindən: Natəvan: "Əgər bu
dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o
da yalnız insanın öz vətəninə, öz mənliyinə
sahib olmasındadır. Mən
azadlığın qüdrətinə inanıram. İnsanın gözəl hisslərinin, gözəl
fikirlərinin pərvazı üçün, insan ləyaqətinin
yüksəlişi üçün həqiqi vicdan
azadlığı lazımdır". Bu
sözlər "Xurşidbanu Natəvan" dramının
leytmotividir. Şairə, ictimai xadim Natəvan
üçün Azərbaycanın birliyi, azadlığı,
xalqın mədəniyyəti, dili, milli müstəqilliyi onun
əsas amalıdır.
"Şeyx
Məhəmməd Xiyabani" pyesindən: Mübarək Səltənənin:
"Biz Azərbaycanı İran dövlətinin tərkib hissəsi
hesab edirik. Azərbaycan yoxdur, cənab Şeyx! Şahənşah
İran dövləti var!" sözlərini Şeyx Xiyabani
özünəməxsus təmkin və cəsarətlə
cavablandırır: "Yox cənab vali! Arazın o tay-bu
tayında qədim və şöhrətli bir tarixə malik
Azərbaycan da var, igid Azərbaycan xalqı da! Əsrlərdən
bəri siz Azərbaycan xalqını öz içinizdə əridib
farslaşdırmaq istəyirsiniz. Lakin
görürsünüz ki, Azərbaycan xalqı da, Azərbaycan
dili də yaşayır! Milləti, xalqı məhv
etmək olmaz".
"Tənha
iydə ağacı" pyesindən: Kərim bəy: "Azərbaycan
xalqı yaşayacaqdır. Bu cavan doktor
demişkən, "ola bilməz yer üzündə
yaşayan qırx milyon cəsur azəri xalqı bir gün
öz arzusuna çatmasın. Bütün sovet təbliğatına
baxmayaraq, müstəqil suveren dövlət hüququ
veriləcəyinə inanıram".
"Hökmdar
və qızı" pyesindən: Ağabəyim ağa:
"Bu dəhşətdir, ilahi! Azərbaycan
torpağında axıdılan bu günahsız qanlar bəs
deyilmi? Ey böyük yaradan, sənin dərgahında
mənim günahım necə böyükdür ki, mənə
bu qədər əzab verirsən? Gör neçə
ildir ki, mən bu qara libasdan çıxa bilmirəm... Qoy, böyük Yaradan sizin kimi Azərbaycan igidlərinin
qılıncını əlindən salmasın. Bu yalnız bizim faciəmiz deyil. İbrahim
xanın rus padşahının sözlərinə inanıb,
ona tabe olması bizim gələcək nəsillərimizin də
faciəsidir. İbrahim xanın bu səhvi
onları da tarixin müşkül tilsiminə saldı. Mənim əziz həmvətənlərim, Azərbaycan
türkləri heç bir zaman yadelli padşahın
zülmünə tabe olmayacaq. Həmişə
vətənin azadlığı uğrunda vuruşacaq".
"Büllur
sarayda" pyesindən: Bayandur dayısı qızı Aynura
deyir: "Qoy Yaradan sizə elə igid oğullar versin ki,
yüz altmış il Arazın o tay- bu tayında bir-birinə
həsrət qalmış, başı bəlalar çəkmiş
Azərbaycan xalqının bir-birinə qovuşması
onların ən böyük arzusu olsun!Onlar
bu ədalətli işin fədailəri olsunlar". Əslində sənətkarın bədii əsərlərinin
baş qəhrəmanı yazıçı
özüdür. Müəllif fikrinin ifadəçisi
olan bu qəhrəmanlar heç bir çətinlikdən
qorxmayan, heç kəsə boyun əyməyən, mərd,
mübariz, özünə güvənən insanlardır.
Yazıçı hər bir qəhrəmanının
taleyini diqqətlə izləyir, ona biganə qalmır, sevinc və
kədərlərini özü ilə birgə yaşadır.
Eyzən qəhrəmanlarının
taleyini düşünən sənətkar yazırdı:
"Sənətdə qeyri-təbiilik, fikrimcə, ata -
ananın suçu ucbatından ömrünü şikəst
başa vuran övlada bənzəyir. İstəmirəm,
istəmirəm ki, əsərlərimin qəhrəmanları
doğma övladlarım kimi adımı
daşıdıqlarına görə utansınlar".
İlyas Əfəndiyev öz əsərlərini həmişə
ürəyinin hökmü, istəyi ilə qələmə
alıb. Sifarişlə heç bir əsər yazmayıb və
Kommunist Partiyasının üzvü olmayıb. "İlyas Əfəndiyev öz
yaradıcılığı ilə ideologiyaya yox, ədəbiyyata
xidmət edib. Ədəbiyyata xidmət etmək
isə - xalqa xidmət etmək deməkdir" (Elçin).
"Hər bir əsərim ömrümün
bir parçasıdır" - deyən qüdrətli sənətkar
bütün ömrü boyu gənclik həvəsi və şövqü
ilə yazıb - yaratdı. Dünya ədəbiyyatına
və mədəniyyətinə dərindən vaqif olan
dramaturq yazırdı: "Mən sözə, qələmə
xəyanət etməmişəm. Ömrüm
boyu oxumaqdan yorulmamışam, yazmaqdan bəzən
usanmışam, amma mütaliədən yox". Xalq
şairi Bəxtiyar Vahabzadə mütəfəkkir sənətkarın
şəxsiyyəti və bənzərsiz
yaradıcılığı haqqında yazmışdır:
"İlyas Əfəndiyev öz yoluna sadiq olan, həmişə
öz qəlbinin səsini dinləyən sənətkardır.
İlyas müəllim bir insan kimi də mənim
yaddaşımda dərin izlər buraxmışdır. Əvvəla, o, hər adamla ünsiyyət
bağlamaz, onun öz ətrafı, öz həmsöhbətləri
olardı. O, istedadsız, sırtıq, mütaliəsiz,
dayaz adamlardan qaçardı. Amma istedadlı,
mütaliəli və ziyalı adamları özü
axtarıb tapar, onlarla söhbətdən ləzzət
alardı. Çünki özü daxilən ziyalı adam idi. Dərin mütaliəsi
vardı. Mən cəsarətlə deyə
bilərəm ki, yazıçılar içərisində Qərb
və rus ədəbiyyatını onun qədər dərindən
bilən qələm sahiblərini barmaqla saymaq olar".
Ədəbiyyat
tariximizdə parlaq iz qoymuş dünya şöhrətli sənətkarın
bəşəri siqlətli əsərləri ingilis,
fransız, alman, ərəb, rus, fars,
türk, çex, polyak, slovak, bolqar, macar, ispan, Litva, eston,
gürcü və b. xalqların dillərinə tərcümə
olunub. Xalq yazıçısının 2002-ci ildə nəşr olunmuş 7 cildliyi
və rus dilində çapdan çıxmış
seçilmiş əsərləri Almaniyanın Halle şəhərindəki
Martin Lüter Universiteti kitabxanasının kataloquna daxil
edilmişdir. Xalqın yaddaşında və qəlbində
əbədi yer salmış unudulmaz sənətkarın əsərləri
bu gün də könülləri fəth edir, insanları
daxilən zənginləşdirir. Dramaturqun pyesləri
Moskva, Sankt-Peterburq Almatı, Səmərqənd, Aşqabad,
Tiflis, Vilnüs, Mahaçqala, İrkutsk və s. şəhərlərdə
tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət
qazanmışdır. 90-cı illərdə
dramaturqun pyesləri Türkiyənin Ankara, Ərzurum,
İstanbul, Sivas və Kayseri şəhərlərində
nümayiş etdirildi və qardaş ölkədə hərarətlə
qarşılandı. Müasir türk mətbuatı
dramaturqu Azərbaycan ədəbiyyatının canlı
klassiki adlandırmışdı. Türkiyənin məşhur
rejissoru Kənan İşıq müsahibələrinin birində
demişdi: "Siz bu iki tamaşa ilə (söhbət
dramaturqun "Sevgililərin cəhənnəmdə
vüsalı" və "Bizim qəribə taleyimiz"
tamaşalarından gedir) bütün Avropa ölkələrini
gəzə bilərsiniz. Çünki bu əsərlərdə
qaldırılan problemlər millətindən asılı
olmayaraq, bütün insanlara aiddir". "İlyas
Əfəndiyev teatrı"nın
uğurları Azərbaycanla Türkiyə arasında mədəni
əlaqələrin və ikitərəfli əməkdaşlığın
daha da genişlənməsində mühüm rol oynayır.
İlyas Əfəndiyev yaradıcılığı
boyu milli mədəniyyətimizin təəssübkeşi
olub. Xalqın dərin məhəbbətini
qazanmış ustad sənətkarın mədəniyyətimizə,
dramaturgiyaya, teatra, kinoya, muğam sənətinə, mənəviyyatımıza,
milli adət-ənənələrimizə və təsviri sənətimizə
həsr etdiyi məqalələri öz aktuallığı və
məna tutumu ilə bu gün də müasirdir. Yazıçının teatra həsr etdiyi məqalələri
fəlsəfi-estetik siqləti ilə yadda qalır. Sənətkarın fikrincə, teatr həmişə
mənəvi yüksəliş aynası olub. Teatr yalnız ədəbiyyat və incəsənət
deyil, eyni zamanda, tamaşaçı mədəniyyətinin də
meyarıdır. İlyas Əfəndiyevin ən
böyük arzusu Azərbaycanın müstəqilliyi idi.
O, öz yaradıcılığında
azadlığımızı, milli suverenliyimizi və
istiqlalımızı həmişə tərənnüm
edirdi. Müdrik sənətkar
sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın və doğulduğu Füzuli
şəhərinin erməni faşistləri tərəfindən
işğalı ona böyük dərd oldu. Və özüylə birlikdə Qarabağ nisgili
apardı. Müsahibələrinin birində dramaturq
yazırdı: "Füzuli şəhəri, Füzuli rayonu
bir tərəfdən sovet imperiyasının zülmünə,
repressiyasına məruz qaldı, digər tərəfdən də
erməni işğalçılarının. Deməli
, Füzuli şəhəri iki dəfə qarət
edildi. Bunun necə böyük dərd
olduğunu demək çətindir".
Azərbaycan
ədəbiyyatını həmişəyaşar əsərləri
ilə zənginləşdirən unudulmaz sənətkarımız
82 illik şərəfli ömrünün altmış ilini bədii
yaradıcılığa həsr etdi və ədəbiyyatımızda
İlyas Əfəndiyev zirvəsini yaratdı. Ölməz sənətkarımız zaman məhdudluğu
bilməyən əsərlərilə milyonlarla insanın qəlbində
əbədi yaşamaq hüququ qazanıb. Onun ədəbi irsi yaşarıdır.
"Öz xalqının ruhunu ifadə etməyən əsər
başqa xalqlara da təsir edə bilməz" - deyən
müdrik sənətkarın əsərləri coğrafi sərhədləri
adlayaraq bu gün də yeni oxucu auditoriyalarının
sevgisini qazanır.
525-ci qəzet.-2017.-26 may.-S.7.