Zaman xəbərsizmi ötdü?

 

Cahangir MƏMMƏDLİ

 

Azərbaycan xalqının bir xoşbəxtliyi də ondadır ki, bu millətin qadın övladı bütün məqamlarda zərifliyini, kövrəkliyini, ailəyə, övlada sədaqətini qoruyub saxlayır. 

 

Bəlkə də bu yerdə "qoruyub saxlayır" ifadəsi doğru deyil, çünki bu qadın sadaladığımız o keyfiyyətləri qəlbən yaşayır və yəqin ki, o keyfiyyətlər olmasaydı, bu qadın Azərbaycan qadını olmazdı. Mən bu fikirlər ətrafında düşünəndə ilk növbədə yaradıcılığına, millətə sədaqətinə, vətəndaşlıq ləyaqətinə xeyli dərəcədə bələd olduğum Sona xanımı -Sona Vəliyevanı xatırlayıram. Əlbəttə, Sona xanım Vəliyeva elmi-ictimai fikrin çoxdan qəbul etdiyi istedadlı alimdir, poetik yaradıcılığı, bədii sözü, orijinal istedadı olan sənətkardır, zamanın aktual problemlərini özünə tematika seçən publisistdir, evindən, ailəsindən başlayıb milli qadın modeli səviyyəsinə yüksəlmiş bir anadır, lakin həm də bütün bunların fonunda Azərbaycan deyilən bir Vətən sevgisi ilə yaşayan ləyaqətli vətəndaşdır. Yəqin ki, "ləyaqətli vətəndaş" anlayışı yuxarıdakı bütün epitetləri özündə əks etdirir. Çünki hər şey vətəndaşlıq ləyaqətindən başlayır.

 

Sona xanım alim və tədqiqatçı kimi Ümummilli liderimiz Heydər Əliyevin qürur hissilə xalqa elan etdiyi milli ideologiyamızı-azərbaycançılıq ideologiyasını özünə müqəddəs elmi araşdırma sahəsi seçmişdir. Bu mövzu, bu tədqiqat sferası Sona xanımda elə-belə yaranmayıb. Sona xanım Vəliyeva Azərbaycan klassik irsini mənimsəmiş və bu irsin ali daşıyıcıları olan Mirzə Cəlili, Hüseyn Cavidi, Məhəmməd ağa Şahtaxtlını, Məmməd Əmin Rəsulzadəni, Üzeyir Hacıbəylini və digər onlarca maarifçi ziyalımızı öyrənib də nicat yolunun Heydər Əliyev tərəfindən bir daha bəyan edilən azərbaycançılığın tam gerçəkləşməsində görüb. Akademik Nizami Cəfərovun belə bir fikri dəqiq elmi həqiqətdir ki, "azərbaycançılıq ideologiyası nə qədər dərin köklərə malik olsa da onun əsaslarını müasir Azərbaycan dövlətçiliyinin banisi, dünya azərbaycanlılarının lideri Heydər Əliyev məhz milli dövlət quruculuğu prosesində yaratmışdır... Heydər Əliyev Azərbaycanın, Azərbaycan xalqının, onun milli dəyərlərinin qorunub inkişaf etdirilməsinin tarixi qarantını (müstəqil Azərbaycan dövlətini!) qurur, həmin dövlətin ideologiyalarını formalaşdırır". Görkəmli alim N. Cəfərov Sona xanım Vəliyevanı bu ideologiyanın tarixi köklərini və çağdaş dövrümüzdəki amallarını yüksək səviyyədə araşdıran bir tədqiqatçı kimi qiymətləndirir.

 

Yaradıcılığının bütün istiqamətlərindən aydın göründüyü kimi, Sona xanım hər anda, hər məqamda azərbaycançıdır. Onun üçün Azərbaycan müqəddəs bir semantikadır və bu müqəddəslik doğulub böyüdüyü Naxçıvanın ucqar bir kəndindən başlayıb Təbrizdən, Qarabağdan, Arazbarı mahalından ötüb Şuşaya, Laçına qovuşur. Və bu azərbaycançılıq onun həm elmi, həm də poeziya yaradıcılığında torpaqlarının bir hissəsi itirilmiş Vətənin Qarabağ ağrısına çevrilir. Belə anlarda Qarabağ onun şeirlərində baş mövzu kimi görünür. Bəzən əlacı hər yerdən üzülən şair üzünü Allaha, Tanrıya tutub Qarabağ həsrətini çözməyə çağırır. Bəlkə elə buna görədir ki, Allah, Tanrı, Yaradan kəlmələri bu poeziyanın əsas rəngini təşkil edir. "Bir az möhlət ver, Allah" sərlövhəli bir şerində bu dünyadan, ömürdən gileylərin hamısı Qarabağ dərdində birləşir:

 

Əl uzatdım qılınca, əlim qoldan kəsildi,

Yol  başladım Şuşaya, yolum yoldan kəsildi.

Hanı atlı oğlan, səbrim kəsik-kəsikdi,

Möhlət ver bizə, Allah, bu torpağı almağa

Bir az möhlət ver, Allah, dünyanı tanımağa.

 

Sona xanımı biz televiziyada, müxtəlif tədbirlərdəki çıxışlarında görürük. Elə bir məqam, elə bir zaman yoxdur ki, Qarabağ sözü onun ağrıyan yarası kimi yaradıcılığının hər sahəsində özünü biruzə verməsin. Vətən uğrunda həlak olmuş şəhid atasının qəbrinə sarılıb ağlayan şəhid balasına özü də göz yaşları içərisində təsəlli verən şair, sanki şəhid balasından artıq özü yanır, alovlanır:

 

Ağlama, içim göynədi,

Çəkə bilmərəm bu yası.

Tanrı da taxtında təkdi,

Ağlama şəhid balası...

Ağlama, sən tək deyilsən,

Bu dərdi ellər çəkəcək,

Torpaq bir şəhid qanından,

Min-min oğul böyüdəcək.

 

Hələ neçə il bundan əvvəl yazılan bu sətirlərin həqiqət məzmunu indi real bir fakt kimi özünü göstərməkdədir: bir şəhid qanından göyərmiş min-min oğul indi düşməndən azad edilmiş Lələtəpələr üzərində dalğalanan bayrağımızı qorumaqdadır. Sona xanımın yüksək poetik ustalığını, bu poeziyanın tematikasını və sənətkarlıq xüsusiyyətlərini təhlilə çəkən akademik Muxtar Kazımoğlu göstərir ki, Sona xanımın vətəndaşlıq yanğısı ilə yazılan xeyli şeiri var. "Həmin şeirlərdə müəllif ən çox nədən narahatdır? Vətənin taleyinə biganə qalmaqdan!" Ədəbiyyatşünas alim M.Kazımoğlu bu mənada Sona xanımın bir neçə şeiri üzərində dayanır və xüsusilə "Özgə havalara oynayan gözəl" adlı əsərin mahiyyətini qiymətləndirir.

 

İstedadlı jurnalistimiz Flora Xəlilzadə Sona xanımın "Yollar" adlı şeirini emosional bir təhlil anında yazır: "Müəllifin "Yollar" adlı şeiri də bu günümüzün ağrı-acılarından yoğrulmuş, eləcə də Vətən haqqında şeirlərdən biridir. Bu şeirdəki ruh insanı ayıqlığa, sayıqlığa çağırır". Flora xanımın hiss etdiyi bu "çağırışın" özü də şeirin maarifçilik ruhunun ifadəsidir.

 

Haqqında bəhs olunan bu əsərlər Sona xanımın hələ 2011-ci ildə oxuculara təqdim etdiyi "Arazbarı" şeirlər kitabındandır. Bundan dörd il sonra onun rus dilində "Mir, qde povstreçalis" kitabı işıq üzü gördü. Mənim üçün Sona xanım poeziyasını rus dilində görmək çox maraqlı idi və mən bu kitabdakı dini-fəlsəfi, vətənpərvərlik, sevgi, nostalji, ithaf, təbiətin rəngləri kimi tematik bölgüləri oxuduqca onların rus dilində necə maraqlı olduğunu duydum.

 

Yuxarıda Sona xanımın klassikaya sevgisini xatırlatdım. Bu  sevgi bucağında Mirzə Cəlil, Üzeyir bəy, Hüseyn Cavid kimi Vətən mücahidləri ilk sırada durur. Klassikadan gələn Vətən sevgisi bu alimi, şairi, nasiri, publisisti onların yaradıcılıq istiqamətlərinə yönəldir. Və birdən ağlıma gələn bir suala elə bu andaca qəti bir cavab tapıram: Sona xanımın ədəbi yaradıcılığın çeşidli növlərinə müraciəti nə ilə şərtlənir? Və cavab: Mirzə Cəlilin, Üzeyir bəyin bu xalqa maarifçilik ideyalarını, estetik ideallarını çatdırmaq üçün ədəbi növlərin, ədəbi formatların cəmindən ustalıqla istifadəsi və bununla bağlı yaratdıqları möhtəşəm məktəb Sona xanım yaradıcılığına bu istiqaməti verdi. Klassikaya bu diqqət, klassik məktəblərə sevgi hissləri Sona xanımın vətəndaşlıq ləyaqətini formalaşdıran əsas faktorların önündə gedir. Klassik jurnalistikamızın möhtəşəm abidələrini yenidən dirçəltmək, milli mətbuatımızın banisi, Azərbaycan maarifçiliyinin dayaq nöqtəsi olan Həsən bəy Zərdabinin ömür yolunu elmi-tədqiqatlarından tutmuş möhtəşəm bir roman formatında ortaya qoymaq bu məhəbbətdən doğulur.

 

Sona xanım Vəliyevanın Azərbaycan maarifçilərinə bəslədiyi hörmət və məhəbbət onun genişmiqyaslı fəaliyyətində ayrıca yer tutan "Kaspi" qəzetinin yenidən nəşrinə nail olması ilə nəticələndi.

 

XIX əsrin sonlarında Azərbaycanın inkişaf etməkdə və artıq bütöv bir sistem halına düşməkdə olan mətbuatı sırasında rus dilində nəşr olunan "Kaspi" qəzetinə qayıdış və onun yenidən nəşrini meydana qoymaq ədəbi ictimaiyyətdə, jurnalistika dairəsində Sona xanımın tarixi xidməti kimi qiymətləndirildi. Klassik mətbuatımıza Sona xanımın belə bir cəsarətlə qayıdışı Ümummilli liderimiz Heydər Əliyevin bu qəzetə verdiyi aşağıdakı qiymətlə şərtləndi: "Kaspi" qəzetini Zeynalabdin Tağıyevin təşəbbüsü ilə onun puluna çıxarırlar, ancaq rus dilində. Bu, bizim tariximizdir. Həsən bəy Zərdabinin qoyduğu təməl daşı yaşayıb və inkişaf edibdir. Demək, bu demokratik ideyalar, dünyəvi dəyərləri bizim xalqımızın içərisindən çıxan dahi insanlar o vaxt yaradır, xalqımızı oyadır, onda milli oyanış, milli dirçəliş, milliçilik hissləri yaradırdılar". Ulu öndərimizin bu sözləri Azərbaycanın maarifçi ziyalılarının əsl qiyməti kimi dəyərləndirilir və "Kaspi" qəzetinə yeni qayıdış bu dəyərlərdən qaynaqlanır. Və bugünkü "Kaspi" qəzetini - həm də doğma dilimizdə nəşr olunan bu qəzeti nəzərdən keçirmək kifayətdir ki, onun təsisçisinin və yaradıcı kollektivinin klassik ənənələrə necə sədaqətlə yanaşdığının şahidi olasan

 

...Və daha bir az keçdi, "Kaspi" adı yeni bir layihəni ortaya qoydu. Doğrusu, bu layihə o qədər də asan başa gələnə oxşamırdı. Hüseyn Cavid irsini kütləviləşdirmək, Cavid irsinin müasirlərimiz üçün nə qədər vacib olduğunu gündəmə gətirmək, sabahın gündəminə aparmaq üçün "Hüseyn Cavid: Vətənə qayıdış" layihəsi meydana çıxdı. Əvvəlcə Hüseyn Cavidin əsərləri doğma dilində nəşr olundu. Amma Cavidə qayıdış təşəbbüsünün əsas amalı sonra məlum oldu. Məlum oldu ki, əsas məqsədlərdən biri Hüseyn Cavidin müasir Türkiyə oxucusuna təqdim olunmasıdır.

 

Sonra jurnalistlər arasında müsabiqədən ərsəyə gələn eyniadlı kitab "Hüseyn Cavid. Vətənə qayıdış" meydana çıxdı. Əlbəttə, Hüseyn Cavidin həyatı və yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığının Mir Cəlal, Abbas Zamanov, Məsud Əlioğlu, Yaşar Qarayev, Teymur Kərimli, İsa Həbibbəyli və bir çox digər filoloq alimlərimizin maraqlı tədqiqatları mövcuddur. Bu böyük filosof şairin yaradıcılığına böyük filosof Səlahəddin Xəlilov da çox maraqlı bir kitab həsr etmişdir. Lakin bütün bunlarla belə klassikaya qayıdışı milli mənlik, milli kimlik səviyyəsində qəbul edən "Kaspi"çilər Hüseyn Cavid yaradıcılığına daha geniş və bir az da publisistik istiqamətdən baxmaq məqsədilə təşkil etdikləri müsabiqənin nəticəsini oxucu cəmiyyətinə çatdırmaq məqsədi güdüblər. Sona xanım Vəliyevanın bu kitaba da ön söz kimi daxil edilən yazısında Cavid yaradıcılığına yeni qayıdışın, ümumiyyətlə dahilərə zaman-zaman qayıdışın motivasiyaları geniş qoyulur.

 

Sona Vəliyeva lap bu yaxınlarda çap olunan "Kaspi"-maarifçilik meydanı" kitabının ideya rəhbəri və ön sözün müəllifi kimi də ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Həmin ön sözdə Sona xanım klassik maarifçilərimizi belə dəyərləndirir: "Maarifçi şəxsiyyətlərin yetişməsi tarixin müxtəlif inkişaf prosesində zərurət kimi meydana çıxır və onlar xalqın taleyində önəmli rol oynayırlar". Tədqiqatçı və ədib Sona xanımı bu məktəbin davamçısı kimi fəaliyyət göstərməyə çağırış maarifçilər haqqında onun özünün aşağıdakı sözlərindən doğur: "Böyük şəxsiyyətlər xalqa, millətə özlərinə yanaşdıqları kimi yanaşır, düzü düz, əyrini əyri deyir, bir sözlə, hər şeyi öz adı ilə çağırırdılar. Bu düzlüyün mahiyyətində isə millətə, Vətənə və onun gələcəyinə böyük inam və sevgi, xalqı maarifləndirmək, işıqlı sabaha doğru yönləndirmək istəyi dayanırdı". Sona xanım Ulu Öndərimiz Heydər Əliyevin böyük maarifçilərə verdiyi qiymətin məhz bu keyfiyyətdən irəli gəldiyini qeyd edərək onun Üzeyir Hacıbəylinin, Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, Ceyhun Hacıbəylinin yubileylərini ümumxalq tərəfindən yüksək səviyyədə keçirilməsi barədə imzaladığı tarixi sərəncamlarını xatırladır və bununla da ünlü maarifçilərimizə müstəqil Azərbaycan dövlətinin yüksək qayğısını yada salır.

 

Sona xanım Vəliyevanın klassikaya sevgisinin bir sıra məhsulları var. Bu məhsullar sırasında onun azərbaycançılığa bağlı olan tarixi ziyalılarımıza, onların yaradıcılığına elmi diqqət hamımıza yaxşı məlumdur. Amma yuxarıda da qeyd etdiyim kimi, Sona xanım həmin maarifçi, azərbaycançı, müstəqilliyimiz uğrunda mübarizlərin xalqa, millətə tanıdılması işində çox müxtəlif yaradıcılıq üsullarından bəhrələnməkdədir. Belə bir fəaliyyət ideyası Sona xanımı elmdən, tədqiqatçılıqdan, poeziyadan əlavə maraqlı bir nəsr dünyasına gətirdi. Həsən bəy Zərdabinin ömür yoluna, mən cəsarətlə deyərdim ki, bu qadın ziyalımızın pərəstiş etdiyi millət fədaisinə "İşığa gedən yol" adlı bir möhtəşəm roman həsr etdi. Tarixi faktları, Həsən bəyin ləyaqətli ömür yolunun dolaylarını zaman, mühit, siyasi fəaliyyətlər kontekstində birləşdirən, bədii sözün sənətkarlıq məqamlarına söykənən bu roman çap olunan andan ədəbi tənqidin, ictimaiyyətin diqqətini cəlb etdi. Və biz də bir oxucu kimi Sona xanımı bir daha yeni bir ampulada - istedadlı nasir səviyyəsində kəşf etdik.

 

Ümumiyyətlə, Sona Vəliyeva bir yaradıcı şəxsiyyət kimi, bədii söz sahibi, publisist kimi, elm və maarifçi ziyalı kimi ədəbi tənqidin həmişə diqqət mərkəzindədir. Onun yaradıcılıq faktları Nizami Cəfərov, Muxtar Kazımoğlu, Fikrət Sadıq,  Vaqif Yusifli, Flora Xəlilzadə, Qərənfil Dünyaminqızı, Muxtar Kazımoğlu, Əflatun Amaşov kimi söz adamlarının təhlil süzgəcindədir. Bu təhlillərin hamısını birləşdirən əsas ideya Sona xanımın vətəndaşlıq ləyaqətidir. Onun bütün yaradıcılığı bu həqiqətin yüksək göstəriciləri kimi ictimaiyyətin diqqət mərkəzindədir.

 

Sona xanım Vəliyevanın yaradıcılığı, bu ləyaqətli ömür yolunun bir kəsimi onun haqqında hələ beş il bundan əvvəl nəşr olunmuş "Zaman xəbərsiz ötdü..." adlı bir kitabda yazıya alınmışdır. Sona xanımın poetik düşüncəsinin lirik-psixoloji tutumunu çox gözəl ifadə edən "Zaman xəbərsiz ötdü..." sərlövhəsi elə o zaman oxucuları əməlli-başlı təsirləndirmişdi. Amma daha beş il keçdi və bu ziyalı xanımın yaradıcılığını diqqətlə izləyən ədəbi ictimaiyyətdə belə bir sual doğdu: Doğrudanmı zaman xəbərsiz ötdü? Sona xanımın yaradıcılıq dünyasına, maarifçilik fəaliyyətinə xeyli bələd olan bir adam kimi mənim bu suala qəti bir cavabım var: Sona Vəliyeva kimi dünyanı dərk edən, xalqa, millətə, Vətənə sonsuz sevgi ilə yoğrulmuş bir yaradıcılıq ömrü yaşayan, klassikamızın hər an yenidən bizə qaytarılmasında xidmətləri olan və nəhayət, Ulu Öndərimiz Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyasının yorulmaz təbliğatçısı Sona xanım üçün zaman heç vaxt xəbərsiz ötə bilməz!

 

525-ci qəzet.-2017.-26 may.-S.5.