Azərbaycan qazilərinin Türkiyə görüşləri uğurla keçib

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB)...

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) təşkilatçılığı ilə Azərbaycandan bir qrup Qarabağ müharibəsi əlili və veteranı, Aprel döyüşlərinin iştirakçıları mayın 17-dən 23-dək Türkiyədə səfərdə olublar.

 

Türkiyə Müharib Qazilər Dərnəyi və Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin dəvətilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin də iştirakı ilə gerçəkləşən səfərin ilk günü - mayın 17-də Türkiyə Müharib Qazilər Dərnəyinin İstanbul şöbəsinin qərargahında Türkiyə qaziləri ilə geniş tərkibli görüş keçirilib.

 

Dərnəyin İstanbul şöbəsinin başqanı qazi Ahmet Kendigel hər sahədə olduğu kimi, qazilər, tərxis olunmuş hərbçilər və keçmiş döyüşçülərlə bağlı ictimai fəaliyyətdə də Türkiyə-Azərbaycan dostluq və qardaşlığının önəmini vurğulayıb. TOHGMİB-in sədri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli indiyədək bu əməkdaşlığın bəhrəsi olaraq bir neçə səfərin təşkilatçısı olduqlarını, Azərbaycan və Türkiyənin keçmiş hərbçilərinin, vətən uğrunda can qoyaraq döyüşmüş qəhrəman əsgər və zabitlərimizin bir araya gətirilməsi, ortaq tariximüasir dəyərlərimizlə yaxından tanış edildiklərini bildirib.

 

E.Həsənli Mustafa Kamal Atatürk və Heydər Əliyevin göstərdikləri yolla irəliləyərək dostluq və qardaşlıqda daha böyük uğurlar qazanılacağına inandıqlarını bildirib.

 

Anadolu Aydınlar Dərnəyinin başqanı İbrahim Öztek, Təqaüddə olan Zabitlər Dərnəyinin başqanı Erol Hatunoğlu, ehtiyatda olan general Cumhur Evcil, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və başqaları da öz çıxışlarında iki ölkənin əzəli-əbədi birliyindən, qazilərə ictimai diqqətin və dövlət qayğısının vacibliyindən söz açıblar.

 

Tədbirdə slaydlar nümayiş etdirilib, şeirlər səsləndirilib, xatirə hədiyyələri, medallar, fəxri diplomlar təqdim edilib.

 

Sonra qardaş dövlətin qurucusu Qazi Mustafa Kamalın Selanikdə doğulub-böyüdüyü evin İstanbuldakı modeli - xatirə muzey ziyarət olunub.

 

Həmin gün növbəti maraqlı və önəmli görüş İstanbulun Avcılar Bələdiyyə başqanı doktor Handan Toprakın və həmin rayonun kaymakamı Hulusi Doğanın iştirakı ilə təşkil olunub.

 

Görüşdə H.Toprak, H.Doğan, E.Həsənli ölkələrimiz arasındakı sıx dostluq və qardaşlığın tarixi önəmindən, hazırkı durumundan söz açıb, bu bağlılığın daha da gücləndirilməsinin vacibliyindən danışıblar.

 

Azərbaycan mətbuat nümayəndələri adından çıxış edən "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli bu sahədə görülən davamlı işlərin, qarşılıqlı atılan addımların mediada düzgün işıqlandırılmasının vacibliyi və yolları haqqında fikirlərini bölüşüb.

 

Mayın 18-də Türkiyə Silahlı Qüvvələrinin 1-ci Ordusu tərkibindəki, İstanbulda yerləşən Hasdal Motoatıcı Hərbi Hissəsində görüş olub.

 

Görüşdə hərbi hissə komandiri general Özgür Tör Azərbaycan nümayəndə heyətinə bu hərbi hissənin yaranma tarixi, şanlı döyüş və xidmət yolu barədə ətraflı bilgi verib.

 

Sonra Azərbaycan nümayəndələri hərbi hissənin şəxsi heyətilə birgə əsgər naharına qonaq olublar.

 

Səfərin 3-cü günü qardaş ölkədə 19 May - Atatürkü Anmaq, Gənclik və İdman bayramına təsadüf edib.

 

Bu münasibətlə ilk növbədə Taksim meydanında Atatürk və silahdaşlarına ucaldılmış məşhur abidə ziyarət olunub. İstanbuldakı məşhur Cemal Reşid Rey Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib və Azərbaycan nümayəndə heyəti də türkiyəli tərəfdaşları ilə birgə bu tədbirə qatılıb. Tədbirdə İstanbul valisi Vasip Şahin, İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Kadir

 

Topbaş, Türkiyə Silahlı Qüvvələri 1-ci Ordusununİstanbul Qarnizonun Komandanı ordu generalı Musa Avsever və digər yüksək rütbəli hərbçilər iştirak ediblər.

 

Günün sonunda, İstanbulun Sarıyer bələdiyyəsi ərazisində salınmış Heydər Əliyev Parkı ziyarət edilib, ulu öndərin abidəsi önünə çiçəklər düzülüb.

 

Çıxışlardan, xatirə hədiyyələrinin təqdim edilməsindən və fotolar çəkdirildikdən sonra Hərbiyyə Əsgəri Muzeyi ziyarət olunub.

 

Səfər çərçivəsindəki tədbirlər mayın 20-də səfər iştirakçılarının Türkiyə Müharib Qazilər Dərnəyi İstanbul şöbəsi rəhbərliyinin müşayiətilə məşhur hərb və dövlət xadimi general Kazım Karabekirin ev-muzeyini ziyarətlə davam edib. Muzey bələdçisi qonaqları eksponatlarla tanış edərək, generalın muzeydə sərgilənən şəxsi əşyaları barədə ətraflı məlumat verib.

 

Sonra muzeyin yaxınlığındakı Kazım Karabekir Mədəniyyət Mərkəzində tədbir keçirilib. E.Həsənli çıxış edərək K.Karabekirin Azərbaycan torpaqlarının, xüsusən Naxçıvanın erməni zülm və işğalından qurtulmasındakı önəmli rolunu vurğulayıb.

 

Bu tədbirin ardınca A.Kendigelin təşəbbüsü və Dərnəyin idarə heyəti üzvlərinin müşayiətilə azərbaycanlı qonaqların İstanbulun qədim məkanlarında, tarixi və görməli yerlərində gəzintisi təşkil edilib.

 

Günün sonunda isə Azərbaycan nümayəndələri türkiyəli tərəfdaşları ilə birgə Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Rüşat Aydoğanla görüşüblər. R.Aydoğan Azərbaycan qazilərini Türkiyədə görməkdən məmnun olduqlarını ifadə edərək qardaş millətlər arasında münasibətlərin inkişafında QHT-lərin əməkdaşlığının xüsusi önəm daşıdığını bildirib.

 

E.Həsənli Azərbaycan dövlətinin Şimali Kiprə dostluq və qardaşlıq dəstəyini nümayiş etdirən önəmli məqamlara diqqət çəkib.

 

Mayın 22-də Ankarada Türkiyə Müharib Qazilər Dərnəyinin rəhbəri, ehtiyatda olan polkovnik Mehmet Şükrü Tandoğanqurumun idarə heyəti ilə görüş olub. M.Ş.Tandoğan Azərbaycanı Türkiyədən ayırmadıqlarını, xalqımızın müstəqillik və torpaqlarımızın azadlığı uğrunda mübarizəsini diqqətlə izlədiklərini, ölkəmizin uğurlarına çox sevindiklərini bildirib. E.Həsənli, M.Mehdiyev, M.Vəliyev də veteran təşkilatları arasında münasibətlərin inkişafının əhəmiyyətindən söz açıblar. S.Hüseynli veteranları, əlil döyüşçüləri, təqaüddə olan hərbçiləri bir araya gətirən qurumların fəaliyyətinin mediada işıqlandırılması barədə düşüncələrini paylaşıb.

 

Həmin gün Azərbaycan nümayəndələri Türkiyə Əməkli Subaylar Dərnəyində də olub, bu təşkilatın rəhbəri, ehtiyatda olan general Ərdoğan Karakuşla, qurumun idarə heyətindəki keçmiş hərbçilərlə görüşüblər.

 

Sonra Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbir və oradakı möhtəşəm muzey kompleksi ziyarət edilib.

 

Günün ikinci yarısında Türkiyə Müdafiə Nazirliyində görüş keçirilib, Naziriliyin tabeliyində olan sosial qurumla tanışlıq gerçəkləşib. Nümayəndələrimiz hazırda Ankarada müalicə alan azərbaycanlı Qarabağ veteranına da baş çəkiblər.

 

Qeyd edək ki, sözügedən səfər Türkiyə Müharib Qazilər Dərnəyi və Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin dəvətilə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin də iştirakı ilə gerçəkləşib. Həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu səfəri dəstəkləyib.

 

525—ci qəzet.-2017.-26 may.-S.4.