Jurnalist Zabil Müqabiloğlunun
anım mərasimi keçirildi
“SON
ZƏNG” ADLI TƏDBİRDƏ MƏRHUM JURNALİSTİN
YAXINLARI, QƏLƏM DOSTLARI ONUNLA BAĞLI
XATİRƏLƏRİNİ BÖLÜŞDÜLƏR
Mayın 20-də “ADO
Theatre Collective”də jurnalist
Zabil Müqabiloğlunun
xatirəsinə həsr
olunmuş anım mərasimi keçirildi.
“Son zəng” adlı
tədbirdə mərhum
jurnalistin ailə üzvləri, həmkarları,
yaxın dostları iştirak edirdi.
Xatirə gecəsində əvvəlcə
Zabil Müqabiloğlunun
həyat və fəaliyyətinə həsr
olunmuş iki video-çarx nümayiş etdirildi.
Kadrlarda Zabil Müqabiloğlunun müxtəlif tədbirlərdə
çıxışları, xarici ölkələrə
səfərləri və
digər maraqlı məqamlar əks olunmuşdu.
Tədbirdə çıxış edən tanınmış
jurnalistlər Qulu Məhərrəmli, Rey Kərimoğlu,
Elşad Paşasoy, Nazim Sabiroğlu, Ceyhun Musaoğlu və digərləri Zabil Müqabiloğluyla bağlı xatirələrindən
danışaraq, onun peşəkar jurnalist keyfiyyətlərinə toxundular.
Daha sonra anım mərasimində mərhum jurnalistin müəllifi olduğu şeirlər səsləndirildi.
Qeyd edək ki, Zabil
Müqabil oğlu Nəcizadə 1977-ci il noyabrın 17-də
Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya
Universitetinin jurnalistika
fakültəsini bitirib.
1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə
mətbuata gəlib.
“525-ci qəzet”, “Tərcüman”, “Avropa”, “Yeni Müsavat” qəzetlərində çalışıb.
Redaktor və baş redaktor vəzifələrini
də icra edib. Bir neçə mükafata
layiq görülüb.
Eyni zamanda “gunxeber.com” saytını
təsis edib, saytın baş redaktoru olub. Jurnalistika fəaliyyəti ilə yanaşı yazdığı
şeirlərlə də
yadda qalıb.
Bir neçə ay bundan öncə, Zabil Müqabiloğlu mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi. Bu ilin fevralın 26-da Zabil Müqabiloğlu uzun sürən xəstəlikdən sonra vəfat etdi. Ailəli idi, bir oğlu var.
Ceyhun ABASOV
525-ci qəzet.-2017.-23 may.-S.8.