Bədii dilin poetikası

 

Kamran İMRANOĞLU (ƏLİYEV)

Əməkdar elm xadimi

 

Milli mədəniyyətin bəşər mədəniyyəti ilə ən mühüm bağlantılarından biri xalqların yaddaşında əsrlər boyu qorunub saxlanılan və unudulması mümkün olmayan qədim abidələrdir.

 

Bu abidələr istər gil, istər ağac, istər dəri, istərsə də qaya  üzərində olsun, fərqi yoxdur, zamanından asılı olmayaraq, onların hamısında bir-birindən uzaq məsafələrdə yaşayan, bir-birini tanımayan və heç vaxt bir-birinin üzünü görməyən, amma günəşi, ayı və digər göy cisimlərini  eyni forma və məzmunda müşahidə etmək qabiliyyətini nümayiş etdirən insanların düşüncəsi əks olunub. Qədim abidələrdə daha çox bu abidələrin mənsub olduqları  etnosların  məişəti, adət-ənənələri, mübarizə əhvali-ruhiyyəsi və bir az geniş mənada yanaşsaq, həyata baxışları ifadə edilib. Əgər hər hansı bir abidənin mətnində az və ya çox dərəcədə etnosun bədii düşüncə sisteminə aid müəyyən elementlər inikas olunubsa, bu, şübhəsiz, daha mötəbər sərvətin işarəsidir. Bədii düşüncə sisteminə ən qədim zamanlarda yiyələnən xalqlar, etnoslar dünyanın fəlsəfi dərkində də həmişə irəlidə olublar. Yunan miflərini, “Gilqamış” dastanını, german-skandinav saqalarını, “Nibelunqlar haqqında nəğmə”ni, “Bievulf” dastanını xatırlamış olsaq, “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm abidəyə sahib olmağımız, sadəcə olaraq, bizim xoşbəxtliyimizdir.

 

Həm bədii yaradıcılıqla, həm də elmlə məşğul olan insanlarda müəyyən mövzulara və problemlərə yenidən qayıtmaq vərdişi vardır. Bu vərdiş çox vaxt yazıçı üçün bədii əsərin janrını həcmcə böyütmək, alim üçün isə elmi tədqiqatın şəbəkəsini genişləndirmək məqsədi daşıyır. Bədiyyatda həcm məsələsi, tədqiqatda şəbəkə genişliyi, sözün həqiqi mənasında, formal amillərlə bağlanır. Amma geriyə yenidən qayıdış zərurət xarakteri daşıyanda daha mötəbər nəticələrin gözləntisi ön sıraya keçir. Bu halda mühüm bir şərt var: həmin qayıdış gələcəyə yönəlməlidir. Kamal Abdullanın yenicə çap edilən “Kitabi-Dədə Qorqud” poetikasına giriş” (bundan sonra: “...Poetikaya giriş”) monoqrafiyası zəruri qayıdışın nümunəsidir.

 

Monoqrafiyada Kamal Abdullanın daha çox fikir yönəltdiyi mətləblərdən biri  həm müəllif, həm də oxucu üçün nəzərdə tutulan məsələnin qoyuluşunun lazımi səviyyədə izahı və dərkidir. “Poetika”, “bədiilik”, “poetiklik”, proza və poeziyanın vəhdət halına yaraşan “bədiipoetiklik” anlayışlarının çözülməsi məhz məsələnin qoyuluşunun dərkinə istiqamətlənib. Bu anlayışların çərçivəsində, müəllifin qənaətinə görə, “KDQ mətni həm kosmoloji dövrün, həm ilkin antik dövrün, həm klassik antik dövrün, həm də ortaçağların klassik dövrünün” (s.15) bədiilik  potensiyasını öz ağuşuna alıb. Belə bir tezisi söyləmək asandır, amma sübut etmək kifayət qədər çətindir, çünki seçim aparmaq üçün həm müasir nəzəri bilgilərə (bu, mümkündür!), həm də ondan daha artıq dərəcədə  fərqli metodik yanaşmalara yiyələnmək vacibdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mövcud tədqiqatlar müstəvisi üzrə bütün metodik yanaşmaların işlənib tükəndiyi bir vaxtda novator yanaşmalar olmadan yeni elmi nəticələrə gəlmək olduqca çətindir, bəlkə də, qeyri-mümkündür. Kamal Abdullanın “...Poetikaya giriş” monoqrafiyasının ən mühüm özəlliklərindən biri yeni metodik yanaşmalara yol açmasıdır.

 

Kamal Abdullanın “Dədə Qorqud”la bağlı tədqiqatlarında elmi üslub üçün oturuşmuş bir konfliktin - yazı və mif arasındakı çəkişmələrin çözümünə baxış, onların hər birinin eninə deyil, dərininə öyrənilməsi də yenidən qayıdışa nümunədir. Amma “...Poetikaya giriş”dəki yazı ilə mif arasındakı savaş müəllifin  ənənəvi baxışlarına söykənsə belə yeni elmi taktika ilə rastlaşmış oluruq.

 

Birinci qənaət: KDQ-nin poetikası yalnız KDQ üçün deyil, həm mif, həm də yazı dövrünün araşdırılması deməkdir. Beləliklə, KDQ mətn baxımından bütün məhdudiyyətlərdən xilas edilir.

 

İkinci qənaət: Təbiət-Cəmiyyət münasibətləri bədii poetik təzahürdür. Bunu Xaosun Kosmosa çevrilməsi kimi də başa düşmək olar. Amma “bu çevrilmə Xaosun məhvi demək deyil”.

 

Üçüncü qənaət: Artıq bu, mifin zamanı ilə deyil, MƏKANI ilə bağlı məsələdir. Mifin zamanını ağlın gücü çatdıqca qədimə aparmaq olar, həmçinin tarixəqədərki dövr içində mif çox rahatdır. Zamanla müqayisədə məkan anlayışı konkret olduğuna görə indiyə qədər tədqiqatçılar o barədə danışmağa az meyil göstərmişlər. Bu, dəbdən yazmamağı ilə fəxr eləyən hansısa filosofun ehtiyatkarlığına bənzəyir. Amma Kamal Abdulla tədqiqatçı riskinə güvənərək konkret məkan göstərir: MAĞARA!

 

Heç kəs üçün şübhə yeri qalmasın deyə qeyd edək ki, “...Poetikaya giriş”də Mağara mühitinin mif mətninin yaranma şəraiti kimi səciyyələndirilməsi müəllifin fantaziyası ilə deyil, inamı ilə bağlıdır. Arxeoloji araşdırmalar nəticəsində mağaralarda heyvan və bitki şəkillərinin mövcudluğu, Mağaranın Dünya Ağacının (hətta Dünya Okeanının) analoqu səviyyəsində simvolizə edilməsi Mağara mədəniyyətinin təsdiq formaları kimi meydana çıxır. Arxeoloji tədqiqatla etnologiyanın vəhdəti elmi düşüncənin dayaq nöqtəsinə çevrilir, eyni zamanda Mağarada birgəyaşayış ruhunun olması və oradakıların mağaradaşlar kimi təqdimi Mağara mədəniyyətinə - mifin formalaşmasına inamın təzahürünü nümayiş etdirir. Ona görə də “Mağara ruhu təkcə mağarada deyil, qazmada, zağada, oyuqda, lap elə qəsrdə və hər hansı başqa qapalı tikilidə özünü göstərə bilər”.

 

Tədqiqatçı tam haqlıdır: bədii poetik təzahür bədii poetik enerjiyə bağlıdır. Bu, mətnin üz hissəsində görünəndən daha çox, görünməyənin axtarışına diqqət yönəltməkdir, nəinki diqqət yönəltmək, eyni zamanda oraya doğru addımlamaqdır. Bədii poetik enerji, biruzə prosesi və təzahür də məhz alt laylara yönələn axtarışın nəticəsinə bağlıdır. Həmin axtarış Kamal Abdullanın söylədiyi üç dönəmdən keçir: ştil (bəlkə, rüşeyim!), qabarma, partlayış.

 

Ştil mərhələsi mətnin ən sakit mərhələsidir: burada hər şey rüşeyim halındadır, informasiya axını sakit və maneəsizdir. Həmin mərhələdə informasiya tam şəkildə qorunur.

 

Qabarma mərhələsi informasiyanın sakit axınına müəyyən müdaxilənin nəticəsi kimi meydana çıxır. Monoqrafiyada qabarmaya nümunə üçün düşmənin Qazan xanın qarşısında qoyduğu “bizi öy, Oğuzu sındır” şərti göstərilir. Bu mərhələdə informasiya qorunmaqla bərabər, həm də ötürülür.

 

Partlayış mərhələsində bədii poetik ünsür özünü açıq şəkildə biruzə verir. Bu məqamda əşyayi-dəlil kimi sinonimlərə müraciət olunur: “Bağrım ilə yürəgim nə dağlarsan”, yaxud: “Qara gözlü, xub üzlü, saçı ardına hörülü, köksü qızıl düymeli, elleri bileyindən xınalı, barmaqları nigarlı, məhbub”, yaxud: “qara saçlı, sası dinli, din düşməni, alaca atlı kafir” və yaxud: “Boyu uzun, beli incə Burla xatun”. Bu nümunələrin hamısında fikri bədii formada ifadənin tamlığı aşkar müşahidə edilir. Mətn öz istəyinə nail olmuşdur, yəni sinonimlər həm məzmun, həm də forma baxımdan nizamlayıcı ünsürə çevrilmişdir. Bütün bunlarla yanaşı, Kamal Abdullanı sinonim cərgəsindəki təmas yaxınlığı daha çox maraqlandırır. Bu marağın nəticəsi olaraq söz formasında olan sinonimlər yalnız bədiilik yaratmaq funksiyası ilə məhdudlaşdırılmır, həmçinin partlayış mərhələsi üçün fiziki-kimyəvi  hadisə kimi dəyərləndirilir: “bədii poetikliyin canı olan partlayışın mənbəyi bir-birinin yanındakı sinonimlərin bir-birinə sürtünüb qığılcım yaratmasından əmələ gəlir”.

 

“Kimi” qoşmasının bədii poetiklik yaratmaq mövqeyinə gəldikdə isə tədqiqatçı onu “bədilik simvolu və məcaziliyin məhək daşı” hesab edir. “Kimi”nin mətn üzrə dörd formasına rast gəlindiyi faktlarla təsdiqlənir: “Kimi” mətndə yox dərəcəsindədir (“...Kara Budak yay tayanıb turmuş idi”), yaxud ruhu ilə hiss olunur (“...iki pehlivan olup bir birine sarmaşdılar”), yaxud zəif şəkildə özünü büruzə verir (“Bir menüm gibi oğul bulunmazmı olur”) və yaxud da güclü variantı ilə (“Buğa dizin çökdi, buynuzı ilə bir mərmər taşı yoğurdu, peynir kimi ditdi”) görünür. “Kimi” qoşmasının bədii poetikliyin əsas vahidlərindən biri kimi dəyərləndirilməsi Partlayış mərhələsini yeni informasiyanın yaranması dönəmi səviyyəsində qəbul etməyə əsas verir.

 

XX əsr öz elmi-texniki inkişafını atomun quruluşunda tapdı. Atomun kəşfi humanitar elmlərə də təsirsiz qalmadı; fəlsəfədə, ədəbiyatşünaslıqda, dilçilikdə, sənətşünaslıqda “atom”, “nüvə”, “elektron”, “neytron”, “proton” kimi sözlər ən azı termin səviyyəsində müəyyən mətləblərin izahı üçün köməkçi vasitəyə çevrildi. Düşünürəm ki, dilin mahiyyət və məzmunun öyrənilməsində atomun quruluş nəzəriyyəsi hələ də tükənməyib. Amma nə etmək olar, Kamal Abdulla müstəvini dəyişir, dilçilik də daxil olmaqla,  XXI əsrin digər humanitar tədqiqatları üçün Möhtəşəm Partlayış nəzəriyyəsinin labüdlüyünü ortaya qoyur.

 

“...Poetikaya giriş”də “Kitabi-Dədə Qorqud” mətni əsasında ibtidai bədii poetiklik vasitələri ayrıca hissədə araşdırılmışdır. Bu vasitələr Kosmosun bərpası anlamına gəlir. Tədqiqatçının fikrincə, Kosmos-Xaos mübarizəsi özünü KDQ-nin bütün mətni boyu göstərməkdədir. Həmçinin, bu mübarizədə Xaosun məhv olmaması faktına ciddi önəm verildiyinə görə onu yenidən təkrar etmək məcburiyyəti yaranır.  “Məgər”, “bu (ol) mahalda”, “Bu yanadan (bu yana)” sahmanlayıcı ünsürlər isə işlənmə məqamına, fəaliyyət tezliyinə, bədii poetiklik yaratmaq potensiyasına, müəllif və mətn münasibətlərinə, semiotik məna yükünə  görə analiz edilir. Sadəlövh suallar təsiri bağışlayan müraciətlər (məsələn: “Yağı diyü neyə dirlər?”) kökü rituala dayanan suallar kimi səciyyələndirilir. Səsin, sözün, söz birləşməsinin, cümlənin, situasiyanın, boy sonluqlarının təkrarı mifoloji mətnlərin qurulmasının vasitələri səviyyəsində öyrənilir. Həmçinin, bütün bunlar KDQ mətnində heç bir sözün, heç bir fonemin, heç bir işarənin təsadüfi xarakter daşımaması anlamına gəlir. Söz də, fonem də, işarə də, bəlkə adi halda kiçik görünür, amma Kamal Abdullanın tədqiqatında bunlar mətnin möhtəşəmliyini təmin edən, bu möhtəşəmliyə haqq qazandıran  element-sübutlar kimi özünü göstərir.

 

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabında bədii dil poetikasının analizi dil nəzəriyyəsi məsələləri üçün də müəyyən dayaq nöqtəsinə çevrilir.  Monoqrafiyanın daha böyük əhəmiyyəti isə ondan ibarətdir ki,  müəllif tarixə, ədəbiyyatşünaslığa, dilçiliyə, sənətşünaslığa, xülasə,  humanitar elmlərin bütün sahələrinə dair yeni nəzəri istiqamətlərin formalaşması üçün möhtəşəmliyini hər vaxt qoruyub saxlayan “Kitabi-Dədə Qorqud”a yenidən qayıtmağı, “Kitabi-Dədə Qorqud”u yenidən və dərininə öyrənməyi də inamla və israrla təlqin edir. Kamal Abdullanın alt qatlarda gizlənmiş ali məqsədini belə də ifadə etmək olar: “Kitabi-Dədə Qorqud”a - gələcəyə doğru!

 

525-ci qəzet 2017.- 27 may. - S.19.