Sonun əvvəli və ya ruhun qürub
çağında
Sadıq
ELCANLI
Ədəbiyyat,
butövlükdə sənət yarandığı vaxtdan
insanı, onun təmsil etdiyi dünyanı dərk etməyə
çalışıb, yaradılışın əvvəli
və sonunu, səbəb və nəticəsini, məqsəd
və mahiyyətini, işıq və
qaranlığını, aşkar və gizlinlərini görməyə
və göstərməyə can atıb; bu, istər SƏMA,
istər YER kitablarının əsas hədəfi olub; o da məlumdur
ki, ƏSAS HƏDƏFƏ tamam-kamal nə ilk Şumer
dastanı “Bilqamıs”, nə sonrakı silsilə eposlar, əsatirlər,
əfsanələr, nağıllar, nə bəşəri bədii
təfəkkürün Homer, Füzuli, Şekspir, Tolstoy,
Folkner, Kamyu, Markes zirvələri, nə sənət, sənətkarlıq
axtarışlarının min bir “izm”i - realizm, romantizm,
modernizm, postmodernizm... çatıb; ədəbiyyat,
bütövlükdə sənət insanın ən
böyük sirri, dünyəvi missiyası, necə deyərlər,
haradan gəlib haraya getməsinin ƏSL HƏQİQƏTİ
haqqında sanki heç nə deməyib, deyə bilməyib;
adətən, o HƏQİQƏTƏ yaxınlaşanların
- ədəbi qəhrəmanların hansısa gizli, sirli
qüvvənin təlqini, təhriki ilə intihar etməsi də
bir müəmma...
Texniki-intellektual
inkişafın ən yüksək səviyyəsinə
çatmış, hətta ölüləri diriltməyi,
qoca bədənləri yenisi ilə əvəz etməyi
bacaran, eyni cism və can vəhdətinin varlıq
formalarını asanlıqla dəyişdirə bilən
Atlantida sivilizasiyasının “GÖY HÖKMDARLARI” ilə
münaqişə və müharibə nəticəsində məhvi
də Yerdə elmi-texnogen tərəqqinin müəyyən
miqyaslar hüdudunda, qapalı çərçivələr
daxilində mümkünlüyünə işarə edir...
Xalq
yazıçısı Elçinin “525-ci qəzet”də təzəcə
oxuyub başa çatdığım “İntihar” hekayəsi
(Müəllif onu “Gözəl kor qız haqqında hekayə”
kimi təqdim edir - S.E.) duyğu və düşüncələrimdə
az qala bütöv bəşəri tarix və mədəniyyəti
əhatə edən möhtəşəm və
sarsıdıcı bir təəssürat
yaratmışdı. Bu, “Baş” romanından sonra mətbuatda
çap etdirdiyi “Çingiz xanın daşları”, “Missiya” və
başqa hekayələrinin yaratdığı təəssüratı
yada salan söz sehri, hökmlü ədəbi cazibə idi,
üfüqlərdə yeni qapılar açır, oxucunu o
qapılardan keçib yeni yollara çıxmağa
çağırırdı.
Altı
yaşlı uşağın yuxuda əlli beş
yaşındakı dəhşətli ölümünü
görməsi, o ölümün qanlı, naturalist mənzərəsini
çılpaqlığıyla, az qala film epizodu kimi seyr etməsiylə
başlayan hekayə haradan düşdüyü bilinməyən
tilsimli işıq kəməndiylə oxucunu çəkib
aparır və taybatay açıq qapılardan keçə-keçə
qırxıncı qapının astanasında dəniz kimi
qabaran düşüncələrə qərq edir. Hekayənin bütün təhkiyəsinə, həyati
faktlarla, yaxın tarixi detallarla zəngin mətn mənzərəsinə
hakim kəsilən realizm və ruhun işıq-qaranlıq
öçəşinin böhranlı məqamlarında
üzə çıxan, sanki yoxdan var olan postmodernist ovqat qəribə
vəhdət yaradır, oxucunu böyük sirrə hazırlayır.
Dünyanı heyrətləndirən, haqqında ABŞ
mütəxəssislərinin “Ənənəvi elmi heç
edən dahi”, Moskva televiziyasının “Bəlkə o,
yadplanetlidir, heç özü də bilmir bunu” adlı filmlər
çəkdiyi (realist təqdimat oxucunu tam inandırır:
ikinci film İzraildə “İlin filmi”, Venesiya telefilm
festivalında ən yüksək mükafata layiq
görülüb) baş qəhrəmanın - AĞANIN hələ
doğulmayan nəvəsinin yeddi yaşında faciəli
ölümünü görməsiylə ədəbi-bədii
fikir axını kulminasiya nöqtəsinə çatır;
artıq geriyə yol yoxdur, qarşıda isə İNTİHAR
UÇURUMU var. Və beş qızdan sonra doğulan əlli
beş yaşlı Ağa altı yaşında
gördüyü ölümünə doğru
atılır...
Bu məqamda
Azər oğlu İbrahimin bütün səma kitablarında
ön plana, diqqət mərkəzinə çəkilən məşhur
hekayəti düşür yadıma: İbrahim peyğəmbər
dönə-dönə yuxuda görür ki, uzun həsrətdən
sonra qovuşduğu, sahib olduğu oğlu İsmayılın
qurban kəsilməsini istəyir Allah... Və son məqamda
peyğəmbər oğlu xilas edilir, əvəzinə
qurbanlıq qoç göndərilir...
SSRİ-nin
baş qəzetində “Yeni peyda olmuş peyğəmbər”
adlandırılan Ağa isə hələ
doğulmamış nəvəsinin yeddi yaşındakı dəhşətli
ölümünü görüb sarsılır:
“Ağa
soyunub yerinə girmək istəyəndə, elə bil, ayaq
üstə qəflətən qurudu və elə ayaq üstdə
də hələ anadan olmamış o çağa -
Ağanın bu günlərdə dünyaya gələcək
nəvəsi - oğlan - onun iri, yaşıl gözlərinin
qabağına gəldi: o sağlam, yaraşıqlı,
hamını sevindirən və sevən oğlan sürətlə
böyüyüb yeddi yaşına çatdı, dayandı və
qəflətən avtomobil qəzasına düşüb dəhşətli
əzablarla həlak oldu.
Ömrü
boyu minlərlə insan taleyi görmüş Ağa heç
vaxt bu cür sarsılmamışdı, ona görə yox ki,
belə dəhşətli əzablar içində həlak
olan o yeddi yaşlı oğlan onun nəvəsi idi, ona görə
ki, belə bir aqibəti olacaq bu çağa nə
üçün dünyaya gəlirdi? Əgər yeddi il ərzində bu çağanın
ömrü (günahları) o cür ölümə layiq
olacaqdısa, onda nə üçün onun taleyinə bu
cür günahkar bir ömür yazılmışdı?
...Və Ağa iqamətgahından çıxanda
bütün qəsəbə yatmışdı.
Ağanın bütün varlığını qatı
qara duman kimi qatı bir nifrət hissi
bürümüşdü.
...Ağa
bu yalana, bu görünən və görünməyən
kainat qədər böyük hiyləyə, bu qurulmuş nəhəng
riyakar oyuna nifrət edirdi və Ağanın içinə
dolmuş o nifrət o qədər güclü idi ki, o,
özü qalxmadı, onu “Kor qız qayası”ndan içindəki
həmin nifrət qaldırdı və həmin nifrət də
Ağanı altı yaşlı Əbinin o gecə
görüntüsünə doğru apardı.
Və
dairə qapanır; qapalı dairədən çıxmaq
mümkün deyil - Yerin öz orbital dairəsindən
çıxmasının mümkünsüzlüyü kimi...
Oxucu nəhayətsiz suallar girdabında
çırpınır, qapalı dairədən
çıxmağa, əsl HƏQİQƏTƏ
çatmağa, hələ bilmədiklərini bilməyə,
hələ indiyə qədər duymadıqlarını
duymağa can atır. İlahi vergisi, fövqəlinsani
güc-qüdrətlə mükafatlandırılan Ağadan nəyin
qisası alınır? Bu, hansısa bir
Yerdənkənar sivilizasiyanın eksperimentidirmi? İblisin,
Şeytanın, Demonun, Mefistofelin... “ruh
alverinə” ənənəvi yanaşma düzdürmü? Doğrudanmı insan Cənnətdən ilahi
hökmüylə qovulub, Yer adlı sınaq meydanına
sürgün edilib? Bəlkə Yer planeti hansısa ali sivilizasiya üçün yetişdirilən
vacib astral məhsul - ruhlar parnikidir? Bəlkə
ruhun ilahi gizlini bununla bağlıdır? ƏSL
HƏQİQƏTƏ yaxınlaşanlar niyə məhvə
məhkum, intihara məcburdur? Niyə bəşəri
missiyanın mahiyyəti, böyük sirrin qırxıncı
qapısı heç vaxt açılmır?..
Suallar
girdabı həssas, istedadlı oxucunu sirli
çağırış, cazibəli ilğım kimi çəkib
aparır; oxucu ruhən çalxanan təlatüm kimi
bulanır və getdikcə durulur, təzələnir, təmizlənir,
anlarda illərin ömrünü yaşayır, qaranlıqdan
qaçmağa, işığın qədrini bilməyə
tələsir; insan həyatın adi qayğılar
qınından qılınc kimi sıyrılıb
çıxır, duyğular ruhi təzəliyin və təmizliyin
gün işığında bərq vurur; və ədəbiyyat
QALİB GƏLİR...
Ən böyük qələbə sevinci, qalibiyyət
eşqi SÖZün alnına yazılıb. “Dünya duracaq yer deyil, ey
can, səfər eylə!”, “Sındır qəfəsi tazə
gülüstan tələb eylə!”
çağırışları... sözün qələbəsindən
başlayır, ruhun xilas yollarına üz tutur. Allah məqamlı
ruh iylənmiş torpaqdan yaradılan bədəndə - əzəli
yurd yerində darıxır, “duracaq yer” olmayan qəfəsdən
azadlığa can atır...
Və
Elçinin bir sıra əsərlərində, xüsusilə,
son vaxtların məhsulu olan “Baş” romanında, “Kaşeyin
taleyi” povestində, “Çingiz xanın daşları”,
“Missiya”, “İntihar” hekayələrində darıxan ruhun
qürub kədərini, anlaşılmaz üşüntülərini
hiss edirsən. Əzəli yurd yerində - bədənində
darıxan, təzə yollar axtaran, üşüyən,
göynəyən ruh texniki-maddi təfərrüatların
bir parçasına, hətta liftə çevrilə-çevrilə
tragik əzablar içində qovrulur (“Çingiz xanın
daşları”), illər boyu axtardığı bəşəri
missiyanın gizli kodunu, düsturunu tapdığı andan sirli
ölümə, intihara doğru sürüklənir
(“Missiya”), hələ doğulmayan nəvəsinin neçə
il sonra öləcəyini görüb sarsılır, qiyam
qaldırır (“İntihar”). Ən heyrətamiz olanı isə
odur ki, bütün bu gərgin, önəmli, tragik
situasiyalarda işıq ruhun tərəfindədir; doğrudan
da, artıq dediyim kimi, ədəbiyyat QALİB GƏLİR,
işığın yolu davam edir...
Yadıma Belinskinin Qoqola məşhur məktubu
düşür. Böyük tənqidçi “Müfəttiş” və
“Ölü canlar” kimi dahiyanə əsərlərdən sonra
mistikaya üz tutan məşhur yazıçıya üz
tutur, Qoqolla QOQOL uğrunda mübarizə aparırdı:
“...Siz həm Allaha, həm də Şeytana şam
yandırırsınız”. Və Qoqol Belinskinin haqlı tənqidlərinə,
ittihamlarına dözə bilmədi, əlyazmalarını
yandırdı, özü də dəli oldu... Yəqin bu ibrətli
və kədərli epizodu yazıçı Elçinin dəyişməz
ədəbi mövqeyi, sənətkar missiyası yadıma
saldı; o, həmişə həqiqətə şam
yandırıb, insanın xilasına xidmət edib, müxtəlif
“izm”lərin qəliblərinə, qayda-qadağalarına
baxmadan, məhəl qoymadan öz yolunu, özünəməxsus
poetikasını yaradıb. Və buna görədir
ki, onun böyüklü-kiçikli heç bir əsərində
SÖZ MƏĞLUÖ OLMUR.
Elçin
o xoşbəxt sənətkarlardandır ki, özünün
bənzərsiz, kamil ədəbi üslubu, böyük məzmun,
miqyaslı bədii təxəyyül və təfəkkür
ifadə etməyə qadir ədəbi dili var. Özünəməxsus
poetikası, bədii-estetik mənzərəsi, hətta deyərdim
ki, ədəbi-fəlsəfi niyyətin mənzil
başına - oxucu qəlbinə
çatdırılmasında çiyin-çiyinə
çalışan RUH və DİLİN QAN QOHUMLUĞU, qəribə
vəhdəti, sintezi Elçin nəsrinin ədəbi dil və
üslubunu fərqləndirir; bu fərqi, özünəməxsusluğu
təkcə Azərbaycan, digər Türk xalqları ədəbiyyatında
yox, bütövlükdə dünya nəsr miqyasında izləmək
mümkündür. İncə türkoloji duyumları,
dilçi-ədəbiyyatşünas müşahidələri,
leksik-semantik mətn analizləri ilə inanmaq olar ki, bu nəsr
qədim türk epik təfəkkür qaynaqlarına, xüsusilə,
Dədə Qorqud təhkiyəsinə, dil və dünyaduyum ənənələrinə
və əlbəttə ki, Mirzə Cəlil Məmmədquluzadə
poetikasına söykənir; həmin möhtəşəm
dil-mənəviyyat dağına söykənən Elçin
nəsri, bunu xüsusi vurğulamaq istəyirəm ki,
dil-üslub xüsusiyyətləri ilə tam yeni, novator ədəbi
hadisədir. Doğrudan da “Xalqın dili onun ruhu
və xalqın ruhu onun dilidir; bundan da güclü olan eynilik təsəvvür
etmək çətindir” (Vilhelm Humboldt).
Elçin
nəsrində ədəbi ruh və dil tam üst-üstə
düşür; bu, biri digərini tamamlamaq vəziyyətindən
daha üstün analitik, intertekstual sənət hadisəsidir;
sanki mətnin ruhu və dili eyni vaxtda doğulur, siam əkizləri
kimi birlikdə hərəkət edir, bütöv cümlə
vəhdətində birləşir və bu səbəbdən
onun əsərləri roman-cümlə, povest-cümlə,
hekayə-cümlə kimi oxunur, orijinal dil-üslub zirvəsinə
yüksəlir. Həqiqətən,
“...Elçinin, demək olar ki, hər cümləsi bir əsər,
hər bir əsəri bütöv bir cümlədir” (Nizami Cəfərov,
“Elçinin cümləsi” məqaləsindən).
Elçin nəsrinin ədəbi dil-üslub xüsusiyyətləri
haqqında düşünə-düşünə, bu
cümlələri yaza-yaza paralel olaraq daha tutarlı bir ifadə
axtarmaqdan da özümü saxlaya bilmirəm. Düşünürəm
ki, bu, bir qədər qəribə, absurd səslənsə də,
nəsrin struktural texnologiyasına uyğun olaraq ÜSLUBSUZLUQ
ÜSLUBU adlandırıla bilər. Bu məqamda
kiçik bir elmi-nəzəri ekskursa ehtiyac duyuram.
Alman
filosofu Pudolf Panvitsanın 1914-cü ildə “Avropa mədəniyyətinin
böhranı” əsərində ilk dəfə işlətdiyi
postmodernizm termini (Almancadan tərcüməsi modernizmdən
sonra gələn deməkdir - S.E.) sonrakı onillərdə
ciddi bir tendensiyaya çevrilərək modernizmin azı
yüz illik sənət normalarını, sənət və sənətkarlıq
məziyyətlərini, bütöv ideya və
baxışlarını inkar etdi, öz mübahisəli,
eksperimental dəyər və prinsiplərini inadla ortaya qoydu.
Ərəb əsilli Amerika nəzəriyyəçisi
İ.H.Hassanın müqayisələrinə inansaq, modernizmdə
mühüm olan janrı, formanı, qaydaları postmodernizmdə
mətn, formasızlıq, qaydasızlıq, bədii məqsədi
oyunçuluq, ciddiliyi ironiya, müəyyənliyi qeyri-müəyyənlik
və s. əvəz edir. Arnold Toynbinin “Tarixin dərki”
kitabında, Liotarın “Postmodernist vəziyyət” əsərində,
F.De Onusun, Yuri Kristevoyun, Linda Xatçeonun, Jak Derridanın,
Mişel Fukonun, Umberto Ekonun yazılarında... Modernizm
-Postmo-dernizm qarşıdurmasının, necə deyərlər,
bu inkarı inkarın estetikası, fəlsəfəsi ilə
tanışlıqdan sonra Azərbaycan nəsr təsərrüfatına
nəzər yetirdikdə ilk görünən və fundamental
söz deyən ELÇİN POETİKASI olur.
Elçin
nəsrində sanki ədəbiyyatşünaslığın
bütün əlifba həqiqətlərindən,
bütün qayda-qanunlarından imtina edilir; burada heç bir ənənəvi
qaydaya, normativ janr strukturuna əməl etməyən, öz bədii-estetik
norma və prinsiplərini diqtə edən
tam sərbəst bir MƏTN REALLIĞI hökm-fərmadır.
Bu mətndə postmodernizm estetikasında əsas yer tutan
intertekstuallıq, pastiş elementlərini də, janr və
üslub sinkretikliyini də, hətta bəzi məqamlarda metanəsr
ünsürlərini də izləmək mümkündür. Lakin bu, “Hannibal” (Con Xoks),
“Etiraf” (Uilyam Qeddis), “Lüt səhər yeməyi” (Uilyam
Berrouz), “Qaranlıq ana” (Kurt Vonnequt), “Sönmüş alov” (Vladimir
Nabokov), “Hündür qəsrin adamı” (Filip Dik),
“Amerikalı psixopat” (Bert Ellis) və başqa məşhur
postmodernist əsərlərdəki mətn mühiti deyil; bu,
məhz Azərbaycan milli ədəbi təxəyyül və
təfəkkür köklərindən, bulaqlarından su
içən, postmodern estetikaya təbii təkamül yoluyla gəlib
çatan orijinal MƏTNdir.
Onun əsərləri, mətnləri, adətən,
“sonra”dan başlayır və “əvvəl”də tamamlanır. Bir neçə misala diqqət
yetirək:
“...sonra
dan yerinin şəfəqləri sökülməyə
başladı və bu dəfə də hələ səhərin
gözü açılmamış -- ...”
(“Kaşeyin
taleyi” povestinin əvvəli)
“...sonra
Şah Tutun kölgəsini xatırladı və yenə də
- son günlərdə neçənci dəfə? - xatirə
onu əlçatmaz, ünyetməz bir keçmişdə -
...”
(“Kölgə”
hekayəsinin əvvəli)
“...Sonra
yenə gülümsədi: bu səhər də həmişəki
səhərlər kimi olacaqdı - ...”
(“Missiya”
hekayəsinin əvvəli)
“...sonra
gördü ki, ağır bir daş sürəti ilə
başı aşağı sıldırım qayaların
arasından dibi görünməyən yarğan boyu
aşağı uçur - uçdu, uçdu, nəhayət...”
(“İntihar”
hekayəsinin əvvəli)
Bu və
digər misallardan da göründüyü kimi, mətn
“sonra”dan, hətta üç nöqtə və balaca hərflə
başlayır, bədii təsvir, təhkiyə mühitinin
bir parçası təqdim olunur; məhz ənənəvi
formanı, janrı bütöv intertekstual mətn mənzərəsi
əvəz edir; bu, postmodernist yanaşmanın, bu
yanaşmanı reallaşdıran uyğun estetik prinsiplərin
parlaq təzahürüdür. Lakin onu da orijinal
bir xətt kimi vurğulamaq istəyirəm ki, Elçin nəsrinin
struktural bütövlüyündə, bütöv mətn mənzərəsində,
qəribə də səslənsə, ciddi bir realizmlə
axtarıcı, eksperimental postmodernizmin birgəyaşayışına,
sintezinə şahid oluruq. “İntihar” hekayəsinin
baş qəhrəmanı Əbinin - Əbdülün -
Ağanın tam realist boyalarla, hətta çox halda sənədli
(mətbuat səhifələrində, telefilmlərdə əbədiləşən
olmuş həyat parçalarına) detallarla, məhz realizm
formatlı təqdiminə kim etiraz edə
bilər?! Və qəfildən postmodernist küləklər əsir,
mətnin ruhunda, etnopsixologiyasında intertekstual keçidlərlə
at oynadır...
Hansı
“izm”ə uyğun, aid olub-olmaması əsas deyil, məncə
əsası odur ki, Elçin nəsri (mətni) bədii niyyətin
tələb və təklifləri ilə hərəkət
edir, sözə bər-bəzəkli ədəbiyyat
paltarı geyindirmir, bütün
çılpaqlığı, təbii harmoniyası, ruhi
parıltıları, qeyri-adi plastikası ilə SÖZün
özünü təqdim edir; bu, AXTARAN və TAPAN nəsrdir,
həyatın maddi daş-kəsəyinin, fiziki olmuş və
olacaqlarının yox, ruhi, mənəvi mənzərələrinin
MƏTNİDİR.
Elçinin
“İntihar”, eləcə də “Missiya”, “Çingiz xanın
daşları” kimi digər son hekayələrində
haqqında danışılan dil-üslub hadisəsinin yeni
çalarlar, uğurlu bədii-estetik ruh-dil vəhdəti ilə
daha da zənginləşdiyini, necə deyərlər, sənət
və sənətkarlıq yolunun təbii təkamüllə
davam və inkişaf etdirildiyini məmnuniyyətlə
müşahidə etdim və bu qısa, fraqmental qeydləri
yazmağı özümə borc bildim. Bu, həm də əlaqədar
dilçilik, ədəbiyyatşünaslıq alimlərinin,
istedadlı elmi təfəkkür sahiblərinin diqqətini
Elçin nəsrinin bənzərsiz, unikal ədəbi
dil-üslub hadisəsinə, bütövlükdə novator Elçin
poetikasının (həm dramaturgiya, həm də nəsr əsərlərində)
ciddi elmi-analitik tədqiqatına, məhz dil-üslub istiqamətində
TƏHLİL və DƏRK probleminə yönəltmək cəhdidir.
lll
Gərək ki, Umberto Ekonun sözüdür, yazır
ki, hər dövrün, epoxanın öz postmodernizmi var, bu,
böhran, tənəzzül çağlarının
ovqatıdır. Və artıq ən yüksək səviyyələrdə
təsdiq, etiraf olunur ki, çağdaş dövrümüz
dünyanın bəlkə ən qlobal böhran, tənəzzül
çağıdır. Bir vaxtlar inqilabların, cahan
müharibələrinin dağıtdığı, sonra rəngli
sosial-siyasi təlatümlərin, ərəb baharları
adında maskalı səlib yürüşlərinin
sarsıtdığı dünyada bu gün həm də
ünsiyyət bağları qırılan İNSANIN tragik tənhalığı
meydan sulayır, internetin boz burulğanlarında, virtual
girdablarında şəxsiyyət diz çökür, şəxsiyyətsizlik
əcaib normaya, əslində,normasızlığa
çevrilir. İnsan sanki bilərəkdən,
hansısa gizli, sirli qüvvələrin təhriki, təlqini
ilə reallıqdan virtuallığa, virtual yaşam tərzinə
doğru sürüklənir. İnsanlar (paralel olaraq
toplumlar, xalqlar, millətlər) ali milli-mənəvi
dəyərlərini, bəşəri keyfiyyətlərini
itirərək, postmodernizmin inadla diqtə və təlqin
etdiyi qaydasızlıq, normasızlıq, şəxsiyyətsizlik,
qeyri-ciddilik, paranoya, ironik münasibətlər seylabında
biorobotlaşır, texniki-sosial təfərrüatlar
yığnağına çevrilir. İnsanda Allah əmanəti
olan RUH tragik qürub çağını yaşayır...
Postinsan insanı sıxışdırır. Və postmodernizm qlobal
inkarçı, dağıdıcı düşüncə,
təlqin axınlarıyla az qala 100 ildir
ki, insanı POSTİNSANA hazırlayır. Sənətin
neçə min illik qaydalarına köklənən
İNSAN-RUH böyük böhranın, tragik tənəzzülün
səhərisi gününə - sonun əvvəlinə
qaydasız MƏTN, postmodernist düşüncə, sanki
paralel dünyaya çevrilən əcaib virtual gerçəkliklə
üz tutur...
Və
Elçin həmin tragik səhərisi gününün- sonun
əvvəlinin analitik-psixoloji yaşantılarını, Adəm
övladının müasir tragediyasını, əzablı
bəşəri ovqatını, insanın QÜRUB
ÇAĞININ kədərini təqdim edir: “Sonra gördü
ki, ağır bir daş sürəti ilə başı
aşağı sıldırım qayaların arasından dibi
görünməyən yarğan boyu aşağı
uçur - uçdu, uçdu...”
525-ci qəzet.-2017.-27 may.-S.16.