Çingiz Mehdipur, “Dalğa” aşıqlar
qrupunun konsert afişası və Türkmən qalstuku
...Qərib səs gözəldi qeybdən gələndə,
O taydan gələndə,
Araz güləndə.
Vaqif Bayatlı Ödər
“Saz”
deyincə ağlımıza birinci ustadlar gəlir - sazın,
sözün ustadları: Tufarqanlı Abbas kimi, Xəstə
Qasım kimi, Qurbani kimi, Ələsgər kimi...
Adlı-sanlı
ustadlarımızın çoxunun kökü Güneyə
bağlı olduğundan saz səsi, lap “Saz” sözünün
özü belə ilıq, isti Güney yeli kimi, məhrəm
ana nəfəsi kimi vurur adamı. Sazın
kökü də öz soy-kökümüz qədər min
illik uzaqlıqlardan başlayır. Hardan?
- bunu bir Tanrı bilir.
Havasına, səsinə böyüdüyüm
Qars-Borçalı aşıq mühitini içində
yaşadığımdan yaxşı tanımışam. Güneyli
aşıqlarımızın
çal-çağırını isə ilk dəfə
uşaq vaxtlarımda radiodan eşitmişəm. O vaxtlar
Təbriz radiosu vardı - XX əsrin 60-70-ci illərində, 15
dəqiqəlik proqramında aşıq havaları da
verirdi. Kəndimizdə
-indiki Ermənistanın ucqar bir dağ kəndində (hardan
bildiklərini bilmirəm) qəribə bir şəkildə -
itik yiyəsinin qulağı necə səsdə olar - o şəkildə
hamı həmən vaxtı gözləyərdi. O vaxtdan yanıqlı bir səslə
adını bilmədiyim təbrizli bir aşığın
oxuduğu qoşmanın bir bəndi yadımdadı. Daha
doğrusu, ağac gövdəsinə bıçaqla
yazılıb qaysaq bağlayan yara yeri təki ürəyimin
başındadı:
Anam yoxdu,
aça başım bağlaya,
Bacım
yoxdu, qardaş deyin ağlaya,
Yalvarıram,
bəlkə torpaq saxlaya,
Ağlayıram yana-yana, qəriblik.
Bu həsrət, bu qəriblik aradan illər ötəndən
sonra - 2000-ci ildə məni Güney ellərimizə çəkib
apardı. Tehranda gözəl insanların, sevgili dostların əhatəsində
oldum. Ürəyin nə istəyir,
könlündən nə keçir? - dedilər. Dedim: Yəqin Təbrizdə
yaşayarlar, burda olmazlar; iki aşıq var Çingiznən Məhbub
- onları istəyərdim. Dedilər, elə ikisi də
burdadı, bu saat... Bir az keçmiş
Aşıq Çingiz Mehdipuru da, Məhbub Xəlilini də gətirdilər
məclisə. Sazı səslə, səsi sazla
tamamlayan bu iki aşığı, daha doğrusu,
çal-çağırıynan bir olan bu bir
aşığı onda kəşf elədim.
Çingiz
Mehdipuru həmin vaxtdan 7-8 il qabaq AzTV-də
işlədiyim vaxt ekranda görmüşdüm. Rəhmətlik Zəlimxan Yaqub İrandan
qayıtmışdı. Gətirdiyi lent
yazılarını televiziyanın ədəbi-dram verilişləri
redaksiyasında montaj edirdilər. Xalq
yazıçımız Mövlud Süleymanlı o vaxt ədəbi-dram
redaksiyasına rəhbərlik eləyirdi. Hamımız
maraqla montaj otağına
yığışmışdıq. Zəlimxan
Yaqub bir məclisdə cavan bir oğlanla qabaq-qənşər
saz çalırdı. Bir-birini görmədən,
tanımadan, beş dəqiqə də
olsun bir yerdə məşq eləmədən biri o taylı,
biri bu taylı iki adamın eyni havanı bir xal belə xaric
vurmadan tək bir adam çalırmış kimi
çalmağı hamımızın içini
doldurmuşdu. Gözlərimizdən yaş
çıxıncaya qədər içimiz dolmuşdu. On illər, yüz illər boyu bir-birindən ayrı
düşən, səsi-ünü bir-birinə yetməyən
bu xalqı dimdik ayaq üstdə saxlayan gücün hardan gəldiyinin
harayıydı bu çalğı.
Çingiz Mehdipuru o vaxtdan tanımışdım, amma
üzbəüz ilk tanışlığım 2000-ci ildə
Tehranda oldu. Onda bildim ki, Çingizin Təbrizdə, “Rövşən”
adında bir saz məktəbi, İranın çox yerində
yaxşı tanınan və onun rəhbərliyi ilə fəaliyyət
göstərən “Dalğa” aşıqlar ansamblı da var.
İlk
görüşümüzdən bir az
keçmiş 2001-ci ilin əvvəllərində
Çingizgilin bu taya ayağı açıldı, “Şəhriyar”
klubunda ilk konsertləri oldu. O gündən-bu günə Azərbaycan
müxtəlif bölgələrində, ən çox da
paytaxtımız Bakıda, Bakının ən böyük
konsert salonlarında “Dalğa” qrupu bir-birindən gözəl
konsertlər verdi, dinləyicilər və
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılandı.
Çingiz Mehdipur saz sənətinə toyxana,
çayxana aşığı kimi, məclis yola verən
yanşaq kimi gəlmədi. Boynuna çox
ağır bir yük götürüb gəldi. Bu
yük professional musiqiçilərin
çalışdığı bir institutunun görəcəyi
iş qədərində, bəlkə də ondan
böyükdü.
Atalar
sözümüzdü: “Hər şey vaxta baxar, vaxt heç
nəyə baxmaz”. Aşıq havalarımız
da vaxt kimidi. Min illərin o tayından-bu
günümüzə gəlib çıxıb. Amma...
Amma hər aşiqin öz dövranı, hər
dövranın öz ölçü-biçisi... Göz açıb gördüyüm, könül
verib sevdiyim sazı dünya musiqi xəzinəsində öz
siqlətində, öz ucalığında görmək
sazı əlimə aldığım ilk vaxtlarımın istəyidir.
Dünya musiqisi fonunda sazın yerini göstərmək,
daha doğrusu, təsdiq etmək üçün klassik
aşıq musiqisi ilə çağdaş dünya musiqisi
arasında ortaq bir nöqtə tapmaq, dünya xalqları mədəniyyətinə
layiqli payımızı vermək həvəsi məni
“Dalğa” qrupunu yaratmağa sövq etdi” - Çingizin sənət
məramnaməsi belədi.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyli
tarı, kamanı orkestrə daxil etdiyindən onları
zamanında notlaşdıra bildi. Sonralar tar məktəbləri
yarandı. Bu dahi şəxsiyyətin
böyük istəyinə baxmayaraq, saz havalarını o vaxt
nota köçürmək mümkün olmadı.
Doğrudur, bu sahədə müəyyən işlər
görüldü: Qəmbər Hüseynli, Əminə
Eldarova, Azad Ozan kimi bəstəkarlarımızın səmərəli
işini buna misal göstərmək olar. Ancaq xüsusi saz məktəbinin
yaranması uzun
müddət aldı və ilk dəfə Təbrizdə
Çingiz Mehdipurun təşkilatçılığında
meydana çıxdı. Müasir saz məktəbinin
gec yaranması hər şeydən əvvəl sazı tədqiq
edən, notlaşdıran professional musiqiçinin, elmi ədəbiyyatın,
elmi-metodik vasitələrin olmamasından irəli gəlirdi.
Ç.Mehdipurun 2000-ci ildə Təbrizdə nəşr
etdirdiyi “Qopuz məktəbi” kitabı bu sahədə bir ilk
oldu. Ayrı-ayrı
aşıq məktəblərimizin saz havalarını
qarşılıqlı müqayisə metodu ilə incələyən
Ç.Mehdipur 2004-cü ildə Təbrizdə “Aşıq
havaları” kitabını çap etdirir. Əsərdə
“mi” kökü və “Segah” üzərində incələnərək
nota köçürülmüş 36 hava yer alır.
Bunun ardınca 2007-ci ildə Bakıda konservatoriyanın xətti
ilə “Saz məktəbi” kitabı çap olunur ki, 2012-ci ildə
folklor institutunun, elmi şurasının qərarı ilə dərs
vəsaiti kimi təsdiq edilir və İncəsənət
Universitetində tədris olunur.
“Dalğa”
qrupunun mayın 24-də Heydər Əliyev adına
Sarayda verdiyi konsert məhz bu özəlliyi ilə bir daha
tamaşaçıların dərin rəğbətini
qazandı. Bu konsertdə bir-birindən gözəl
aşıq havalarımız ifa olundu. Maraqlıdı ki,
ilk hava kimi Çingiz öz yorumunda “Göyçə
gülü”nü
seçmişdi. Bu ilk havayla
içimə incə bir sızıltı çökdü.
Bir az sonra isə Çingiz Mehdipurun
Əli Daşqının sözlərinə bəstələdiyi
“Qarabağ dərdi” səsləndi:
...Şuşanın
dağına-daşına gəldim,
Ağlatdı -gözünün yaşına gəldim.
Gec oldu, qəbrinin
başına gəldim
Bağışla qardaşım, bağışla
bacım.
Bu, qardaşının toyuna yetə bilməyən
qardaşın dağa-daşa dəyib üstünə
qayıdan harayıdı. Konsertin afişası
da həmin sızıltını ifadə eləyirdi. Bir körpə uşağın
ağlaya-ağlaya, qırıq-qırıq, baş-ayaq dediyi
sözlər kimiydi tədbirin adı:
Qarabağ
dərdi
Qoşa tərkib
Təbriz-Bakı
Bu, bir az da təkliyimizin, daha doğrusu təklənməyimizin,
köməksizliyimizin səsiydi.
Bu duyğunu bir dəfə Türkiyədə
də yaşamışdım. Boluda, “Koroğlu” festivalında,
2013-cü ildə. Festivala bütün türk
dünyasından folklor qrupları, aşıqlar dəvət
olunmuşdu. Elə bilirdim “Dalğa” da orda
olacaq. Ancaq İrandan türkmən
aşıqlarından ibarət bir qrup gəlmişdi. 4-5 nəfər idi, türkmən
arxalığında, başı papaqlı, yaxalarında
qalstuk. Sir-sifətlərindən yağan qəribliyi,
köməksizliyi görəndə az
qaldı ağlayım. Özümdən ixtiyarsız gedib
qalstuklarını açdım: - Bu geyimə belə şey
yaraşmır, belə yaxşıdı, belə oxuyun, -
dedim. Heç nə demədilər, elə bil
onların bədii rəhbəri məniydim, elə də elədilər.
O boyda təntənəli tədbirdən yadımda ən
çox qalan da onların sifəti,
çal-çağırı oldu. İnliyə-inliyə
onların bağrından qopan zəngulə səsi deyildi, elə
bil Türkmən səhralarını başına alan qum tufanıydı, düz gözlərimin
içinə sovrulurdu. Yenə yalquzaq səsi, yenə
arxasızlıq, köməksizlik səsi kimi incə bir
sızıltı keçdi içimdən-üfüqlərin
sonuncu qızartısına qədər...
Bunu niyə xatırladım bilmirəm. Amma bir onu bilirəm ki, 3-4 il bundan əvvəl də, indi də bu
çal-çağırlar qurtaran kimi təpədən-dırnağa
içimi yaz dumanı kimi buğlu-buğlu bir güvən
duyğusu sardı. Onda inandım ki, min illərin
o başından gələn saz səsinə hələ
çox torpaqlar quzulayacaq, çox qara poladlar
çürüyəcək. Onda bildim ki, İlahidən
gələn bu səs imiş arxamız, köməyimiz...
Əhməd OĞUZ
525-ci qəzet.-2017.-27 may.-S.23-24.