Musiqimizdə özəl yeri olan bəstəkar
- Xalq yazıçısı Anar yazır
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
Bir bəstəkar kimi Firəngiz Əlizadənin özəlliyi,
məncə, ondadır ki, o iki dövrü - sovet və
postsovet dövrünü və iki məkanı - Şərqi
və Qərbi öz yaradıcılığında
üzvü vəhdət şəklində birləşdirə
bilib.
Şərq-Qərb
mövzusuna keçməzdən əvvəl bir-birinə zidd olan iki
epoxanın bəstəkarın
yaradıcılığında yer almasından söz
açmaq istərdim. Sovet ideoloji xurufatının ən qatı
zamanlarında dahi Şostakoviçin əsərləri “musiqi
əvəzinə hay-küy” adlandırılırdı və
deyilənə görə,
baş siyasi komissar, MK katibi A.Jdanov iki barmaqla royalda “Çjik pijik”
melodiyasını çalaraq Şostakoviçə və
Prokefyevə məhz belə musiqi yazmağı tövsiyyə
edirmiş ki, xalq anlasın.
Firəngiz
xanım Azərbaycan Konservatoriyasında bəstəkarlıq
təhsilini almağa başlayanda artıq belə “qəmli məzhəkələr”
dövrü keçmişdisə, yenə də
Qərb avanqardistlərinin əsərləri, seriya,
aleatorika. dodekafoniya örnəkləri
sağlam sovet sənətinə
qarşı imperialist təxribatı
sayılırdı. Hətta rəsmi mükafatlar və fəxri adlara malik olan böyük
Qara Qarayev belə Üçüncü simfoniyasında dodekafoniyadan istifadə etdiyini
açıb ağartmırdı. Mən
musiqiçi deyiləm, amma bu gözəl əsəri dinləyərkən
aldığım zövqə onun hansı üsulla
yazılmasının heç bir maneçiliyi olmur.
Qara Qarayevin son əsərlərində dodekafoniyanı hətta
onun tələbələri də sirr kimi saxlayırdılar. Dostum Emin Sabitoğlundan
soruşanda ki, Qarayevin son əsərlərində dodekafoniya
prinsipləri nədən ibarətdir, o sözü dəyişirdi,
sanki müəlliminin
dövlət sirrini faş etməkdən çəkinirdi.
Bəlkə də bu əbəs deyildi.
Parisə Azərbaycan baletinin çıxışlarıyla
bağlı yollanacaq
heyətə təbii ki , Qara Qarayev də daxil
edilmişdi. Həm də onun “Leyli və Məcnun”
simfonik poeması əsasında hazırlanmış balet də
nümayiş etdiriləcəkdi. Universitetdə
mənim diplom işimin rəhbəri olan Cəfər Cəfərov
o illərdə Azərbaycan KP MKnın ideoloji katibi idi. Danışırdı ki, Moskvada, SovİKP MK-nın
müəyyən dairələrində Qarayevin Parisə getməsi
etiraz doğurmuşdu. O vaxt nüfuzlu partiya funksioneri
Tumanova Cəfərova istehzayla: - Qarayev Parisdə neyləyəcək,
fransızlara dodekafoniyanı təbliğ edəcək?-demişdi.
Cəfərov ona layiqli cavab verib: Qara Qarayev yetərincə
müdrik insandı və harda necə danışmağı
da çox gözəl bilir.
Bu şəxsi
xatirələrimlə qeyd etmək istəyirəm ki, Firəngiz
xanım bəstəkarlıq yoluna çıxanda “musiqi yerinə hay-küy” kimi nadan
fikirlər və “çijik-pijik” örnəkləri
unudulmuşdusa da, “suslovsayağı”
sənət yasaqları hələ də qüvvədə
qalırdı və yerli partiya rəhbərləri də bu təlimatlar
əsasında işləyirdilər. MK nın başqa ideoloji
katibləri Cəfər Cəforov
dünyagörüşünə və cəsarətinə malik deyildilər ki, Moskva
bürokratlarını yerində oturda bilsinlər.
Qadağalar, təbii ki, yalnız musiqiyə aid deyildi.
Sovet rejiminin nisbətən liberal dönəmlərində
belə Xruşovun Manej sərgisində
çıxardığı pəstəha, başqa bir sərginin
buldozerlərlə dağıdılması səciyyəvi
hallar idi.
Ədəbiyyat
sahəsində əsas ideoloji tələb hər əsərdə
hökman ideal
müsbət qəhrəmanın olması idi. Nazım Hikmətə
əsəriylə bağlı:-bəs hanı bu əsərdə
müsbət qəhrəmanınız? Müsbət
qəhrəmansız sənət əsəri olmaz” tələbiylə
irad tutanda şair
özünəməxsus
şəkildə cavab vermişdi: - Bəs
Şişkinin “Meşədə
ayılar” tablosunda müsbət qəhrəman hansıdır,
ayıların hansı biri?
Zaman sənət axtarışları
üçün uyğun olmasa da, Firəngiz xanımın bəxti
gətirmişdi, Konservatoriyada Qara Qarayevin sinfinə
düşmüşdü.
Qara Qarayev yalnız böyük bəstəkar deyildi, həm
də böyük müəllim idi. Bu gün musiqimizin
iftixarı olan bəstəkarların - Qarayev tələbələrinin
siyahisi bunun əyani sübutudur. Qara Qarayev yaxşı başa
düşürdi ki,
gələcəyin bəstəkarlarından
çağdaş Qərb musiqisinin cəsarətli
axtarışlarını,
uğurlarını və uğursuzluqlarını gizlətmək
düz deyil. Məhz onun sinfində tələbələr Sovet İttifaqında qadağan
olunmuş avanqardist bəstəkarların əsərləriylə
- Şönberqin və onun ardıcılları Vebernin, Berqin,
eləcə də Messianın, Bulezin, Keydcin, Ştokqauzenin
yaradıcılıqlarıyla
tanış olurdular. Çağdaş
musiqiyə ən çox maraq göstərən Firəngiz Əlizadə idi.
Beləliklə, elə o illərdə Qarayevin sinfində Firəngiz
xanım sanki sovet dövrünün estetikasıyla postsovet dönəmininin
estetikası arasında
körpü salırdı. Qarayev tələbələrini
avanqard musiqisiylə tanış edərkən bir qəti
şərt qoyurdu,
əvvəlcə tələbələrinin
hamısı klassik musiqini dərindən mənimsəməli
və ənənəvi janrlarda
örnəklər yaratmağı bacarmalıydılar.
Firəngiz klassik musiqiyə, ənənəvi formalara mükəmməl bələd
olduğuna görə və
musiqimizin milli qaynaqlarına -
muğama xüsusi maraq göstərdiyinə görə
Qarayev tələbələrindən yalnız ona dodekafoniya texnikasında yazmağa
da icazə vermişdi.
Firəngiz
Əlizadənin istedadı və Qarayevin müəllim fəhmi artıq başqa bir dövrdə -
postsovet məkanında öz parlaq ifadəsini tapdı və
nə yazıq ki, böyük bəstəkara bu dövrü
görmək nəsib olmadı. Postsovet dövrünün
musiqisini təhlil edən Amerika musiqişünası Kayl
Qann Firəngiz Əlizadəni bu dövrdə meydana
çıxmış ən maraqlı sənətçilərdən
biri kimi dəyərləndirir. Onun bir müşahidəsi də
diqqətəlayiqdir: Əvvəllər yasaq olunmuş Avropa
üsullarına bütünlüklə tapınan başqa həmkarlarından
fərqli olaraq Firəngiz Əlizadə öz milli qaynaqlarına
qayıtdı”. Mərhum jurnalist Azad Şərifov A.Şönberqin qızı,
məşhur italyan bəstəkarı Luidci Nononun
xanımı Nuriyə
Şönberq-Nonoyla görüşündən yazır.
Müsahibəsində Nuria Şönberq deyir: “Bilirdim ki, atamın musiqisi SSRİdə
qadağan olunub, amma birdən Azərbaycandan Firəngiz
Əlizadə gəlir və onun fortepiano pyeslərini gözəl
ifa edir. Bu, fantastikadır! F.Əlizadənin
öz əsərləri də məni heyran qoydu. Ən yaxşı təəssürat aldım”.
Musiqişünaslar
F.Əlizadə yaradıcılığının özəlliyindən
-qabaqcıl musiqi
texnikasıyla Azərbaycan musiqisinin çoxəsrlik ənənələrini
birləşdirə bilməsindən yazırlar. Firəngiz sənətinin ikinci önəmli fenomeni
- Qərbin və Şərqin sintezidir. Əgər
yanılmıramsa, bu üsul ilk dəfə özünü məşhur
“Habilsayağı” əsərində aşkarladı. Maraqlıdır ki, Firəngiz xanıma bu fikri məşhur
violançelist Moniqetti verib, təklif edib ki, violançeli Azərbaycan
kamançası kimi səsləndirsin. Firəngiz
xanım bu işin öhdəsindən uğurla gəldi. Monigettiyə həsr etdiyi bu əsər italyan
violançelistinin etirafına görə onun ifaçılıq həyatının
ən mühüm hadisələrindəndir.
“Habilsayağı”nın özəlliyi nədədir? Məlum
olduğu kimi, ona qədər də Qərb alətlərində
- fortepianoda,skripkada,nəfəsli alətlərdə,
arfada, orqanda Şərq və Azərbaycan melodiyaları ifa
olunub. Digər tərəfdən də Qərb musiqisi bizim alətlərdə səslənir.
Məşhur tarzən Ramiz Quliyevin ifasında Montinin
“Çaraş”ını
xatırlamaq yetər. Amma bu yalnız Qərb
orijinalının Şərq alətində kopyasıdır.
“Habilsayağı”nda isə iki musiqi
dünyasının bir-biriylə daha dərin qatlarda birləşməsi,
muğamın violançel imkanlarıyla yeni şəkildə
təzahür etməsidir. Görünür,
Firəngiz xanımın violançelə xüsusi münasibəti
var. Monigettidən başqa, M. Rostropoviçə, Çin mənşəli
violançelist Yo Yo MOya da əsərlər həsr edib.
Bəlkə də səbəb odur ki, violançel bütün
başqa alətlərdən daha çox insan səsinə,
daha dəqiq desək gözəl qadın səsinə
yaxındır. Heminquey “Çayın o tayında,
ağacların kölgəsində” romanında
yazdığı kimi:
italyalı aristokrat qadın Renatanın səsi elə
gözəl idi ki, Pablo Kazalsın
violançelini xatırladırdı”.
Hər
üç məşhur violançel ustası Firəngiz
xanımın yaradıcılığı haqqında yüksək fikirdədirlər.
M.Rostrapoviç yazır: Firəngiz Əlizadə istedadlı
bəstəkardır. Bu gün ən yüksək
bəstəkar reytinqinə malikdir. Firəngiz əsl azərbaycanlıdır,
onun əsərləri
milli musiqinin qədim
intonasiyalarıyla süslənib”.
Əsərə
ad vermiş kamança ustası Habil deyir:
“Habilsayağı” xüsusi musiqidir. Bu, Azərbaycan
bəstəkarının yaratdığı müasir klassik
musiqidir. Bu əsərdə mənim üslubum da qorunub
saxlanılıb, ruhum da . Firəngiz xanım mənim
musiqi dilimi təhrif etməyib, əksinə fantaziyasıyla,
muğamın dilini daha da gözəlləşdirib. Firəngiz xanım muğamı müasirləşdirərək
dünyaya təqdim edir. O muğamı da dərindən
bilir”.
Mən bu alıntıları Firəngiz xanıma həsr
olunmuş “Şərqin və Qərbin parlaq qovuşması”
kitabından gətirirəm. Bu kitabdan onu da bildim ki, Firəngiz
xanımın valideynləri muğamı çox
sevirmişlər, o özü isə uşaq yaşlarında
bu musiqiyə tamamilə biganəymiş. Valideynləri
saatlarla muğama qulaq asarmışlar, Firəngiz isə təəccüb
qalarmış “Niyə belə uzun zaman bu musiqiyə qulaq
asırsınız? Axı heç nə
baş vermir bu musiqidə, melodiya yoxdur, dinlədikcə
darıxıram” deyirmiş.
Görün
Firəngiz xanım nə qədər qəliz bir təbəddülat
dövrü keçirib ki, illər sonra belə ürəksarsıdan
etirafda bulunub:
“Radioda muğam səslənir. Qədir Rüstəmov
oxuyur. Elə oxuyurdu ki, elə bil mənə
mənim öz həyatımı nəql edirdi. Biz Konservatoriya da əlbəttə, muğamı
öyrənirdik. Mən artıq onun əzəmətini
başa düşürdüm. Amma bax belə bir halı -
muğamı dinləyərək ağrıdan
hıçqırmaq istəməyimi o vaxtlar
yaşamamışdım”.
“Habilsayağı”dan
başlayaraq Firəngiz Əlizadənin bütün əsərləri “Muğamsayağı”, “Eşq
havası”, “Dərviş”, “Oyan”, “Vadi”, “Boş beşik” və
başqaları muğamla yoğrulub. Bakıda Nərgiz
xanım Paşayevanın librettosu əsasında yazdığı “Qarabağnamə”
operasının premyerası
uğurla keçdi.
Maraqlı
beynəlxalq layihələrdən biri də Firəngiz xanımın Yo Yo MO
və xanəndə Alim Qasımovla əməkdaşlığı nəticəsində
meydana gələn “İpək yolu” layihəsidir.
Azərbaycan və Qərb musiqisinin bir-birinə
yaxınlaşması müxtəlif dövrlərdə
müxtəlif mərhələlərdən və müxtəlif
formalardan keçib. Üzeyir Hacıbəyov musiqidə tamamilə yeni bir janr -
Muğam operasını yaratdı. Fikrət Əmirov simfonik muğamların müəllifi
oldu, Vaqif Mustafazadənin caz-muğam improvizələri bu yolda başqa bir mərhələ təşkil etdi. Qərb - Şərq
qovuşmasının yeni mərhələsi Firəngiz
Əlizadənin yaradıcılığında öz əksini
tapdı - Firəngiz xanım muğamın ən yeni Qərb musiqi cərəyanlarıyla
simbiozunu yarada bildi.
Onu da qeyd
etmək lazımdır ki, Qərb - Şərq musiqi
yaxınlaşması birtərəfli hərəkət deyil. Hər iki musiqi mədəniyyəti bir-birinə tərəf
gəlirdilər.
Əgər Qlinkanın əsərində Azərbaycan melodiyası sitat şəklində
gətirilirdisə, başqa rus və Avropa bəstəkarlarının
yaradıcılıqlarında Şərq melosu və
intonasiyaları daha üzvü şəkildə yer tutur. XX əsrdə bu qarşılıqlı ünsiyyət
yeni vüsət qazanır. Əgər Qərb təsviri
sənəti öz ehtiyatlarının tükəndiyi bir dövrdə avropalılarçün ekzotik örnəklərə -
Çin və yapon qravürlərinə, Afrika
masqalarına, İslam miniatur rəsmlərinə, mayya və
inklərin sənət nümunələrinə üz tuturdusa, Avropa teatr estetikasına
yaponların No və Kağuki teatrları təsir göstərirdisə,
bu proses musiqidə də öz əksini
tapırdı.
Bunu Firəngiz Əlizadə də qeyd edir.
Müəllifin zəngin erudisiyasını (həm də
yalnız musiqi sahəsində deyil) sərgiləyən “XX əsrin
musiqisi” adlı məqaləsində oxuyuruq:
“Musiqidə
bu təmayül ən
çox Olivye Messianın(1908 doğumlu) yaradıcılığında
görünür. Bu bəstəkar bütün ömrü boyu hind
raqalarını öyrənib və təhlil edib. Şərq
musiqisində Messianı ən çox cəlb edən melodiyanın improvizə
olunmasıdır. Qərb musiqi təfəkkürünün ənənəvi
şəkillərini darmadağın etməyə çalışan
Şönberqdən çox- çox əvvəl bu musiqi düşüncəsi Şərqdə əsrlər boyu
hakim idi. Şərqin musiqi mədəniyyəti A.Vebernə də güclü
təsir göstərib, eləcə də P. Bulez və C.
Keydcin yaradıcılıqlarında
Şərqdən gələn sadəlik və səmimilik
duyulur.
XX əsrdə
Qərb musiqisi bu keyfiyyətləri itirmişdi”
Bax, bu
erudisiya genişliyinə parlaq istedad da əlavə
olunanda Firəngiz Əlizadə
fenomeni yaranır və Azərbaycan bəstəkarı
dünyayla həm
dünyanın dilində, həm
də öz ana musiqi dilində
danışa bilir.
Natavan Faiq uzun illər
ABŞ-da yaşayan həmyerlimiz pianist Çingiz Sadıxovun sözlərini
xatırlayır: Təsəvvür edirsən, Amerikada Azərbaycana Firəngiz Əlizadənin musiqisiylə
qiymət verirlər”.
Firəngiz
xanım dünyada
Azərbaycan musiqi mədəniyyətini
tanıtdığı kimi, Azərbaycanda
da müasir dünya musiqisini tanıdır. Konservatoriyada həm
də pianoçu kimi təhsil alan Firəngiz xanım Qərb
musiqisini fortepiano ifaçılığıyla təbliğ edir.
Firəngiz
Əlizadənin yaradıcılıq fəaliyyətində cəlb
edən cəhətlərdən
biri odur ki, o öz tələbə
yoldaşlarının, Konservatoriyada birgə təhsil
aldığı həmkarlarının əsərlərini də
təbliğ edir. Bu, əsl istedada xas olan cəhətdir.
Həqiqi istedad sahibi
kimsənin rəqabətindən çəkinmir.
Başqalarının uğurlarına göz yummur, əksinə
bu uğurlara
öz uğuru kimi sevinir və sevincini çoxlarıyla paylaşmağa
can atır.
Bu fəaliyyətin məntiqi davamı Firəngiz
xanımın maarifçilik işləridir. İti ədəbi qələm
sahibi olan bəstəkar Üzeyir Hacıbəyliyə,
Əbdül Müslüm Maqomayevə, müəllimi Qara
Qarayevə(bir neçə məqalə), Cövdət
Hacıyevə, Fikrət Əmirova, Tofiq Quliyevə, Emin
Sabitoğluna, Vaqif Mustafazadəyə
məqalələr həsr edir. Müslim Maqomayevin, Nazim
Rzayevin, Fidan və Xuraman Qasımovaların, Əzizə
Mustafazadənin konsertlərinə retsenziyalar yazır. Elmira Səfərovanın və Fərhad Bədəlbəylinin
pianoçuluq məharətlərini xüsusi
vurğulayır. “Qara Qarayevin əsərini
çalarkən Elmira Səfərovanın imperessionist effektlərə
aludəliyi daha aydın görünürdü. İşıq və kölgə oyunları, zərif
harmoniyalar, passajların tüğyanı - bütün bunlar vahid mənəvi ovqatın seyrinə
tabe edilmişdi”.
Firəngiz
xanımın Emin Sabitoğluna həsr etdiyi məqaləsində
(bu məqalə
1981-ci il noyabrın 24-də “Sovetskaya kultura” qəzetində
dərc olunmuşdu), mənim barəmdə yazdığı
xoş sözləri minnətdarlıq
hissiylə xatırlayıram.
Firəngiz xanımla ailəvi yaxınlığımız da var. Anamın - Nigar Rəfibəylinin sözlərinə üç vokal əsər bəstələyib. Mənim ssenarim əsasında çəkilən “Əlaqə” filminin rejissoru Firəngiz xanımın həyat yoldaşı Cahangir Zeynalovdur. “Əlaqə” fantastika janrında çəkilmiş ilk Azərbaycan filmidir və bu filmin musiqisi Firəngiz Əlizadənindir. Bəstəkarlar İttifaqında həyat yoldaşım, musiqişünas, akademik Zemfira Səfərovanın kitablarının təqdimatları Firəngiz xanımın təşəbbüsüylə keçirildi. Yazıçılar Birliyində Firəngiz xanımla maraqlı görüş oldu, mən də Bəstəkarlar İttifaqında “Müasirlərlə görüş”lərin ilk qonağı oldum.
Xarici ölkələrdə böyük populyarlıq qazanmış Firəngiz Əlizadənin neçə illərdir öz həyatını Bəstəkarlar İtttifaqına həsr etməsi fədakarlıqdır. Yaradıcılıq təşkilatına rəhbərlik etməyin nə qədər çətin iş olduğunu yaxşı bilirəm. Firəngiz xanım da zərif qadın çiyinlərində bu ağır yükü daşımasını dəyərincə qiymətləndirirəm. Neçə - neçə ölkədə daha böyük uğurlar qazanacağı müqabilində bu ağır yükün altına girməsi xasiyyətindəki mübarizlikdən də gəlir, doğma mədəniyyətinə bacardığı qədər xidmət etmək əzmiylə də bağlıdır.
Bu yaxınlarda Milli Elmlər Akademiyasına müxbir üzv seçilməsi Firəngiz Əlizadənin fəaliyyətinə verilən ədalətli qiymət idi. Yubileyiylə əlaqədar hörmətli Prezidentimizin Firəngiz xanımı təltif etməsi bəstəkarın xidmətlərinin bir daha ən yüksək səviyyədə təsdiqi oldu.
Firəngiz xanımı buna görə də, ad günü münasibətiylə də ürəkdən təbrik edirəm, musiqimizin daha yüksək zirvələrə ucalması yolunda ona uğurlar diləyirəm.
525-ci qəzet.-2017.-27 may.-S.11;19.