Auqsburqda Azərbaycan multikulturalizmi ehtişamı

 

Fəaliyyətə başladığı müddət ərzində dünyaya Azərbaycan multikulturalizminin özündə başqa xalqlara və fərqli dinlərin daşıyıcılarına sevgi, şəfqət və sayğı ehtiva edən layihələriniixrac edənBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) bu dəfəki hədəfi Azərbaycanın Gənc Dostlarının təşəbbüsünü layiqincə dəyərləndirərək Almaniyanın Auqsburq Universiteti ilə birgə Ulu Öndərin xatirəsinə qiymətli töhfə vermək idi.

 

10-11 may tarixində “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfransın keçirilməsi ideyası Azərbaycanın Gənc Dostlarından gəlmişdi. Ad təsadüfi seçilməmişdi: Avropa, Asiya və Amerikadan gələrək gəncliyin dostu, Azərbaycan multikulturalizminin siyasi banisi, Ulu Öndər Heydər Əliyevin işığına toplaşan Azərbaycanın Gənc Dostları bir daha mənəvi həmrəyliyin dastanını yazdılar. Azərbaycan multikulturalizmi modeli bu dəfə Almaniyada öz çətirinin altına ABŞ,Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya, Efiopiya kimi ölkələrin intellektual gənclərini topladı. Bu toplanmanın isə sadə və təbii səbəbi vardı: Azərbaycana, onun multikulturalizm modelinə sevgi və ehtiram!

 

Auqsburq - dünyanın multikultural mərkəzlərindən biri

 

Niyə məhz Auqsburq? Konfransın keçirilməsi üçün Bavariyanın cənub-qərbində yerləşən sakit, təmiz və parlaq yaşıl tablonu xatırladan, universitet şəhəri qədim Auqsburq təsadüfi seçilməmişdi. Əvvəla, Auqsburqda yerləşən eyni adlı universitetdə indiyə qədər Azərbaycan multikulturalizmi fənni tədris edilmişdi. Bundan əlavə Auqsburq təkcə Almaniyanın deyil, eləcə də dünyanın multikultural mərkəzlərindən sayılır.

 

Yaranma tarixi Roma imperiyasının eradan əvvəlki rəqəmlərinə qədər uzanan və dünyanın ən yaşıl şəhərlərindən biri olan Auqsburq həm də lüteran, katolik və protestantların bir arada yaşaması ilə bağlı tarixi anlaşmaya ev sahibliyi etmiş şəhərdir. 1555-ci ildə imzalanmış həmin sənədə əsasən, lüteranlıq rəsmi olaraq tanınıb. Tarixdə “konfessial epoxa” kimi adlandırılan bu dövrdən sonra Auqsburq nəinki lüteran və protestantların, həmçinin katoliklər, pravoslavlar, iudaistlər və müsəlmanların əsrlərdir dinc şəkildə bir arada yaşadığı tolerantlıq örnəyi kimi tanınır. Bütün bunları nəzərə alaraq, zəngin tarixə malik Azərbaycan multikulturalizm modelinin Auqsburqda təqdimatı həm bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsi, həm multikultural və tolerantlıq sahəsində yeni üfüqlərin açılması baxımından xüsusilə əlamətdardır. Azərbaycan multikulturalizminin mahiyyətində öz tarixi multikultural dəyərlərini dünyaya nümayiş etməklə yanaşı, dünyadakı mövcud tolerantlıq dəyərlərlə də tanış olmaq, öyrənmək və fərqli nüansları əxz etmək dayanır. BBMM dünya gənclərinə təkcə öz xalqının multikultural dəyərlərini deyil, həm də dünya ölkələrinin mənəvi multikultural sərvətini tanıtmağı qarşısına hədəf qoyub. Bu da Azərbaycan multikulturalizmi modelinin unikallığıdır: başqasının dəyərlərinə də eynən öz mənəvi irsinə olan kimi sayğıyla, sevgiylə yanaşmaq, təbliğ və təşviq etmək!

 

Azərbaycan multikulturalizmi ədəbi-bədii, ictimai-siyasi və interkultural müzakirə obyekti kimi

 

Konfransın zəngin proqramı konseptual olaraq multikulturalizmlə bağlı demək olar ki, bütün mətləbləri əhatə edirdi. Azərbaycanın Gənc Dostlarının konfransın proqramı ilə bağlı təkliflərinə başda BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev olmaqla, qurumun kollektivi xüsusi həssaslıqla yanaşdı. Yəqin ki, məhz bu səbəbdən “Heydər Əliyev-gənclik-multikulturalizm” beynəlxalq konfransının gündəliyi aktual ictimai-siyasi, ədəbi –bədii, interkultural, etnik-konfessial mövzuları əhatə etmək baxımından rəngarəng palitranı xatırladırdı: “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Prezident İlham Əliyev və Azərbaycan multikulturalizmi”, “Azərbaycan multikulturalizmi Auqsburqda”, “Azərbaycan multikulturalizminin siyasi qaynaqları (XVII əsr), “Heydər Əliyev və multikultural dəyərlər”, “Azərbaycan multikulturalizminin İndoneziyada tədrisi”, “Dinlərarası harmoniya: lüteranlıq Azərbaycanda”, “Azərbaycanın Gənc Dostları klubu necə yarandı- il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr”, “Fridrix Rükert və Azərbaycan”, “Azərbaycanın Gənc Dostları klubu- dünya gəncləri ilə ünsiyyətin yeni mərhələsi”, “İslam həmrəyliyi ili” “Multikulturalizm ili”nin məntiqi davamı kimi”, “Azərbaycanda keçirilən multikulturalizm yay və qış məktəblərinin əhəmiyyəti”, “Kitabi- Dədə Qorqud və Nibelunqlar nəğməsi-müştərək təhlil təcrübəsi”, “Azərbaycan multikulturalizmi modelinin Avropa modeli ilə müqayisəli təhlili”, “Musiqidə multikulturalizm: müxtəlifliklər arasında körpü”...

 

Ən maraqlı və qürurverici amil o idi ki, bu mövzularda məruzə və müzakirələri Azərbaycanın Gənc Dostları təqdim edirdilər. Bu yerdə akademik Kamal Abdullayevin vaxtilə səsləndirdiyi fikirlər yerinə düşür: “Bizim hədəfimiz odur ki, Azərbaycanın problemlərini və həqiqətlərini bizdən öncə dostlarımız dilə gətirsin. Azərbaycanın Gənc Dostları Klubu sübut edir ki, biz dostlarımızı doğru seçmişik”.

 

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı multikulturalizm siyasəti müsbət nəticələr verməkdədir. “Heydər Əliyev-gənclik-multikulturalizm” beynəlxalq konfransı həmin siyasətin ən dəyərli bəhrəsi kimi sübut edir ki, biz artıq dünyada aparıcı gənclərdən ibarət güclü Azərbaycansevər lobbi formalaşdırmağı bacarmışıq.

 

Azərbaycanın Gənc Dostları Klubu: azərbaycansevər dünya gənclərinin möhtəşəm ünsiyyət platforması

 

2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən, 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva pedaqoji Universitetinin gənc elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılan “Azərbaycanın Gənc Dostları Klubu” adlı İctimai Birliyin hazırda xarici gənclər və ziyalılardan ibarət 200-dən artıq üzvü var. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Klub yarandığı qısa müddət ərzində önəmli layihələrə imza atıb. Haqqında söhbət gedən “Heydər Əliyev -gənclik-multikulturalizm” beynəlxalq konfransının təşkili isə Azərbaycanın Gənc Dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümü oldu. Bu konfrans vasitəsilə dünyanın müxtəlif ölkələrindən gələn gənclər Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bir-biri ilə bölüşdülər. Azərbaycanın Gənc Dostları həmişə ölkəmizdə əyani şahid olduqları multikultural dəyərləri bu dəfə ölkəmizdə deyil, Avropada beynəlxalq ictimaiyyətə çatdırdılar. Öz təşəbbüsləri, eyni zamanda BBMM və Auqsburq Universitetinin

 

birgə təşkilatçılığı ilə keçirdikləri konfrans vasitəsilə isbatladılar ki, Azərbaycan xalqı və dövləti ölkə ərazisində əsrlərdən bəri mövcudluğunu sürən etnik, dini fərqliliyə bəslədiyi sevgi, şəfqət və qayğıya görə, ümumiyyətlə, misilsiz multikultural dəyərləri, unikal multikulturalizm modeli ilə dərin ehtirama layiqdir. Konfransın sonunda onların Azərbaycan Prezidentinə ünvanladıqları müraciətdə bu ehtiram və sevgi yüksək səviyyədə öz ifadəsini tapdı.

 

“Odlar diyarına sonsuz sevgi ilə...”

 

Sözügedən beynəlxalq konfrans BBMM-in indiyə qədər həyata keçirdiyi layihələrin növbəti pik nöqtəsi idi. Zirvələrə aparan yol isə zəhmətsiz və rahat olmur. Bu konfransa qədər gətirən yollar BBMM-in 3 illik fəaliyyətinə əsaslanaraq qət edilib. Bu yola çıxmaq öncə “Azərbaycan multikulturalizmi” fənninin ölkəmizin və dünyanın aparıcı universitetlərində tədrisi layihəsinə start verməklə başlanmışdı. Bu da qısa müddətdə həllini tapan məsələ deyildi; bu fənni tədris edəcək müəllimlərin hazırlanması, vaxtaşırı tədrisin keyfiyyətini yoxlamaq məqsədilə monitorinqin aparılması vaxt və əmək tələb edirdi. İlkin mərhələni 7 xarici ölkə universitetində Azərbaycan multikulturalizminin tədrisini həyata keçirməklə başlayan BBMM-in səmərəli fəaliyyəti nəticəsində bu rəqəm artaraq indi 20-dək dünya universitetini, Azərbaycanın isə 40 ali təhsil müəssisəsini əhatə edir. Bu gün nüfuzlu xarici ölkə universitetləri özləri Azərbaycan multikulturalizminin tədrisində maraqlıdırlar. Mütəmadi BBMM-ə bununla bağlı müraciətlər olur və təkliflər dəyərləndirilir.

 

Sonrakı mərhələlərdə Azərbaycan multikulturalizmi kursunun dinləyicilərinin iştirakı ilə BBMM və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq multikulturalizm yay və qış məktəbləri baş tutub. Beləliklə, Azərbaycan multikulturalizmini nəzəri şəkildə öyrənən tələbələr ölkəmizə gələrək buradakı multikultural mühiti öz gözləri ilə görmək imkanı qazanıblar. Bütün bunların nəticəsində həmin əcnəbi gənclər sonradan bu dəyərləri təbliğ və təşviq etməyi özlərinə borc bilərək öz təşəbbüsləri ilə Azərbaycanın Gənc Dostları Klubunu ərsəyə gətiriblər. Yarandıqları vaxtdan bir il ötməmiş Ausburqda BBMM ilə birgə konfrans keçirmək kimi böyük bir missiyanı sevgi ilə öz üzərlərinə götürdülər və buna uğurla nail oldular. Və işin ən önəmli nöqtəsi də məhz bu idi- bu gənclər Azərbaycan multikulturalizmini nəzəri-praktik şəkildə öyrənərkən bu modeldən gördükləri və əxz etdikləri böyük sevgini nümayiş etdirdilər.

 

Təbii prosesdir - nə qədər çox sevgi, diqqət, şəfqət alırsansa, o qədər çox da bəxş edirsən. Bu sevgi hər yerdə, hər şeydə özünü göstərirdi: İmas Xoyrun Nisanın konfransa yetişmək üçün İndoneziyadan Almaniyaya 12 saatlıq təyyarə yolçuluğunda, “Ürəyim də, ruhum da Azərbaycana aiddir, mən azərbaycanlıyam” deyərək Prezident İlham Əliyevin multikulturalizm siyasətindən söz açan estoniyali tələbə İrina Kovzanoviçin mehriban baxışlarındakı şəfəqdə, bütün konfrans boyu yaxasında Azərbaycan bayrağını əks etdirən döş nişanını qürurla gəzdirən ABŞ-lı analitik Peter Teysin məruzəsində, almaniyalı professorlar Klaus Volf və Hendrik Buşotenin böyük entuziazmla Azərbaycan ədəbiyyatı ilə bağlı nümayiş etdirdikləri zəngin məzmunlu təqdimatlarda , rusiyalı professor Aleksandr Nesterovun ölkəmizin tarixi ilə bağlı həvəslə apardığı araşdırmada, Azərbaycan multikulturalizmini Avropa multukulturalizmi ilə müqayisəli təhlil edən və üstünlüyü Azərbaycan modelinə verən italiyalı gənc tədqiqatçı Andrea Kominçininin, eləcə də digər xarici tələbələrin şövqlü çıxışlarında, Dr. Oleq Kuznetsovun Azərbaycan və Avropa multikultural modellərinin anlayış fərqlilikləri ilə bağlı təqdim etdiyi sanballı tədqiqat yazısında, professor David Qotsiridzenin Azərbaycan və Gürcüstanın ümumi taleyi ilə bağlı açdığı müzakirədə - ümumiyyətlə, bütün konfransın ruhunda möhtəşəm bir sevgi - Azərbaycan sevgisi boy göstərirdi!

 

Layihə başa çatanda Azərbaycanın Gənc Dostları Almaniyadan göz yaşları içində bir-birilərinə sarılaraq həmişə könüllərini isidən Odlar diyarına sonsuz sevgi ilə ayrıldılar: təbii ki, gələcəkdə daha möhtəşəm layihələrdə yenidən bir araya gəlmək arzusuyla!

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

 

525-ci qəzet 2017.- 27 may.- S.8.