Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Şirməmməd HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, bu günümüz üçün fəxr
edək!
MİLLİ
AZƏRBAYCAN BAYRAMI
28 Mayıs Azərbaycan Cümhuriyyəti elanı
istiqlalının 11-ci ildönümü olmaq münasibətilə
milliyyətçi azərilər hər tərəfdə bu
günü böyük bir ruh yüksəkliyilə təsbit
etmişlərdir.
İstanbulda
Keçən
sənələrdə olduğu kibi bu sənədə də
İstanbulda müqim azərbaycanlılar “Odlu-Yurd” idarəxanəsində
(əvvəlki illərdə “Yeni Qafqasiya” və “Azəri
Türk”) toplanaraq 28 Mayıs gününü bərabərlikdə
təsbit etmişlərdir. Azərilərdən
başqa, yerli türklərlə Türkistan, qafqasiyalı,
ukraynalı dostlarımız da hazır bulunmuşlardır.
Təsbit
mərasimi ictimadakı gənclərin bir ağızdan Azərbaycan
istiqlal marşını oxumaları ilə
başlamış, marşı mütəaqibən, Azərbaycan
Şurayi-Millisi rəisi, baş mühərririmiz M.E.Rəsulzadə
bəy tradisyonal nitqini irad ilə ictimada hazır olan millətdaşları
bu gün münasibətilə təbrik və möhtərəm
müsafirlərə ictimai təşriflərindən
dolayı ərzi-təşəkkür eyləmişdir.
Emin bəy 28 Mayıs bayramının vətən
ayrısı qaçqınlarla bərabər istilaçı
düşmənlərin müdhiş təqibatlarına rəğmən
vətəndə qalaraq hər türlü vasitələrlə
qızıl rus rejiminə müqabilə edən idealist azəri
nəsli tərəfindən də təsbit edilməkdə
olduğunu qeydlə istiqlal mücadiləsi səfhələri
üzərində duraraq, bu mücadilənin müxtəlif
xalq təbəqələri arasında görülən
şanlı təzahürlərini dinləyənlərin nəzərində
canlandırdı.
Bundan
sonra natiq beynəlmiləl siyasi vəziyyəti təhlil edərək,
Rusiya daxilindəki mali, iqtisadi və siyasi
böhranı anladaraq Sovetlər İttihadındakı milli
iftiraq hərəkatlarının nə yolda irəliləməkdə
olduğunu anladaraq Azərbaycan milli hərəkatının ən
təbii müttəfiqləri və cidal arkadaşları olan
Qafqasiya, Ukrayna və Türkistan millətlərinin ictimada
hazır olan müməssillərini olduğu kibi, Şərq
istiqlalçılığının böyük rəhbəri
bulunan qardaş Türkiyə Cümhuriyyətini dəxi
salamlayaraq dedi ki:
“Qəhrəman
Türkiyənin nail olduğu istiqlal şərəfi
eyni yoldan gedən bizlərə də müqəddərdir. 28
Mayıs bu vəd olunmuş günü bizə bütün
vüzuh və parlaqlığı ilə xatırladan
böyük bir gündür! Bu günün mislində
hürr və məsud vətəndə
yaşadığımız parlaq istiqlal anlarını nəzərimizdə
canlataraq ondan aldığımız ilham ilə, hər
dürlü fədakarlığa hazır olaraq, istiqlala
böyük bir əzm və ümidlə yürüyəlim....
Yaşasın istiqlal!...” (Alqışlar)
Nitqinin
sonunda M.Emin bəy istiqlal mücadiləsi uğrunda şəhid
düşən qəhrəmanların tərhimi-yədi
üçün ayağa durmağı təklif edincə
bütün məclis bir adam kibi ayağa
qalxaraq, bir qaç dəqiqəyi huşu və sükut
içində keçirmişdir.
Bu açılış nitqindən sonra gənclər tərəfindən
hazır edilib də M.Emin bəyə təqdim edilən bayraq
mərasimi ictimain təsviri qabil olmayan çox həyəcanlı
bir anını təşkil eyləmişdir. İpəkdən
yapılmış olan bayrağı köksü üzərində
sərili olaraq rəyasət kürsüsünə doğru
yürüyən Dilşad xanımı Sürəyya
xanım təqib ediyordu. Sürəyya xanım
bayrağın Emin bəyə təsliminə bir müqəddimə
olaraq atidəki nitqini çox səlis, həyəcanlı və
canlı bir əda ilə söylədi: Vəziyyətin
xüsusiligi ilə xatibin səmimiligi təsirini ekməl surətdə
icra eyləmiş, bütün salon həyəcandan kəndini
tutamamış, sürəkli alqış tufanı bir nədən
sonra yatışınca məclisdə ağlayanlar
bulunduğu görülmüşdür.
Sürəyya
xanımın bu nitqini eynən nəşr ediyoruz:
“Möhtərəm Emin bəy!
Bu gün Azərbaycan tarixinin qaranlıq günlərlə
istiqlal nurunu sərpən, təmiz vicdanlara qurtulmaq
imanını təlqin edən ən fəyyaz səhifələrindən
biridir.
Azəri gənci bu müqəddəs günün
yüksəkligini bütün qəlbi ilə yaşıyor. Xain
düşmən tam sinəmizdən vurdusa da istiqlal
üçün çarpan ürəklərimizi durduramadı
və durduramaz. Bu gün bütün gənclik
bir tək müztərib qəlb kibi çırpınaraq,
intiqam bəkliyor. Onun yeganə qayəsi vətənimizi
o qızıl pəncədən qurtarmaq, onu yenidən müstəqil
yaşatmaqdır.
Bu gün bayrağımızı, məfkurəmizi təmsil
edən sizə təqdim edərkən, qəlbimiz imanla
doludur.
Əvət, xain düşmən o sevimli
bayrağımızı endirməklə ürəyimizi
yaraladı. Fəqət Azəri gənci yurdumuzun üzərində
sallanan və şərəfsiz bir zəfərin saxta bir
timsalı olan o qanlı düşmən bayrağını
endirəcək, üç rəngli sevimli bayrağını
yenidən yüksəldəcəkdir.
O zaman biz
də bütün cahana hayqıracağız ki, - Azərbaycan
yalnız və yalnız Azərilərindir! Yaşasın
müstəqil Azərbaycanımız!”
Emin bəy
nitqidən duyduğu həyəcanla bayrağı Dilşad
xanımın əlindən almış, müqabilədə
bulunmaq istədigi halda, bir an
duraqladıqdan və təəssürünü gizlətilməyən
bir qeyrətlə tutduqdan sonra, şiddətli alqışlar
altında şu sözləri söyləmişdir:
“İstiqlalımızla bərabər olaraq
yaşadığımız məsud gündə “Bir dəfə
yüksələn istiqlal bayrağı bir daha enməz!”
demişdim. İstiqlalımızın uğradığı
müvəqqəti infisalı əbədi inqiraz şəklində
görən düşmən bu şüarı istixfafla
qarşılar. Sürəyya
xanımın istiqlalçı Azərbaycan gəncligi naminə
bu ruhları tutuşduran müqəddəs həyəcanla gətirdigi
bu bayraq onlara verilmiş nə məşkud bir cavabdır.
Əvət vətəndaşlar, əvət ey
vətənin idealist gəncligi, bayrağımız enməmiş,
o imanlı azəri gəncliginin əlindədir, çox
çəkməz o əl onu təkrar Azərbaycan
üfüqlərində ehtizaz etdirər.
Yaşa şanlı bayrağınla, ey Azərbaycan gəncligi!”
“Odlu-Yurd”,
temmuz (iyul) 1929, ¹ 5
Təsbit
- qeyd
Mütəaqib
- təqib edən
Müqim
- yaşayan, oturan, sakin
İftiraq
-ayrılıq, dağılma
Mükəddər
- qismət, möhtərəm
İnfisal
- ayrılma, uzaqlaşma
İnqizaz
- məhv olma
İstixfaf
- saymazlıq, etinasızlıq
Məşkur
- yaxşı, təşəkkür olunmalı
Müztərib
- həyəcanlanmış, rahatsız
AZƏRBAYCANIN
SƏSİ
Aldığımız atidəki vəsiqəyi haiz
olduğu əhəmiyyətinə görə eynən dərc
ediyoruz.
Cəmiyyəti
Əqvama, müdafiəyi-hüququ bəşər cəmiyyətinə
və bilcümlə mədəni dünya əfkari-ümumiyyəsinə
On sənəyə qəribdir ki, qızıl rus ordusu tərəfindən
istila olunan Azərbaycan Cümhuriyyəti biəman bir terror
altında əziliyor.
Faiq bir qüvvət və cəbirlə məmləkətimizə
soxulan və onu bu qüvvət gücilə sovyetizə edən
rus müstövlilərinə qarşı ta ibtidadan bəri əhali
müxtəlif şəkillərdə müsəlləh qiyam
və üsyanlarla müqavimət göstərmişdir ki,
sovet statistiklərinə görə bu üsyanların ədədi
aşağı-yuxarı 60-ı keçməkdədir. Bu qanlı
protestolar miyanında başlıca olaraq, minlərcə qurbana
malik bulunan Gəncə, Qarabağ, Zaqatala, Quba və Lənkəran
üsyanları vardır.
Bu üsyanlar və izləri hələ Azərbaycan
dağlarından əksik olmayan partizan hərəkatlarından
maəda, millət bütün qüvvəti ilə
bolşevizmin gərək iqtisadi və gərək
kültürəl rejiminə qarşı yılmaq bilməyən
bir mücadilə halındadır.
İqtisadi və eyni zamanda idari müxalifət, köylərdə
partizanlıq kolxoz və sovxoz denilən kollektiv ziraət
müəssisələrinə qarşı təcavüz,
sovet komissarları ilə komunistlərə təərrüz,
hökumət kooperativlərini yağma, natural vergiyi verməkdən
imtina və köylünün kəndi ehtiyacından fəzlə
əkin əkməkdən sərf-nəzər etmək şəkillərində
təzahür etməkdədir.
Kültürəl və politik müxalifət isə -
münəvvərlər və münəvvər gənclər
tərəfindən milli tərbiyə və milli mətbuat və
ədəbiyyat sahəsində göstərilən fəaliyyətlə
sovet idarəsi və istila rejimi əleyhində təşəkkül
edən xəfi təşkilat və nəşriyyatla təzahür
edər.
Sadə milliyyət fikrini degil, bəşəriyyət məfhumunu
da inkar edərək, ancaq siniflərin mövcudiyyətini
tanıyan və bir sinfin digər siniflər üzərində
mütləq hakimiyyəti prinsipini tərviç edən bu
rejim, Rusiyadan gələn yabançı bir istila şəklində
olması ilə məmləkət əhalisini adəta siyasi
bir kölə halına qoymuşdur. Məmləkət sadə
siyasi degil, iqtisadi köləliyə dəxi məruzdur. Azərbaycanı rus mühacirləri ilə iskandan
ibarət olan bu qəziyyə yabançı kolonizasyon
sistemindən ibarətdir. Bu köləligə
qarşı ən məsum bir tərzdə səslərini
yüksəltənlərin cavabı qətl, təhdid, həbs,
nəfyi və hər dürlü insani haqdan məhrum
buraxılmaqdır. Bu müddət əsnasında
tək bir sənə yoxdur ki, yüzlərcə və bəzən
minlərcə Azərbaycan vətəndaşı bu
şeytani rejimin qurbanı olmasın.
Hal-hazırda məmləkətdə milli ədəbiyyat
müntəsiblərinə qarşı açılan şiddətli
hücumlar və təqiblərlə bərabər, Şimali
Rusiya, Arxangel vilayəti sahillərində vaqe məruf Salovki mənfasına
sürülmüş bulunan Azərbaycanlı siyasi
sürgünlərə qarşı dəxi qeyri-insani işgəncələr
tətbik olunuyor.
Axirən aldığımız vösuq məlumata
görə Solovkidə bulunan azərbaycanlı məhbuslar vəhşi
bir müamiləyə məruz qalmışlardır. Kəndilərinə
tətbiq olunan qeyri-insani rejimə qarşı protesto məqsədi
ilə dəfələrlə aclıq qrevi elan edən və
vəz etdikləri şəraitin qəbulu üzərinə
qrevi bitirincə təkrar əski müamiləyə məruz
qaldıqlarını görən bu sürgünlər, ən
qəti bir çarə olmaq üzrə, bu dəfə
“ölüm aclığı” elan eyləmişlərdir.
20 gün davam edən bu müdhiş qrev nəticəsində
mücahidlərdən müəllim M.Əbdülqəni
heç bir qida qəbul etmədən şəhid olmuşdur.
Bundan maəda digər 46 mücahidin bu qrev nəticəsində
nə olduqları çox böyük bir təlaş və əndişəmizi
mucib olmaqdadır.
Sürülənlər miyanında bulunan Azərbaycan
alimlərindən ekonomist Mehmet Həsən Baharlının,
gördügü bu vəhşətəngiz müamilə nəticəsində
ağlını oynatdığı haqqında müəssif
məlumat alınmışdır.
Böylə müdhiş bir vəsiləyə təvəssül
edən məhbusların tələbatı isə şundan
ibarətdir.
1- Kəndilərinin siyasi məhbus
deyə tanınmaları və digər siyasilərə tətbiq
olunan rejimin kəndilərinə də təşmili.
2- Kəndi lisanlarında evlərinə
məktub yazmalarına müsaidə.
Böyləcə bəsit mətalibi qəbul etdirmək
üçün aclıqdan ölmək kibi müdhiş
çarələrə təvəssül zərurətində
qalan biçarə vətənpərvərlərin sovet
istilası altında nələr çəkdiklərini sadə
təsəvvür etmək belə tükləri ürpətiyor. Böylə
tüklər ürpədici işkəncələr altında
qalanlar bir degil, on degil, yüz degil, minlərcədir. Bunlar miyanında zülmə, istibdada və istilaya təhəmmül
edəmiyib də etiraz səsini yüksəldən vətənpərvərlərlə
bərabər, heç bir şeydən xeyri olmayan, fəqət
sadəcə vicdanını satmaq istəməyən məsumlar
da çoxdur. Və hal-hazırda gün yoxdur ki, bir
çox Azərbaycan münəvvəri həbs, nəfyi və
qətl edilməsin!
Tarixdə
ilk dəfə təəssüs edən bir türk-müsəlman
cümhuriyyətinin və müasir Avropa demokrasi prinsiplərini
tətbiqlə Qərb mədəniyyətinə təvəssül
etmək istəyən bir Şərq millətinin mədəniyyət
və demokrasi düşmənləri tərəfindən icra
olunan təzyiqlər altında mənəviyyatına, milli
iradəsinə, hürriyyət və istiqlalına və eyni
zamanda vətəndaşlarının şəxsi hürriyyət
və bəşəri hüququna vüqu bulan bu barbarca təcavüzləri
cahan əfkari-ümumiyyəsi qarşısında bundan nifrətlə
bəhs edər, əsrin ən yüksək insani məfhumlarından
qüvvət alan müəssisələrinizin bu xüsusda mənəvi
yardımlarını və səsinizin bu məzlumlar lehində
yüksəldilməsini hürriyyət və insaniyyət
naminə rica eyləriz!
“Odlu-Yurd”,
şubat (fevral) 1930, ¹ 12
Baş məqalə
yerində
Bilcümlə
- bütünlüklə, bütün
Biəman
- amansız, zalım
İskan
- məskən saldırma
Müntəsib
- dayaq
Mənfa
- sürgün yeri
AZƏRBAYCAN
TARİXİ HƏRƏKATINDAN MÜSAVATÇILAR VƏ
KOMUNİSTLƏR
I
Bir əsrdən
çox sürən yeni azəri harsı hərəkatı,
milliyyəti təşkil edən ünsürlərin təşəkkülü,
bu gün Azərbaycan misaqi millisi olan “28 Mayıs 1918 sənəsi
elani-istiqlal qərardadı ilə” nəticələnmişdi.
Və gərək o misaqın
yaradıcısı, gərəksə onu həyata keçirmək
uğrunda çarpışan qüvvət - “Müsavat” firqəsi
və onun ətrafında birləşmiş olan igid münəvvər
azəri gəncligi idi. Demək olar ki, - “Müsavat” XIX əsrin
ilk yarısından başlayan və ictimai həyatımızın
hər sahəsini ehtiva edən mədəni, əsri
inkişafın məntiqi və təbii bir nəticəsi idi.
Cəmiyyətimizin milli ünsürlərinin təşəkkül
və təkamülü, milliyyətin əsri mənada təcəssüsü
təbii olaraq müştərək bir milli məfkurə,
müştərək bir qayə ardınca qoşan bir “millət”
yaradacaqdı ki, bənligini, varlığını
anlamış və duymuş olan bu millət mütləqa
müstəqil və azad olmaq üçün mübarizəyə
girişəcəkdi.
Azəri
cəmiyyətinin ictimai təkamül və inkişaf hərəkatına
bir yekun vurmaq, onun bütün istəklərini, diləklərini,
həyəcan və ehtiyaclarını ifadə etmək, onun,
milli cəmiyyətimizin, müştərək ideolojisini təyin
və təsbit etmək və əldə təsbit olunmuş
o milli qurtuluş proğramı olduğu halda, milli hərəkat
və mücadiləyi sövq və idarəyə başlamaq
şərəfi tarixən “Müsavat” firqəsinə təvəccöh
ediyordu ki, bu da pək təbii idi. Çünki
“Müsavat”ı yaradan ünsürlər, əsri bir cəmiyyət
halına gəlmiş millətimizin heyni, dimağı, onun istək
və diləklərini təmsil edən xalqçı münəvvərlərdi.
“Müsavat”ı təşkil edən münəvvərlər
millətimizi, bütün həyəcanları ilə təmsil
ediyorlardı.
Siyasi
mücadilədə - 1917 sənəsi seçkilərində
və 1918 sənəsi istiqlal hərbində “Müsavat” firqəsinin
zəfər və qələbəsi, bütün xalq kütləsini
bir insan kibi kəndi arxasında bulundurması, o firqənin azəri
xalqının nə qədər həqiqi müməssili
olduğunu göstəriyordu.
Bolşevik mətbuatını təqib edən və
istila altında azəri xalqının mücadiləsi ilə
aşina olanlar, “Müsavat” və azərbaycançılıq,
radikalizm, demokratizm və milliyyətçilik məfhumlarını
ifadə edən “Müsavatizm”in ictimai, harsi, iqtisadi, siyasi sahələrdə
böyük bir qüvvət olduğunu az-çox öyrənmişlərdir. Bolşeviklər,
1920 sənəsindən bəri “Müsavat”ın qaç dəfə
iflas etdigini elan etmişlərdir. Fəqət on minlərcə
qurban verən bu firqə istiladan bir sənə sonra gərək
daxildə, gərəksə xaricdə mütəşəkkil
bir qüvvət halında bulunduğunu hiss etdirdi. 1923 sənəsi
tutğu, edam və sürgünlərindən
sonra bolşeviklər ümumi şadlıq içərisində
“Müsavat”ı gömdüklərini elan etdilər. Fəqət eyni sənənin son baharında qüvvətli
bir “Müsavat” təşkilatının gizli “Müsavat” mətbəə
və qəzetəsinin mövcudiyyəti meydana
çıxdı. 1923-dən bu günə qədər
hər il qaç dəfə gizli
“Müsavat” təşkilatı kəşf və əzaları
qismən edam, qismən də Sibiryaya sürülmüşlərdir.
Və hər dəfəsindən sonra Qarayev,
Quliyev, Kərimov və sairləri “Müsavat”ın tamamilə
öldügünü elan etdilər.
Son dəfə “Müsavat” firqəsinin tamamilə iflas
etdigi 1928 sənəsi yazında elan edilmişdi. Eyni sənənin
kanuni-əvvəlində isə yenidən “Müsavat” təşkilatı,
“Müsavat” mətbəəsi və gizli “Müsavat” nəşriyyatı
kəşf və yüzlərlə münəvvər
müsavatçılar genə sürgün ediliyordu.
Azərbaycan komunist firqəsi tərəfindən
iğfal edilmiş olanlar - “Müsavat”ın meydandan
qalxdığı qənaətinə hənuz gəlməmişkən,
bolşevik mətbuatı “Müsavat” və müsavat ideolojisi
əleyhində uzun nəşriyata başlıyor. Bu nəşriyat
səfəri bu gün belə bitməmişdir. Və
onu davam etdirənlərin Azərbaycan komunist firqəsi
katibi-ümumisi Əliheydər Qarayev, Azərbaycan maarif
komissarı Mustafa Quliyev, azəri komunistlərinin ən iləri
gələnlərindən doktor Sultan Məcid Əfəndiyev,
Əli Kərimov, Zakirov, Əli Yaqubov, Əhməd Bedi v.s.-ndən
ibarət olması məzkur səfərdə vəz olunan məsələlər
bolşeviklərin “Müsavat” və “Müsavatizm”ə nə
qədər əhəmiyyət verdiklərini göstərməkdədir.
Qarayev
“Bakinski Raboçi”də “Müsavat” firqəsinin xarici siyasət
və fəaliyyətini “faş” etmək istiyor, Quliyev
“Müsavat”ın radikal islahat tərəfdarı
olub-olmadığını təhlil ediyor (“Komunist”, ¹ 2438).
Əfəndiyev
“Tərəqqi və “Müsavat” islamlaşmağı”nı
şərh ediyor (“Komunist”, ¹ 2499), Əli Kərimov
“Müsavat” firqəsi keçmişdə və imdi”
ünvanı ilə (“Komunist”, ¹ 2435, 2443, 2456) “Müsavat” firqəsinin
tarixini, proğramını, prinsip və fəlsəfəsini
təhlil etməkdədir, səhifələr dolduran uzun
serisində 5-ci məqaləsini yazdığı halda, o hənuz
1917 sənəsindədir.
“Müsavat”a hücum səfərində vəz olunan məsələlərdən
biz burada bəhs etmiyəcəgiz. Bizə bilxassə lazım olan
şey, azəri komunistlərini bütün qüvvətlərilə,
mətbuat, nəşriyyat, məktəb, iqtisad, siyasət və
s. kibi cəbhələrdə “Müsavat”a qarşı
hücuma keçmələrinin səbəbləridir.
Sovet seçkilərinə hazırlanmaqla əlaqədar
olan bu hücuma 1928 sənəsi eylülündə
başlanıyordu. Azərbaycan Komunist Gənclər İttifaqının
eylül ayında açılan qurultayında, 17 eylül
tarixli cələsədə Qarayev
“Müsavatçılıqla mübarizə” haqqında verdigi
uzun raporu ilə “Müsavat” təhlükəsinin daha çox
qüvvətli bulunduğunu etiraf edərkən, yeni bir həqiqətə
dəxi şahid oluyordu: Müsavatizmin gənc komunistləri də
istila etdigi meydana çıxıyordu. Qarayev gənc
komunistləri “Müsavat” ilə mücadilə
üçün səfərbər hala gətirmək məqsədilə
“Son vaxtlar müsavatçılar canlanmış, bilxassə
ideoloji cəbhəsində bizə hücum ediyorlar. Bunun
üçün müsavatçılar əski
sınanmış silahları olan milliyyətçilikdən
istifadə ediyorlar, onlar milliyyətçilik psixolojisi
yaratmağa çalışıyorlar” - deyə “Müsavat” təhlükəsinə
nəzər diqqəti cəlb etmək istərkən, komunist
gənclər yerlərindən: “Bizim neft nərəyə
gediyor? Nə üçün bu sərvətdən
vergi alınmıyor? Azərbaycanın
ağası kimdir? Türklərmi, yoxsa
ruslar? Nədən idarələrimizin
başında lisanımızı bilməyən əcnəbilər
oturuyor?” (“Gənc işçi”, ¹ 74) - deyə
Qarayevə sorğular yağdırmışlardır. Qarayev bu “müəssif” hadisədən sonra hər
şeydən əvvəl komunist firqəsini
müsavatçılardan təmizləmək lazım gəldiginə
qənaət gətirmişdir.
Eyni ilin
eyni ayında komunist firqəsinin Bakı konqresində, Bakı
komunist firqəsi rəisi Levon Mirzoyan Azərbaycanın sihhiyyə,
maarif, daxiliyyə, ziraət, maliyyə, gənc komunistlər,
kooperativ v.s. kibi müəssisələrinin “Müsavat” firqəsi
əlində və “Müsavat” nüfuzunda olduğunu qeyd
ediyordu (“Komunist”, 9.IX.1928, “Zarya Vostoka”, 11.IX.1928).
Mirzoyan,
Qarayevin riyasət etdigi Azərbaycan komunist firqəsinin və
doktor Musabəyovun sədarət etdigi Azərbaycan Sovet
hökumətinin dəxi “Müsavat” firqəsi nüfuzunda
bulunduğundan bəhs ilə diyordu ki:
“Müsavatçılar sovet müəssisələrini
idarə edənləri öylə mahiranə istifadə ediyorlar
ki, bunu məsul komissarlar kəndiləri də hiss etmiyorlar. Burada
müsavatçılıq, komissarların dili ilə müxtəlif
tələblər şəklində meydana gəliyor. Məsələn
diyorlar ki:
“Azərbaycan
müstəqil indüstri yaratmalıdır və xam mal ilə
yanacağın Azərbaycandan çıxarılmasına mane
olmalıdır; Azərbaycan istehsal mənbələrindən
vergi almalıdır, Azərbaycan sərvət və
imkanına görə dövləti büdcə yaratmalı,
Azərbaycanın digər sovet cümhuriyyətlərindən
az asılı olmasını təmin etməlidir, Azərbaycana
rus mühacirləri buraxmamalıdır... T.S.T.S.”
Mirzoyan
raporunda əlavə ediyordu ki:
“Məlumdur ki, bütün bu milliyyətçilik fikir və
arzularını təhrik edən ideoloğ “Müsavat” firqəsidir. Bu münasibətlə
biz müsavatçılara qarşı mübarizəmizi
şiddətləndirməliyiz və baş düşmənin
“Müsavat” firqəsi olduğunu proletar sinfinə elan etməliyiz.
Qəti və aydın misallarla biz
“Müsavat”ın sovet əleyhdarlığını, ixtilal
düşməni olduğunu göstərməliyiz. Başlıca düşmənimiz olan “Müsavat”
firqəsini ideoloji və harsi cəbhələrdə
amansız məhv etməliyiz. Eyni zamanda
milliyyət məsələsini təkrar-təkrar mətbuat səhifələrində
tənvir etməli və xalqa anlatmalıdır. “Komunist” qəzetəsi “sovet məktəblərinin
müsavatçılar əlində olmasından” və “məktəblərin
milliyyətçiliklə zəhərlənmiş
olduğundan” şikayətə başladı”. (14
eylül 1928, ¹ 2417)
Mustafa
Quliyev “Mədəni inqilab kadroları” adlı məqaləsində
“Azəri müəllimlərinin milliyyətçi, azərbaycançı,
rus əleyhdarı, sinif mübarizəsinə müxalif olaraq
vəhdət və təsanüdü milliyyə tərəfdarı
olduqlarını, proletar mənafeindən yüksək Azərbaycan
məfkurəsini tutduqlarını, hələ də Azərbaycanın
kəndi başına müstəqil yaşaya biləcəgi qənaətində
olduqlarını” yazmağa başladı (“Komunist, ¹ 2425”). Müəllimlərin, tələbənin yüzlərlə
məktəblərdən çıxarılmasına
başladılar. Eylül 1928 sənəsində
açılan Azərbaycan müəllimlər qurultayı isə
məktəblərdə gənc nəslin hələ milli
ruhda bulunmasının səbəbi mühitin, ailələrin,
ədəbiyyat, teatro, sinema və sairənin ufaq burjua sinfi əlində
olmasında və böylə bir “nep” mühitinin də
mütləqa müsavatçı olacağını “kəşf”
etdi. O bununla müəllimləri müdafiə etmək və
“Müsavatizm”in səbəblərini müəllimlər
üzərindən komunist firqəsinin ictimai və iqtisadi sahələrdəki
məğlubiyyəti nəticəsində təəssüs
edən ufaq milliyyətçilik şəraitində görmək
istədi və dedi ki:
“Həqiqi komunizm tətbiq olunmadıqca və “nep”in
meydana gətirdigi ufaq burjua sinifləri qüvvətlənməkdə
davam etdikcə, bu mülkiyyət şəraitinin məntiqi nəticəsi
olaraq ədəbiyyatda, hüquqda, əxlaq və bədiyatda,
ailələrdə demək ki, məktəblərdə dəxi
milliyyətçilik və bunun nəticəsində də
müsavatçılıq hakim olacaqdır”.
Fəqət “Komunist” qəzetəsi (¹ 2446) məktəblərdə
gənc nəslin hələ milli ruhda
böyüdügünü - “Müsavat” firqəsinin fəaliyyətindən,
məktəbləri işğal etmiş olduğundan
görüyor.
Və ailələri milliyyətçilikdən
ayırmaq üçün “Tanrısızlar cəmiyyətinə”
əhəmiyyət verməgi təklif ediyor. “Komunist” qəzetəsi məzkur məqaləsində
bütün şimdiki müəllimləri məktəblərdən
çıxarmağı təklif ediyordu. Bundan
bir qaç ay əvvələ qədər maarif komissarı
olan Ruhullah Axundov doğurdan da Azərbaycan münəvvərlərinə
qarşı bir səfər açdı, “və müəllimlərlə
milliyyətçi tələbələr məktəblərdən
çıxarıldı. Fəqət bu səfər
nəticəsində məktəblər tamamilə tətil
edincə Ruhullahı Mustafa təbdil etməgə
başladı. İş başına gələn
Mustafa “sola atəş” - deyə “Komunist”in təklif və
Axunovun tətbiq etdigi siyasəti tənqidə qoyuldu. “Yeni türk məktəbi yaratmaqda biz əski müəllimlərin
kadrosuna arxalanmışız və arxalanıyoruz. Yeni mədəni qüvvətləri, yeni gənc
müəllimləri əski müəllimlərin qəhrəmananə
çalışmaları sayəsində yarada bilmişiz.
Müəllim qüvvəsinə ehtiyac hiss etdigimiz bir zamanda
onları nərəyə çıxarıyoruz?.. (“Komunist”, ¹ 2425) və “Zarya Vostoka”nın yazdığına görə bu səfərdən
2 nəticə əldə edilmiş oldu ki, biri məktəblərdə
həyat pozulması, digəri də genə yerlərini
işğal edən əski müəllimlərin Sovet
hökumətinə inanmamağa başlamalarından ibarətdir...
lll
Keçən
il yapılması lazım gələn sovet seçkilərinin
bir il təxiri, 1928-ci ilin başdan-başa bu seçkilərə
hazırlıqdan ibarət olması, sovetlərdə iqtisadi,
elmi, səhiyyə, mədəni, ədəbi və s. müəssisələrdə
yapılan təmizlik, həbs, edam və sürgünlər,
sovet mətbuatı ilə sovet ricalının böyük bir
əndişə ilə, köy, qəza və şəhər
sovetlərinin tamamilə milliyyətçi ünsürlər
əlində olmasından bəhs edib durması və
hal-hazırda yapılmaqda olan seçkilərin xaraqter və
gedişi bizə bir həqiqəti aşikar göstərmiş
oldu:
Milli-Azəri həyatının canlı, yaradıcı
qüvvələri ölməmiş, biləks böyük
bir əzm ilə yaşamaq mücadiləsinə
başlamışdır. Sovet Azərbaycanı
mətbuatı və seçkilərin gedişi
haqqındakı rəsmi raporlar qolçomaq adlanan ufaq köy
burjuası ilə zənginlənmək istəyən orta
hallı əkinçilər, şəhərlərin ufaq
burjuası ilə məmləkətin münəvvər
zümrələrinin hərəkətə keçdigini,
seçkilərdə bolşevik listelərinə qarşı
çox yerlərdə qüvvətlə müqabilə edərək
kəndi listelərini keçirməgə
çalışdıqlarını etiraf ediyorlar (“Zarya
Vostoka”, ¹ 240). Qismi-məxsusumuzda təfsilatla oxunacaq olan
köylü hərəkat və mübarizəsində hakim
olan fikir və prinsiplərin bolşevizmi rəd, ümumi
seçki tələbi, mülkiyyət və torpaqsızlara
torpaq və s. Müsavat ümdə prinsiplərini təşkil
etməsi, milli hars və həyatı yaradan və bunu davam
etdirən əsaslar olduğu, “Müsavatizm” adlanan bu milli cərəyanın
nəticə etibarilə “Müsavat”ı davam etdirən milliyyətçi
bir nəsil və kütlə yetişdirəcəyi
bolşevikləri bu hərəkata - “Müsavat” hərəkatı
deməgə məcbur etmişdir.
Orta əsr
baqiyatı mülkədarlıqdan qurtarmış olan
köylü onun şəxsi təşəbbüslərini
inkar edən, onun mülkiyyətini əlindən alan sosializmdən qaçıyor - mülkiyyətə
doğru, mülkiyyət əsaslarını təhkim etməgə
doğru gediyor. Vərasəti, ailə həyatını,
hüquq və əxlaqı komunizmin tam ziddinə olaraq milli
bir tərzdə qüvvətləndirəcək olan və
milli bir həyat və harsın davam və inkişafından
ibarət olan bu gediş, vaxtilə rus maarif komissarı
Lunaçarskinin qeyd etdigi kibi, məmləkəti “demokratik
cümhuriyyətə” doğru götürüyor. Və
böylə bir cəmiyyətin nazimləri komunistlər degil,
milliyyətçilər ola biləcəklərdir.
Azərbaycan
şərayiti içərisində cəmiyyəti sövq və
idarə edən milliyyətçi qüvvə kim
ola bilir əcəba? Rəsulzadə Məhəmməd
Əmin bəy 1919-cu ildə nəşr etdigi “Azərbaycan təşəkkülündə
“Müsavat” adlı əsərində “Müsavat”ın rolundan
bəhs edərkən diyorlardı ki:
“Sağdan
və soldan gələn bir çox daxili və xarici
düşmənlərə rəğmən “Müsavat” firqəsi
mücadiləsində müvəffəq oldu: Azərbaycan
Cümhuriyyəti təşəkkül etdi. Bu
müvəffəqiyyətimizdə prinsiplərimizin millətin
təbii istək və diləklərindən mülhəm
olmasına mədyunuz. Bundan sonra Azərbaycana hakim olacaq
qüvvət “Müsavat” olmaya bilir, fəqət
“Müsavatçı” olması zəruri və məcburidir...”
Bu qüvvət şimdi də hakim bulunuyor. Çünki Azərbaycan
xalqının istək və diləklərinə tərcüman
olaraq, xalqı əsarətə çəkən orta əsr
baqiyatı feodalizm və irticaya qarşı olduğu kibi, azəri
xalqının mənligini, varlığını, şəxsi
təşəbbüs və
yaradıcılığını, milliyyət və milli
harsını məhv edən bolşevizm və komunizmə
qarşı da mübarizə etməkdədir.
“Nep”in
ehdas etdigi ufaq mülkiyyətçi cəmiyyətin bu gün
harsı, siyasi, ictimai, iqtisadi sahələrdə bolşevizmə
qarşı mübarizə edən aktiv qüvvətləridir
ki, hər il “kəşf” və “iflas” edilən
“Müsavat”ın kadrolarını təşkil ediyorlar.
Ona
görə bolşeviklərin bu hərəkəti
“Müsavat”a istinad vermələri və bu
cərəyana “Müsavatizm” demələri yersiz degildir.
“Müsavatizm” bu gün azəri cəmiyyətinin təbii
və həyati ehtiyaclarını, istək və diləklərini
ifadə və təmsil etməkdədir. Bolşevikləri
əsəbiləşdirən də budur.
Komunistlər, istilanın 9-cu ilində bütün
qüvvətlərini - “Müsavat”a qarşı səfərbər
hala gətirməklə bu firqənin qüvvət və əhəmiyyətini
bir daha elan və etiraf etmiş olurlar. Onlar eyni zamanda gələcək
məqaləmizdə şərh edəcəgimiz kibi Azərbaycanda
komunizm prinsiplərinin qeyri həyati olduqlarını və tətbiq
edilmədən iflas etmiş bulunduqlarını da
anlamış oluyorlar.
Mirzə
Bala (Məmmədzadə)
“Odlu-Yurd”,
nisan (aprel) 1929, ¹ 2
Hars - mədəniyyət
Münəvvəz
- ziyalı
İğfal
- aldadılmış
Təcəssüs
- diqqətlə araşdırma, yoxlama
Bak -
qorxu, xof
Baqi -
qalan, kəsir
Ehdas -
meydana gətirmə, icad etmə
Faş -
ifşa
Eylül
- sentyabr
Müəssif
- təəssüf doğuran
(ardı var)
525-ci qəzet 2017.- 27 may.- S.20-21.