Dörd ölüm, dörd söz
Kamil Vəli NƏRİMANOĞLU
Türkoloq, ədəbiyyatşünas
...Bu il mənə düşərli olmadı. Bacımı itirdim.
Məndən iki yaş kiçik idi. Ömrü əziyyətlə
keçmişdi. Bir qız övladını Allah ona
çox gec verdi -
qismət belə imiş, o tək balasından da
doymadan getdi. Nəvələrindən doymadan
getdi. Daşını,torpağını
özünün və ərinin daşıdığı bir
ev tikdi, bağıyla-bağçasıyla, arxıyla-kəhriziylə,
köhnə dəyirmanı, qara daşıyla... Ev-eşiyindən, qara daşından doymadan getdi.
Doğulduğu, böyüdüyü Cəbrayılını
itirdi. Ömrünün sonlarını böyrəklərsiz
yaşadı. Böyrəyindən yox,
yaralı ürəyindən getdi. Hərdən
yuxuma gəlir. Heç bir söz demir. Həmişə
olduğu kimi, məndən utanır. Sakit-sakit
gülümsəyir. Ölməyinə
inanmır. Belə qardaşı olan ölərmi
heç...Yuxularımda
mənə, övladlarıma dua edir, utana-utana gəldiyi
kimi, utana-utana da çəkilib gedir. Heç elə
bil bu dünyaya gəlməyibmiş. Yüz
əqraban olsa da, bacının yeri ayrıdır. Adam ata-anadan olduğu kimi bacıdan da yetim qalır.
Allah rəhmət eləsin. Övladları,
nəvələri xoşbəxt olsunlar. Ruhu
şad olsun.
... Qohumum, dostum Eyvazı itirdim. Rəhmətlik
Məhəmmədəli kişinin daha çox özünə
oxşayan oğlunu. Evlərinin
qonağı üçün canından keçən mərd
kişinin, Eyvazın bu ağır itkisinin Məhəmmədəli
kişinin həyətindəki tut ağacının
yoxluğu xəbərçisi imiş. Tut ağacı o
doğma evə o qədər yaraşırdı ki... Bu yaraşığı hamıdan yaxşı bilən
şer yazmaqdan, hekayə qələmə almaqdan uzaq olan Eyvaz
idi. Onun qədər heç kəs də
bu itkini duya bilməzdi. Eyvazın da o tut
ağacı kimi günlərin bir günü həmişəlik
gedə biləcəyini ağlıma gətirə bilmirəm.
Eyvaz da getdi. Səssiz-səmirsiz,
şikayətsiz, minnətsiz.
Ağır
xəstə yatdığı günlərdə
balalarıyla, ailəsi ilə vidalaşmış yəqin... Evlərinin, ailələrinin rəmzi olan tut
ağacını gözləriylə axtarıb tapa bilməmişdi.
Bu evin rəmzi olan tut ağacının günlərin bir
günü yox olması onun ömrünü
yavaş-yavaş doğrayıb bitirmişdi. Tarixi
evin tarixi qonaqlarına kabab bişirib, dəsgah qurandan sonra əl-üzünü
yuyub üz-gözü sevinc, fəxr dolu baxışlarıyla
gəlib şirin-şirin söhbət eləyən Eyvazın
dünyada ən çox kimi istədiyini demək çətindir.
Amma Məhəmmədəli kişi
oğlanlarının biriylə fəxr etsə də, o birinə
daha çox ərk etsə də, ona öz
cavanlığını xatırladan, fiziki-bioloji
varlığıyla daha çox onun özü olan Eyvazı
ayrı cür istəyirdi. Hər atanın elə
bir gizli məhəbbəti olur. Ata o məhəbbətin
sirrini heç kəsə demir, özüylə qəbrə
aparır.
Heyf səndən
Eyvaz... Ömrünü özün
üçün yaşamadın. Dostlara,
bacı-qardaşlara hədiyyə verdin. Ömürdən,
dostlara, qohumlara sədaqətdən və çəkdiyin zəhmətdən
başqa nəyin var idi ki... Mən sənin səmimiyyətini,
saflıq yağan o parlaq qara gözlərini, sağlamlıq,
həyat yağan üzünü,
istiqanlılığını unutmayacağam.
Unutmağa da haqqım yox...
Dost kimi də,
qohum kimi də...
Dəfninə gələ bilmədim, məni
bağışla. İnsan zəhməti, dost, qohum haqqı unudulmaz.
İki damla göz yaşımla, etdiyim dualarla, bir kiçik yazıyla borcumdan
çıxmaq istədim. Yəqin ki, çıxa bilmədim...
lll
...Bu
günlərdə tələbəm, elə tələbəlik
illərində dostum, gözəl jurnalist Zöhrab
Əmirxanlını itirdik.
Qədim
dostum Nəsir Ədmədlinin Facebookunda yanğı dolu
yazısı, dostların həyəcan ifadə edən qeydləri
itkinin nə qədər ağır olduğunu göstərirdi:
“Biri gələr səni sən edər, biri gələr səni
səndən edər”. Bu ifadə
Mövlananındır. Zöhrabın
ölümü bizi bizdən etdi.
Hər gün Facebookda onun notlarını oxuyurdum. Əsla
ağrısını-acısını yazmazdı. Onu içindən yeyib-gəmirən amansız şəkərdən
şikayət etməzdi. Dostlarla dərdini
deyil, sevincini paylaşardı. Möminlər sabah namazını qılanda, o dəniz
qırağında sabah günəşini qarşılamağa
çıxardı. Bu günəş sevgisi onu
həyatda tutan tək ümid idi. Bilmirəm,
bəlkə də ölümün qaranlığı
yaxınlaşdıqca, onun günəş
işığına ehtiyacı da artırdı. Hər
gün səhər 10-11 radələrində, dostumuz Hikmətin
kafesinə gələr və noxudla bir parç pivə
içərdi.
Doğrusu, mən onun pivə içməsini bəyənməsəm
də, noxud payına ortaq olurdum. Bəlkə də o
dünyada mənim bir cəzam da içki içən
dostlarımın məzələrinə şərik
olmağım sayılacaq.
Zöhrab musiqi dəlisi idi. Alim Qasımovdan
danışanda ağzı-dili quruyurdu və duyğularını
tam ifadə edə bilməməyinin əziyyətini çəkə-çəkə,
“İnşallah, bunları yazacam” deyirdi. Əlbəttə,
mən onun bu dərin hisslərini yazacağına
inanmırdım. Çünki bu cür emosional
adamların yazı hövsələsi olmur və ya az olur. Onların həyəcanla
alayarımçıq danışmaları, əlini dizinə
vurub: “Ay dədə vay!!!, ay nənə
vay!!!” deməyinin özü əslində hər şeyin ifadəsi
idi. Mənim “Səs” kitabımı çox bəyənmişdi.
Amma o kitabı tərifləyəndə
yazdıqlarımı deyil, öz düşündüklərini,
öz musiqi dünyasını bəyan etməyə
çalışırdı. 7-8 il
bundan öncə xanımı vəfat etmişdi. Bu ayrılıq onun belini qırmış,
uşaqları, nəvələri bu ağır yaranı
sağalda bilməmişdi. Heç vaxt dərdini
açıq bəlli etməsə də, söhbətinin
şirin yerində onun gözlərinin bir nöqtəyə
zillənməsi, büzüşüb
yığılması, məclisin havasından
büsbütün ayrılması həmin ağır dərdin
onun içinə çökdüyünün əlaməti
idi. Dünyada elə şeylər var ki, onu gizlətmək
mümkün deyil...
Mən
Zöhrabın “Azadlıq” qəzetinin ilk vaxtlarında
yazdığı yazıları, xüsusi ilə mədəniyyət
mövzusundakı yazılarını xatırlayıram. Rəhmətlik Nəcəf Nəcəfovun
yaratdığı, yön verdiyi bu məktəbin ən
istedadlı tələbələrindən biri, şübhəsiz
ki, Zöhrab Əmirxanlı idi. Bəzən
sərt, bəzən duyğulu üslublu şirin, səmimi
yazı tərzi yəqin ki, onun ifadə etdiyi mətləbin dərinliyi,
incəliyi ilə bağlı idi.
Ona görə də modern Azərbaycan jurnalistikası
deyəndə yada düşən beş-on nəfərdən
biri Zöhrabdır. Ölüm nə qədər dəhşətli
olsa da, mən hiss edirdim ki, o ölüm ilə həyat
arasında çırpınırdı. Həyat
onun övladları və nəvələri idi. Ölüm onun sonu idi. Tələbə
vaxtından sevdiyi, evləndiyi və oğul-uşaq sahibi
olduğu xanımı onun üçün hər şey idi və
onun ölümüylə Zöhrab əslində hər
şeyini itirmişdi. Ölüm onun yolunu
gözləyirdi, o da ölümün. Nəhayət,
görüşdülər. Qurban əminin
tarının bir simi də qırıldı. Alimin bir zənguləsi göylərə ucala bilmədi,
yerə düşüb parça-parça oldu. Dostları Zöhrabı, Zöhrab
dostlarını itirdi. İtirə-itirə
getdiyimiz bu dünyada hey fikirləşirəm və nə
qazandığımızı anlaya bilmirəm. O
üzü gülümsər, titrək, kövrək tələbəmə,
dostuma rəhmət oxumaqdan, qalanlara sağlıq diləməkdən
başqa əlimdən nə gəlir ki?!.
lll
Əmim oğlu, böyük qardaşım əvəzi
Fazilin ölümü mənə ağır dərd oldu. Mən Allahdan
aşağı evin böyüyüyəm. Məndən
sonra dünyaya gələn beş
bacı-qardaşımın da ağsaqqalı, himayəçisi
mənəm. Məndən dörd yaş böyük olan əmiləri
Hilal, Nəriman, ana nənəsi Zübeydə, xalaları
yetimlik hissi yaşamasın deyə, Fazil üçün əllərindən gələni
etmişdilər. Uşaqlıqdan yerə-göyə
sığmayan Fazil hərbi məktəbə daxil oldu, sonra təhsilini
Tibb İnstitutunda davam etdirdi. Və
ömrü boyu 5 ¹-li xəstəxanada həkim-cərrah vəzifəsində
çalışdı. Böyük
övladını son sinifdə faciəvi şəkildə
itirən Fazil bütün ümidini kiçik oğlu Kamrana
bağlamışdı. Maşallah, Kamran
da qeyrətli oğul çıxdı. İndi
atasının yerindədir, ailəsinin
qayğısını çəkir.
Fazil o qədər səmimi, qayğıkeş qardaş idi ki, onun dağı məndən heç vaxt getməyəcək. Mənim və ailəmin ağır günlərində Fazil yanımda oldu... Dünyada elə borclar var ki, onu ödəmək mümkün deyil. O biri dünyaya o, oğul dağı apardı, kiçik oğlunun toyunu görmədi, xanımı həm də xalası qızı Qızbəsə hər zaman özünü borclu bildi. Həyatının mənasını Fazildə görən Qızbəs xanım hələ də ömür-gün yoldaşının, doğmaca xalası oğlunun ölümünə inanmır. Haqlıdır. Mən də uzaqda yaşadığım üçün Fazilin, həkim qardaşımın ölümünə inanmıram, bunu ona yaraşdırmıram. Sənətini gözəl bilirdi, qohum-dost üçün özünü fəda edərdi. Nə qədər qayğı ilə əhatə olunsa da, gözəl dostları, mənim kimi, Xasay kimi qohumları olsa da, əsl bacısı bildiyi mənim həyat yoldaşım Fatma xanımı nə qədər yaxın, doğma bilsə də, yetimlik onun baxışlarının dərinliklərində birdən-birə dirilir, gözü yol çəkir, ətrafındakıları hiss etmirdi. Həlak olan böyük oğlundan sonra gözü tez-tez yol çəkərdi. O zaman onun yanında susmalı idik. O anlar Fazilin üzünü görmədiyi atası Bilalla, oğlu Rüfətlə birlikdə olduğu anlar idi. Oğulu atadan ayırmağa kimsə qıya bilməz. Şükür Allahın aldığına da, verdiyinə də...
Fazilin atası Bilal əmim müharibəyə gedəndə o, anasının boynunda olub. Fazil atasının üzünü görməyib. Gövhər nənəm toxuduğu xalçanın üstünə “Fazil Vəliyev Bilal oğlu - 1942” toxuyub.
Mən hər gün xalçanın üstündə namaz qılıram, Allah sevgisi və qorxusu ilə bərabər, qardaş əvəzi əmioğlumun qoxusunu da alıram, o xalçadan.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun...
lll
... Uzun yaşamaq dostların, əzizlərin
ölümünü görmək deməkdir, bu dərdləri
çəkmək deməkdir.
Yaşamağın bir dərd, ölümün də
bir dərd olduğu bu fani dünya əzəldən belədir. Bu nizamı Allahdan başqa
kimsə dəyişə bilməz...
525-ci qəzet 2017.- 27 may.- S.17.