Aşıq İlham Aslanbəyli:
"Yüngül şou elementləri aşıq sənətinə
yaraşmır"
Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan
aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi,
dostu sayılıblar. Onlar öz dövrlərinin,
mühitlərinin bilikli, müdrik adamları olublar.
Budəfəki müsahibim də həmin el sənətkarlarından
biri - sözü ilə, özü ilə, sənəti ilə
təpədən dırnağa ozan olan Aşıq İlham
Aslanbəylidir.
Ustad aşığın musiqiyə, saza sevgisi kimsəyə
sirr deyil, amma mən müsahibə zamanı bunun canlı
şahidi oldum.
Müsahibə üçün oturduğumuz məkanın
yanındakı otaqda başqa bir aşıq öz şəyirdi
ilə dərs keçirdi.
Səs ara-sıra bizim otağa da gəlib
çatırdı. Bu zaman sazın səsini eşidən
İlham müəllimin gözlərində ilahi bir
işıq parlayır və o, sözünü
yarımçıq kəsib sazın səsinə qulaq verirdi.
Diqqətlə
onu dinləyirəm, çünki bilirəm ki, bu ecazkar səsin
sehri ilə ustad danışdığı söz bir tərəfə,
harda olduğunu, nə məqsədlə burada olduğunu da unudacaq...
- Söhbətimizə
elə Sizin sazla-sözlə
tanışlığınızdan başlayaq...
- Mən
səkkiz yaşımdan əlimə saz almışam, ustad
yanına getmişəm. Ustadım rəhmətlik
Aşıq Kərəm İncəli idi. Onun
ustadı da rəhmətlik Aşıq Kamandar olub. Orta məktəbi bitirənə kimi ondan dərs
aldım. Sumqayıta gəldikdən sonra N.Nərimanov adına Mədəniyyət evində fəaliyyət
göstərən bir dərnəyə müraciət etdim. Yaşımın azlığını görüb
müəllimlər mənə elə də diqqət yetirmək
istəmədilər. Ancaq sazı çalıb-
oxumağa başlayanda məndəki istedadı gördülər,
məktəb keçdiyimi bildilər və beləliklə, mən
Sumqayıtdakı iki dərnəyin (C.Cabbarlı və N.Nərimanov
adına Mədəniyyət evlərində)
də fəal üzvünə çevrildim. Sonradan
Azərbaycan Texniki Universitetinə daxil oldum. Bu müddətdə aşıq sənətinə
fasilə verməli oldum. Düzü, fikrim
istiqamətimi dəyişmək idi.
- Belə
görünür ki, mümkün olmayıb...
- Bəli.
Universiteti bitirdikdən sonra zavodda işə
düzəldim. Ancaq iş elə gətirdi ki, müəyyən
səbəblərdən zavoddan uzaqlaşmalı oldum, daha
doğrusu, məni məcburi məzuniyyətə göndərdilər.
Elə yaxşı da ki, belə oldu. Ondan sonra yenidən qayıtdım öz sənətimə.
Əslində, bu sənət həmişə həyatımda
idi. Amma ondan sonra daha ciddi məşğul
olmağa başladım.
- O dövrdən indiyə nə dərəcədə
dəyişiklik olub?
-
Çox böyük dəyişikliklər var. Biz o dövrdə
əlimizdə saz küçədə gedə bilməzdik. Bizə geridəqalmış kimi baxırdılar,
lağa qoyurdular. İndi isə
aşıq sənəti çox böyük dəyər
görür. Bu dəyər birinci növbədə
dövlətimizin diqqət və qayğısının nəticəsidir.
Təsadüfi deyil ki, Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
aşıq sənətimiz UNESCO-nun İrs Siyahısına
düşdü. Getdikcə də bu diqqət
artmaqdadır. Hətta deyə bilərəm
ki, məhz bu dövlət diqqət və
qayğısının sayəsində mən indi həyatdayam,
yaşayıram.
- Bu necə
olub, maraqlıdır...
- Bir dəfə
Aşıq Ələsgərin 175 illik yubileyi ərəfəsində
Ulu Öndər Heydər Əliyev bu yubileyin dövlət səviyyəsində
keçirilməsi ilə bağlı sərəncam
vermişdi. Sumqayıtda bütün
aşıqları arayıb-axtarırdılar. Mən o zaman
yataqxanada yaşayırdım, özüm də yamanca xəstə
idim. Heç xəstəliyimi öyrənməyə,
doğru-düzgün müalicə almağa maddi imkanım da
yox idi. İcra Hakimiyyətindən mənə
zəng elədilər ki, tədbirdə iştirak etməlisən.
Dedim, xəstəyəm. O tədbirə
görə mənə həkim gətirdilər, müalicəmi
təmənnasız etdilər və mən sağalıb
konsertə çıxdım.
-
Aşıq sənətinin müasir təqdimatından necə,
razısınızmı?
-
Düşünürəm ki, indiki dövrdə bu sənətin
təqdimatı düzgün deyil. Aşıqlar
arasında lazımsız intriqalar, ən xırda
narazılığın şoulaşdırılması
baş alıb gedir. Bundan başqa,
qısqanclıqlar da var. Bu qısqanclıqlar həmişə
olub və mən həmişə bunu hiss etmişəm.
Amma səbəbini və nəyə gərək
olduğunu anlamaqda hələ də çətinlik çəkirəm.
Yüngül şou elementləri, əlbəttə,
mənə xoş deyil. Çünki bu,
saza, aşıq sənətinin sanbalına yaraşmır.
Amma mən heç kimin yaxasından tutub "onu et, bunu etmə"- deyə bilmərəm. Mən
sadəcə fikir bildirirəm, nəzərə alan alsın, almayanın yenə də öz
işidir. "Aşıq", "ozan", "saz"
sözlərindəki sanbalı duyan, hiss edən, dərk edən
insanlar onsuz da o şouya getmirlər. Bizim hər birimizin bir
amalı olmalıdır: vətəninə, millətinə,
dövlətinə layiqincə xidmət etmək. İşindən, vəzifəndən, adından
sui-istifadə etmək kimsəyə başucalığı gətirməz.
Savadsız cahilə elm verərsən, öyrədərsən,
gələcəkdə ondan aqil bir insan yetişə bilər.
Vay o gündən ki, alim cahil ola. Bax, ona heç nə ilə əlac edə bilməzsən,
belələri cəmiyyətin, bəşərin bəlasıdır.
- Aşıq sənətinin müxtəlif
musiqi alətləri ilə sintezinə necə
baxırsınız?
- Həddini
aşmadan müasirlik adına atılan hər
bir addım təqdirəlayiqdir. Biz
aşıqlar da sazı hazırkı dinləyici
üçün ifa etməliyik. Biz bunu dərk
etməliyik ki, artıq klassik aşıq havalarını dinləyən
insanların sayı lap azdır. Zaman
heç birimizi gözləmədən sürətlə irəliləyir
və biz də bu zamanla ayaqlaşmağa borcluyuq. İnsanlar, ətraf, cəmiyyət müasirləşir.
Bəs biz niyə keçmişdə qalaq?
Axı, onda bizi dinləyən olmayacaq, sazı
sevən olmayacaq.
- Bildiyim qədərilə, tez-tez
xarici ölkələrdə səfərlərdə, el şənliklərində
olursunuz. Ən çox hansı ölkələrdən
dəvətlər alırsınız?
- İrana, Gürcüstana, bəzi hallarda Rusiyaya dəvətlər
alıram. Amma bunların arasında ən çox bizi həqiqi
klassik aşıq kimi- yəni, keçmişdə olduğu
kimi görmək istəyən İrandır. İran ozan sənətindən kənar deyil.
Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi ustad
aşıqlar oranın yetirmələridir.
- İranlılar deyəndə
oradakı soydaşlarımızı nəzərdə
tutursunuz, yoxsa farsları da?
- Elə
hər ikisini nəzərdə tuturam. Mən
Əhərdə toyda olanda Tehrandan ora məhz bizi dinləməyə
qonaqlar gəlmişdi. Mən orada bu sənətə
qarşı gördüyüm sevgini başqa heç bir yerdə
görməmişdim.
- Yəqin
ki, maraqlı hadisələrlə də
qarşılaşmısınız...
-
Çox olub. İlk dəfə İrana toya dəvət
alanda bərk xəstə idim. Məni ora
Böyükbəy adlı bir dostumuz dəvət etmişdi.
O da həm orada, həm burda aşıq sənətinin
inkişafı üçün çox mühüm işlər
görmüş ziyalılardandır. Mən ona dedim ki,
çox xəstəyəm, gələ
bilməyəcəm. Cavab verdi ki, siz nə
danışırsınız, bir bilsəniz, sizi burada necə
həyəcanla, sevgi ilə gözləyirlər. Qurbanlıq heyvanı qapıya bağlayıblar, bəsləyib
böyüdürlər ki, siz gələndə
ayağınızın altında kəssinlər.
Düzü, inanmadım, dedim, mən qurban
kəsiləcək dərəcədə nə etmişəm
axı... O dedi ki, gəl, görəcəksən. Həmin gecə çox narahat, fikirli yatdım, gedib
getməməkdə tərəddüd keçirirdim. Gecə
yuxuda gördüm ki, başımın üstündə
çox gözəl, ağ, üzündə
qara xalları olan bir heyvan dayanıb. Yuxudan
durdum və qərar verdim ki, getməliyəm. Ora getdim. Məni toy olan evə
apardılar, qapıdan içəri girəndə
gördüm mənim gəlişimə qurban deyilən
qoç yuxumda gördüyüm həmin heyvandır. Onu görəndə ətim ürpəşdi,
çox qəribə hisslər yaşadım. O heyvan mənim
ayağımın altında kəsildi və mən onun
üstündən keçdim. İnanın səmimiyyətimə,
elə bildim mən heç zaman xəstə
olmamışammış. Bütün xəstəliyim
onunla da keçib getdi və mən toyu yüksək səviyyədə
oxudum. Mənim bu yuxum sazın İlahi
bağlılığının bir göstəricisidir.
Həmin gün gecə saat 3-ə kimi toy davam etdi və
yenidən səhər saat 10-da başlamalı idi. Mənə
yatmaq üçün otaq göstərdilər. Gecəni orada qaldım. Səhər
yuxudan duranda gördüm mən qaldığım
otağın pəncərəsinin qabağı izdihamdır.
İnsanlar ağacların başına, evlərin
damına çıxıb gecə səhərə qədər
məni gözləyiblər ki, aşıq səhər durub
yenidən saz çalacaq, ifa edəcək. Mən onda elə bilirdim təmiz ayrı bir
dünyaya düşmüşəm. Yəni
bu qədər sevgi mümkün idimi? Mən sonralar da bu
sevgini hiss edirdim.
- İran toyları bizim
şadlıq məclisləri ilə çoxmu səsləşir?
- Onların adətləri bizim qədim ənənələrlə, demək olar ki, eynidir. Aşıqlar bizim əvvəlki toylarımızda necə oxuyardılarsa, onlar o cür görmək istəyir aşığı. Aşığa bir ayrı hörmət var orada. Aşıq oxuyanda səs salmazlar, yemək yeməzlər.
Bir maraqlı adətləri var, toy gecəsi qız qaçırmaq. Mən orda olanda gördüm aləmə hay düşdü. Dedim, nə olub? Dedilər filankəsin qızını qaçırtdılar. Bir nəfər də dedi ki, bax gələcəkdə o qızın qaçırılmağından danışanda deyəcəklər ki, Aşıq İlham Aslanbəyli bu kəndə gələndə qaçırılıb o qız.
Onların ən çox yadımda rəqsləri qalıb. Çox gözəl, məlahətli, özlərinə məxsus rəqsləri var.
Bir başqa adətləri budur ki, yaxın məsafələrdə gəlini aşıq gətirər. Bir dəfə məndən onu xahiş etdilər, vaxt azlığından onu eliyə bilmədim, sözlərini yerə salmalı oldum. Hələ də o mənim ürəyimdə qalıb. Mən xatırlayıram ki, belə bir adət keçmişdə bizdə də var idi.
- Ən sevdiyiniz adətləri nədir?
- Bizdə əvvəllər "bəytərifi" var idi. İndi də bəzi kəndlərdə qalır. Bu, onlarda daha təmtəraqlı, daha geniş şəkildə keçirilir. Çox gözəldir. Biz onlarla eyni xalqıq, eyni millətik, elə də böyük fərq yoxdur. Sadəcə onlar kökə daha sıx tellərlər bağlıdırlar.
- Dediniz ki,
aşıq sənətinin qədim formasını görmək
istəyirlər. Mənim də ağlıma dastanlar gəldi.
Dastanlar istəyirlərmi?
- Bəli, dastanlar da eşitmək istəyirlər, çox sifarişlər almışam. Doğrudur, bir dastanı başdan sona qədər söyləmək mümkün deyil, çünki onda başqalarının sifarişləri qalacaq, ancaq dastanlardan müəyyən parçalar söyləyib, nəğmələr oxuyuruq.
- Gürcüstanın
da adını çəkdiniz. Orada toylar necə keçir?
- Gürcüstan, Borçalı ustad
ocağı, ozan beşiyidir. Orada uşaqlığımdan toylarda
olmuşam. Onlarda sufilik var. Ona
görə də ritmik havalar yox, daha çox ağır
havaları istəyirlər. Onların rəqslərini
izlədikcə sufilərin rəqsləri
düşürdü yadıma.
- Azərbaycanda, İranda və
Borçalıda istənən repertuarda fərqlər
varmı?
- İranda birmənalı şəkildə klassik
aşıq havalarını istəyirlər. Borçalıda
ağır havalara, ağır-ağıryana ritmlərə
üstünlük verirlər. Məsələn,
"Ruhani", "Məmmədbağır" kimi havalar. Bakıda isə daha çox Şirvan aşıq
mühitinin repertuarından istəyirlər.
- İndiki gənc
aşıqların fəaliyyətindən
razısınızmı?
- Razı olduğum gənclər var. Adlarını da çəkə bilərəm. Məsələn, aşıq Şəhriyar Kərimov çox məsuliyyətli, istedadlı, hər zaman öyrənmək eşqi ilə alışıb yanan gəncdir. Şəhriyar sənəti, sənətkarı sevən insandır. Onun içində zərrə qədər də həsəd, paxıllıq yoxdur. Çünki onun buna ehtiyacı yoxdur. Məndən ən çox söz istəyən, şeir istəyən gənclərdən biri məhz odur. Tam məsuliyyətlə deyə bilərəm ki, Şəhriyar bu gün üçün, sabah üçün, özü üçün yox, məhz bu sənət üçün yaşayır. Ona pul qazanmaq o qədər də maraqlı deyil. Olsa da, olmasa da, o öz sənətindədir.
Tələbəm aşıq Orxan Qazaxlı da ümidverici gənclərdəndir.
Elməddin Məmmədli həm gözəl aşıqdır, sənətkardır, həm də bacarıqlı müəllimdir. Xanımlardan Əfsanə Kərimli, Dərya Mərdanzadə həm səsləri, həm də saz ifaları ilə çox istedadlı gənclərdəndirlər. Dərya Cəbrayıldandır. Maraqlıdır ki, hərdən deyirlər Cəbrayılda sazmı olub? Amma bizim ozan sənətinin dədəsi hesab etdiyimiz Aşıq Qurbani məhz Cəbrayıldandır.
Adını çəkdiyim və çəkmədiyim çox istedadlı gənclər var ki, mən onlara baxanda düşünürəm ki, aşıq sənəti etibarlı əllərdədir. Onlar var olduqca, bu sənət də var olacaq, daha da inkişaf edəcək.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 26 may.- S.8.