“Gəl gör, məni
eşq neylədi...”
“AŞKA
YOLCULUK”DAN ALINAN TƏƏSSÜRAT
Eşq nədir? Əminəm, bu sualı kimə
ünvanlasaq, hərə
öz düşüncəsinə,
mənəviyyatına uyğun,
fərqli cavablar verəcək.
Mən isə dünəndən sonra bu sual qarşısında
sadəcə susmağı
üstün tuturam. Çünki
dünən bir qrup aktyor Azərbaycan
Musiqili Teatrın səhnəsində bu sualı nəinki sözlə cavablandırdılar,
hətta o cavabı göstərdilər də...
Söhbət böyük mütəfəkkir,
humanizm carçısı,
Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, ilahi eşq yolunda özünü axtaran mənəviyyat memarı Yunus Əmrənin həyatından
bəhs edən “Yunus Emre - Aşka
yolculuk” tamaşasından
gedir. Bakı Yunus Əmrə
İnstitutunun təşəbbüsü
və ssenarisi ilə hazırlanan tamaşada institutun teatr klubunun üzvləri və azərbaycanlı professional aktyorlar
rol alıblar.
Bu zamana qədər
getdiyim teatrlar, tamaşalar içərisində
ilki idi ki, əyləşməyə
yer tapa bilmirdim. Halbuki gecikməmişdim. Teatrdakı izdiham artıq bir neçə dəqiqə sonra bizim bu səhnədə
nələrlə qarşılaşacağımızın
bir xəbərçisi
idi. Tamaşaçıların böyük əksəriyyətini
isə gənclər təşkil edirdi. Yunus Əmrə kimi bir şəxsiyyətə
gənclərin marağı,
sevgisi ayrıca sevindirici bir haldır.
İzdihamı birtəhər yarıb əyləşməyə yer
tapıram və elə həmin an səhnədəki balaca bir araba diqqətimi
çəkir. Araba sanki dil açıb
pıçıldayır: “Mənimlə birgə 700 il öncəyə dönməyə - zamanda yolculuğa hazırsanmı?”
Özümdən ixtiyarsız
diqqət kəsilirəm
və işıqlar sönür... Yunus Əmrə ilə
birgə səfərimiz
başlayır. Son ünvanımız
isə bəllidir:
EŞQ!
İlk səfərimiz
Ərənlər kəndinədir. Camaatının əli işdən ayrılmayan bu böyük kəndin bir dənə də olsun qəbristanlığı
yoxdur. Kəndin cavanlarından öyrənirik
ki, burada insanlar ölüm deyə bir şeyi
qəbul etməzlər,
doğularlar, yaşayarlar
və zamanı çatanda dönüşü
olmayan bir səfərə çıxarlar.
Onların yerinə isə
başqaları doğular.
Burada insanlar pislik, şər, qorxu, yalan nə olduğunu
bilməzlər. Ancaq onların
bilmədiyi o şər
bir gün onları da haqlayar və bütün kənd faciə nəticəsində
məhv olar.
Səfərimiz boyunca bizə bələdçilik edən
Yunus Əmrə ilahiləri ecazkar bir aləm yaradır. Getdikcə bu
ilahilər nəticəsində
səhnə ilə zal arasındakı məsafə gözümüzün
önündəcə yox
olur. Artıq tamaşaçılar da bu səfərin
bir yolçusuna çevrilir.
Gəlib çıxdıq Yunus Əmrənin mürşidi
Tapdıq Əmrənin
dərgahına. Artıq sorağında olduğumuz
o eşqin qoxusunu bu mübarək insanın söhbətlərində
duyuruq. “Könül dediyin bir ayna...Sevənlər
özlərini orda görərlər...”- deyilən
dərgahda Yunus Əmrə özünü
tapır.
Tapdıq
Əmrə deyir: “Leyladan keçmədən
Mövlaya çatmaq olmaz”. Yunus Əmrə də
burada Leylasını tapır- mürşidinin qızı Bacım Sultana
aşiq olur. Tamaşa boyunca bu eşq
nəticəsində onun
təmizlənməsinin, saflaşmasının
şahidi oluruq.
Səfərimiz uzandıqca uzanır - müxtəlif məkanlar,
müxtəlif insanlar
və nəhayət, illər sonra yenidən Tapdıq Əmrənin dərgahı. Ancaq bu dəfə ruhən daha saf, daha təmiz...
Tamaşa boyunca diqqətimi çəkən bir başqa nüans isə uşaqların oyunu olur. Azərbaycan Dövlət
Kukla Teatrının nəzdində fəaliyyət
göstərən “Oyuq”
teatr-studiyasının balaca
aktyorları bu ağır, mənəvi cəhətdən insanı
sarsıdan tamaşaya
bir şirinlik, saflıq qatmışdılar.
Hər bir uşaq öz
rolunu elə dəqiqliklə, şövqlə
oynayırdı ki, heyrətlənməmək mümkün
deyildi.
Saat yarımlıq
tamaşanın möhürü
isə sonda Yunusla Bacım Sultanın kəbin səhnəsilə qoyulur. Sanki bu kəbin uzun,
məşəqqətli, əzablı
yolculuğdan sonra Yunus Əmrənin İlahiyə qovuşmasının
simvolik göstəricisidir.
Beləcə, eşqə yolculuğumuz
tamamlanır,
işıqlar
yanır və bizi o sirli-sehrli dünyadan real həyata dönmək məcburiyyətində
qoyur. İnsanlara baxıram, hər
kəsin çöhrəsində
bir huzur, bir məmnunluq var, sanki özlərinin
aşa bilmədikləri
700 illik bir məsafəni davamlı alqış sədaları
ilə yarmağa çalışırlar. Hər alqış bir inamdır: bəlkə heç olmasa səsin sürəti ilə bu eşq yolçusuna
yetmək olar deyə.
Öz təəssüratımı
elə oradaca bir neçə nəfərlə bölüşür
və həmsöhbətlərimin
fikirlərini öyrənirəm.
Bakı
Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım
tamaşa haqqında deyir: “Belə bir tamaşa hazırlamaq,hər şeydən öncə, bizim borcumuzdur. Adı ilə dünyada tanındığımız, 48 ölkədə sayılıb
öyündüyümüz böyük şəxsiyyətə
minnətdarlığımızın ifadəsidir. Yunus Əmrə, 700 ildən bəridir ki, səlis, rəvan türkcəsi ilə hələ də oxunan, insanların beynində, ürəyində
yer alan
böyük şairimizdir.
Bizim bu gün etdiyimiz
onun xidmətləri qarşısında zərrə
belə deyil. Amma biz yenə də bacardığımız qədər
əlimizdən gələni
etməyə çalışdıq.
Bu tamaşada əsas məqsədimiz Yunus Əmrə fəlsəfəsini, onun qardaşlıq mesajlarını
gənclərimizə, cəmiyyətimizə
aşılamaqdır. Elə tamaşa boyunca da onun şeirləri,
ilahiləri səsləndirildi.
İnsanların marağı, sevgisi
çox gözəl idi. Ümid edirəm ki,
bu tamaşa bu səhnədə hələ çox oynanılacaq”.
Yunus Əmrənin mürşidi şeyx Tapdıq Əmrəni canlandıran Əməkdar artist Pərviz Məmmədrzayevin gözlərində elə bir işıq parıldayır ki, sanki canlandırdığı obraz çöhrəsində iz salıb: “Bugünkü tamaşa elə insanlardan bəhs edir ki, onların səviyyəsinə çatmaq hər kəsə nəsib olmaz. Mənim bu rola təyin olunmağım sənətimə çox böyük bir qiymətdir. Hətta deyərdim ki, bu mənə, lazım olandan da artıq dəyər verilməsidir. Düzdür, əslində, çox plastik hərəkətlər etmədik, çalışdıq ki, niyyətimizi, fikrimizi Allahın ilk yaratdığı nemətlə - Sözlə çatdıraq. Bacardığımız qədər öhdəsindən gəlməyə çalışdıq. Nə qədər alındı, onu artıq tamaşaçı deyə bilər. Mən təkcə bunu deyim ki, sonsuz zövq aldım”.
Tamaşaçılar arasında aktrisa Ülviyyə Əliyeva diqqətimi çəkir və onun qənaətini dinləyirəm: “Hələ tamaşanın təsirindən çıxa bilməmişəm. Uzun müddət idi, zaldan tamaşa izləmirdim, işimlə əlaqədar həmişə səhnədə oluruq və bizi izləyirlər. Bu gün bu tamaşa ilə bütün stressim, yorğunluğum sanki uçub getdi, ruhum dincəldi. Rejissor və aktyor işi, hamısı mükəmməl idi. Xüsusən, sonuncu səhnə çox təsirli alınıb. Saat yarım ərzində yaşadığım hissləri sözlə dilə gətirmək mümkün deyil. Bütövlükdə yaradıcı komanda bu çətin işin öhdəsindən çox yüksək səviyyədə gəlib”.
Beləcə, “Aşka yolculuk” xəttilə hüdudsuz mənəviyyat aləminə səfərimiz yekunlaşır və mən çıxış qapısında böyük səbrsizliklə aktyorları gözləyən izdihamı yarıb özümü sərin may gecəsinin qoynuna atıram. Həm də bu dəfə ruhən daha saf, daha təmiz...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-27 may.-S.13.