Camal Kamal: Dünya 60-cılarının
görkəmli özbək nümayəndəsi
Özbəkistanın Xalq şairi, filologiya elmləri namizədi Camal Kamal 1938-ci ilin bir yaz səhərində - bənövşə qoxulu aprel ayında Özbəkistan Respublikasının Buxara Vilayətinin Şafirkan rayonunun Çikaron kəndində anadan olub.
İbtidai
məktəbi doğma kəndlərində, sonra isə
Çandırda Əbu Əli ibn Sina adına
orta məktəbi bitirib və nəhayət Buxara Dövlət
Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil
alıb (1959).
Gənc Camal Kamal birinci kursda oxuyarkən şairə
Zülfiyyə ilə Buxarada, xüsusən həmin institutda
görüş təşkil edilmişdi. Tələbələrlə görüş zamanı Camal
Kamal "Cəmilə" adlı kiçik həcmli
poema-şeirini oxudu. Bu, Zülfiyyənin
xoşuna gəldi. Şeir aləminə
yeni qədəmlərini basan bir şair üçün bu,
böyük yaradıcılıq uğuru idi. Aradan bir az ötmüş həmin poema-şeir "Gənc
leninçi" qəzetində dərc edildi. Sonralar gənc şair "Şərq
ulduzu"nun səhifələrində göründü. Beləliklə, ədəbi aləmə bir ana
xeyir-duası ilə ayaq basdı.
Özbəkistanın
xalq şairi Şukrullanın qeydlərindəndir: "Zənnimcə,
60-cı illərin əvvəlləri idi. Buxaralı
şair Camal Kamalın bir silsilə şeirləri "Şərq
ulduzu"nda dərc edilmişdi. Tanımadığım
gənc şairin şeirləri məni o dərəcədə
sehrlədi ki, uzun müdddət o müəllif haqqında
düşündüm. Bu şeirlər
özbək poeziyasına yeni bir istedadın gəlişindən
xəbər verirdi".
Camal Kamal nənə qucağında, nənə
layla-bayatısında, nənə məhəbbətində
böyüyüb. Əslində, Məhtabbibi nənənin dərdli
zümzümələri onun körpə ürəyinə
sığal olub, üç aylıq olanda atasını
"xalq düşməni" damğası ilə, daha sonra
6 yaşında anasını itirən Camal Kamal
üçün bu, acı nəğmələrin dadı məlhəm
idi. Çünki ürəyinin gizli yerində aradığı valideyn
mehrini məhz bu bayatıların ruhunda, nəfəsində
tapırdı.
Kimsə
atasıyla görüşən zaman,
Baxıb məyus-məyus boyun bükərdim.
Ağrılar,
acılar keçdi qəlbimdən,
Min dərdə qatlaşdım hər səhər-axşam.
"Salam,
ata!" deyib, bircə dəfə mən,
Atılıb
boynuna sarılmamışam,
Böyüdüm,
düşmədi dilimdən adı,
Gözümdə yurd saldı möhnət, dərd-haray.
Eh, mənə
bir yol da qismət olmadı,
Qoyam qabağına bir piyalə çay.
İlk
şeirlər - "Aləm girər ürəyimə"
adlı əl boyda kitabı (1968) ilə gənc Camal Kamal
qəlbinə cahan sevgisini bənd etdi. Nikbin
ruhlu şeirləri ilə acı uşaqlıq illərinin
poetik rəsmini çəkib.
Gərək
açmayasan dünya sirrini,
Açsan son qoyular neçə sehrinə.
Bəli, pünhan dünyanın sirr-sehri onun məsum,
körpə könlündə beləcə yuva saldı.
Camal Kamalın bu gün 80 yaşından dönüb
arxaya baxıb ömürlüyünü vərəqləyəndə
zəhmət dolu, söz dürləri ilə zəngin xəzinə,
çox şərəfli, şöhrətli səhifələrin
şahidi olacağıq.
Özbəkistanın
xalq şairi (1992), Özbəkistan Yazıçılar
Birliyinin üzvü, 1970-1972-ci ildə Özbəkistan
Respublikasının Buxara Vilayəti üzrə
Yazıçılar Birliyinin məsul katibi, 1972-1986-cı illərdə
Özbəkistan Milli Elmlər Akademiyasının aspirantı
və elmi əməkdaşı, dünya söz incilərinin
özbək dilinə tərcüməçisi olub.
Lirik şeirlər üzərindən elmi
araşdırmalar apararaq, 1971-ci ildə "Lirik poeziyada
kompozisiya" mövzusunda namizədlik dissertasiyasını
müdafiə edib.
Camal Kamalın yaradıcılıq səhifələrini
izlədikcə, onun şairliyi, alimliyi və tərcüməçilik
sənəti yanbayan - paralel xətlə inkişaf edib. Dünyaya poetik
baxışı onu şairlik taxtında qərarlaşdırıb,
o taxtda seyr etdiyi lirik incəliklərin sirrini, fəlsəfəsini,
dərinliklərini, eşqini, rəngini, ahəngini elmi-nəzəri
tədqiqlər üzərindən
arayıb və bunları daha dərindən anmaq, incələmək
üçün dünya ədəbiyyatı meydanına daxil
olmaq zərurətini dərk edib. Özünü bu
ağır, məsuliyyətli yolun yolçusu edərək böyük hərflərlə
yazılacaq, ədəbiyyat tarix səhifələrinə həkk
olunacaq, həm şair, həm alim, həm də tərcüməçi
ustad kimi fəxr ediləsi bir ziyalı ömrü qazandı -
ŞƏXSİYYƏT kimi yetişdi.
Bacarsan,
ismətin təsvirini ver,
Sonra nəzakətin surətini çək.
Bunu
bacarmasaq, yurdun, ulusun
Qəlbini kağıza nə cür köçürək?
Gör
hara yüksəlib qızıl kəhkəşan...
Görə bilərsənmi, təkcə göz ilə?
Sən əlində
fırça, baxırsan heyran,
Mən də verəmmədim onu söz ilə.
Bu sətirlər də məhz dünya sirrinə
aşiq olan lirik mənin etirafıdır.
Camal
Kamalın biri-birinin ardınca "Zirvələrə nur
düşür" (1971), "Həsən və ay"
(1974), "Günəşin çeşməsi" (1975),
"Qədəh" (1980), "Dastanlar" (1978), "Təfəkkür"
(1979), "Ümidli dünya" (1988), "Süvayda"
(1983) və bir çox kitabları nəşr edildi. O, ana vətənini
sevən bir ziyalı kimi böyüyüb. Özbək ədəbiyyatı
və tarixinə dərin bir sevgiylə bağlanır,
şeirlərinin lirik qəhrəmanları tarixi şəxsiyyətlərdir:
Əmir Teymur, Mirzə Uluğbəy, Zəhirəddin Babur,
Əlişir Nəvai və başqaları. Onların
həyatlarını, elm və əsərlərini öyrənərək
həyatı, dünyanı öyrənir, zəhmətin,
şöhrətin, namus-şərəfin yolunu bələdləyir.
Böyük
Nəvainin baş lüğətində
Nə qədər
mətləb var - gizli və aşikar
Sözlərin
kəhkəşan səltənətində
Süveyda söylənən bir anlam da var.
Səmərqənddə
Mirzə Uluğbəyin tarixi məkanını ziyarət edərkən
yazdığı -
Külək
Qurğanını dövrələmişdir,
Saçları pərişan məcnun söyüdlər.
Səmaya
uzanmış əllərdi bu yer,
Saçları pərişan sənəmə bənzər.
Bu mənzil
yer deyil, səma tacıdır,
Bu elmin
ocağı,bilik xəzinəsi,
Göylərin
ən böyük yer dayağıdır,
Mirzə
Uluğbəyin Rəsədxanası
- kimi sətirlərdə lirik duyğular dənizinə
dalaraq elm qapısını bir ibrət, öyüd, nəsihət
məktəbi deyə oxucuna tövsiyə edir.
Camal Kamalın yaradıclığında klassik poeziya ilə
müasir şeirin vəhdətini,
uzlaşdığını, bir-birinin davamını, idrak dərinliyini
sezirik. Şeirin müxtəlif şəkil və
janrlarında qələm işlədən sənətkarlardandır.
Onun qəzəlnəfislikdəki təcrübəsi
əlahiddə diqqətə malikdir. Ululardan
oxuyub öyrəndiyi sadəliyi, nəfsi toxluğu, səmimiliyi,
insanlığa məhəbbəti lirik səpgidə təsvir
edir.
Ayə,
dostum, sənin mehrin
Mənim
mülki-pənahım,
Güvənsəm
-qəhqəhəm,
Həsrət - ciyərdə odlu ahımdır.
"Hər halda qabiliyyət insanın təbiətində
doğulur. Ədəbiyyata məhəbbət mənim
qanımdadır. Məktəb və kitab isə ona od verib atəşləndirdi. Ə.Nəvai
hikmətləri, rübailəri, qəzəllərini ilk dəfə
elə o illərimdə ürəyimə kilidlədim. Onlar vasitəsilə əruzun ahəngi ruhuma endi.
Muqimi, Furqət qəzəllərini sevərək
oxudum. Məktəb illərimdə Qoqolun
"Mirqorod", Puşkinin "Kapitan qızı", Mark
Tvenin "Tom Soyerin macəraları", Jül Vernin "On
beş yaşlı kapitan" kitablarını, daha sonra
Şekspirin "Hamlet" əsərinin oxudum".
Camal Kamala görə, hər kəsdən ucada bir parlaq
məşəl - Nəvai var. O, digər şairlərin
ustadı olsa da, Nəvaini pir deyə
yaradıcılığına çıraq tutdu. Camal Kamal bu
inamlara, ümidlərə söykənib ədəbiyyat
yolunda qorxusuz-ülküsüz, amma məsuliyyətlə,
ehtiyatla, səbrlə irəlilədi.
Şairin "Günəş çeşməsi"
poeması, aşiqanə, ictimai və fəlsəfi qəzəlləri
aktual məzmunu ilə həmişə oxucularının məhəbbətini
qazanıb.
Şeiriyyət
qəlbimdə saf duyğu ikən,
Duyğum bu dünyaya bir güzgü ikən.
Üfüqlər
ardından doğanda səhər,
Bolqar diyarına eylədik səfər.
Neçə
dost-aşnayla yoldaş idim mən,
Sanki
hamı ilə sirdaş idim mən...
Könlümdə
var idi bir özgə həvəs,
Torpaq ətri ona eyləmirdi bəs.
Gül-çiçək,
əlvandı, üfüq saf idi,
Yer
üzü yamyaşıl, göy şəffaf idi.
Camal Kamal və Azərbaycan. Görkəmli sənətkarın
yaradıcılığının Azəərbaycan səhifəsi
qədim köklərə bağlı zəmin üzərindən
rəng alaraq zəngin, əhatəli və tarixidir.
İlk olaraq deyim ki, Camal Kamal şeirləri Azərbaycan
oxucularına çoxdan məlumdur. Vaxtilə özbək
şeirlərini Azərbaycan dilinə daha çox tərcümə
edən Əhəd Muxtar və Xəlil Rza idi. Camal Kamalın da bir xeyli şeirləri bu iki söz
sərrafının tərcüməsində dilimizə
çevrilmişdir. Ötən əsrin
80-ci illərinin ortalarında "Ədəbiyyat və incəsənət"
qəzetində Bəxtiyar Vahabzadənin tərcüməsində
şairin "Bir danə, bir danə" rədifli qəzəli
və "Uluğbəy" şeiri dərc olunmuşdu.
Eyni zamanda, xalq şairi B.Vahabzadənin qeydlərini
nəzərinizə yetirmək istərəm "qələm
dostum, Azərbaycan ədəbiyyatından da bir neçə
nümunəsini, o cümlədən bu sətirlərin müəllifinin
(B.Vahabzadə nəzərdə tutulur - A.Ü.) bir sıra əsərini
eyni məsuliyyətlə özbəkcəyə
çevirmişdir.
Bu çalışmalar sonralar kitab oldu. Azərbaycanın xalq
şairi Bəxtiyar Vahabzadə C.Kamalın Azərbaycanda nəşr
edilən "Günəş çeşməsi"
(Bakı, "Yazıçı" 1989,119 səh.) adlı
kitabına yazdığı ön sözündən bəzi
qeydləri nəzərinizə yetirmək istərdim: "...Mən
Camal Kamalın əsərlərini imkan olduqca dilimizə
çevirmək və bu əsərlərdən ibarət
kitab buraxmaq fikrinə düşdüm. Bu arzumu
özbək dilini yaxşı bilən qələm
yoldaşlarımdan Xəlil Rza ilə Əhəd Muxtara
bildirdim və biz bu çətin, lakin şərəfli
işə başladıq. Bu gün Azərbaycan
oxucularına təqdim etdiyimiz bu toplu həmin arzunun nəticəsidir.
Qardaş özbək ədəbiyyatının fərhadlarından
biri Camal Kamalın kitabını bu gün Azərbaycan
oxucularına təqdim etməyi özümə şərəf
sayıram".
Kitaba daxil edilmiş şeirlərdə vətənpərvərlik,
mənəvi saflıq, haqqa-ədalətə
çağırış və incə lirizm onun şeirlərinin
qayəsidir. Poemalarında isə qardaşlıq, dostluq, insana
qayğı və ehtiram motivləri xüsusi yer tutur.
Kitabda 53 şeir (6 şeir B.Vahabzadənin, 16 şeir Xəlil Rzanın və
31 şeir Əhəd Muxtarın tərcümələrində),
"Günəş çeşməsi" və “Mənə
ağır gəlir" adlı iki poema (hər ikisi Əhəd
Muxtarın tərcüməsində) təqdim olunub.
Həmin
kitabdan nümunə olaraq bir şeiri diqqətinizə yetirmək
istədim:
Yaslanıb
qalmışdı aləm bir ölü ümman kimi,
Zalımın,zülmün əlində çöhrəsi
pozğun, xarab.
Nagahan
qopdun bu aləm içrə bir tufan kimi,
Inqilab, ey
inqilab!
Yer
üzündə neçə xalq, millət qalıb, halı
yaman,
Taleyilə
oynamaqda bir sürü mənfur cənab,
Sən
davam et, sən davam et, sən davat et,
hər
zaman,
İnqilab, ey inqilab!
Qalmasın
ta ki, əsarətdən,səfalətdən
əsər,
Doldur bu dünyanı nurla, ey münəvvər afitab.
Sənə
təşnə, sənə möhtac, sənə vurğundur
bəşər,
Inqilab, ey
inqilab,
Ey inqilab!
Hələ sovet cəmiyyətində
yaşadığımız bir zamanda belə bir mövzuda
şeir yazmaq hünər tələb edirdi. İçində
yaşadığı ağrı-acıya, onu törədən
cəmiyyətə nifrət, bu nifrətdən doğan
qığılcım mübarizlik hissi, ölümün
gözünə dik baxış, intiqam alovu idi. Şeirlərində
də göründüyü kimi, ömrü boyu ata-ana həsrətindən
qovrulan cavan bir şairin inqilab harayı, üsyanı səbəbsiz deyildi.
Şeiri Azərbaycan dilinə 80-ci illərin
axırlarında Əhəd Muxtar tərcümə edib.
Özbək
ədəbiyyatını, şeirini tədqiq və tərcümə
edən xalq şairi Xəlil Rza Ulutürk "Turan çələngi"
kitabına
şair Camal Kamalın 10 şeirini tərcümədə
daxil edib. Xəlil Rza ruhuna yatan bu şeirlərin
də tərcümə tarixi 80 - ci illərin ikinci
yarısına təsadüf edir. Həmin kitabda Camal
Kamal belə təqdim edilir: "Alim və şairdir.
Özbəkistan
Elmlər Akademiyası Puşkin adına
(hazırda Nəvai adına) Ədəbiyyat və Dil
İnstitutunun baş elmi işçisidir. Tənqidçi
və tərcüməçidir. Azərbaycanca,
tatarca, türkməncə, qırğızca,
başqırdca, türkcə gözəl bilmiş, onların
ədəbi nümunələrini özbəkcəyə
çevirmişdir. 1985-ci ildə Azərbaycan
Dövlət Dram Teatrında 60 illiyi qeyd olunmuşdur. Əsərləri yapon, ingilis, fransız, alman dillərinə
tərcümə edilmişdir".
Bəxtiyar
Vahabzadənin Camal Kamal yaradıcılığına olan məhəbbətinin
qarşılıqlı cavabını da diqqətinizə
çatdıra bilərik: ötən il Daşkənddə şairin 90 illik
yubileyinə həsr olunmuş "Azərbaycan
poeziyasının klassiki - Bəxtiyar Vahabzadə" adlı
məclisdə Camal Kamal şairin şeirlərini özbək
dilində səsləndirib. Bəxtiyar Vahabzadənin
türk dünyası üçün böyük şəxsiyyət
olduğunu bildirən Camal Kamal onun əsərlərini özbək
dilinə tərcümə etdiyini və bundan qürur
duyduğunu deyib.
Eyni
zamanda, Azərbaycan ünvanlı şeirlər Camal Kamalın
tərcüməsində özbək oxucularının
ixtiyarına verilib: Bəxtiyar Vahabzadənin Məhəmməd
Füzuliyə həsr etdiyi "Şəbü hicran", Xəlil
Rza Ulutürkün Nəsimiyə ithaf etdiyi "Fəryad"
poeması və bir sıra şeirlərini özbək dilinə
tərcümə edib.
Azərbaycan
mədəniyyətini çağdaş günümüzdə
Özbəkistanda ləyaqətlə təbliğ edən
Samir Abbasovun yazdığına görə, "Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
təşəbbüsü ilə dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" əsərinə
daxil olan bütün poemaların özbək dilinə tərcümə
edilməsi haqqında Camal Kamalla razılıq əldə
olunub. Artıq Şeyx Nizami Gəncəvinin
poemaları "Sirlər xəzinəsi" və "Leyli və
Məcnun" özbək dilində işıq üzü
görmüşdür. Hazırda "İsgəndərnamə"
əsərinin özbək dilinə tərcüməsi üzərində
iş gedir. Əldə olunmuş razılaşmaya əsasən
2018-ci ildə bütövlükdə "Xəmsə"nin tərcüməsi başa
çatdırılacaqdır. Camal Kamalın tərcümələri
özbək dilində forma ilə tam uyğunluq və məzmun
orijinallığı ilə fərqlənir, eyni zamanda,
gözəl dil, cəlbedici üslub və cazibədar ahəngdarlıq
əsərlərə, sanki orijinallıq təsiri
bağışlayır".
Bundan
başqa, Camal Kamal qırxdan çox rus, fars,
ingilis dillərindən əsərlər tərcümə
edib. Onlardan çoxu - dünya klassiklərin
şah əsərləridir.
Təbii ki, belə yaradıcılıq əlaqələrinin
və dünya ədəbiyyatı nümunələrini
mütaliə etməsi təsiri Camal Kamalın
bioqrafiyasında tərcüməçilik səhifəsi
açdı.
Həmin səhifəni izlədikcə orada dünya ədəbiyyatı
şedevrlərinin adları ilə rastlaşırıq: Nizami
Gəncəvi (1141-1209), Şeyx Fəridəddin Əttar
(1145-1221), Mövlana Cəlaləddin Rumi (1207-1273), Uilyam
Şekspir (1564-1616), Stendal (1783-1842), Con Bayron (1788-1824), Onore de
Balzak (1799-1850), Viktor Hüqo (1802-1883), Lev Tolstoy (1828-1910),
Mixayıl Şoloxov (1905-1984). Görkəmli
şair bu dahilərin əsərlərini mütaliə etməklə
kifayətlənməyib, oxucularına da, elm-sənət sahiblərinə
də töhfə edir - onların dünyaca məşhur əsərlərini
özbək dilinə çevirir.
Iki il əvvəl
dahi ingilis şairi, dramaturqu Şekspirin vəfatının 400
illiyi münasibətilə 78 yaşlı özbək xalq
şairi Camal Kamal onun əsərlərini ingilis dilindən özbəkcəyə
çevirərək üçcilddə nəşr etdirdi. Camal Kamal yazır ki, "mən Uilyam Şekspirin
Oksfordda çıxan əsərlərini tərcümə
etmək üçün dörd ilə ingilis dilini mükəmməl
öyrəndim. Nəticədə klassik mütəfəkkirin
on iki dramını və sonetlərinin orijinaldan tərcüməsinə
nail oldum".
Cəlaləddin
Ruminin altı cildlik "Mənəvi məsnəvi" əsərinin
tərcüməsinə görə, Türkiyə
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
şair Rumi adına qızıl medalla və İran İslam
Respublikasının dövlət mükafatı ilə təltif
olunub.
Mavlono
Rumiyninq dil s¢zlaridan,
Ajab sarxuş b¢lib keçdi tunlarim.
"Masnaviy"ninq
Xikmat ölduzlaridan
Erişdi,
çarobon b¢ldi
tunlarim...
Fəridəddin
Əttarın "K¢nqil xun b¢ldi,
k¢nqilqa ne derman, K¢nqilni bilmaqan glqa ne
derman?.." fəlsəfəsi işığında sufi
mütəfəkkirin "Məntiq ut-tayr" və
"İlahinamə" əsərlərini, Şair,
hökmdar, islam dininin məşhur təbliğatçılarından
olan Həzrət Əlinin şeirlərini özbək dilinə
çevirib.
Belə fəlsəfi hikmətlər dəryasına qərq
olan insan özü məhz yüksək mənəvi-əxlaqi
və iradəli olmaq keyfiyyətlərinə malik
olmalıdır. Camal Kamal bu haqqa çoxdan, lap çoxdan
sahibdir.
60 yaşında olduğu kimi, 80 illiyində də
şair Azərbaycana dəvət edilmişdir. Ömrünə
ömür qatan dostları ilə bayram ovqatına rəng
qatmaq üçün.
İnanıram
ki, Camal Kamal bu gün dodaqaltı illər əvvəl
yazdığı bir şeirini yenə zümzümə edir:
Bəh-bəh,
nə səadətdi -
Camal
eşqinə sadiq,
Daşkənddə
haray çəkdi,
Buxaraya yetişdi.
Bu sətirlərə bir əlavə edərək deyə bilərik: Daşkənddə çəkilən haray təkcə Buxaraya yox, Bakıya, bütün Şərqə yetişdi, böyük ustad.
Almaz ÜLVİ
Filologiya elmləri
doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri" şöbəsinin
müdiri
525-ci qəzet.-2017.-31 may.-S.8.