Aysel Əlizadədən kitab və klip təqdimatı
Mayın 29-da gənc yazar Aysel Əlizadənin "Qadın peyğəmbər" kitabının imza günü və
"Çərçivə" şeirinə çəkilmiş klipin təqdimatı olub.
Mərasimdə millət vəkilləri, tanınmış sənətçilər
və media nümayəndələri
iştirak ediblər.
Əvvəlcə A.Əlizadə "Çərçivə"
şeiri və klipi haqqında məlumat verib: "Yaxın dostlarımdan biri dedi ki,
bu, klip deyil, kinodur. Çox sevinirəm ki, Fuad Əlişovla bu layihəni həyata keçirdik".
Filmin rejissoru
F.Əlişov klipin yaranmasından danışıb:
"Aysel xanımla görüşəndə yazdığı
kitabları, son yaradıcılıq
yeniliklərilə maraqlandım
və bir neçə şeirini mənə göndərməyi
xahiş etdim. Onların
içindən ən
çox "Çərçivə"ni bəyəndim və klip çəkdim.
Klipdə illərlə tanıdığım
insanın daxili aləmini göstərməyə
çalışmışam".
Sonra klip nümayiş olunub və tədbir iştirakçıları onunla
bağlı təəssüratlarını
bölüşüblər.
Aktyor və rejissor Rza Rzayev
klipi çox bəyəndiyini deyərək,
hər iki müəllifə yeni uğurlar arzulayıb.
Millət vəkili Fazil Mustafa kitab və klip
haqqında yüksək
fikirlər söyləyib. Onun fikrincə, müəllifin
əsərində qadının
dirçəlişi problemi
öz əksini tapıb: "Bir qadının yazar, müğənni, alim olaraq cəmiyyətin həyatına özünü
qəbul etdirməsi çox ağır şərtlərdən keçir.
Bu şərtlərdən keçmək çox böyük cəsarət
tələb edir.
Çox adam
bunu bacara bilmir. Ona görə də
bu cəsarəti göstərən qadınlara
dəstək verməliyik".
Millət
vəkili Adil Əliyev A.Əlizadə ilə fikir ortaqlığından söz
açıb: "Onun
yazılarını oxuyanda
elə bilirəm, biz mövzunu onunla müzakirə etmişik, sonra qələmə alınıb. Yəni o, insanın içindəkiləri
bu qədər dəqiq ifadə edən bir yazıçıdır.
Aysel xanım hətta tənqidi yazılarında
da kübarlığını
qoruyur. Onun yazılarında kimlərisə incidən,
qıcıqlandıran bir
ifadə yoxdur. Çünki o, şəxslərin deyil, problemlərin üstünə gedir, onları qabardır.
İnsan
o yazıları oxuyanda
bir qədər rahatlıq tapır ki, ölkəmizin, xalqımızın bu cür həssas bir xanım ziyalısı var".
Sənətşünas Elçin Əlibəylinin
fikrincə, bu klip müəyyən mənada, A.Əlizadənin
həyat hekayəsidir. Fuad Əlişov
çox istedadlı bir estetik yanaşma
ilə Aysel xanımın taleyini klipdə göstərə
bilib.
Şairə Kəmalə Abıyeva
qızı ilə fəxr etdiyini deyib: "Mən artıq Kəmalə Abıyeva kimi deyil, Aysel Əlizadənin
anası kimi tanınmağımla qürür
duyuram. Sevinir və fəxr
edirəm ki, onun ilk oxucusuyam. Aysel həm televiziya aparıcısı olduğu
dövrdə, həm də yazıçılıq
fəaliyyətində işinə
hər zaman məsuliyyətli yanaşıb".
Tanınmış yazıçı və
tərcüməçi Kamran
Nəzirli A.Əlizadənin
bir şeirinin Londonda qazandığı
uğurdan söz açıb: "Məndən
sonra doğulacaq qadın" süjetli şeirini mən ingilis dilinə tərcümə etmişdim.
Həmin şeir Tərcümə Mərkəzinin
layihəsi olan "Azərbaycan şeiri antologiyası"na salınmışdı. O antologiyanın
Londondakı təqdimatında
ingilislər Aysel Əlizadənin həmin şeirini xüsusi bəyənib fərqləndirmişdilər.
Klipə
gəlincə, burada Azərbaycanın gənc bir yazarının aydın obrazı var. Mən istərdim ki, bu işin
həm Azərbaycanda,
həm də xarici ölkələrdə
təbliği həyata
keçirilsin".
"Qadın peyğəmbər"in
redaktoru, şairə Rəbiqə Nazimqızı,
həmçinin Azər
Ayxan, İqbal Ağazadə, Gülər
Əhmədova, Rövşanə
Bektaşi, Faiq Hüsiyev və başqaları da kitab və klip
haqqında düşüncələrini
bölüşüb, müəllifə
uğur diləyiblər.
Sonda A.Əlizadə kitabının nüsxələrini oxucular üçün imzalayıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-31 may.-S.7.