Elçinin yaradıcılığına
həsr edilmiş elmi
sessiya
AZƏRBAYCAN
DİLLƏR UNİVERSİTETİNDƏ TƏŞKİL
OLUNAN TƏDBİRDƏ XALQ YAZIÇISININ ƏDƏBİ
FƏALİYYƏTİ ƏTRAFLI TƏHLİL EDİLİB
Dünən Azərbaycan Dillər Universitetində (ADU) Xalq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Elçinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.
Tədbirdə ADU rəhbərliyi, müəllim
və tələbə
kollektivi, tanınmış
ziyalılar, yazarlar və media nümayəndələri
iştirak ediblər.
İngilis dilinin üslubiyyatı
kafedrasının müdiri,
professor Sevinc Zeynalovanın
apardığı tədbiri
giriş sözü ilə açan ADU-nun rektor əvəzi, professor
Əfqan Abdullayev Elçinin yaradıcılığı
haqqında geniş məlumat verib: "Elçinin yaradıcılığının
xüsusi təqdimata ehtiyacı yoxdur. Onun əsərləri yalnız
Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində
sevilərək oxunur və tədqiq olunur. Heç təsadüfi deyil
ki, Elçinin yaradıcılığına hələ
60-cı illərdən bu
günə kimi Azərbaycanda və dünyada yüzlərlə
monoqrafiyalar, elmi tədqiqat əsərləri
həsr olunub. Yazıçının bədii əsərlərinin
dünya ədəbiyyatında
xüsusi yeri var. Hətta görkəmli rumın ədəbiyyatşünası,
tənqidçisi Dmitri Balan
Elçin haqqında danışarkən vurğulayır
ki, onun əsərlərinin mövzusu
və qəhrəmanları
cəmiyyətdən götürülüb.
Tənqidçi onun bu xüsusiyyətini Şekspirlə
müqayisə edir".
Ə.Abdullayev bildirib ki, Elçin hekayələri
professor və tələbə
kollektivinin iştirakı
ilə ADU-da tədris edilən 22 dilə tərcümə olunacaq.
Filologiya üzrə fəlsəfə
doktoru, dosent Vəfa Əliyev Elçinin yaradıcılığına
həsr olunmuş
"Bəşəri ideyalar
yazıçısı" adlı məruzə ilə çıxış
edib. Məruzəsində Elçinin çoxşaxəli
yaradıcılığında yer alan
ədəbi janr nümunələrini ayrı-ayrılıqda
təhlil edən V.Əliyev deyib: "Elçinin əsərlərini
fərqləndirən səlis
və axıcı dili, zəngin dünyagörüşü, estetikası,
milliliyi və uğurlu təhkiyəsidir.
Onun bədii əsərləri
zaman və məkan məhdudiyyəti
tanımır. Azərbaycan mədəniyyətinin
və ədəbiyyatının
dünyada təbliğində
və tanınmasında
Elçin Əfəndiyevin
misilsiz rolu var. Onun qəhrəmanlarında
özünüdərk güclüdür.
Əsərləri yüksək poetik
dili, milliliyi, dərin psixologizmi ilə seçilir. Onun çoxşaxəli yaradıcılığı
ümumilikdə ədəbi-bədii
hadisədir. Elçin bu
gün də gənclərimizə canlı
nümunədir. Bütün bu
deyilənlərdən çıxış
edərək deyə bilərik ki, Elçin bəşəri
ideyalar yazıçısıdır".
"Elçin və teatr" məruzəsi ilə çıxış
edən professor Məryəm
Əlizadə yazıçının
dramaturgiyası haqqında
geniş məlumat verib: "Elçin müəllim öz əsərlərində oxucusunun,
tamaşaçısının şah damarını böyük ustalıqla tuta bilir. O, oxucuya istədiyini bəxş edir. Oxucunun istədiyi isə ümid, gələcəyə
inamdır. Elçin müəllim
hər əsərində
yeni obrazda, yeni missiyada oxucusuyla görüşür.
Yazıçı Elçinin yaradıcılığında
Azərbaycan mədəniyyəti
öz əksini tapır. Biz bu əsərlərdə xarakterik azərbaycanlıları
görürük. Onun dramaturgiyasını
öyrənmək hər
şeydən əvvəl
çox maraqlıdır.
Burada atası İlyas Əfəndiyevin nəfəsi
daha çox duyulur. İlyas Əfəndiyev uzun
illər Azərbaycan teatrını öz çiyinlərində daşımış
dramaturqumuzdur. Ondan sonra
bu estafetə Elçin müəllim yiyələndi. Elçin öz
pyesləri ilə bu zamana kimi
Azərbaycan dramaturgiyasında
olmayan fərqli mövzuları, konfliktləri
gətirdi. Azərbaycan
teatrının son 25-30 ili məhz Elçinin adı ilə bağlıdır.
Onun əsərlərində müəllif
kənarda deyil, həmişə görünür.
Bu pyeslərin sərhədləri aşmasının
bir çox səbəbləri var. Başlıca
səbəb isə odur ki, müəllif
absurt formatına müraciət etdi və ilk dəfə olaraq, xaosun, hərc-mərcliyin obrazını
yaratdı".
"Visions of Azerbaijan" jurnalının
redaktoru İan Peartın "Elçinin
yaradıcılığı ingilis dilində" məruzəsində ilk dəfə
Londonda Elçin Əfəndiyev imzası ilə tanışlığından,
xüsusən "Şekspir"
pyesindən danışıb.
Daha sonra Elçinin "Şekspir" pyesi tələbələrin ifasında, ADU-nun ingilis dilinin üslubiyyatı kafedrasının yığcam quruluşunda ingiliscə nümayiş olunub.
Sonda Xalq yazıçısı Elçin çıxış edərək ADU rəhbərliyi başda olmaqla, tədbirin keçirilməsində zəhməti olan hər kəsə və məruzəçilərə təşəkkürünü bildirib. Tələbələrin ifasındakı kiçik tamaşanın özü üçün gözlənilməz olduğunu deyən yazıçı gənclərin həm ingilis dilinə, həm də xüsusən onun yaradıcılığına olan marağından, sevgisindən böyük məmnunluq duyduğunu ifadə edib: "Oxucularla görüş hər zaman maraqlı və xoşdur. Bu görüş isə daha böyük əhəmiyyətə malikdir. Çünki burada daha çox gənc oxucular, tələbələr iştirak edirlər. Gənclərin fikri, düşüncəsi, ədəbiyyata münasibəti mənim üçün hər zaman maraqlı və önəmli olub. Bu gün burada mənim yaradıcılığımı geniş və əhatəli şəkildə təqdim və təhlil edən bütün professorlara öz təşəkkürümü bildirirəm".
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-31 may.-S.7.