Mir Cəlalın mövzular, ideyalar və
obrazlar aləmi
Allahverdi EMİNOV
... Mir Cəlal necə
yazırdı? Biz, təəssüf ki, sənətkar
haqqında, xüsusilə, onun poetikasından yazanda bu
sualı qoymuruq.
Ədalət naminə, obyektiv səbəblər istənilən
qədərdir və başlıcası, müəllifin
öz yaradıcılıq əzabları, sevincləri,
işləmək prinsipləri barədə və sairələr,
hətta bir hekayəsinin necə alınması barədə
belə, məktubları, qeydləri yoxdur. Görünür,
şərqliyə məxsus ədəbi mentalitet buna imkan verməmişdir.
Halbuki, yaradıcılığın
poetikasında belə amillər misilsiz rol oynayır. Yazıçı çöl-kənar
müşahidələrindən bol-bol yararlanırdı,
buraya yaxından gördüyü hadisələr, adamlar da
daxildir. Əsərlərində
yaxınlarının, doğmalarının portret-cizgiləri
yoxdur, əvəzində dərindən, yaxşı
tanıdığı, duyduğu, əzabla
qarşılaşdığı, ürəyini göynədən
sosial və əxlaqi problemləri qəbul edirdi, digər bir
qismi isə yazıçı təxəyyülünün məhsulu
idi, kökü gedib gündəlik təəssüratlara,
hissetmələrə çıxırdı. Mir Cəlalın yaradıcılığında ayrı-ayrı
əsərləri nəzərdən keçirsək,
süjet qurarkən ona səy göstərir ki,
yazıçı iztirabları, emosiyaları əxlaqi
problemin qoyuluşunda əks etdirsin, xarakterlər üz-üzə
gəlsin, konfliktə qoşulsun. Yazıçıda
bədii ümumiləşdirmə, tipikləşdirmə
obrazların xarakterindəki fərdilikdən, gerçəklikdən,
həyat faktlarından ayrılmır. M.Cəlal sadə
bir detalı tapır və bunun bədii fonunda, diqqətdə
olan məsələni qoyur, özü də artıq təfərrüata
yer ayırmadan: lakonik. "Telefon dostum" hekayəsi
iki səhifəlikdir. Lakin mətləb mürəkkəbdir,
günümüzdə telefondan saatlarla asılı qalan bəzi
danışanlara ibrətli cavabdır. Telefon xəstəsi
bic, dilavər adamdır, danışığını əsaslandırmağı
bacarır: "Bilirsən yoldaş, adınızı da bilmirəm,
amma dünyada ünsiyyət yaxşı şeydir. İnsan gərək
bir-birinin kefini soruşa, halına qala... Məsələn,bu saat mən özüm, kefim saz,
damağım çağ! Elə bilərəm
heç sizdən xəbər də tutmayım. Amma yox! Nə üçün? Çünki
biz yeni insanıq!" Bu
"nağıl", "şərh" insan xarakterinin
psixologiyasını açır. Mir Cəlal
nəsr poetikasında həyatın adi əhvalatları
obrazların daxili aləmini açır, səmimi
sözünü ünvanlayır.
Oxucuya elə gəlir ki, hadisə adi məişətdən
götürülmüşdür. Lakin daha yaxına gələndə,
bizim özümüzün də gördüyümüz sadə,
amma dramatik şəkildə təsvir edilmişdir. Fabula
sadə qurulmuşdur:
Mir Cəlalda təhkiyədə müəllifin incə
kinayəsi sezilmir, qəhrəmana ümidi itirilmir. Səciyyəvi
cəhətlər dəqiq seçilir ki, şərhə
ehtiyac duyulmur. Məsələn: "Ərik
ağacı", "Müdafiə vəkili",
"İmzasız hekayə", "Şapalaq" hekayələrinə
diqqətli olsaq, görərik ki, yazıçı
obrazının foto şəklindən uzaqdır,
çünki hər bir oxucu qəhrəmanı
özününkiləşdirməlidir. Haradasa
gördüyünə əmin olmalıdır.
Mir Cəlalın daha başqa əsərlərində
maraq doğuran bədii situasiyalar orijinalıdır.
Biz
yazıçının obrazlarına yaxınlaşa bilirik,
bir az da tanımaq istəyirik, bir səbəbi
də ona həm acıyırıq, həm də onu inkar
edirik, yeri gələndə yaxşılığı pisləyir,
şübhələnir və ilaxır. Yadımıza
Şeksprin Hamleti düşür; Servantesin Don Kixotu
düşür. Vaxtilə rus
yazıçısı İ.Türkenev bir ovqatla "Don Kixot
və Hamlet" əsərini yazmışdır. Hər iki obraz "görüşmüşdülər".
Yazıçı onları bir-birindən zidd
duran iki insan xarakterinin mühüm cəhətlərinin təcəssümü
kimi vermişdir. Maraqlıdır, müəllif
yazmışdır ki, bu təhlil öncə, eyni zamanda eqoizimdir,
ona görə də inamsızlıq yaradır. Hamlet daima özünə göz qoyub, öz daxilinə
diqqət yetirərək nəşəylə, mübaliğəylə
özünü qınayır; o, incə təfərrüatına
qədər öz qüsurlarından xəbərdardır,
bunlara, habelə özünə nifrət bəsləyir və
bu nifrətli də yaşayır, qidalanır. Özünə inanmır, şöhrətpərəstdir,
hətta nə istədiyini də bilmir, nə
üçün həyata bağlıdır.
Türgenevdən gətirdiyimiz bu iqtibasda çox mətləbdən
xəbərdar oluruq: Rus cəmiyyətində.
Bizim
sosialist sistemimizdə heç də Türgenev obrazlarından
geri qalmayan mənfi emosialı hadisələr az
deyil və yazıçının nəzərindən bu tiplər
yayınmağı bacarmamışlar.
Mir Cəlalın ilk yaradıcılığında
"xırda adamlar" yetərincə
obrazlaşmışlar. Dünya ədəbiyyatı təcrübəsində
böyük yazıçılar onlardan başlayıb azman
obrazlara gəlib çıxmışlar. Biz
gəlin M.F.Dostoyevskini xatırlayaq. Bir
xeyli əvvələ baxaq və A.S.Puşkinin nəsrini yada
salaq. Dostoyevskinin "Yoxsul
insanlar"ı, Puşkinin "Stansiya gözətçi"si,
Qoqolun "Şinel" əsərlərində rus tənqidinin
yazdığı kimi: insan şəxsiyyətinin yeni tarixi
şəraitdə daha amansız və incə surətdə
boğulması və korlanmasına qarşı etiraz idi.
Mirzə Cəlilin "Poçt qutusu", Ə.Haqverdiyevin
"Marallarım" və s. hekayələrdə də bu
"xırda adamlar" əslində zamanın, ictimai
mühitin bu kökə saldığına səslərini
çıxarmasalar da, içindən ağlayırdılar. Yeni quruluşun bərqərarlığından sonra
sosial-ictimai əxlaq, adətləşmiş ənənələr
əslində tragikomediyanın qəhrəmanlarını
doğmaqda idi. Mir Cəlal, hətta ilk əsərlərində
rəngarəng "xırda adamlar"dan meşşan əxlaqının
tənqidinə keçmişdi. "Mirzə"
(1930), "Həkim Cinayətov" (1930) və sair.
Şübhəsiz, janr xüsusiyyətləri
polifonikdir, gənc olmasına baxmayaraq, ədəbi baxımdan
iddialıdır. Yeni cəmiyyət isə hələ
formalaşmamışdır, ziddiyyətlər çoxdur.
Hər bir yazıçı bu kimi ciddi nöqsanları
görməyə bilməzdi. Və kəskin
yazırdılar, o cümlədən Mir Cəlal da. Təəssüf
olunanı odur, tənqid o illərdə də, lap 60-70-ci illərdə
də standart yanaşmadan, sosiolist realizmi prinsiplərinin tələblərindən
dördəlli yapışmaqda idi. Əgər bir
yanaşmadan: "Burada (M.Cəlalın hekayələri nəzərdə
tutulur.-A.E.) həyatın müxtəlif sahələrindən
götürülmüş maraqlı mövzular, əxlaqi-tərbiyəvi
məsələlər, ailə-məişət motivləri,
adi görünən əhvalatlar, dərin mənalı mətləblər...
ifadəsini tapmışdır", qiyməti verilirdisə,
digər tip yanaşmada: "Sosialist realizmi varlığı
mürəkəbliyi, müxtəlifliyi, zənginliyi ilə
müvəffəqiyyət və nöqsanları ilə birlikdə
dialektik inkişaf və həqiqi mübarizə prosesində hərtərəfli
göstərməyi, canlandırmanı tələb edir"
hökmünü müdafiə edirdilər. Ortada
qalan isə yazıçı olurdu. Məncə bu
günün ədəbi tənqidi belə bir qəlib ideoloji
yanaşmanın qurbanları olmuş sənətkarları
xilas etməlidir!
M.Cəlalın "Həkim hekayələri"
(1938-1939)-dörd hekayədə qaldırılan məsələlərin
bədii həllində şübhəsiz, bədii üslubun
fərdiliyi, dilin şirinliyi mövzunun açılmasına
- poetikasına xidmətlidir, lakin sosioloji bər-bəzəyilə. Akademik M.C.Cəfərov
daha irəli gedərək yazır ki, burada azad, xoşbəxt
Sovet adamlarının, öz vətəndaşlarının
qayğısına qalan Sovet yazıçısının qəlb
çırpıntısı çox aydın hiss edilməkdədir".
Bu hekayələr 30-cu illərdə Azərbaycan həyatının
gerçəkliyindən doğan yeni sosial-psixoloji hadisələri
təsvir etmişdi və satira janrında bədii kəşf
idi və bu ölçüdə qiymətləndirmək
lazım gəlirdi. Hekayələrin (sonrakı illəri də
nəzərə alıram) mahiyyətində-poetikasında
ictimai həyat və onun iyrənc hadisələrinin
doğurduğu qəzəb ifşaedici pafosla,
gülüşlə qamçılamaq məharəti bariz
görünür. Bu əsərlərdə bir çox
hallarda janr strukturundan uzaqlaşır: satiramı, yumormu? Mahiyyətcə birincidir, ahəngcə ikincidir,
haradasa qayğısızdır. Özündən
zaman etibarilə qabaqda Mirzə Cəlil və Ə.B.Haqverdiyev
dayanırdı, amma fərqli baxışlarda. Onların
qəhrəmanlarından bir azəri-türkü kimi xəcalət
çəkmirsən: "bunlar mənimdir?" sualından
yan keçmirsən. Mir Cəlalda isə oxumuşlardır, vəzifə
daşıyanlardır: "Sosial əxlaq bunları niyə bu
kökə çeviribdir?" sualına çevirmirsən. Bəlkə də belə yanaşmanın
mümkünsüzlüyü idi, Mir Cəlalın müasirləri,
obyektiv qiymətləndirməkdə çətinlik çəkmişlər.
"Sara", "Dəzgah qızı",
"Gözün aydın" hekayələrində sosialist
realizmində ştampını poetikaya varmamaq və sair
özünü göstərir. Bu, bədii
əsərdir, tənqidçi, oxucu müxtəlif istiqamətlərə
yoza bilər, lakin yeni sovet quruluşunun nailiyyətləri,
inqilabın qeyri-adi xoşbəxtlik gətirməsi əsərlərin
təhlilində əsas dayaqlar rolunu oynayır. Məsələn,
Yaqub İsmayılovun tənqidi təfsiri bir yandan maraqlı
yanaşmadır: "İctimai mühitin, obyektiv şəraitin,
həyati amillərin yaratdığı və qüvvətləndirdiyi
yeniliyi Mir Cəlal maddi-mənəvi varlıqda, xüsusən
müxtəlif səciyyəli və səciyyəvi
adamların ruhi-fikri təkamülündə diqqətlə
müşahidə edib" öyrənir, maraqlı əsərlər
yaradır, "Gözün aydın" hekayəsi də... Az sonra tənqidçinin yazdığı
"Ananın canlı duyğuları, həyat
haqqındakı aydın təsəvvürləri, sadə
danışıq tərzi və mühakimələri göstərir
ki, vaxtilə başı çadralı, "ağzı
dualı" köhnə fikirli bir qadın indi, Sovet hakimiyyəti
dövründə nə qədər dəyişmiş,
fikri-mənəvi təkamül keçirmişdir"
yanaşması çox da yerində səslənmir.
Belə çıxır ki, Sovet hakimiyyətinin təsiri insanın, o cümlədən qadının fizioloji xüsusiyyətlərinə də dərhal təsir göstərirmiş, səsini, dilini açırmış! Bu məsələdə insaf naminə, o və hətta çağdaş illərin ədəbi tənqidini, ədəbi mühitini qınamaq da istəməzdim. Elə Sovet dövründə yaşamış sənətkarları nəzərdə tuturam-yeni çıxmış əsərə, ilk ədəbi uğurlarına imza atan yazara nə məktub göndərənimiz, nə mətbuatda söz deyənimiz, nə də xatirələrində bəhs edənimiz olmuşdur. Hətta ölümlərindən sonra əsərləri tam halda nəşr edilir, belə bir yazılara, memuar tipli nəyəsə rast gəlmirik. Bioqraflardan danışmağa, ümumiyyətlə dəyməz. Yeganə o olub, həmən əsər, müəllif haqqında bir, yaxud iki tənqidçi, yazıçı, şair fikir deyib, bununla da məhdudlaşdırılıb. Ona görə ki, Şərq mütəfəkkirlərində də, sənət adamlarında da belə bir psixologiya olmamışdır. Gəlin, heyfslənək ki, görkəmli sənətkarlarımız özlərilə necə-necə sirli yaradıcılıq dünyasını aparmışlar... Amma rus və Qərb, Avropa sənətkarlarının yaşadıqları ədəbi mühit haqqında yüzlərlə orijinal tapıntılar, araşdırmalar aşkara çıxarılmış, davam etməkdədir. Mir Cəlalın Anton Çexova yaxın səsləşən satirik yaradıcılığından irəli gələrək Korolenko, Usplenski, Çexov münasibətlərindən nümunə gətirməyi məqsədəuyğun hesab edirəm: Qleb Usplenski və Korolenko Çexov yaradıcılığının dərk olunması məsələsinə üstünlük vermişlər. Belə ki, Korolenko xatirələrində yazır ki: "Rəngbərəng hekayələr" kitabı nəsə gənclik qayğısızlığı, hətta ədəbiyyata bir qədər yüngül münasibət bəsləməklə doludur, yumor, şənlik saçır, çox vaxt səmimi, incə hazırcavablığı, qeyri-adi yığcamlılığı, təsvir gücüylə fərqlənir..." Məgər Mir Cəlalın mühitində vurğuladığım kimi, azmı istedadlı sənətkarlar, tənqidçilər, alimlər yaşayırdı, birgə işləyirdilər, uğurlarını izləyirdilər?! Deyək ki, S.Vurğun, M.Hüseyn, M.Rəfili, Cahanbaxış Cavadzadə, Əbülhəsən və başqaları. Beləcə, Gəncə-Bakı ədəbi mühiti sonralar Azərbaycan ədəbiyyatının taleyinə çevrildi...
(Ardı var)
525-ci qəzet.-2017.-31 may.-S.6.