Mənəvi saflığın Şirindil
düsturu
Elə mətləblər var ki, onu demək
üçün bəlkə də illərlə gözləməli
olursan.
İndi məqamı çatıb, indi də deməyək,
bəs nə vaxt deyək? Şirindilin, dünənə qədər
hamıdan cavan olan Şirindilin birdən-birə 65 yaşı
tamam olur və Şirindil dönüb Şirindil
Alışanlı olur, ən azı mənim gözümdə... Ona görə də, elə bilirəm,
illər boyu onun üçün ürəyimdə gəzdirdiyim
hisslərimi, fikirlərimi yazıya çevirərək sənədləşdirmək
məqamıdır...
Şirindil
Alışanlı mənim üçün saqqalı
ağarmamışdan ağsaqqal olmağı bacarmış dəyərli
bir insan; daim ayaqda olan alim, həm mehriban, həm də
müdrik dost... Şirindilin heç
bir kanona, ölçü-biçiyə boyun əyməyən özünəməxsus həyat
konstitusiyası var və bunu yazan da odur, əməl edən də,
amma pozan vaxtını görməmişəm! Onun
öz həyat kultu var, bura məişət həyatı da,
elm həyatı da daxildir. Əslində, o, ən
çox elm adamıdır! Pedant elm adamı yox, elmi
canı-qanı, övladı, həyatı qədər sevən,
həyat eşqi ilə dolu Elm Adamı!
Onun Azərbaycan
elmində öz qaynar qazanı, Azərbaycan elminə öz
şirin payı var!.. Bu, böyük məziyyətdir!
Şirindil əlində boş kasa gəzdirib pay axtaran, bir
çömçə də bura qoy, deyən umsuqlardan deyil!.. Onda həm dosta layiq, həm də alimə
layiq müdriklik var!.. Şirindil dostu
qoruyan dost, istedadı qoruyan istedaddır!..
İstedadsızlığa qarşı prinsipial və
barışmazdır... Fikrimcə, Şirindil alimlik müstəvisi
şəxsiyyətinin müstəvisinə, şəxsiyyətinin
müstəvisi alimliyinin müstəvisinə ən çox
müvazi olan şəxsiyyət tipidir...
Belə şəxsiyyət tipi üçün, elə
bilirsiniz, yaşamaq asandır?
Əsla! Özü də, həmişə
qayğılar içində girinc olasan! Yox, Şirindilin özünə
qalsa, elə də qayğısı yoxdur! Şükürlər,
ziyalı ailəsi, oxumuş, intellekt sahibi həyalı
övladları... Amma Şirindil qədim Qarabağ
mahalının uca dağları lacivərd üfüqlü,
gülüzarlı, şaqraq bulaqlı, Həkəri
çaylı, ata yurdu Laçınını itirib, dağdan ağır qardaşı,
poeziyamızın Məcnun şairi Hüseyn Kürdoğlunu
itirib, itkin düşmüş, şəhid olmuş,
qaçqına-köçkünə dönmüş, Azərbaycanın
bütün bölgələrinə səpələnmiş
qohum, qardaş-bacı, dost-yoldaş xatirində və
gözünün qabağındadır... Bunların
hamısının xeyrində-şərində iştirak etmək,
xəstəsinə-qocasına baş çəkmək... Bu
da, onun mənəvi borclarından biridir, çiyin
yüküdür... Şirindil yurd itkisinin dağdan
ağır dərdini çiyinlərində, nisgilini ürəyində
gəzdirən qədim yunan əsatirlərinin qəhrəmanları
timsallıdır, imkanı daxilində qayğı çəkən
hatəmkeşdir, səxavət kanıdır... El sözü
- qohumcanlıdır, dostcanlıdır...
Çünki
Şirindil ruh adamıdır və onun ruhu hamı
üçün, dostları, qohumları, həmkarları,
iş yoldaşları üçün doğmadır... Bunlar
isə mənəvi saflıqdan, insanın ruh halının
yaxınlığından doğur... Onda eqoizm, narsizm,
özündən müştəbehlik, yersiz lovğalıq,
dargözlülük yoxdur... Həlimdir, səlimdir, ürəyigenişdir...
Bir sözlə, o, başqasının uğuruna
özününkü kimi sevinən, ağa qara, qaraya ağ deməməyi həyat devizi edən,
haqqın yanında durmağı bacaran, mənəvi
saflığın həyat düsturunu ortaya qoyan insandır...
O, həm adam kimi, həm də kişi kimi
yaşamağı bacaran kişilərdəndir... Başqa
sözlə, Şirindil Alışanlı Azərbaycan ziyalısına xas
olan ən gözəl xüsusiyyətləri özündə
cəmləşdirmiş, yüksək intellekt sahibi, passionar
təfəkkürlü, vətənpərvər, prinsipial bir
alim, yanımcıl bir dostdur...
lll
Bunları
isə gənc, hələ Şirindili yaxından tanımayan
oxucularım üçün, həm də, bilib yaddan
çıxaranların yaddaşını təzələmək
üçün yazıram...
Alışanov
Şirindil (Şirindil Alışanlı) Həsən oğlu
1952-ci il oktyabrın 28-də Azərbaycan
Respublikası Laçın rayonunun Əhmədli kəndində
anadan olub. Bakının 19 və 111 nömrəli
məktəblərində orta təhsil alıb. 1970-1975-ci illərdə Bakı Dövlət
Universitetinin filologiya fakültəsində təhsilini davam
etdirib, ədəbi tənqid üzrə ixtisas kursunu bitirib.
1976-1987-ci illərdə Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə
müdiri vəzifələrində çalışıb.
1977-1980-ci illərdə SSRİ Elmlər Akademiyası Maksim
Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində
çalışıb, məşhur estetik Yuri Borevin rəhbərliyi
ilə romantizm probleminə həsr olunmuş namizədlik
dissertasiyası yazıb və 1981-ci ildə müdafiə
edib. Bu məqamda, bir səciyyəvi və ibrətamiz
nüansı xatırlatmaq istərdim. Şirindil
haqqında onun elmi rəhbəri professor, akademik Yuri
Borisoviç yazır: "Əziz Şirindil, həyatda
ömrün elə anları gəlib çatır ki, insan bir
vaxtlar nəyisə öyrətdiyi tələbəsindən
özü öyrənməyə başlayır. Sən indi o məqamda olan tələbələrdənsən
və mən səninlə qürur duyuram".
Ustadının qürur duyduğu bu insan indi filologiya
elmlər doktoru, professordur. AMEA Nizmi Gəncəvi adına
Ədəbiyyat İnstitutunun "XX əsr (sovet
dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin
müdiridir, Azərbaycan Yazıçılar və Jurnalistlər
birliklərinin üzvüdür.
Bu, elə-belə həyatı faktlar deyil, bunun
arxasında yuxusuz gecələr, zəhmət, istedad durur. Yaradıcılıq
əzabına və sevincinə tablaşmaq durur.
Şirindil Alışanlının keçdiyi həyat yolu təkcə
özünə, ailəsinə yox, elmimizə,
xalqımıza, mənəviyyatımıza səmərə
verən ziyalının həyat yoludur...
Şirindil ilk yaradıcılıq illərindən sərbəst
elmi düşüncə mövqeyindən, dünya humanitar
fikrinin standartları kontekstində düşünməyə
çalışan gənclərdən olub və bu səciyyəni
bu günə qədər artıra-artıra saxlayıb,
özünün yaradıcılıq kredosuna çevirib.
O, olduqca
dəyərli və fəal bir elmi yaradıcılıq yoluna
malik tənqidçi, ədəbiyyatşünasdır. 1976-cı ildən ədəbi-tənqidi məqalələri
ilə mətbuatda çıxış edir. Ədəbiyyat İnstitutunda yazılan və ədəbi,
elmi mühitdə maraqla qarşılanan "Ədəbi
proses" silsilə məcmuələrinin əsas müəlliflərindən
olub. 1977-ci ildə Nizami adına
Ədəbiyyat İnstitutunun və Azərbaycan
Yazıçılar Birliyinin poeziyaya həsr olunmuş birgə
respublika konfransında məruzə edib, ədəbi-nəzəri
fikrin ən aktual problemləri ilə bağlı müzakirə
və konfranslarda ardıcıl çıxışlarıyla
yadda qalıb. O, ədəbi tənqidin nəzəri-metodoloji
problemləri, müasir poeziya, onun əsas inkişaf meylləri,
poetik axtarışları barədə yazdığı məqalələrlə
dövri mətbuatda və bir çox məcmuələrdə
müntəzəm çıxış edir. Bunlar adi
yazılar və sıradan olan çıxışlar
olmayıb, fundamental nəzəri biliklə yoğrulmuş, ədəbi
və elmi ictimaiyyətdə qəbul edilən,
hesablaşılan fikir və mülahizələrdir...
Şirindil Alışanlının elmi fəaliyyət
dairəsi genişmiqyaslıdır, indiki anlayışla desək,
qlobal siferaya malikdir. Xeyli kitabı və yüzdən artıq
elmi və ədəbi-tənqidi məqaləsi çap
olunmuşdur. Onun "Sözün estetik
yaddaşı" (1994), "Romantizm: mübahisələr, həqiqətlər"
(rus dilində), (2000), "Ədəbi-bədii
düşüncənin sərhədləri" (2010),
"Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı"
(2011), "Ədəbi-nəzəri fikrin tarixiliyi və
müasirliyi" (2013) və s. bu qəbildən
monoqrafiyaları nəzəri-elmi səviyyəsi ilə fərqlənən,
müasir, çağdaş filoloji mühitdə elmi-estetik təfəkkürü
zənginləşdirən, inkişaf etdirən və
dost-düşmən qarşısına çıxarmağa
layiq əsərlərdir.
O,
1993-1998-ci illərdə "Elm" qəzetinin baş
redaktoru, 1997-2014-cü illərdə "Elm" Redaksiya, Nəşriyyat
və Poliqrafiya Mərkəzinin direktoru olub. Bir
sıra mötəbər elmi jurnalların və
çoxcildlik nəşrlərin redaksiya heyətinin
üzvüdür. Moskvada çıxan "Akademiçeskie
tetradi", "Nauçnaya kniqa" jurnallarının beynəlxalq
redaksiya heyətinin və Akademiyaların Beynəlxalq
Assosiasiyasının Kitab nəşri üzrə
Şurasının üzvüdür, yəni beynəlxalq
miqyasda nüfuz sahibidir. Hələ
buraya respublika daxilində olan onlarla redaksiya
şuralarındakı iştirakını əlavə
etmirik...
Şirindil fəaldır, zəhmətkeşdir, yorulmadan
ədəbiyyatşünaslıq elmimizin təbliği və
tanınması işi ilə məşğul olur. Onun respublikamızda
1976-cı ildən bu günümüzə qədər
keçirilən onlarla
elmi konfranslarda və sessiyalardakı məruzələri
buna bariz misaldır. 200-dən çox ədəbi-tənqidi,
publisist məqalələrini, rəhbərliyi və redaktəsi
ilə çap edilmiş olduqca vacib onlarla elmi məcmuələr
və antologiyaları, redaktə etdiyi kitabları, elmi rəhbərliyi
ilə müdafiə olunmuş işləri, hazırda rəhbərlik
etdiyi namizədlik işlərini, müdafiə edilən
dissertasiyalara elmi opponentliyini də əlavə edəsi olsaq,
onun çeşidli, çoxsahəli
elmi-yaradıcılıq, təşkilatçılıq və
naşirlik fəaliyyətinin miqyası barədə ətraflı
təsəvvür yaratmış olarıq.
Şirindilin qədrşünaslığını, sələfləri
və müəllimlərinə ehtiramını xüsusi
vurğulayardım. Ədəbiyyatımızda və elmimizdə
böyük xidmətləri olmuş, hazırda haqq
dünyalarında uyuyan bir çox alimlərimizin elmi-ədəbi
irsinin qorunub-saxlanılmasında, onların təkrar nəşr
edilərək gələcək nəsillərə
çatdırılmasında Şirindilin xidmətləri
ölçüyəgəlməzdir. Görkəmli ədəbiyyatşünas-alimlərimiz
Yaşar Qarayevin, Azadə Rüstəmovanın, Tofiq
Hacıyevin, Zakir Məmmədovun, Hüseyn Kürdoğlunun,
Ağa Laçınlının və adlarını çəkmədiyim
neçə sələfimizin ədəbi irsinin yenidən
işıq üzü görməsində bu gün onun
çəkdiyi zəhmət bir insanlıq örnəyidir.
Onun Səməd Vurğun, Nəbi Xəzri, Məmməd Cəfər,
Mir Cəlal, İlyas Əfəndiyev, Kamal Talıbzadə, Bəkir
Nəbiyev, Hüseyn Arif, Tofiq Hacıyev, Qasım Qasımzadə,
Yaşar Qarayev, Məsud Əlioğlu, Elçin, Qəzənfər
Paşayev və başqa sənət adamları, müəllimləri
barəsində yazdığı elmi-nəzəri
portret-oçerklər öz dəyəri ilə fərqlənir,
həssas bir ürək sahibi olan Şirindilin elmi-ictimai
statusunu müəyyənləşdirir.
Onun bu statusunu müəyyənləşdirən
mühüm amillərdən biri də, ekran-efir vasitəsilə
ictimaiyyətlə qurduğu ünsiyyətdir. Vaxtaşırı televiziya
kanallarında, müxtəlif mətbuat orqanlarındakı
ayrı-ayrı ədəbi şəxsiyyətlər
haqqındakı çıxışları, elmi-ədəbi
irsimizin mühüm problemlərinə güzgü tutan
açıqlamaları da alim şəxsiyyətinin hərtərəfli
açılmasında az əhəmiyyət
daşımır.
Bütün
bu elmi fəaliyyəti nəzərdən keçirərkən,
son olaraq belə bir qənaətə gəldim ki, elm
uğrunda çalışmaq, yazıb-yaratmaq, filoloji aləmə
səmimi xidmət etmək istəyi ziyalı insanların
iç dünyasından, mənəvi aləmindən
qaynaqlanır. Millətin döyünən qəlbi,
cəmiyyətin düşünən beyni olan belə
ziyalılar həm də milli yaddaşın, milli ruhun
daşıyıcısı kimi elm zirvəsinə
ucalırlar. Nəcib həyat amalı,
xeyirxah məqsədləri ilə fəaliyyət göstərən
bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm
də onların özünütəsdiq əzmindən irəli
gəlir.
Yüksək yaradıcılıq duyumu ilə fərqlənmək
qabiliyyətini isə ilk növbədə, insanın kamillik səviyyəsi,
şəxsi ləyaqət hissi, sağlam həyat tərzi
dünyaya gətirir. Bütün bunların vəhdətindən doğulan ən
ali keyfiyyət aid olduğu şəxsi ədəbi-elmi
camənin şirininə çevirir.
Düşünürəm
ki, dövrümüzün görkəmli, nüfuzlu söz
adamlarının, şəxsiyyətlərinin, qələm dostlarının
ayrı-ayrı məqamlarda Şirindil
Alışanlı barəsində fikirlərinin bir qismini
xatırlatmaq yerinə düşər.
Xalq
yazıçısı Anar: "Şirindillə çox illər
bundan qabaq tanış olmuşam. Onun zahiri
görünüşü də,
yaradıcılığı da dəyişməyərək
qalmışdır. O, nəşriyyat direktoru, alim kimi həmişə
qaynar fəaliyyətdədir".
Xalq
yazıçısı Elçin: "Bu gün görkəmli
ədəbiyyatşünas-alim kimi nüfuz qazanmış
Şirindil 70-ci illərin ikinci yarısında ədəbi
prosesə gəlmişdir və mənim üçün
doğma olan tənqidçi-ədəbiyyatşünaslar nəslinin
ən istedadlı nümayəndələrindən
biridir".
Akademik
Teymur Kərimli: "Şirindil Alışanlı dəyərli
bir ədəbiyyatşünas olmaqla yanaşı, həm də
yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyətdir.
Biz Şirindil Alışanlı ilə artıq 42 ildir ki, yol
gəlirik və tanıdığım gündən etibarən
heç vaxt onunla dost, həmkar olmaqdan peşman
olmamışam".
Akademiyanın
müxbir üzvü Kamran Əliyev: "Şirindil
Alışanlı gördüyü işləri
şişirtməyi, qabartmağı xoşlamır. Onun fəaliyyət dairəsi genişdir. Şirindilin ən böyük nailiyyəti onun sadəliyi,
saflığıdır".
Professor Məhərrəm Qasımlı: "Şirindil Alışanlı ədəbi, elmi fəaliyyətində müstəsna xidmətləri olan alimdir. "Sözün estetik yaddaşı" kitabı onun xarakteri, həyat tərzi, ədəbi həyatı ilə yaxından səsləşir. O, konseptual düşünən, Azərbaycan filoloji fikrində örnək olan alimlərdəndir".
Mərhum tənqidçi-ədəbiyyatşünas Arif Əmrahoğlu: "Azərbaycan filoloji fikrinin görkəmli nümayəndələrindən biri olan Şirindil Alışanlı müasir nəzəriyyəyə dərindən bələd olan və bu sahədə ən son uğurları müntəzəm şəkildə mütaliə edən və araşdırmalara tətbiq edən dəyərli ədəbiyyatşünas alimdir. O, ənənəvi filologiya ilə müasir filologiyanın son uğurlarını əlaqələndirmək missiyasının daşıyıcılarındandır".
Akademiyanın müxbir üzvü Tehran Əlişanoğlu: "Şirindil Alışanlının ədəbiyyatşünas mövqeyi on illərdir ki, elmi-ədəbi mühitə məlumdur, milli ədəbiyyatşünaslığın pozitiv ənənələrinin tədricən unudulmasına qarşı həssas münasibəti də mətbu çıxışlarından bəllidir. Onun qələmindən çıxmış sistemli tədqiqat əsərləri ədəbiyyatşünaslıq elmimizin sabahına böyük inam doğurur"
Filologiya elmlər namizədi İlham Məmmədli: "Mənim fəxr elədiyim müəllimim, ustadım professor Şirindil Alışanlı yüksək erudisiyalı ziyalı, dərin elmi təhlil təfəkkürünə malik alim, vətəninin uğurlarını öz uğurları sayan, ağrılarını öz ağrısı hesab edən vətəndaşdır".
Mənə elə gəlir ki, bütün bu
sadalanan keyfiyyətlər mənəvi saflığın
Şirindil düsturundan xəbər verir. Bu düsturu yaradan və
bu düsturla yaşayan Şirindil Alışanlını 65
yaşı münasibətilə ürəkdən təbrik
edir, ona can sağlığı, uzun ömür, yeni
uğurlar diləyirəm!
Qurban
BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
525-ci qəzet.- 2017.- 1 noyabr.- S.8.