Alim möhtəşəmliyi

 

 

"Onlar gül içində tikan oldular. Mən tikan içində bitib gül oldum"... Fikrət Sadıqdan iqtibasla başladım bu yazıma. Ocaq ruhlu şairin bu sətirlərindən suallarıma cavab axtarışına çıxdım.

 

Alim Qasımov kimdir və ya bu fenomeni necə anlamalı? Qədim Şirvan mədəniyyəti nədirsə, Alim odur. Antik dövrlərdən bu yana beş tarixi-ictimai, mədəni inkişaf yolu keşmiş Şamaxı nədirsə, Alim də odur. "Şirvan şikəstəsi"ndə obrazını tapmış, reallıqdan uzaqlaşmamış, amma real dünyamızda əbədiləşmiş, bədiiləşmiş bir obrazdır, portretdir. Səsi və xarakteri, daxili və üz cizgiləri zamanı həkk etmiş, qərinələri, keçmişlərdən süzülüb gələn səsləri Yaradan və yaranmışların öz mahiyyətindən uzaq düşməyindən qorxaraq, bir zərrəyə sığdırmış, bir zərrədə bütöv bir makrodünyanı yaşadan sənətkar. Bu dünya Şirvana sığar, Şamaxıya sığar, Alimin doğuldugu Nabur kəndinə sığar,  Azərbaycana sığar, Ərzuruma, Təbrizə, Türküstana uzanar, əl atıb Fransada, Vatikanda, İngiltərədə xristian kilsəsinin qapısını açar, avropalını bu səsin ucalığından boylanıb ətrafa baxmağa, yeni bir kainat axtarışına sövq edər. İpək Yolu boyu karvansaraylarda gecələyən bütün yolçuları yolundan edər, əyləyər  bu səs, "nəfəsini dər deyər" bəşər övladına, ona nəfəs verər...

 

Onun ifası dəvə həsrətini, dərdini, dəvə yükünü səhralardan çəkib gətirər, qaranlıqdan yerə boylanan Ay işığında yola çıxar səs karvanında. Hamımıza öz səsi ilə bəkçi olar, yatmaz, yuxu bilməz.. Fəqət, biz arxayın qoşularıq onun qəm karvanına, səs karvanına, eşq karvanına, dastanını dinlərik, əslində, dilləndirdiyi sazı da, qavalı da, tarı da, udu da, neyi də - əlində yanan odu da görərik. Qəlblərimizə su səpən bir oddan bəhs edirəm...

 

Alim Qasımov haqqında yazmaq çox çətindir. Amma yazmaq istəyini dəf etmək mümkünsüzdür. Alim Qasımov fenomenini dəyərləndirmək şərəfdir, çünki mərtəbəyə, dərəcəyə yetişməkdir, simvollaşmış, daş abidə kimi əbədiyyət qazanmanın, mifə çevrilmənin sirlərindən agah olmaq istəydir.

 

Alimi səhnədə və həyatda qəribəlikləri ilə görürük.. O, həm var, həm də yoxdur. O, hamı kimi deyil, amma irreal da deyil, uydurulmayib, bütün real olanlardan realdır. O, çox böyük olsa da, maddi varlığını büruzə vermir. Ruhunun çəkisi daha böyükdür, o qədər böyükdür ki, xalçanı səmalara qaldırır, məşq zamanı yerindən qalxıb bir qartal qanadlı quşun rəqsində qəlb çırpıntılarını hərəkətə gətirir, hərdən tarı sinəsinə basıb, onu nə qədər sevdiyini bildirmək istəyir, hərdən qavala necə səslənməli olduğunu anlatmaq üçün, daşların, torpağın bağrından qoparırmış kimi, zərb səslərini qoparıb, ona hədiyyə edir... Səslərə, zərblərə, ritmlərə çevrilən Alim özünü qabartmır, böyütmür. Elə hey kiçildir, qeybə çəkilir, tamamilə gözəgörünməz olmaq istəyir.

 

Şən olub zarafat edir, gülməyə qorxursan, gözünü yumub əllərini Allahın dərgahına qaldıranda onun gördüyü dünyaların əbədi varlığı canımıza hopur, yaşamaq, xeyirxah olmaq,  ruhlanmaq istəyirsən.

 

Alim Qasımov haqqında düşünərkən hər zaman ağlıma gələn ilk sual bu olur: görəsən, o, nədən qorxur? Səsi ilə qərinələri, əlçatmaz məkanları dolaşıb yerə dönən Alim gözlərini açıb özünü hamıdan biri görəndə ruhuna necə təsəlli verir, onu nə ilə ovundurur. Səslərin içində səs olmaq və səssizlik yaratmaq hansısa bir qanuna söykənməlidir axı... Hansı zamanlara üz tutaq, şumerlərəmi, skiflərəmi, muğlaramı, odərlərəmi, zərdüşt ocağınamı qonaq olaq? Haqqın bir parçası olub, daim ona bağlılıq duyğusunu, mənində bütöv Yaradanı hiss etmək məsuliyyətini görəv kimi daşımaq var Alimin sənətində - mayası eşqdəndi... Eşqə necə varaq, nə zaman qapılar üzümüzə açılacaq. Ümid etmək belə gözəldir...

 

Alim Qasımovun hər zaman özündə olan, özünə inanan, özünə güvənən bir halı vardır. Səsi onu, o da səsini aciz duruma düşürmür heç zaman. Onu səsi səsləndiyi zamana, məqama deyil, əbədi zamana hökm edir, bel bağlayır, özündən sonra gəlmiş və gedəcəyi zamanları tövbəyə, təslimə, haqqa səsləyir. Məqsədi Can verməkdir. Dirilmiş peyğəmbərləri qəlbimizə tanıdır.

 

Uzun illərdir, 1994-cü ildən bu yana Alimin və son illərdə qızı Fərqanə xanımın Bakıda keçirilən solo konsertlərinin canlı izləyicisiyəm. Həyat kimi yaşanan səhnələrdir o çıxışlar, dinləyiciyə təqdim olunan musiqilər. Əslində, əliboş qaytarılmayan qonaqlarıq o konsertlərdə. Könül dolusu nəfəs alırıq, səslərdən qurulan bir ahəng dolu Evdə, Dünyada hiss edirik özümüzü. Çox əliaçıq, qəlbitəmiz, zəngin ev sahibi olurlar Qasımovlar. Getməyə yeri olmayan hər kəs Tanri müsafiridir onların muğamlı, rəngli Dünyasında, Evində...

 

Alim Qasımovun və artıq söyləyə bilərik ki, qızı Fərqanənin çıxışlarını dinləmək, onların səsi ilə təmas qurmaq könlümüzün tələbatıdır, istəyidir. Daha doğrusu, bu səs vasitəsilə keçmişimizə, kökümüzə, müqəddəslik ruhunun varlılığına inam oyanar qəlbimizdə. Biz inananda xöşbəxt oluruq. Təsadüfi deyil ki, Alimi heç də hər kəs sevməz, sevənləri çox olsa da. Amma sevən sevgisində məna axtarmaz, çünki məna sevildiyini anlamaqdır. Alimin səsində Allahin sevdiyi bəndələri oluruq...

 

Alim Qasımov səsi həyat dərsi, ibrət dərsidir, səhvlərimizi, yanlışlarımızı düzəldir. Heç zaman mühakimə etmir, məzəmmət etmir bizi, əksinə, üzümüzü edir. Bilmirəm, niyə, kim verib onun səsinə bu cürəti, bu qüdrəti. Bəlkə heç özü də bilmir. Bilmədiyi ilahi sirrin qarşısında acizanə yerə əyləşir, hüzurunda ayaq üstə dura bilmir, ancaq əllərini və səsinin tellərini göydə birləşdirərək, bu möcüzə, sirr qarşısında tab gətirir, nəfsi ilə, vücudu ilə mübarizə aparir. Səhnədə bardaş qurub rahatladığı yer daxilində gizli eşqin doğru səsləndiyi, sapmadığı, uzun incə yola çıxdığı dayanacaq nöqtəsidir. Yerdə əyləşsə də, səsi minbərdən gəlir Alimin. Yerdə əyləşsə də, minbərə çıxan yeganə səsidir o, Azərbaycanın. Yer kürəsi öz oxu ətrafinda firlandığı kimi, Alim Qasımovun səsinin ətrafinda bəşəriyyət qaranlıqdan işığa yola çıxır. Bu, mübaliğə deyil. Onun kosmik səsinin cazibəsi milliyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir kəsi qucaqlar, bağrına basar.

 

Alimin səsində hər zaman axtardığımız, əslində, möcüzədi. Onun oxu tərzi canlıdır, temperamentlidir. Amma bu zahiri hərəkətlilik deyil. Daxili bir çılğınlığı var - ən güclü olandır, Alimə verilmiş ilahi lütfdür: o, bunu yaxşı bilir və onu verəndən razıdır... "Allah "Biz könülə baxarıq, su və torpaqdan ibarət olan surətə deyil", - Hz. Mövlana belə buyurur. (Məsnəvi, 3/2244) Alimin bildiyi də budur...

 

Könülə xitab edən, ruh verən səsi var Alim Qasımovun, hər zaman mənəvi gücü ayaqda tutar, ona rəvac verər, insanı yaradıcı qılar, bitməyə, tükənməyə qoymaz. Alimin səsinin işığı, odu - bir sufi, övliyya mənəviyyatinin, dərviş eşqinin ifadəsidir. Onun zənguləsi, zili bizdən pislikləri, zülmü, cəhaləti, nadanlığı, nakəsliyi qoparıb atmaq istəyir, bizi bizdən alıb katarsis oduna yaxmaq istəyir. Metamorfozlar onu qorxutmr - bizi isə sağalda bilər.

 

Sözümüzün qurtardığı yerdən Alimin səsi başlayir. Səsi ilə dünyanı bir də bizə qaytarmağa cəhd edir. Sözün səsdən ayrı olmadığı bir dünyanın sakinidir Alim Qasımov. Qızını da əlindən tutub oraya aparıb. Hələ ki Haqqı tanıdır ona, bələdçilik edir. Fərqanə xanım da artıq bu işıq yoluna çıxmış, səsi ilə öz məqamını, öz məkanını axtarır. Atasının səsi bütün səslərin fövqündədir. Qızının səsi isə konkret çalarları özündə birləşdirən sintetik bir üsluba yiyələnməkdədir: burda  klassik hind musiqisinin, uyğur muğamlarinin, türk makamının, tuva türklərinin qırtlaq müsiqisinin, fars və ərəb lirik melodiyalarının həzinliyi duyulur və özünəməxsus şəkildə birləşərək ahəng arayışındadır.

 

Atasının 60 illik yubileyinə həsr olunmuş "Mənə Dünyanı verdin" adlı konsertində Fərqanə Qasımova atasının səs, ifa üslubunu dərindən əxz etdiyini və bununla yanaşı, öz səs axtarışlarının, imkanlarının yeni sərhədlərini musiqisevərlərə göstərə bildi. 2015-ci ildə Beynəlxalq Muğam Mərkəzində musiqisevərlərə təqdim olunan "Ney-Nəva" dəstgahı da Fərqanənin möhtəşəm uğurudur və düşünürəm ki, haqqında az danışılan, haqsız olaraq diqqətdən kənarda qalan bu təqdimat Azərbaycan musiqi sənətinin parlaq və bənzərsiz nümunələrindəndir.

 

... "Üzüdönük" olmaq kimi bir ifadə var dilimizdə. Sizə elə gəlmirmi ki, son zamanlar üzümüzü bir-birimizdən döndərmişik, yadlaşmağa üz tutmuşuq, kinə, küdurətə, mala, mülkə, şöhrətə üz dönmüşük hər halımızla. Yunus Emrə demiş, "Daş deyilik, eşqsiz daş oluruq". Alimin səsi imanımızı qaytarır qəlblərimizə. Allah tərəfindən sevildiyini bilən  Alim "Deyin, hardadır" səsləndirdi yubiley konsertində. Bir insanın naləsində savaşa çıxmış bir ordu səsləndi səhnədə, Alim sərkərdəsi idi o ordunun, həm də əsgəri. İfası, səsini enerjisi ilə əxlaqımızı sınağa çəkdi. Sevginin möcüzə olduğunu onun şikayət edən, amma yenilməyən səsində bir də hiss etdik.

 

Son illərin ən gözəl çıxışlarından biri oldu Ustadın 60 illik yubileyinə həsr olunmuş gecədə səsləndirdiyi "Deyin, hardadır". Sözləri və musiqisi Bəhram Nəsibova məxsus, "Şahnaz təsnifi" kimi də tanınan bu musiqi parçası hər zaman dəbdə olub. Müxtəlif zamanların, gəncliyimizdən orta yaşlarımıza və bəlkə kimlər üçünsə bir ömürlük həsrət nidasıdır, könül nəğməsidir bu təsnif. Amma bu dəfə onun ifası 60 yaşlı Alim Qasımovun məsuliyyətində, tamaşaçıların isə qismətində idi. Sual vermədi, səsiylə əslində, sualın cavabını bildiyini, bütün üzüdönüklərin allahsızlığından agah olduğunu bəyan elədi Alim. Ağladı yenə hamımızın yerinə. üzüdönmüşləri imana, eşqə, Allaha, yer üzünə səslədi. İlahi sevginin izi olan ilk eşqi oxudu Alim Qasımov. Hamıdan gizli, hamıdan xəbərsiz, nə ləkə götürən, nə də ki solan, dağlar qədər əzəmətli, ətirli çiçəklər qədər müqəddəs bir eşqi həm qarşıladı, həm yola saldı.

 

"Məni məndə demə, məndə deyiləm. Bir mən vardır, məndən içəri". Yunus Əmrənin bu sözləri ilə başladı atasına həsr etdiyi yubiley konsertini Fərqanə xanım. Sufilərin mənəvi dünyasının, insanı xilasetmə missiyasının hədəfi gələcəkdir. Yaradıcı enerjisi insanı irəli götürər, mərifətə, həqiqətə səsləyər, kamilləşmə yolunda maddi gerçəkliyi dəf edər. Kamilləşən qəlb həm müqavimət göstərər, həm də durmadan, qarşısıalınmaz sürətlə öz ardınca aparar. Kamil olmaq, müdrikliyə varmaq təbiətinə görə faciəvi məna kəsb edir. Sufini qəlbi həssasdır, gözəgörünməz ruhları çağırarkən xaosun yatmış tufanlarını oyatmaqdan qorxar, onun simvolu susqunluqdur. Susaraq danışan bir mədəniyyət formasının təzahürüdür Alimin sənəti. Onun dünya səhnəsinə gəlməsi dinindən, dilindən asılı olmayaraq, hər bir kəsin qəlbində yer tutması parçalanmış mədəniyyətlərin daxili birləşməsi və sintezi meyillərinə dəlalət edir.

 

Bəşəriyyət XX əsrin əvvəlində inkarçılıq və mədəni fərqlilik dönəminə sarı qəti addımlar atdı. Sovet İttifaqının dağılması, yeni müharibələr, xalqların Avropaya yeni köçü, dini və milli münasibətlərin kəskinləşməsi kimi proseslərin fonunda Alimin sənəti yeni üzvi dönəmin öngörücüsü kimi ortaya çıxır. Alim muğamında Azərbaycan dünyaya tanındı deyəndə, "dünya Alimi nədən qəbul etdi" sualına cavab tapmaq lazımdır. Alimin səsi və sənət üslubu bütün fərdiliklərin və fərqliliklərin fövqündə duran simptomatik sənət hadisəsidir. Alimin muğamı klassik tərzdə oxumaması əvvəl-əvvəl şübhələr doğurdu, bəzi sənətkarlar tərəfindən tənqidlə qarşılandı, amma Alimi xalq qəbul etdi öncə, sonra da xalqlar, sonra da onu anlamayanlar susdu: səbirsizlər uzaq yolu dəf edə bilməzlər. Sənətkar öz səsi ilə insanları nədə, hansı nöqtədə birləşdirir, səsi ilə onlara nə verir, nə söyləyir? Demək ki, nümunə kimi qəbul olunmuş, klassik muğam ifa tərzindən fərqli bir bədii məna və enerji daşıyan yeni sənət formasıdır Alimin üslubu. Onun məzmununda xalqın mənəvi müqəddəratını təyin etmə gücü və azadlığı öz ifadəsini tapır.

 

Artıq 90-cı illərin əvvəllərindən çərçivələri aşan Alim Qasımov yeni, bütöv bir üsluba yiyələnməkdə əzmli, iradəli görünürdü. Muğam nəzəriyyəsindən kənara çıxmaq istəməyən mühafizəkar düşüncəli sənətkarlardan fərqli olaraq, o, yeni bir iradə ortaya qoydu, iradə isə idrak deməkdir, idrak isə - həyatın özüdür. Həyat isə - torpağa sədaqət...

 

Alimin səsində xilaskarlıq ruhu var. O sanki şamanlardan ölmüşləri yenidən diriltmək vəsiyyətini almışdır. Alim ayrı-ayrı muğamları bir-birindən təcrid olunmuş şəkildə görmək istəmədi. İfa tərzində 6 muğamımızın yeni formada bütövlükdə cəmlənməsi və təzahür forması elmi araşdırma mövzusu ola bilər. Hər bir muğamımız ayrı-ayrılıqda nəyin simvoludursa, Alim ifası da bütün o məqamların bir gözəllik, gözəlliyin də həyat simvolu oldugunu özündə ehtiva edən təkrarsız sənət hadisəsidir.

 

Alim Qasımova deyəndə ki, sənətkarsan, deyir: "Mən neynəmişəm ki". O, özünü ayrıca bir fərd hesab etmir. O, bütöv bir karvandan biridir. Ondan ayrı düşüb, öz yaratdığını ortaya qoymur. Özünü səhnədə hiss etmir, səhnədəymiş kimi özünü aparmaq onun üçün çox çətindir. Mən şahidi olmuşam, konsertlərinin birində o, az qala səhnədən atlanaraq tamaşaçıların yanına, arxa sıraların arasına gəlmək istəyib. Özünü güclə saxlayıb. Bu məqam səhnənin tamaşaçı ilə vəhdəti məqamıdır.

 

Alim Qasımov son çıxışında da, qızı Fərqanənin onun 60 illik yubileyinə həsr etdiyi solo konsertində də öz məqsədinə çatdı. O, hər zaman öz məqsədinə çatır. Çünki onun məqsədi var: onu dinləməyə gələnləri bir nöqtədə birləşdirər - səsində. Bu səs əvvəl onun özünü əbədi zamanlara aparar, cənnəti və işıq yolunu göstərər, sonra isə insanları ardınca səsləyər. Bu səs hər kəsin daxilində vardır. Onu eşidə bilənlər özünü eşidir. Öz səsində həyat məhvərini, cöhvərini daşıyanlardır, ayağının altında və başının üstündə işığı görənlərdir... Alimin çxışlarının bir özəlliyi də odur ki, burda hər kəs bir-birinə deyil, yalnız birinə baxmağa, onu seyr etməyə gəlir. Salonda tanınmış, bir çox məşhur insanlar olur hər zaman, amma sanki ətrafda heç kim yoxmuş kimi bir hiss olur qəlbimin dərinliyində. Hər kəs özünün kim olduğunu unudub bir müddətə mənəvi varlığını yaşayır. Alim Qasımov bizim ən böyük bəşəri ehtiyacımızı, mənəvi var oluşumuzu təsdiq etdiyi üçün biz onu daim axtarırıq, gözləyirik, həsrətindəyik. Dünyanı Alimin səsindəki, davranışı ilə bizə ötürmək istədiyi gözəllik hissi xilas edəcək. Hamı onun konsertində gözəl olur. Çünki hamıya bircə hiss lazımdır: bəxtiyar olmaq, hurr olmaq. Səsi ilə yol gedən Alim və Fərqanə Qasımovların ardınca biz bir yola çıxırıq: işığa, əvvələ və axıra...

 

Kəmalə UMUDOVA

BSU-nun dosenti

umudova_kyamalya@mail.ru

 

525-ci qəzet.- 2017.- 1 noyabr.- S.7.