Nağılları xatırladan bir aləm:
Tofiq Mahmudun hekayələrində uşaq dünyası
Azərbaycan uşaq ədəbiyyatının, uşaq mətbuatının
inkişafında Tofiq Mahmudun xidmətləri əvəzsizdir.
Ömrünün sonuna qədər rəhbərlik etdiyi
"Göyərçin jurnalı”nda uşaqların, gənclərin
təlim-tərbiyəsinə həssas münasibət bəsləyən
şair, publisist, yazıçı Tofiq Mahmudun öz əsərlərində
də sevgi, həyat eşqi, gözəllik, vətənpərvərlik
duyğuları sonsuzdur. Bu təsadüfi deyildi, çünki onun özü son
dərəcə işıqlı, nurlu, kövrək, uşaq kimi təmiz
insan olub. İstər şeirlərində, istərsə
də hekayə və povestlərində onun işıqlı
ömrünün amal və məramlarını görmək
çətin deyil. Uşaqlar və gənclər
üçün yazdığı "Yola
çıxıram", "Dibçək", "Buzovna
qayaları", "Açıqdır pəncərəm",
"Alpinistlər", "Meşədə səs",
"Ana qucağı", "Qızımın
sualları", "Dalğalar", "Ulduzlar",
"Düşüncələr", "Kəpənək
gözəlliyi", "Bu işıqla qalacağam",
"Məhəbbətim sirr deyil", "Şən
şeirlər", "Yağış yağır dənizə",
"Gecə qapı döyülür", "Uzaqda ucalan
dağlar" və s. kitablarında qələmə
aldığı mövzular uşaqların və gənclərin
həyatlarındakı önəmli anlar, ibrətamiz hadisələrlə
bağlıdır.
Tofiq Mahmud ədəbi aləmdə "Yola
çıxıram" (1959) adlı ilk kitabı ilə
tanınıb.
Bu kitabdakı şeirlər onun ədəbiyyat, sənət
yoluna atdığı addımların məsuliyyətini dərk
edərək bu
yola çıxdığını bildirirdi. O zaman "Azərbaycan
müəllimi" qəzetinin müxbiri kimi rayonlara, kəndlərə
ezamiyyətə gedir, məktəblərdə uşaqlarla,
onların həyat tərzi, dünyası ilə tanış olurdu.
Uşaqlar üçün
yazdığı "Utancaq oğlan" və "Dibçək"
adlı kitabları da o zaman yazmışdı. 1961-ci ildən "Göyərçin"
jurnalında başlayan fəaliyyəti ilə o, uşaq ədəbiyyatına
sıx bağlanıb.
Tofiq Mahmudun uşaqlar üçün yazdığı
ilk irihəcmli əsəri "Alpinistlər"
poemasıdır. Məktəblilərin həyatından bəhs etdiyi həmin
əsərdə şair uşaqların vətən
torpağına, onun gözəlliyinə heyrət və məhəbbətini qələmə
almış, dağların zirvəsinə qalxan, təbiəti,
tarixi abidələri öyrənən uşaqların əhval-ruhiyyəsini
verməyə çalışıb.
Tofiq
Mahmud Azərbaycan təbiətinin vurğunu olan "Bu
torpağı tanı sən" adlı silsilə şeirlərində "Süsən gəzir
Abşeronu", "Sehirli meşəbəyi" və digər
poemalarında da kiçik qəhrəmanlarına vətənin
tarixini, gözəlliklərini sevdirməklə yanaşı,
onlarda təbiətə məftunluq, minnətdarlıq hissləri
oyadır, duyğuları yaradır, hər bir gözəlliyin
qədrini bilib onu qorumağı öyrədirdi.
Kiçik oxucular üçün yazdığı hekayə,
nağıl və əfsanələri "Dalğalar adlı
kitabında cəmləşdirib 1976-ci ildə çap etdirən
Tofiq Mahmud həm də bir nasir kimi uşaqların sevimlisi
oldu. "Qəhrəman təyyarəçinin
qardaşı", "Əsgərlər haqqında
nağıl", “Meşəbəyinin söhbəti",
"Adada hadisə", "Ana qağayı",
"Dalğalar", "Yaylaqda" hekayələri,
"İgid çapar", "Minarədən atılan
daşlar", "İşıq", "Dəmirçinin
qəzəbi" əfsanələri, "Xeyirxah adam",
"Ədalətli fil", "Bir dərənin sirri",
"Kəpənək və qarğa", "Boz sərçənin
nağılı" və s. nağılları,
"Cırtdanın söhbətləri" adlı povesti
öz məzmun və ideyası ilə məktəbyaşlı
uşaqların əxlaqının,
dünyagörüşünün formalaşmasında
böyük dəyərə malikdir. Hər bir
hekayənin dərin məna və düşündürmə
gücü gənc nəslin vətən məhəbbətinin,
valideyn müqəddəsliyinin, təbiətin əvəzsiz
nemət kimi dəyərinin dərkində böyük əhəmiyyəti
vardır.
İnsandan
kömək uman, qayğıya möhtac canlı aləmə
həmişə həssas yanaşmağı, ana təbiətə
onun hər bir canlı-cansız hissəsinə diqqətlə,
duyğu ilə yanaşmağı, onu qorumağı,
qayğısını çəkməyi insanlıq borcu kimi
uşaqlara aşılayan, anladan müəllifin humanizmi,
ülvi məramı bütün hekayələrində
işıqlı bir uşaq dünyası qurur.
"Meşəbəyinin söhbəti" hekayəsində
təbiətin gözəlliyini paylaşan insan və
heyvanların qarşılıqlı qayğı və
bir-birinə münasibətlərində
anlaşdıqları səssiz hisslərin təsviri verilir. "Ana
qağayı" hekayəsi də insanla quşların
"dialoqu" üzərində qurulub. Yuvasındakı
yumurtaları təhlükədə olan qağayı qayıqdakı
insanlardan kömək istəyir, onun həyəcan və təşvişini
sadə, duyğulu bir dillə ifadə edən müəllif
uşaqlara mərhəmət, diqqət, qayğıkeşlik
təlqin edir.
"Qəhrəman
təyyarəçinin qardaşı", "Qəhrəmanın
heykəli", "Dalğalar", "Əsgər şəkli"
hekayələri həm uşaqlar, həm də böyüklər
üçün ibrətamiz məna kəsb edir. Belə ki, böyüklərin qəhrəmanlığı,
mərdliyi, igidliyi ilə fəxr edən uşaqlar onlara bənzəməyə
çalışır, onlarla qürurlanır, onlardan
nümunə götürürlər. Uşaqlarda
əxlaqi dəyərlərin formalaşmasında
böyüklərin məsuliyyətini nəzərə
çatdıran və onların gənc nəslə örnək
olacaq həyatları təqdir edilən belə hekayələr
böyük əhəmiyyət daşıyır. Məsələn,
müharibədə igidliklə vuruşub həlak olan
dayısı Söhrabın şəklini çəkdirib onu əbədiləşdirmək
istəyən Səlimə, kapitan atası ilə qürur
duyan Faiq, Mehdi Hüseynzadənin heykəli
qarşısında pioner andı içən Kamilə,
qonşuluqda ev-muzeyi olan qəhrəmanın həyatı ilə
maraqlanan, onun anası ilə ünsiyyət quran, muzeyə gələn
qonaqlara həvəslə, qürur hissi ilə məlumat verən
balaca Şükufə (sonralar o muzeyin işçisi olur)
uşaqlara mənən yaxın, onlara tanış, onların
rəğbət bəslədikləri obrazlardır.
"Yaylaqda" hekayəsində Tofiq Mahmud Azərbaycan
təbiətinin, dağların, şəfalı
bulaqların, min bir dərdin dərmanı
otların-çiçəklərin insan ömründə dəyərini
göstərir. Yüzdən artıq yaşı olan,
"azar-bezar görməyən" Şirəli babanın
dedikləri də vətənin insan üçün əvəzsiz
nemət olduğunu ifadə edir.
Həssas, qayğıkeş, cəsarətli olan məktəbli Davud yaylaqda keçirdiyi hər an dağ həyatına heyran olur. Tofiq Mahmud Davudun təbiətə - onun gözəlliyinə də heyran halını ustalıqla təsvir edir. Davud uşaq qəlbi ilə dünyanın gözəlliklərini dərindən duyur, görür və yaşayır: "Havanın qaralmaqda olduğunu, nəhəng dağın dumanda itdiyini, dərənin yuxarı başında dayanmış çobanı gördü. Nə qəribə mənzərə! Duman buğ kimi qalxır, çobanı tamamilə gizlətmək, öz qoynunda itirmək istəyirdi. Davud dərəyə yaxınlaşdı. Duman elə bil dərədən qaynayıb çıxırdı". Ana təbiətin bu gözəlliyini bir uşağın dərindən, həssaslıqla müşahidə etməsi, onu "dərə elə bil ağ dənizdir" - deyə səciyyələndirməsi yazıçının sənətkarlıqla tapdığı priyomdur ki, bununla gənc nəslə yurdun hər qarışını, dağını, daşını sevdirmək, qiymətini başa salmaq məqsədi daşıyır.
Kiçik bir hekayədə bir neçə hadisəni birləşdirib bir süjet ətrafında məharətlə qurub və bir günün ərzində Davuda yaşatmaq da yazıçının sənətkarlığından xəbər verir.
"İgid çapar" hekayəsindəki kiçik çaparın qəhrəmanlığı, vətənpərvərliyi olduqca ibrətamizdir. Əfsanə adlandırdığı bu hekayədə yazıçı xalqının, elinin yolunda ölümü tərceh edən oğlanın şücaətini qələmə alır.
Uca dağların başında bir qalada azad bir oba yaşayır. Düşmənlər o qalanın yolunu tapmağa çalışırlar. Cəngəlliklər, qayalıqlar bu obanın yollarını bağlamışdı. Bu dağlarda at belində görünüb bir anda yoxa çıxan bir oğlandan xəbər tutan düşmənlər onun izinə düşür, sıldırımlı bir uçurumun dar cığırında onun yolunu kəsirlər.
Əllərindəki bıçaqla kiçik çaparı hədələyən düşmənlər, əgər obaya gedən yolu göstərsə, onu salamat buraxacaqlarını deyirlər. Balaca çaparın "yox"...yox!" - deyə dağlarda əks-səda verən səsindən vahimələnən düşmənlər onu tutmaq istəyəndə uşaq bir anda quş kimi özünü böyük və dərin uçuruma atır. Balaca igid çaparın elinə sədaqəti, şucaəti onları heyrətə salır. Ölümü ilə məğlubedilməzliyin təcəssümü qarşısında düşmənləri sarsıdan bu igid oğlana qalanın ən uca bürclərindən birində heykəl qoyurlar.
Gəncliyin vətənə sədaqət hisslərinin formalaşmasında lazım olan ən təsirli məqamlar elinə-obasına etibar, sədaqət örnəyi olan bu kiçik cəsurun hərəkətlərində öz əksini tapır.
Vətənpərvərliyin, azadlıq eşqinin bariz ifadəsini "Dəmirçinin qəzəbi" hekayəsində görmək olar. Dəmirçidən qılınc düzəltməsini xahiş edən Səlim baba deyir ki, düşmənlər neçə şəhəri talan ediblər, bir gün bizim də üstümüzə gələ bilərlər, heç olmasa qılıncım olsun, dedim. Bu xəbərdarlıq kimi dəmirçini də gəncləri də ayıldır. Cəlaləddin ordusu ilə bu torpağı talan edəndə isə onun əsgərlərinin bir qoca ilə vuruşduğu xəbəri yayılır. El yığışıb gəlir qocanın silahını Bəndər dəmirçi götürüb düşmənlə vuruşur və xalq ona qoşulur, bu üsyandan sonra düşmən qovulur.
Məhz belə əsərləri oxuyub vətənpərvər böyüyən 1970-ci illərin uşaqları 1980-ci illərdə vətənin azadlığı naminə meydanlarda yumruqlarını sıxaraq, böyük imperiyanın yeritdiyi tanklara bədənlərilə sipər çəkdilər. Gəncliyin vətənpərvər yetişməsində yazıçı və şairlərimizin rolu danılmazdır. Uşaq ədəbiyyatını düzgün istiqamətlə təbliği hazırkı durumumuzda da vazkeçilməzdir. Azərbaycanın 20 faiz torpaqlarını yalnız bu xalqın dəyanəti, vətən sevgisi düşməndən azad edə bilər. Bunun üçün dəmirçi Bəndər kimi gecə-gündüz körük başında" tər tökmək gərək olduğunu gəncliyimiz anlamalıdır.
T.Mahmudun başqa bir dəmirçi obrazı "İşıq" əfsanəsindədir. Bu əsərdə dəmirçi Əhmədlə tacirin mənəvi aləmlərinin təzadlarını əyani həyat lövhələri ilə verən yazıçı toplum içində insanın yaşam fəlsəfəsini sadə aydın detallarla izah etməyə çalışır.
Dəmirçi Əhmədin pəncərəsindən gələn gur işıqlar ətrafdakıları sevindirsə də, xəbis, xəsis tacirin həsədinə səbəb olur. Dərvişin "Get bazardan çıl-çıraq, qəndil, al, as evindən" - ironiyasını dərk etməyən cahil taciri başa salmaq üçün onu dəmirçinin evinə aparır. Buradakı mehribanlıq, səmimilik, alicənablıq-xoşbəxtlik və səadəti tacirə göstərəndən sonra dərviş deyir:
"İndi bildinmi dəmirçi Əhmədin evi niyə işıqlıdır. Çünki onun ürəyi işıqlıdır, ürəyi! Camaat onu çox sevir, evini də həmişə işıqlı görür. Dəmirçi əsl insan kimi yaşayır. Evinin qapısı hamının üzünə açıqdır".
Gəncliyin düzgün tərbiyəsi üçün çox ibrətli misal söyləyən yazıçı yalnız uşaqları nəzərdə tutmur, həm də insanların xəbis, paxıl xüsusiyyətlərinin eybəcərliyini izah etməyə yönəlmiş bir məntiq sərgiləyir.
Tofiq Mahmud kiçikhəcmli nəsr əsərlərinin həm əfsanə, həm nağıl formasında maraqla qarşılanacağını və uşaqların nağıla meyillərini bildiyi üçün bu şəkillərdə təqdim etmişdir. "Xeyirxah adam", "Ədalətli fil", "Bir dərənin sirri", “Kəpənək və qarğa", "Həm gözəl, həm doğma", "Boz sərçənin nağılı", "İradə" kimi əsərlərində qəhrəmanlar xeyirxah insanlardır. Yazıçı öz humanist amalına sadiq qalaraq gənc nəslin ancaq gözəl insan olması naminə bütün vasitələrdən istifadə edərək hər bir detalların məqsədə uyğun işlədilməsi nəticəsində demək və vermək, çatdırmaq istədiklərinə nail ola bilir. Məsələn, yazıçı "Xeyirxah adam" hekayəsində Fərəməzə yaxşılıq edən insanların hərəkətləri ilə elə əsərin içində kiçik qəhrəmanın özünü tərbiyə edir. Yetim, kimsəsiz uşaq yaxşılığın dünya malından daha dəyərli olduğunu dərk edir, özü-özünü yaxşılığa doğru yönəldərək, xeyirxah olmağa can atır və nəhayətdə "xeyirxah adam" olur. Onu çətin günlərində soyuqdan, aclıqdan ölməyə qoymayan insanlar kimi sonralar o da bir həyat xilas etmək üçün can atır. Saraylarda yaşamaqdan insanlara yaxşılıq etməyi üstün tutur və elə də olur.
Həyatda yaşamanın ən ali niyyətini yaxşılıqla insanlara yaramağın ucalığını dərk etmək üçün uşaqlara təsir edəcək belə hekayələr Tofiq Mahmudun uşaq nəsrinin dəyərini göstərir. Onun əsərlərində ədalət, xeyirxahlıq, mərhəmət hissləri həm insanların, həm də heyvanların və quşların obrazlarına şamil olunur. ("Meşəbəyi", "Soltantoyuğu", "Ədalətli fil", "Boz sərçənin nağılı" və s. hekayə-nağıllarında olduğu kimi)
Hekayələrdə uşaqların şüuruna təsir edəcək çox səmimi, sadə bir dillə söylənən yaxşılıqlardan sonra həyat gözəlləşir, insanlarla bərabər xeyirxahlıq edənlər özləri də sevinirlər. Susuzluqdan yanan kəndlərinə su çəkən Vəlinin dediyi kimi insan gərək həmişə axtarsın, heç nədən qorxmasın, gözəl-gözəl işlər görsün. Bu hekayədə də gəncliyi öyrənməyə, cəsarətə, xeyirxahlığa çağıran Tofiq Mahmud öz amalına sadiq bir sonluq verir.
"Həm gözəl, həm doğma" nağılında şahın istədiyi kimi misilsiz bir saray tikməyə razı olan Abdulla şərt kəsir ki, şah özü də gərək zəhmət çəksin. Əzəmətli, gözəl saray ucaldıqca şah dönə-dönə naxışlara baxıb fərəhlənir, bu gözəlliyi gördükcə sevinir, daha ciddi çalışır. Nağıldakı ibrətamiz məntiqin gücü ustanın sözlərində belə ifadə olunur: "Mən istəyirdim ki, bu sarayda sizin də zəhmətiniz olsun, alın təriniz olsun! Onda saray sizə daha əziz olar". Bu hikmət insanın alın təri ilə yaratdığı hər gözəlliyin dəyərini göstərir və gəncliyi əməyə, gözəlliklər yaratmağa istiqamətləndirir.
Tofiq Mahmudun kiçikhəcmli nəsr əsərlərindəki vətənpərvərlik, əməksevərlik, cəsurluq, xeyirxahlıq, humanizm, etibar, sədaqət və.s. örnəyinin gəncliyin əxlaqi dəyərlərinin formalaşmasında müsbət təsirə malik olacağı danılmazdır. Bu əsərlərin dilinin sadəliyi, aydınlığı orta məktəb dərsliklərində bu mövzuların şagirdlərə öyrədilməyini zəruri edir. Uşaqlarımız üçün cizgi filmləri və ya qısametrajlı bədii filmlərin çəkilməsinə ehtiyac olduğu indiki zamanda Tofiq Mahmudun uşaq hekayələrinə müraciət etmək məqsədəuyğun və gərəklidir.
Hicran
NƏSİBOVA
Filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 2 noyabr.- S.8.