Xalq şairi Qabilin yeddicildlik
külliyyatı çıxdı
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Qabilin
"Əsərlər" adlı yeddicildlik külliyyatı bu günlərdə oxuculara təqdim edilib. Şairin vəfatından on il sonra işıq üzü görmüş
kitablar oğlu, yazıçı-publisist, filoloq, tərcüməçi
Mahir Qabiloğlu tərəfindən tərtib edilərək
"Adiloğlu" nəşriyyatında nəfis şəkildə
çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabın 520 səhifəlik
birinci cildinə Qabilin şah əsəri sayılan və
1976-cı ildə ulu öndər Heydər Əliyevin qərarı
ilə Azərbaycan SSR Dövlət mükafatına layiq
görülən "Nəsimi" mənzum romanı daxil
edilib. Kitabların ilk cildinin "Nəsimi" ilə
başlaması heç də təsadüfi deyil. Qabilin
poeziyasını sevənlər gözəl bilirlər ki, o,
daim klassikləri, xüsusilə Allaha, gözəlliyə, həqiqətə
qovuşmaq yolunda hər cür fədakarlığa can atan Nəsimini
necə məhəbbətlə sevmiş, oxumuş, onu öyrənməkdən
mənəvi bir zövq almışdır. Onun
"Nəsimi"si məhz bu baxımdan sevgiyə canlı
bir misaldır. Söz sənəti və Nəsimi
Qabil üçün ən müqəddəs səcdəgah,
qibləgah olmuşdur. On il üzərində
çalışdığı poemasında - bu əsərə
mənzum roman da deyirlər - Qabil, sözün həqiqi mənasında,
böyük mütəfəkkir və dahi şairimiz İmadəddin
Nəsiminin daxili, fiziki-mənəvi aləmini aça
bilmişdir. Nəticədə, Qabilin "Nəsimi"sində
mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca
güclü şəkildə verilib. Onun
tarixi və lirik qəhrəmanı Nəsimi özünə
inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi
keyfiyyətləri ilə əbədiyaşardır. Şairin televiziya verilişlərinin birində qeyd
etdiyi kimi, bu onun öz Nəsimisidir. "Ədəbiyyatımızın
inkişafında Qabilin xidmətləri çox
böyükdür", - deyən ümummilli lider Heydər
Əliyev şairin yaradıcılığına hər zaman
yüksək qiymət vermiş və bu dəyər
özünü "Nəsimi" mənzum romanına təqdim
olunan Dövlət mükafatında bir daha əyani şəkildə
göstərir.
"Əsərlər" adlı külliyyatın
ikinci cildində (520 səh.) şairin ayrı-ayrı illərdə
yazdığı şeirləri toplanıb. Kitab şairin
on üç yaşında yazdığı "Elanın
ölümü" və ilk çap əsəri olan (4 aprel
1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə dərc
edilən bu şeirlə Qabil ədəbiyyata gəlib) "Gəl,
baharım!" şeiri ilə başlanır. Bu cilddə oxucu Qabilin on səkkiz yaşından
başlayaraq keçdiyi yaradıcılıq yolunu daha
yaxından izləyəcək. Dillər əzbəri
olan və Qabilin yaradıcılıq pasportu sayılan "Səhv
düşəndə yerimiz" adlı klassik şeiri də
bu cilddə yer alıb.
"Əsərlər"
adlı külliyyatın beş yüz iyirmi səhifəlik
üçüncü cildində şairin müxtəlif illərdə
yazdığı şeirləri və poemaları -
yazıldığı dövrdə poeziya hadisəsinə
çevrilən və bu gün də sevilə-sevilə oxunan
"Tramvay parka gedir", "Türkün qəbri",
"Mehparə" poemaları, "Azərbaycan əsgəri"
kimi tanıdığımız "Ümid sənədir
ancaq" və hər zaman müasir səslənən
"Sonuncu mogikan", "Nəsimi bazarında",
"Çadırlara alışmayın", "Qoru
özünü" şeirləri yer alıb.
Xalq şairi Qabil həm də gözəl rübailəri
ilə yadda qalıb. Bu səbəbdən də "Əsərlər"
adlı külliyyatın dördüncü cildi (528 səh.)
şairin müxtəlif illərdə yazdığı 870
rübaisi ilə açılır. Hər
biri bir şeirə bərabər Qoşayarpaqları,
Dördlükləri və müxtəlif illərdə
yazdığı şeirləri ilə davam edir.
Beş yüz iyirmi səkkiz səhifəlik beşinci
cilddə oxucu artıq şair Qabillə bir növ
vidalaşır, altıncı və yeddinci cildlər də
daxil olmaqla publisist, nasir, dramaturq Qabili kəşf etməyə
başlayır. Günümüzün aktual mövzusu olan dil problemi,
dilimizin saflığı uğrunda mübarizə, ümumi
yox, konkret olaraq buraxılan səhvlərin göstərilməsi
baxımından Qabilin beşinci cildin sonunda yer alan
"Adsız-ünvansız iradlar"ı bu gün də gənc
jurnalistlərimiz, yazıçılarımız
üçün gözəl mənbədir.
Külliyyatın 6-cı cildi (528 səh.) Xalq
şairinin 1980-85-ci ildə yazdığı, sovet
quruluşunun ifşasına yönələn "Ömür
həbləri" romanı ilə açılır. Xalq
Yazıçısı İsmayıl Şıxlının
"Yanar ürəklərin üsyanı"
adlandırdığı bu əsər o dövrü
yaxından tanımaq üçün gözəl bir mənbə
olduğu qədər, cilddə yer alan
xatirələr Qabilin müasirlərini, dostlarını,
1944-cü ildən 2007-ci ilə qədər ədəbi
mühiti tanımaq baxımından bir o qədər qiymətlidir.
Nəhayət,
beş yüz iyirmi səhifəlik "Əsərlər"
adlı külliyyatın yeddinci cildində isə şairin
publisist söhbətləri, mötəbər məclislərdə
çıxışları, müsahibələri, xatirələri,
hekayə və tərcümələri və "Dənizin
cazibəsi" adlı dramatik povesti yer alıb. Xalq arasında məşhur olan "Azərbaycan SSR
Prezidentinə suallar" adlı yazı ilə başlayan
yeddinci cild tariximizi öyrənmək baxımından
böyük əhəmiyyət kəsb edir.
Mahir Qabiloğlu təkcə tərtibçiliklə
kifayətlənməyib. Bütün cildlərdə iriliyindən-xırdalığından
asılı olmayaraq, hər bir şeirin, poemanın, nəsr və
publisistik əsərin əlifba və cild üzrə
axtarılması sistemini yaradıb. Biblioqrafiya
verib. Yeddinci cilddə, həmçinin, yüzdən
çox fotoşəkil də yer alıb ki, bu da Qabilin
dörd yaşından 81 yaşınadək keçdiyi həyat
yolu barədə qısa da olsa əyani təəssürat
yaradır.
Bir məqamı da xüsusilə qeyd edək ki, tərtibçi
və redaktor Mahir Qabiloğlu atasının
yaradıcılığına dar çərçivədən
yanaşmayıb. Külliyyatda SSRİ, Lenin, Stalin, o
dövr haqqında yazılan şeirlər də öz əksini
tapıb ki, bu da tariximizə olan hörmətin təcəssümü
olmaqla yanaşı, Qabili hərtərəfli
tanımağımıza zəmin yaradır. Cildlərdə, o cümlədən, apastrof da qorunub
saxlanılıb.
Bu nəşrlər tərtibçinin böyük zəhməti
hesabına başa gəlib. O, bununla bir daha əsl vətəndaşlıq
və oğulluq missiyasının nədən ibarət
olduğunu göstərib. Özünü bir
filoloq kimi təsdiq edib. Bir institutun
görməli olduğu işi qısa müddətdə
başa çatdırıb, ədəbiyyat tariximizə ərməğan,
əsrlərə yadigar, kitabın əvvəlində
özü qeyd etdiyi kimi "xatirə" qoyub.
Yeri gəlmişkən qeyd edək ki, Xalq şairi Qabil
şəxsiyyət bütövlüyü ilə seçilən
elə böyük sənətkarlarımızdandır ki, bu,
onun yaradıcılığında da öz ifadəsini
tapıb. Onun gözəl lirik, epik-dramatik şeirləri ilə
yanaşı, hər cəhətdən tamamlanmış
poemaları oxucular tərəfindən həmişə hərarətlə
qarşılanıb. Elə buna görə
də Qabilin əsərləri həmişə oxunur, əzbərlənir,
ən mötəbər tədbirlərdə həm qabilsevərlər,
həm də görkəmli qiraət ustaları tərəfindən
şövqlə səsləndirilir. Eyni zamanda, xalq tərəfindən
həmişə sevilən Qabil bütün
yaradıcılığı ilə dillər əzbəri
olan "Səhv düşəndə yerimiz",
"Bakılı", "Çörək", "Təmizlik",
"Gülləbaran eylədilər", "Nəsimi
bazarında", "Beşiyimdir-məzarımdır o mənim",
"Dağlar", "Azərbaycan torpağı",
"Göygöl", "Mübarəkdir Qız
qalası", "Məhəbbət deyil", "Küləkli
havalarda, yağışlı havalarda", "Türkün
qəbri", "Ümid sənədir ancaq", "Gedən
yerim olaydı", "Əslində", "Sənə
qurban" kimi şeirləri və "Nəsimi" kimi fəlsəfi-psixoloji,
epik-dramatik, fundamental poeması ilə əbədiyaşarlıq
qazanıb.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti
ilə daim həmahəng olub. Eyni zamanda, həyatda
mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı,
onun haqqında yaradılan maraqlı lətifələr də
xalqa çoxdan bəllidir. Bu, əlbəttə,
şair üçün ən böyük səadətdir.
Heç bir rəsmi vəzifə
daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və
arzularını həmişə yuxarı dairələrə
çatdırıb. Bu da ondan irəli gəlib
ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti,
düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi
qəbul edən nadir vətəndaşlıq mövqeli, təəssübkeş
şair idi. Akademik Tofiq Hacıyev "Qabilin qabilliyi"
adlı məqaləsində yazırdı: "Qabil deməli
olduğu sözü heç vaxt saxlamayıb. Həmişə
düşünüb. Tanrı bu şairlik
istedadını ona verib ki, xalqına gərək olan
sözü desin". Bu mənada Qabili,
sözün əsl mənasında, xalqa bağlı olan bir
şair hesab edirik. O, heç vaxt xalq haqqında mücərrəd
danışmayıb, onun sevincinə şərik olub, dərdindən-sərindən
yazıb. Daim poetik duyğularla qəlbində Vətəninə,
millətinə tükənməz məhəbbəti olan Qabil
böyük ictimai hisslərlə, duyğularla, gərgin zəhməti
və yaradıcılıq axtarışları, canlı həyat
müşahidələri ilə vicdanla xalqına xidmət
edib.
Müstəqilliyimizin
ilk illərinin ağır sınaq anlarında ürək
yanğısı ilə yazdığı "Şəhid
anası", "Qeyrət, a vətəndaşlar",
"Oldu", "Xəcalət", "Birini elə, birini
belə" və digər siyasi lirik nümunələri ilə
Qabil xalqın gözündə daha da yüksəlib.
Bu yeddi cildlikdə şairin bütün külliyyatı ardıcıllıqla, sistemli şəkildə çap olunub. Bütün cildlərdə tərtibçi tərəfindən şairin qısa, lakin dolğun tərcümeyi-halı verilib. Qeyd edək ki, "Oğlu Mahirdən xatirə" ifadəsi ilə açılan bu yeddicildlikdə redaktə və korrektə zamanı həmin dövrün qrammatik qaydaları nəzərə alınıb. Çoxcildliyin redaktorluq missiyasını da yerinə yetirən Mahir Qabiloğlu bu işin də öhdəsindən layiqincə gəlib. Şairin bütün külliyyatının toplandığı bu yeddicildlikdə ona korrektorlar - Sevinc, Suğra, Bəyim İmamverdiyevalar, Nofəl Mehdiyev yardımçı olublar. Bədii tərtibatçı Zaur Qafarzadənin nəfis, klassik tərtibatını isə xüsusi qeyd etmək lazımdır.
İnanırıq ki, bu kitablar nəinki Qabili şeirsevərlərə bir daha yaxından tanıdacaq, həm də gələcək tədqiqatçılar üçün şairin irsinin daha dərindən və hərtərəfli tədqiqinə köməklik göstərəcək.
525-ci qəzet.-2017.-30 noyabr.-S.8.