Fuad Köprülünün
"Əlişir Nəvai" risaləsi Azərbaycan dilində
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının Qərarı ilə Türk dünyası elmi fikrinin görkəmli simalarından biri professor Fuad Köprülünün 1941-ci ildə yazıb nəşr etdirdiyi "Əlişir Nəvai" risaləsi çapdan çıxıb.
Müəllifin dediyi kimi, bu kiçik və sadə risalə 1941-ci il
fevralın 9-da Türkiyədə
Nəvai ilə bağlı keçiriləcək
tədbirlərlə əlaqədar
hazırlanmışdı. Həmin əsərin tarixi aktuallığını nəzərə
alaraq dilimizə uyğunlaşdırıb nəşr
etdirməyi düşündük.
Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan türkcəsində
hazırlayanı və
redaktoru filologiya elmləri doktoru Almaz Ülvi,
rəyçiləri isə
AMEA-nın müxbir üzvü Nüşabə
Araslı və filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.
Əsəri nəşrə hazırlayarkən
"Bir neçə söz" adlı qeyd yazmağı da unutmadıq: Məşhur türk tarixçisi, ədəbiyyatşünası, professoru Fuad Köprülünün "Əlişir
Nəvai" risaləsini
niyə yenidən nəşr etmək istədik? - sualının
ilk cavabı, Əlişir
Nəvainin ədəbi
şəxsiyyətinə və
irsinə ehtiramdan, türk ədəbi dilinin, elmi dilinin bünövrəsi
tarixinə müraciətdən
irəli gəldi. XX əsr türk
elmi fikrinin nəhənglərindən olan
Mehmed Fuad Köprülünün Nəvai
haqqında düşüncələrinin
dəyəri də əsas meyarlarımızdan
oldu.
Fuad Köprülü
tədqiqatlarından sonra,
özünün də
bu risalədə qeyd etdiyi kimi,
Türkiyədə Nəvai
irsinin təbliği və tədqiqi istiqamətində böyük
işlər görüldü.
İstanbulda keçirilən "Keçmişdən gələcəyə
Xoca Əhməd Yəsəvi" adlı beynəlxalq konfransda (26-28 sentyabr,
2016) türkoloq-nəvaişünas Kemal Eraslanın "Əlişir Nəvainin
"Nəsaim ül-məhəbbət"
təzkirəsinin əldə
etdiyimiz keçi dərisi üzərindəki
nadir və qədim əlyazması üzərində
tədqiqatlarımız davam
edir, yaxın illərdə araşdırmaçılara
təqdim ediləcək"
- sözü yeniliklərin
hələ davam etdiyinə sübutdur.
Bu kimi çox araşdırmaların adını
çəkə bilərik,
amma Fuad Köprülü tədqiqləri
bütün bu işlərin özülündə
dayanır.
Doğrudur, Türkiyə ədəbiyyatşünaslığından
fərqli olaraq, Azərbaycan ədəbiyyatşünaslığının
o dövrü üçün
bu tədqiqat yeni bir şey
deyildi. Bu əsərin
"Biblioqrafiya"sında göründüyü kimi,
nə əsrin əvvəllərində Baxçasarayda
(1902) Ə.Nəvainin "Mühakimət
ül-lüğəteyn" əsərinin (İ.Qaspiralının
giriş məqaləsi
ilə Azərbaycan dilində) kitab şəklində çapından,
nə də
1907-1916-cı illər arasında
Ə.Həsənzadənin "Dəbistan" və
"Dirilik" dərgilərində
davamlı olaraq dərc edilmiş "Təracümi-əhval Əlişir
Nəvai" adlı irihəcmli məqalələrindən
bəhs edilmir.
Firudin bəy Köçərlinin
(1863-1920) "Azərbaycan ədəbiyyatı
tarixinin materialları"
(1925-ci il nəşri) kitabı
"Əlişir Nəvai"
adlı elmi məqaləsi ilə açılır: "Bu şair
əslən cığatay
türklərindən isə
də, Azərbaycan şüərası arasında
artıq hörmət
və şöhrət
kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə
olubdur. Buna da
ümd? səbəb onun təbi-lətifindən törəyən
asari-nəfisə və
əşari-məmduhəsi olubdur ki, çox
şirin və dadlı dil ilə rişteyi nəzmə çəkilmişdir".
Eləcə də, Özbəkistanda Əlişir Nəvai haqqında ilk elmi tədqiqatlar 1920-ci illərin
əvvəllərində milliyətcə
krım tatarı olan Özbəkistanda fəaliyyət göstərən
Əbdürrəhman Sədi
və Əbdürrauf
Fitrət tərəfindən
yazıldı.
Azərbaycandan Daşkəndə sürgün
edilən Maqsud Şeyxzadənin 1930-cu ildə
özbəkcə yazdığı
ilk elmi məqaləsi
də Ə.Nəvai haqqında oldu.
Haqqında söhbət gedən risalədə bu tədqiqatlardan söz açılmamasının əsas
səbəblərindən biri
yəqin ki, sovet sərhədlərinin
bağlı olması
ilə məşhur professorun həmin əsərləri əldə
edə bilməməsi
idi.
1926-cı
ildə I Bakı Türkoloji Qurultayında Ə.Nəvai ədəbi
şəxsiyyətinə və
irsinə verilən yüksək dəyər,
Türkiyəyə dönən
F.Köprülü bu
istiqamətdə yeni tədqiqatlara, yeni təqdimatlara ehtiyac olduğunu gördü və Türkiyə elmi fikrində "Əlişir Nəvai"
adlı elmi, ədəbi yeniliklərin
ortaya qoyulmasına stimul oldu. Nəvai
haqqında yazılmış
bu qısa mətn - "Əlişir
Nəvai" risaləsi
o dövr Türkiyə
elmi üçün yenilik idi: ondan
sonra Ə.Nəvai haqqında dolğun, geniş tədqiqatlar yazıldı, bu gün də yazılır. Əsərləri Türkiyə türkcəsində
nəşr edildi, bu gün də
nəşr olunur.
F.Köprülünün yazdığı kimi, "Nəvainin əsərləri, yalnız öz şəxsiyyətini öyrənmək üçün deyil, yaşadığı dövrün ümumi mənzərəsini anlamaq üçün də birinci dərəcəli sənədlərdir".
İnanırıq ki, bu kiçik əsər tədqiqatçıların diqqətini cəlb edəcəkdir.
Almaz ÜLVİ
Filologiya elmləri doktoru
525-ci qəzet.-2017.-30 noyabr.-S.8.