Ədəbiyyat İnstitutunda
"525-ci qəzet": zaman və ədəbi
proses" adlı tədbir keçirildi
Noyabrın
28-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Elektron Kitabxanasında "525-ci qəzet"in
25 illik yubileyilə bağlı "525-ci qəzet" məktəbi:
zaman və ədəbi proses" adlı tədbir təşkil
edilib.
İnstitut və qəzet rəhbərliyinin, tanınmış
alimlərin və
media nümayəndələrinin iştirak etdikləri tədbirdə professor Cahangir
Məmmədlinin "525" - zamanın sınağında"
kitabının təqdimatı
olub. BDU Jurnalistika fakültəsinin
Elmi Şurasının
qərarı ilə
"525-ci qəzet"in 25 illiyinə hazırlanmış
bu yubiley nəşri yüksək dəyərləndirilib.
Tədbiri giriş sözü
ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, millət vəkili, akademik İsa Həbibbəyli
"525-ci qəzet" haqqında,
onun ictimai-siyasi və ədəbi-mədəni
mühitimizdə oynadığı
rol barədə fikirlərini bölüşüb:
"525-ci qəzet" universal bir qəzetdir. Burada ictimai-siyasi proseslər, beynəlxalq münasibətlərlə
yanaşı, bədii
mətnlər də öz əksini tapır. Cəmiyyətdə elə bir sahə yoxdur ki, bu qəzet
həmin sahəyə
aid materialları öz
səhifələrində işıqlandırmasın.
Biz, Ədəbiyyat İnstitutu olaraq, bu qəzetin ictimai-siyasi yönündən
daha çox, ədəbi prosesdəki rolu və yerini,
xidmətlərini ön
plana çəkmək
istəyirik. Bu sahədəki fəaliyyət
"525-ci qəzet"in Azərbaycan
mətbuat tarixində
ən böyük xidmətlərindən biridir.
"525-ci qəzet" müasir Azərbaycanda müstəqil mətbuatın
ən qabaqcıl nümayəndəsidir, bu
sahədə nümunə,
örnəkdir".
Akademik çıxışında
qeyd edib ki, sözgedən qəzet cəmiyyətin nəbzini tutmağı və ona müsbət
impuls ötürməyi
bacaran nadir mətbuat orqanlarındandır. Sözügedən
qəzeti günümüzün
obyektiv aynası adlandıran İ.Həbibbəyli
vurğulayıb ki,
"525-ci qəzet"in mahiyyətində
maarifçilik dayanır:
"525-ci qəzet" ədəbi
prosesə də böyük önəm verir. Mənə maraqlı gələn
cəhət odur ki, gündəlik qəzetin birinci səhifəsindəki siyasi
xəbərlərlə axırıncı
səhifəsindəki bədii
mətnlər, ədəbiyyat
materialları arasında
bir harmoniya olur. Şübhəsiz ki, bu da qəzetin əməkdaşlarının peşəkarlığından,
öz işinə diqqətindən, qəzetçilik
təcrübəsindən, dərin müşahidəsindən
irəli gəlir".
İ.Həbibbəyli qəzetin şənbə buraxılışlarından
söz açarkən
deyib ki, qəzet gündəlik deyil, yalnız şənbə günü
olan qalın sayı ilə çıxsaydı da, yenə mətbuat tarixində əvəzsiz bir xidmət nümunəsi göstərmiş
olardı: "525-ci qəzet"in
şənbə sayları
həmin həftənin
ədəbi, elmi, ictimai, siyasi, sosial proseslərinin möhtəşəm yekunu
olmaqla bərabər, ondan sonrakı həftənin də proloqu sayıla bilər. "525-ci qəzet" həm də bu illər
ərzində, "Molla
Nəsrəddin", "Füyuzat"
kimi, mətbuatda məktəb funksiyasının
da öhdəsindən
layiqincə gəlib".
"525" - zamanın sınağında" kitabından
da bəhs edən akademik, bu nəşri "525-ci qəzet"in romanı adlandırıb.
İsa Həbibbəyli çıxışının
sonunda Ədəbiyyat
İnstitutunun Elmi Şurasının ilk dəfə
təsis etdiyi "Ədəbiyyatşünaslıq elminə dəstək"
nominasiyası üzrə
mükafatını "525-ci qəzet"in ədəbiyyatın
və ədəbiyyatşünaslıq
elminin inkişafındakı
xidmətlərinə görə
qəzetin baş redaktoru Rəşad Məcidə təqdim edib.
AMEA-nın müxbir üzvü, Ədəbiyyat
İnstitutunun şöbə
müdiri Tehran Əlişanoğlu
"Ədəbi "525" və redaktoru Rəşad Məcid" adlı məruzə ilə çıxış
edib (Məruzənin mətni qəzetimizin şənbə sayında
dərc ediləcək).
T.Əlişanoğlunun məruzəsindən sonra
çıxışlar dinlənilib. Ədəbiyyat
İnstitutunun şöbə
müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli özünün
və ədəbiyyatşünas
həmkarlarının bu
illər ərzində
qəzetdə yayımlanmış
yazılarından söz
açaraq deyib ki, "525-ci qəzet"
öz gəlişilə
ədəbi mətbuat
sahəsindəki boşluğu
uğurla doldurdu:
"525"də ədəbiyyat səhifələri, ədəbiyyata
maraq lap ilk illərdən
olub. Bunu Rəşad Məcidin
öz dünyagörüşü,
şəxsiyyətilə də
əlaqələndirmək olar. Bu illər
boyu elə bir ciddi qələm
sahibi, yazıçı,
tənqidçi, ədəbiyyatşünas
yoxdur ki, "525"də
yazıları çap
olunmasın. Burada müxtəlif
ədəbi nəsillər
çap olunur. Onlar gənclərə də böyük önəm verirlər. Bir sözlə, Ədəbiyyat
İnstitutunun daima inamla üz tutacağı bir mətbu ünvandır
"525".
Ədəbiyyat İnstitutunun şöbə
müdiri, filologiya elmləri doktoru Şirindil Alışanlı
"525-ci qəzet"i bütün
yönləri və ictimai mövqeyi baxımından obyektiv qəzet adlandırıb. Ş.Alışanlının fikrincə, "525-ci qəzet"in bu günədək belə oxunaqlı və sevilən olmasının əsas səbəbi bütün məsələlərdə
tarazlığı, balansı
qoruması olub. Bu qəzetin əsas
özəlliyinin Azərbaycan
tarixi ilə bağlı məqalələrə
də öz səhifələrində tez-tez
yer verməsi olduğunu vurğulayan Ş.Alışanlı həm
qəzetin, həm də "525.az" saytının
fəaliyyətini təqdir
edib, təkliflərini
də səsləndirib.
Görkəmli ədəbiyyatşünas, professor Qəzənfər Paşayev diqqəti
"525-ci qəzet"in yarandığı
dövrə çəkərək
deyib: "Təlatümlü,
mənəvi dəyərlərin
arxa planda qaldığı dövrdə
- 1990-cı illərin əvvvəllərində
saysız-hesabsız qəzetlər
çıxırdı. Qeyri-peşəkarlar, sözün dəyərini
bilməyən insanlar
meydan sulamağa başlamışdı. "525-ci
qəzet" belə bir xaos dönəmində
yarandı və varlığını uğurla
sübut edərək
yaşadı". "525-ci
qəzet"in ədəbi
prosesə çox ciddi şəkildə nüfuz etdiyini deyən professor ədəbiyyatımızın
müasir inkişafında
bu qəzetin rolunun əvəzsiz olduğunu vurğulayıb.
Qəzetin əməkdaşlarını və
oxucularını yubiley
münasibətilə təbrik
edən filologiya üzrə fəlsəfə
doktoru, dosent Bəsirə Əzizəliyeva
deyib ki, "525-ci qəzet"in ən mühüm özəlliyi
dövlətçilik mədəniyyətini
və milli mədəni irsi təqdim və təbliğ etməsidir.
İnstitutun şöbə müdiri,
professor Asif Rüstəmli
"525-ci qəzet"in milli
dövlətçiliyə bağlılığı ilə
seçildiyini, sözünə,
istedadına güvənən
insanları öz ətrafına yığmaqla,
dövrün, zamanın
məhdudiyyətlərinə baxmadan, 25 ildən bəri əzmlə fəaliyyət göstərdiyini
önə çəkib.
A.Rüstəmli qəzetin bundan
sonra da öz xəttini davam etdirəcəyinə,
mətbuatımızda, ədəbi-mədəni
mühitimizdə daima
məxsusi rol oynayacağına inamını
ifadə edib.
Pedaqoji Universitetin kafedra müdiri, professor Himalay Qasımov qəzetin 25 illiyini şanlı tarix adlandırıb: "Bu qəzet
hər kəsə doğmadır. Çünki orada hər
kəs öz arzusuna, istəyinə uyğun yazılar tapa bilir. Bu, vətən təəssübünü
çəkən, Azərbaycançılığa
sadiq, milli-mənəvi
dəyərlərimizə istiqamətlənən,
zamanın fövqündə
dayanan bir qəzetdir". İnstitutun şöbə
müdiri, professor Bədirxan
Əhmədov yazılarının
"525"də davamlı dərc edildiyini bildirib, mətbuatımızda
"525-ci qəzet" ənənələrindən
danışıb, onu
ziyalıların qəzeti
adlandırıb.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Bağırlı
"525-ci qəzet"i düşüncə,
dünyagörüş, elmə,
ədəbiyyata və
mədəniyyətə münasibət
baxımından özünə
doğma qəzet kimi səciyyələndirib.
BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli "525-ci qəzet"in
şəxsən onun fəaliyyətində, eləcə
də ümumən cəmiyyət həyatında
xüsusi rola malik olmasından söz açıb.
Tanınmış şair, professor Zahid
Xəlil, Ədəbiyyat
İnstitutunun əməkdaşı
Gülbəniz Babayeva,
filologiya elmləri doktoru Almaz Ülvi
də çıxış
edərək "525-ci qəzet"
haqqında fikirlərini
bölüşüblər. Çıxışlarda "525"in yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından
kənarda, xüsusən
türk dünyasında
da nüfuzlu mətbu orqan kimi dəyərləndirildiyi
vurğulanıb.
Sonra çıxış edən "525-ci qəzet"in baş redaktoru, şair və publisist Rəşad Məcid bu tədbirin qəzetin fəaliyyətinə verilən yüksək qiymətin təzahürü olduğunu bildirib. R.Məcid AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli başda olmaqla, Ədəbiyyat İnstitutunun rəhbərliyinə və kollektivinə, məruzəçiyə və çıxışçılara, tədbirin bütün iştirakçılarına qəzetə göstərdikləri xoş, səmimi münasibət üçün minnətdarlıq edib. Mətbuata gəlişindən, qəzetin yaranmasından söz açan R.Məcid ilk mətbu təcrübəsinin "Elm və həyat" jurnalında gerçəkləşdiyini, orada Ülkər Hüseynova, Maral Poladova, Mehparə Axundova kimi dəyərli insanlarla bərabər çalışdığını deyib: "525"in 25 yaşına gəlməsində əməyi, xidmətləri olan hər kəsə, müəllimlərimizə, oxucularımıza, müəlliflərə, əməkdaşlarımıza ürəkdən təşəkkür edirəm. Bu sırada Ədəbiyyat İnstitutunun, akademik İsa Həbibbəylinin, görkəmli alimlərimizin xüsusi yeri var. Qəzetimizin 25 illiyində bizə çox dəyərli hədiyyə olan "525" - zamanın sınağında" kitabının müəllifi professor Cahangir Məmmədliyə də minnətdarıq!"
Sonda akademik İsa Həbibbəyli "525-ci qəzet"in əməkdaşlarına AMEA-nın yeni nəşrlərini hədiyyə edib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-30 noyabr.-S.4.