Son baharın min büsatı

 

 

 

 

 

MAVİ EKRANLARDAKI QIZIL

 

"Bir axşam taksidən düşüb payıza,

Bilmədik haraya, hayana gedək.

Bahar həsrətilə payız axşamı,

Yenə həzin-həzin titrədi ürək".

 

Şeir kimi oxuya bilmədiyimiz, elə ilk sözündəncə beynimizdə, qəlbimizdə musiqisi çalınan bu misralar məşhur "Gün keçdi" filminin elə ən az özü qədər məşhur mahnısıdır.

 

Xalq yazıçısı Anarın "Gürcü familyası" hekayəsinin ssenarisi əsasında rejissor Arif Babayevin 1971-ci ildə çəkdiyi bu film, bir az da həmin misraların təsirilə, nakam məhəbbət əhvalatından başqa, həzin payız ovqatıyla da yadda qalır.

 

Rəssamlar kimi rejissorlar da tarix boyu payızın əlvan rənglərinə, sakit, həzin görünüşünün içərisində gizlənən şıltaq ecazkarlığına biganə qalmayıb, özlərinin ekran əsərlərini bu gözəlliklə zənginləşdiriblər.

 

Ayrılıq fəsli adlanan payız "Gün keçdi" filmində uşaqlıqda bir-birinə məhrəm duyğular bəsləyən, ancaq həyatın şərtlərilə illərdən bəri bir-birindən ayrı düşən iki insanın qovuşduğu fəsil olaraq göstərilir. Aktrisa Leyla Şıxlinskayanın canlandırdığı Əsmər illərdən sonra öz vətəni Bakıya məhz payızda qayıdır. Oqtayla yağışın yuduğu Bakı küçələrində gəzməyi, uşaqlığından qopmağı bacarmayan bu iki insanın keçmişə səyahəti bəstəkar Emin Sabitoğlunun bəstələdiyi, Xalq artisti Flora Kərimovanın bənzərsiz tərzdə ifa etdiyi, yuxarıda misraları yazılan mahnı ilə daha da ölümsüzləşir.

 

Azərbaycan ekranında bu fəsil 1962-ci ildə çəkilmiş "Payız konserti" qısametrajlı musiqili filmi ilə də tamaşaçıların görüşünə gəlir. Ssenari müəllifi və rejissoru Rəşid Atamalıbəyov olan filmin baş rolunu ölməz aktyor Lütfəli Abdullayev ifa edir. Filmdəki hadisələr yenə də yağışlı, çiskinli bir payız axşamında baş verir.

 

Bir qrup gənc konsert təşkilatçısını canlandıran Lütfəli Abdullayevə yaxınlaşaraq, konsert keçirtmək istədiklərini deyir, köməklik göstərməsini xahiş edirlər. Təşkilatçı razılaşır və onların istəyini həyata keçirir.

 

Filmin böyük hissəsi də bu konsertdən, müğənnilərin ifalarından ibarətdir. Rollarda Müslüm Maqomayev, Şövkət Ələkbərova, Əminə Dilbazi çıxış edirlər.

 

Payız fəsli Sovet dövrü kinosunda da tez-tez qarşımıza çıxır. 1979-cu ildə rejissor Yuri Kuşnerevin çəkdiyi "Payız marafonu" filmində payızın hüznü, sakitliyi, səssizliyi, dumanı, çiskini təsvir olunur. Filmdə ailəli bir kişinin başqa qadınla eşq macərası, öz  xanımına xəyanəti təsvir olunur. İlk epizod çiskinli payız səhərinin təsviri ilə açılır. Tez-tez ekrana gətirilən saralmış yarpaqlar, çılpaq ağaclar bir ailənin gündən günə saralıb tökülən taleyinin simvolik əksi kimi də xarakterizə oluna bilər. Filmin sonlarına doğru obyektivdə göstərilən böyük bir çöllükdə yarpaqlarını tökməkdə olan tənha ağac əri tərəfindən xəyanətə uğrayan qadının tənhalığı ilə çuğlaşır.

 

"Sentyabr məzuniyyəti", "İşdə məhəbbət macərası" kimi filmlərdə də hadisələr payızda cərəyan edir.

 

Son dövrlər payızın əks olunduğu ən məşhur filmlərdən biri 2007-ci ildə türkiyəli rejissor Özcan Alper tərəfindən ekranlaşdırılan "Sonbahar" filmidir. 2008-ci ildə yayımlanan film dram janrındadır. Payızın iki ən özəl tərəfi olan məhəbbət və ölüm bu filmdə bir bütün halında təsvir edilir.

 

1999-cu ildə rejissor Debora Uornerin çəkdiyi, Fransa, Böyük Britaniya və İrlandiyanın birgə istehsalı olan "Ötən sentyabr" filmi maraqlı sevgi hekayəsidir. Burada sakit həyatlarını yaşayan iki gəncin sevgisi məhz payızın ilk ayı sentyabrda alovlanır.

 

Cənubi Koreya və ABŞ-ın birgə istehsalı "Yaz, yay, payız, qız... və yenidən yaz" filmi həyatın çevikliyinə fəlsəfi baxış sərgiləyir. 2003-cü ildə ekranlaşdırılan filmin rejissoru Kim Ki Dukdur. Burada fəsillərin bir-birini sürətlə əvəzləməsi insanın müxtəlif həyat dərsləri alması ilə vəhdətdədir. Kinoda fəsillərin mənzərələri, xüsusən payızın canlı təsviri göz oxşayır. Bütün bunlar bir gənc keşişin böyüməsinin nümunəsində canlı və maraqlı şəkildə tamaşaçıya təqdim olunur.

 

Küçə musiqiçisinin həyatından bəhs edən "Bir dəfə" filmi payız mənzərələrini ən gözəl əks etdirən 10 film siyahısına daxil edilib. 2007-ci il İrlandiya istehsalı olan filmin rejissoru Con Karnidir.

 

Payız təsvirlərinə ən geniş yer verilən filmlərdən biri də 2008-ci ildə rejissor Martin MakDona tərəfindən çəkilən və Birləşmiş Krallıqla ABŞ-ın birgə istehsalı olan "Burges dibində yalançı" filmidir. Son dərəcə ciddi ictimai məsələlərə toxunan filmdə Burges şəhərinin payız gözəlliyi ekranda xoş görüntü yaradır.

 

"Xəyali sevgi" və "Sonuncu payız" filmləri də sözügedən fəslin özünəməxsus xüsusiyyətlərini, şux və canlı təbiətini özündə əks etdirən filmlər sırasındadır. "Xəyali sevgi" filmi 2010-cu ildə Kanadada rejissor Ksave Dolan tərəfindən ekranlaşdırılıb. Payız yarpaqları, qırmızı ayaqqabı, rənglər və oyun bu filmi xarakterizə edən sözlərdir.

 

"Sonuncu payız" filmi isə 2010-cu ildə ABŞ və Cənubi Koreyanın birgə işi olaraq mavi ekranlarla görüşüb.

 

Yağışlı, dumanlı Seattle fonunda təvazökar məhəbbət hekayəsinin rejissoru Kim Txe Yundur.

 

Bunlardan başqa, "Ana baba", "Oktyabr göyü", "Şirin noyabr", "Gölün evi", "Qürur və qərəz", "Medison dairəsinin körpüləri", "Bağçalı ölkə", "Böyük balıq", "Janna və bacıları", "Sevimli", "Harri ilə Salli tanış olduqda", "Payız əfsanələri", "Nyu-Yorkda payız", "Ağıllı Uill Xantinq", "Toranlıq", "Cənnətdən uzaq" kimi filmlərdə də qarışıq və maraqlı həyat hadisələri fonunda payız dumanlı, çiskinli, yağışlı təbiəti, qızıl xəzəli ilə mavi ekranlardan evinizə qonaq olacaq.

 

Sözün yaddaşındakı Güz

 

Hüzn fəsli deməyək payıza. İslandığınız yağışına, gözlərinizə toz üfürən, saçlarınızı qarışdıran küləyinə, ayağınıza dolaşan xəzanına siz deyinərkən, bir şair hansısa evin pəncərəsi önündə dünyanın ən gözəl şeirini yazır bəlkə də...

 

Azərbaycan və dünya ədəbiyyatında bəlkə də elə bir şair tapmaq olmaz ki, onun əsərlərində kövrək payız nəfəsi hiss edilməsin, payız ətri duyulmasın. İllərdən, əsrlərdən bəri payız Azərbaycan ədəbiyyatında da özünəməxsus tərənnüm və təsvirə malik fəsil olub. Bəlkə də, bütün dünya ədəbiyyatından qabaq rənglərin mistik rəqsinin tərənnümü olan payıza "Dədə Qorqud" dastanlarında "güz" adıyla rast gəlirik: "Güz almasına bənzər al yanaqlım!"

 

Payızın ən gözəl təsvirlərindən biri Abdulla Şaiqin, orta məktəb dərsliklərində verilən şeirindədir:

 

Payız olur, əsir soyuq küləklər,

Solur dağda, çöldə əlvan çiçəklər.

Gecələr uzanır, günlər qısalır,

Göy üzünü qara buludlar alır.

Yağış yağır, duman çökür çöllərə,

İnildəyir çayır, çəmən, dağ, dərə.

 

Bu bir neçə misraya müəllif üç aylıq, doxsan günlük payızın bütün məziyyətlərini, özünəməxsus xüsusiyyətlərini cəm edə bilib.

 

Payız insan ruhunun cana gəldiyi, duyğularının dilləndiyi fəsildir. Heç təsadüfi deyil ki, şair və yazıçılarımızın bir çoxu sevgi, məhəbbət macəralarının zamanı kimi məhz payız fəslini seçirlər.

 

Yazıçı Sabir Əhmədlinin 1953-cü ildə qələmə aldığı "Arabaçı" hekayəsində payızın çox gözəl təsviri verilir.

 

Arabaçı Cəlilin pambıqçı Tərgülə sevgisindən bəhs edən əsərdə müəllif ara-sıra payızın duyğuları riqqətə gətirən təsvirinə də yer ayırır. Məsələn: "Sərin payız gecəsinin nəfəsi, yarpaqların xışıltısı, böyük kanaldan axan suyun aydın eşidilən şırıltısı arabaçının hisslərini oyatdı. Gözlərini yummuşdu. Amma görürdü. Sevdiyi qızı açıq-aydın görürdü". Təsadüfmü, yoxsa müəllifin bu fəslə olan vurğunluğunun təcəssümüdürmü, bilmirəm, amma ədibin 1961-ci ildə işıq üzü görən ilk kitabı da "Bir payız axşamı" adlanır.

 

Kamal Abdulla isə "Payız sevgisi" şeirində payızı həsrət, ayrılıq, eşq, məhəbbət fəsli kimi səciyyələndirir:

 

Payız sevgisi gəldi gizlicə,

Gizlicə getdi, gəldiyi kimi.

 

"Yavaş-yavaş" şeirində insan ömrünü ilin fəsillərilə müqayisə edən Bəxtiyar Vahabzadə qocalığı payız fəslinə oxşadır, saralıb budağından qopan yarpaqları qocalıb həyatdan köçən insanla eyniləşdirir:

 

Ömrün payız fəsli sıxdı əlimi,

Yoxsa qocalıram mən yavaş-yavaş.

Payızda yarpağa xal düşən kimi

Düşür saçlarıma dən yavaş-yavaş.

 

Yarpaqları yaylığa bənzədərək "Ağacın yaylığı ayaqlar altda, Yeriyə bilmirəm çığırtısından" - deyən şair Rəfail Tağızadənin "Payız motivləri" adlı silsilə şeirlərində bənzətmələr xüsusi diqqət cəlb edir:

 

Türkiyə ədəbiyyatında payız fəslinin şux mənzərələrinin təsvirinə daha çox rast gəlmək mümkündür. Son bahar adlandırdıqları payız türkiyəli şairlər üçün daha çox ayrılığın, hüznün rəmzidir. Nazim Hikmət "Mevsim sonbahar" şeirində deyir:

 

...ıslak saçlarını güneşte kurut

olgun meyvelerin baygınlığıyla parıldasın

nemli, ağır kızıltılar...

sevgilim, sevgilim,

mevsim

sonbahar...

 

Atilla İlhan "Adım Sonbahar", Ahmet Hamdi Tanpınar "Sonbahar", Cemal Süreya "Eylüldü", Ümit Yşar Oğuzcan "Ben eylül, sen haziran", Ataol Behramoğlu "Eylül sabahının serinliyi", Metin Altıok "Sonbahar", Cahit Külebi "Sonbahar geliyor" və başqa bu kimi şeirlərdə  payız sevgisi, payız hüznü öz əksini tapıb. 

Məşhur romanlardan biri olan Rəşad Nuri Güntəkinin "Yarpaq tökümü" romanında Əli Rza bəyin həzin sonu, bir ailənin üzvlərinin tək-tək payız yarpaqları kimi saralaraq budağından ayrılıb tökülməyi ürək ağrısı ilə təsvir olunur.

 

Tuna Kiremitçinin "Selanikte sonbahar" romanında sonbahar (payız) termini postmodernist cəhdlə bütün qəhrəmanlara yüklənir. Bu romanla biz Atatürksüz bir Türkiyənin və özü-özünü idarə etməkdə çətinlik çəkən bir ölkənin dramını oxuyuruq. Payıza məxsus sıxıcı, boz buludlar roman boyunca bütün qəhrəmanların başının üstündə dolaşır.

 

Sait Faiq Abasıyanık "Bir payız axşamı" hekayəsinə "Nədir bu quş, bilməm ki? Payızda buludlar narıncı rəngdir. Payızda yarpaqlar danışır. Lodoslu İstanbul dənizi necə də baş döndürücüdür" - deyərək başlayır. Əslində isə müəllifin məqsədi sadəcə bir bildirçini anlatmaqdır. Payız müəllifin bildirçinə olan sevgisi ilə gözəlləşir. Burada payız hüznə deyil, sevgiyə işarədir.

 

Çağdaş Ukraynanın usta yazıçısı Kost Moskales "Payız bəsirətinin coşqusu" əsərində Lvov payızını yağışın, leysanın fonunda təsvir edir.

 

Norveç yazıçısı Knut Hamsunun "Payız ulduzları altında", misirli yazıçı Nəcib Məhfuzun "Bildirçin və payız" romanlarında da kifayət qədər payız motivlərinə rast gəlmək mümkündür.

 

Məşhur dünya yazıçı və filosofları payız haqqında müxtəlif fikirlər səsləndiriblər.

 

Alber Kamyu: "Payız hər yarpağın çiçək olduğu ikinci bahardır" - deyir.

 

Frensis Skott Fitceralda görə, "İlk payız küləyi ilə həyat yenidən başlayacaq". 

 

Anton Pavloviç Çexov üçün: "Payız qoxusu gəlir. Mən Rusiyanın payızını sevirəm. Onda kədərli, xoş, gözəl və qeyri-adi nə isə var. Onu götürüb durnalarla harasa uçmaq olar".

 

Erix Mariya Remark yazır: "Yeri gəlmişkən, çiçəklər payızda daha təmtəraqlı və parlaq olur, yayda isə daha tez ölürlər".

 

Harper Li üçünsə: "Payız sanki isti şam yeməyi kimidir: hər şey iştaha ilə verilir və sən səhər yuxudan hələ tam ayılmayıb, ona baxmaq istəmirsən".

 

Notlarla yağan xəzan

 

Yəqin sizin də aranızda mənim kimi hər il payızın ilk yağmurunu məşhur "Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax, yağdı yağışlar" misralarıyla başlayan mahnı ilə qarşılayanınız vardır. İlk dəfə müğənni Xədicə Abbasovanın ifasında eşitdiyim, Xalq şairimiz Fikrət Qocanın sözlərinə bəstəkar Emin Sabitoğlunun bəstələdiyi bu musiqi Azərbaycanda payız fəslinin himninə çevrilib desəm, mübaliğə etmiş olmaram, məncə.

Azərbaycan ədəbiyyatında payıza həsr olunmuş şeirlər çox olduğu kimi, estradamızda da kifayət qədər mahnılar var. E.Sabitoğlunun B.Vahabzadənin sözlərinə yazdığı "Əsir payız küləyi" ("Köçür durna qatarı") mahnısı Xalq artisti Zeynəb Xanlarovanın bənzərsiz ifası ilə o küləyin sərinini, köçən durna qatarının hüznünü, payızın bihuşedici ətrini insanın ruhuna köçürür:

 

Yazımın ədəbiyyata aid hissəsində B.Vahabzadənin payız haqqında yazdığı şeirdən söz açmışdım. Şairin qələmə aldığı bir çox şeirlər isə notların üzərində yeni nəfəs, yeni həyat qazanıb. Məsələn, bəstəkar Eldar Mansurovun yazdığı, Xalq artisti Aygün Kazımovanın ifa etdiyi "Bir payız gecəsi", Cavanşir Quliyevin bəstəsində Xalq artisti Nazpəri Dostəliyevanın səsilə həyat tapan "Bir payız axşamı" mahnıları soyuq payız gecəsində sevgilisinin həsrətini çəkən aşiqin iztirablarını anladır.

 

Rəşid Behbudovun ifa etdiyi "Payız" mahnısı və ölməz sənətkarın səsi klipdəki saralan yarpaqların, o yarpaqlara sanki sığal çəkən, bəzənsə nəyəsə hirslənib bir yerdən digərinə atan küləklərin və yağmurun fonunda ayrı bir gözəllik qazanır. Bu həzin mahnı dinləyiciyə rüzgarlı, yağmurlu qızıl payızın təravətini yaşadır.

 

Şair Sona Vəliyevanın sözlərinə Ruslan Səfəroğlunun yazdığı mahnı özünün nisgilli ovqatı ilə seçilir. Əməkdar artist Mətanət İsgəndərlinin oxuduğu  mahnı payızın ruhunu dinləyicilərə ötürür. Şairin payızı "yarpaq qırğını" adlandırması xüsusilə mahnıda diqqətçəkən bənzətmələrdəndir:

 

Bu necə payızdı, bu necə, Allah?

Budaqda saralan min ümid ölür.

Yarpaq qırğınına azğın küləklər

Bilmirsən ağlayır, bilmirsən gülür?!

 

Şopenin "Qızıl payız", Kanada əsilli ingilis gitaristi Eric Claptonun "Autumn leaves" ("Payız yarpaqları") musiqiləri dünya musiqi sənətinin nadir incilərindəndir.

 

Şopenin şah əsərlərindən biri olan "Qızıl payız" sanki yağışın şırıltısını, E.Claptonun "Payız yarpaqları" isə yarpağın ağacdan düşüşünü xatırladır.

 

Türkiyə estradasında tanınmış müğənnilərdən Teomanın "İstanbulda sonbahar", Tualın "Kasım" ("Noyabr") mahnıları sizə nostalji duyğular yaşadacaqdır.

 

Siz dəmi istirahət üçün yay fəslini gözləyənlərdənsiniz? Oysa ki, yağışlı noyabr səhərində ovuclarınızın arasındakı qaynar stəkandan buxarlanan kofenin ətri ilə bu payız melodiyalarından birini dinləyə-dinləyə pəncərədən süzülən damlaları seyr etməkdən gözəl istirahət varmı?!

 

Geriyə dönüb boylanarkən bir daha insan ömrünün nə qədər qısa olduğunun şahidi oluruq. Bu qədər qısa ömürdə yayda payıza, qışda yaza tələsmək axıb gedən zamanı boşuna itirməkdən, başqa sözlə, ömrümüzü vaxta uduzmaqdan başqa bir şey deyil. Bəzən deyirlər ki, sevgi qüsursuzdur. Mənim fikrimcə isə sevgini qüsursuz edən sevənin özüdür. Sevən sevdiyində qüsur görməz. Payızı da yağmuru, saralan yarpaqları, əsən rüzgarı, dumanı, çəni ilə sevsək, onda həyatın və fəslin gözəlliyini doya-doya yaşayarıq.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 3 noyabr.- S.8.