"Yarımçıq əlyazma" Yaponiyada
KAMAL ABDULLANIN DAHA
BİR ROMANI YAPON DİLİNDƏ NƏŞR EDİLİB
Görkəmli Azərbaycan yazıçısı
Kamal Abdullanın
"Yarımçıq əlyazma"
romanının odisseyası
davam etməkdədir. Dünyanın müxtəlif ölkələrində
nəşr edilən
roman bu dəfə Yaponiyada işıq üzü görüb.
Yaponiyanın nüfuzlu "Suseyşa"
nəşriyyatında "Səbirsizliklə gözlənilən
əsər" seriyasında
nəşr edilən kitabın üz qabığında yapon dilində diqqətçəkən
qeydlə "Kitabi-Dədə
Qorqud" dastanının
itmiş əlyazması"
sözləri öz əksini tapıb. Kitabda müəllif Kamal Abdulla haqda qısa məlumat da verilib.
Maraqlı tərtibatda oxuculara təqdim edilən romanı Yaponiyanın Vaseta Universitetinin professoru İto İçiro yapon dilinə çevirib. Bu roman Kamal Abdullanın yapon oxucusuna təqdim edilən ikinci romanıdır.
Bundan əvvəl araşdırmaçı
alim və tərcüməçi Takayuki Murakaminin tərcüməsində
müəllifin "Sehrbazlar
dərəsi" romanı
Yaponiyada nəşr edilmişdi.
Qeyd edək ki, roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxıstan, Gürcüstan, Misir, İtaliya və digər ölkələrdə çap olunub. Roman təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Fransa və İtaliyada da təkrar çap edilib.
Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb.
Rusiyanın məşhur "İnostrannaya literatura" jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb.
Rusiyalı tənqidçilər əsəri "postmodernizmin ən parlaq nümunəsi", türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı "Azərbaycanın Borxesi" adlandırıblar.
Məşhur italyan yazıçısı, semiotiki Umberto Eko "Yarımçıq əlyazma" romanını oxuduqdan sonra müəllifi İtaliyaya öz evinə dəvət etmiş, Kamal Abdulla ilə ədəbiyyat, mədəniyyət haqda söhbətləşmiş, roman haqqında müsbət fikirlər söyləmişdi.
Tanınmış rus yazarı Aleksandr Tkaçenkoya görə, "Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz "Yarımçıq əlyazma"sını yaradıb".
İtaliyanın məşhur ədəbi mükafatına - "Scano prayz"a layiq görülən "Yarımçıq əlyazma"nın odisseyasının davamında romanın yan alacağı limanların hər biri Azərbaycan ədəbiyyatı adına qazanılan uğurdur.
XƏDİCƏ
525-ci qəzet.- 2017.- 3 noyabr.- S.7.