"Mənim Azərbaycanım" Moskva səhnəsində
Azərbaycan Dövlət Rəqs
Ansamblı Moskva Dövlət Filarmoniyasının
P.İ.Çaykovski adına konsert zalının səhnəsində
möhtəşəm proqramla
çıxış edib.
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
və Rusiya Federasiyası Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə keçirilən
konsertdə anşlaq olub.
İki hissədən
ibarət "Mənim
Azərbaycanım" konsert
proqramında milli rəqslərimiz, eləcə
də "Koroğlu"
dastanının motivləri
əsasında hazırlanmış
milli balet təqdim edilib. Azərbaycan Dövlət
Rəqs Ansamblının
bədii rəhbəri
xoreoqraf Dikalu Muzakayev jurnalistlərə
müsahibəsində bildirib
ki, Azərbaycan rəqsləri zərifliyi,
incəliyi, eyni zamanda, qəhrəmanlıq,
mərdlik notları ilə fərqlənir.
"Azərbaycan müxtəlif mədəniyyətləri
özündə birləşdirən
misilsiz mirvaridir.
Burada həm Qafqaz regionu, həm Orta Asiya, eləcə
də türk xalqlarının mədəniyyətini
sezmək olur. Təqdim etdiyimiz "Koroğlu"
baleti isə Qafqazda qəhrəmanlıq
dastanının süjeti
və xalq rəqsləri əsasında
hazırlanmış ilk milli
baletdir. Çox şadıq
ki, Moskva tamaşaçıları "Mənim Azərbaycanım"
konsert proqramını
böyük hərarətlə
qarşıladı", - xoreoqraf
vurğulayıb.
Konsertdə xalq rəqsləri ilə yanaşı, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev və
digər görkəmli
Azərbaycan bəstəkarlarının
əsərləri əsasında
hazırlanmış rəqslər
təqdim olunub. "Qaytağı",
"Nəlbəki", "Qazaxı" və digər xalq rəqslərimiz xüsusi
maraqla qarşılanıb.
Konsertin sonunda tamaşaçılar
"Koroğlu" baletinə
baxıblar. Düşmənə qarşı amansızlıq,
vətəninə sevgi,
sülhsevərlik Azərbaycan
Dövlət Rəqs Ansamblı kollektivinin bu yeni layihəsinin
əsas mövzusudur.
Baletin sonunda qadınlar ağ
örpəklə səhnəyə
çıxıb "Laçın"
mahnısının sədaları
altında rəqs edirlər.
Xədicə RƏHMAN
525-ci qəzet.- 2017.- 3 noyabr.- S.8.