"Muğam" abidəsində səsin və sözün qüdrəti

 

XANƏNDƏ TEYYUB ASLANOVUN SƏNƏTKAR PORTRETİNDƏN ŞTRİXLƏR

 

 

Onun səsi dinləyicini qədim və sirli bir aləmə aparır. Xalqın özü kimi əbədi olan muğamlar ifaçının qəlbinə hakim kəsilib.

 

Bu hakimlikdən doğan səmimi ifalar onu dinləyən hər kəsdə heyranlıq yaradır. O, məharətlə oxuduğu muğamlarımızın ülviyyətini, məna tutumunu dəqiqliklə çatdıraraq, həm də hər birinə öz nəfəs möhürünü vurur. Söz açdığımız ifaçı, Əməkdar müəllim, unudulmaz muğam bilicisi Nəriman Əliyevdən sənətin sirlərini öyrənmiş Teyyub Aslanovdur: Azərbaycan Respublikasının Əməkdar artisti, "Qədim Musiqi Alətləri" Dövlət Ansamblının solisti, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Teyyub Aslanov. Muğam üçlüyü və başqa ansambllarla bərabər ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə və digər ölkələrdə konsert və festivallar, Heydər Əliyev Fondunun həyata keçirdiyi onlarla mədəni layihə, Azərbaycan mədəniyyəti günləri və müxtəlif qastrol səfərləri onun sənət ömrünə unudulmaz anlarla yazılıb.

 

Ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu ideyaların reallaşdırılması, "Muğam Azərbaycanın milli sərvətidir" - deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı, "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq", - söyləyən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində muğam sənəti bu gün yeni inkişaf mərhələsini yaşayır. Bu mərhələdə təbii ki, Teyyub Aslanov da bir xanəndə kimi öz töhfələrini verməkdədir. Xanəndənin Azərbaycan muğamlarını düzgün təbliğinin nəticəsidir ki, dünyanın mötəbər konsert salonlarındakı çıxışlarından sonra ifası haqqında gözəl fikirlər səslənir, yüksək alqışlarla qarşılanır. Bildiyimiz kimi, o, yaradıcılığında bəstəkar mahnıları, caz, etno-caz kimi müxtəlif janrlara müraciət edərək beynəlxalq layihələrə qatılır. Həm də vokal sinfini bitirən xanəndənin repertuarında musiqinin müxtəlif janrlarına müraciətin şahidiyik. Zamanla üslublar dəyişdiyi kimi, xanəndə də yeniliyə can atır. 18 may 2017-ci ildə Firəngiz Əlizadənin qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulmuş "Dərviş" əsəri UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə UNESCO-nun "Görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri" proqramı çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndi. "Dərviş" əsərinin yeni təqdimatında dərvişin partiyasını nadir istedada malik xanəndə Teyyub Aslanov ifa etdi.

 

Bildiyimiz kimi, 2000-ci ildə Tenqvudda "Dərviş" əsərini görkəmli xanəndə UNESCO-nun fəxri artisti Alim Qasımov ifa etmişdi. Lakin sufilərin rəmzinə çevrilmiş "Mən ki, dərvişəm, fəqirəm, padişahi aləməm. Ruhi birəngəm, əgərçi rəngə girdim, adəməm" kəlamları Teyyub Aslanovun ifasında yeni bir ideya ilə zənginləşərək ifaçıdan tam yeni məna, əsərə yeni yanaşma, həm də vəzn baxımından böyük bir məsuliyyət tələb edir və müasir təfsirdə səslənir. Olduqca təsirli, cəlbedici səsə, ağır və ağayana ifa tərzinə malik ifa ilə xanəndə tək bir dərvişin fəlsəfəsini deyil, bütövlükdə təriqətin fəlsəfəsinin ən xırda zərrəciklərinə belə toxunaraq müəyyən vaxt ərzində dinləyicini ekstremal halda saxlamağa cəhd göstərir. Əsərdə ümumi bir kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan orta əsr sufi fəlsəfəsi yanaşı işlənmişdir. Əsərin adından bəlli olduğu kimi, "Dərviş" daxilən zəngin bir dünyası olan, yüksək ideyalara malik, lakin xaricən kasıb həyat sürən insandır. Burada musiqi əsərinin bütün ideya və məqsədi dərviş təkiyələrində müridlərə tabe olduğu kimi vokala tabedir. Xanəndə əsərin əvvəlində "Çahargah" ifa edərək həm muğamın öz xarakteri etibarilə, həm də ifa üslubu ilə dinləyicidə amiranəlik və eyni zamanda, kədər hissləri oyadır. Vokal partiyanın melodik quruluşu da maraqlıdır. Melodik həddin addımbaddım yüksəlişə doğru irəliləməsi sufinin səma zamanı həqiqətə doğru irəliləməsini, zirvəyə aparan keçid hallarını və səcdə əməllərini musiqinin dramaturgiyasında əks etdirir. Burada ifaçılar bəstəkarla həmmüəllif olaraq əsərin dramaturji inkişafında iştirak edirlər. Bu özü də fəlsəfi ideya baxımından sufilikdə müridlərin öz rəhbərlik etdikləri məclislərin təcəssümüdür. Yəni bəstəkar əsərin dramaturji bütövlüyünü kontrol edir, son nöqtəyə çatmanın yollarını göstərir lakin həllini vermir.

 

Teyyub Aslanovun ifa üslubuna diqqət yetirsək, görürük ki, xanəndə musiqi əsərinin quruluşuna böyük əhəmiyyət verərək Nəsiminin qəzəlindəki söz və səsin tələffüzünün düzgün və səlis səslənməsinə də diqqətlə yanaşır. Hətta xanəndənin ifaçılıq texnikasına zil registrin xas olmasına baxmayaraq, o, əsərin kulminasiya hissəsində belə, Allahla görüşməyə və qovuşmağa tələsən dərvişin xoşbəxt bir anında "xürrəməm, şadimanam" sözlərinin təsdiqi kimi ifasını zilə qaldırmaqla bərabər, həm də çox məlahətli səslə ifa edir. Məhz burada əsərinin əvvəlindən fərqli olaraq xanəndənin ifasında "Çahargah" deyil "fa" mayəli "Şüştər" səslənir və bir anlıq cənnət qapıları qarşısında dərvişin bu təriqət yolunda keçirdiyi ağır, əzablı günləri gözü önündən bir daha gəlib keçir.

 

Özünəməxsus improvizələrdə o müəyyən fiorituralardan (gəzişmələrdən) istifadə etsə də, əsərin mahiyyətinə vararaq səslərdə ən riqqətli, kədərli notlar tapmağa çalışır. Fransanın geniş, izdihamlı salonunda Teyyub "Dərviş" əsərinin dinləyicilərini, tamaşaçıları ecazkar səsinin sehrinə salıb, zövq oxşayır. O, ancaq özünəməxsus bənzərsiz səsi, nəfəsi ilə məftunedici bir aləm yaradır. Gördüyümüz kimi, xanəndənin ifası,  geniş səs diapazonu, qəzəl janrını mükəmməl bilməsi və çox səlis tələffüzü nəinki doğma yurdumuzun muğam həvəskarlarının, bu sənətə dərindən bələd olan muğam bilicilərinin, həm də Şərq musiqisinin incəliklərindən uzaq olan Qərb dinləyicisinin də rəğbətini qazanıb.  Bu da bir daha əsrlər boyu öz möhtəşəmliyini qoruyub saxlayan muğam kimi bulağın çeşməsindən su içən xanəndənin bu qüdrəti dərk etməsinin və sənəti qarşısında məsuliyyətinin sübutudur. Muğam sənətimizdə insanların musiqi yaddaşına, musiqi zövqünə yeni səs-ritm, rəng  çalarları gətirən bir çox xanəndələrimiz olub.

 

Teyyub Aslanov yaşadığımız dövrdə sənətə öz yeniliklərini gətirərək, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi kimi muğam sənətimizi gənc nəslə təbliğ edərək sevdirən, caz muğam performansı, klassik muğam ifaçılığı və hər iki icranın bütün gözəlliklərini özünə xas ifa üslubunda bütün yaş təbəqəsindən olan dinləyiciyə sevdirə bilən xanəndədir. Onun öz dəst-xətti var və bu dəst xətdən əlavə, bir də səlis nitq qabiliyyəti. Əruzu bilməsi, səhnə danışığının mükəmməlliyi onu dinləyiciyə bir addım da yaxın edir. O, səsin və sözün qüdrətini bir arada təqdim etmək istedadına malik nadir sənətkarlardandır. Muğam ifaçılığının əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır. Lakin mütəxəssislər haqlı olaraq hesab edirlər ki, xanəndənin ustalığı, onun muğam ifa edərkən dinləyicini başqa bir aləmə aparmaq bacarığı da az rol oynamır. Muğam sənətinin ecazkarlığı, sehri məhz bundadır.

 

Burada səsin gözəlliyi çox vacib amildir. Yaxşı deyiblər ki, muğamda dinləyicini ovsunlayan birinci amil ifaçının gözəl səsidir. Ruhu oxşayan ifa dinləyicinin qəlbində ülvi duyğular oyadır, onu xəyallar aləminə aparır, ruhlandırır. Sənətşünas Cahangir Səlimxanovun xanəndə haqqında söylədiyi bir fikri burada xatırlatmaq istərdim: "Teyyub klassik muğamı zədələmədən ona elə bir müasirlik gətirir ki, həmin muğam günün tələbinə çevrilə bilir. Misal olaraq son zamanlar ifa etdiyi "Bayatı-Şiraz" təsnifi, "Dara zülfün", "Aman təklik əlindən" xalq mahnısı və digərlərini göstərə bilərik". Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanı "Mədəniyyət" qəzetinin əməkdaşı Lalə Azəri Teyyub Aslanovla olan müsahibəsini bu fikirlə bitirmişdir "Teyyub Aslanovun musiqisevərlər tərəfindən rəğbət görməsinin əsas şərtlərindən biri sənətini düzgün təqdim etməsidir". Doğrudan da bu sözlərlə razılaşaraq demək istəyirəm ki, Azərbaycan xalqına və bütün Şərqə mənsub muğam sərvətini olduğu kimi gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Teyyub Aslanovun yaradıcılığı bu sərvəti öz sənət ömründə mühafizəkarcasına qoruyaraq yeni nəsillərə çatdıran bir körpüdür...

 

P.S. Oktyabr ayının 19-dan 21-dək ölkəmizdə keçirilən Azərbaycan xalçası üzrə V Beynəlxalq Simpoziumun mədəni proqramı çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş "Bahariyyə. Muğam müasirliklə dialoqda" adlı konsert proqramında xanəndənin nümayiş etdirdiyi sənət ayrıca bir yazı mövzusudur. "Bahariyyə" muğam sənətinin yazılı və elektron səslər vasitəsilə yeddi dinamik qarşılaşmadan keçdiyi konsert proqramıdır. Layihədə tətbiq edilmiş musiqili istinadlara Fikrət Əmirovun "Azərbaycan" kapriççiosunun mövzusu, müasir caz, hip-hop və digər musiqi janrlarından çoxlu məqamlar, canlı solo tarla bərabər, görkəmli tarzənlər Hacı Məmmədov, Bəhram Mansurov, Əkrəm Məmmədov və Ağasəlim Abdullayevin lentə alınmış ifası ilə dialoq, Avropa bəstəkarlarından fraqmentlər - ümumilikdə 42 fraqmentdən ibarət 5 peyzaj daxildir.

 

Konsert proqramında ifa sənədli səsli mənzərə - səs sənətçisi Peter Cusack tərəfindən toplanmış Bakıətrafı səslər, NASA-nın (ABŞ Kosmik Agentiyi) "Voyager" kosmik gəmisi tərəfindən qeydə alınmış Saturn planetinin titrəyişlərindən ibarət olan kolleksiya ilə başlanır. Dünyaca məşhur videosənət ustası Robert Cahen və Matias Guerranın Azərbaycanın xəyali musiqi mənzərəsindən ilhamlanaraq yaratdıqları videoəsər konsert boyu ifanı müşayiət edirdi. Bu proqramın yeganə vokal ifaçısı isə Teyyub Aslanov idi. Xanəndə məharətli ifası ilə yüksək istedad və peşəkarlığa malik olduğunu bir daha sübuta yetirdi.

 

Lətifəxanım ƏLİYEVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2017.- 3 noyabr.- S.6.