"Yaşayan şəhid"in təqdimatı keçirildi

 

 

Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində şair, publisist Gülşən Behbudun Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan ordeni" ilə təltif edilmiş kəşfiyyatçı İbad Hüseynli haqqında "Yaşayan şəhid" kitabının təqdimat mərasimi keçirilib. 

 

Mərasimdə ziyalılar, yazarlar, qəhrəmanın döyüş yoldaşları media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan telejurnalist Kəmalə Mirzəyeva qonaqları salamlayıb İbad Hüseynli ona həsr olunmuş kitab haqqında məlumat verdikdən sonra Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Kitabın redaktoru, yazıçı Vüsal Nuru deyib ki, İbad Hüseynli türk dünyasının qəhrəman oğlu sayılır: "Onun haqqında yazılmış bu kitab müharibə şəraitində yaşayan xalqımız, xüsusən yeni nəsil üçün çox əhəmiyyətlidir".

 

Kitabın yaranma ideyası və yazılma prosesindən söz açan müəllif Gülşən Behbud belə bir qəhrəmanın ömür yoluna işıq tutmağın onun üçün həm bir yazar, jurnalist, həm də vətəndaş kimi böyük şərəf olduğunu vurğulayıb: "İbad Hüseynli bugünkü Azərbaycan və türk gəncliyinə örnək olan bir qəhrəmandır. Kitabın yaranma ideyası maraqlı və gözlənilməz oldu. İbad Hüseynliyə həsr olunmuş bir klip təqdimatında Xalq şairimiz Nəriman Həsənzadə çıxış edərək dedi ki, mən istərdim, o səfərlər, döyüş yolu haqda məlumatlar işıqlandırılsın. Həmin xatirələri köçürdük, yazıçı Vüsal Nurunun redaktorluğu, Nəriman müəllimin ön sözü ilə araya-ərsəyə gətirdik. İbad Hüseynliöz adını tariximizə qanı ilə yazmış qəhrəmandır. Onun və digər qəhrəmanlarımızın haqqında yazmaq, onları böyük ictimaiyyətə təqdim etmək hər birimizin mənəvi borcudur".

 

Kitabın ön söz müəllifi, Xalq şairi Nəriman Həsənzadə çıxışında deyib ki, müəllif sanki bu kitabda mahir heykəltəraş kimi qəhrəmanının heykəlini yonub: "İbad Hüseynlikitab haqqında çox söz demək olar. Mən kitabı yazmağı Gülşən xanıma təklif edəndə onun istedadına, potensialına bələd olub demişdim. Hazır olandan sonra bu kitabı bir gecəyə oxudum. Olduqca zövq aldım. Oradakı zəngin faktlar, xatirələr gərgin əməyin nəticəsidir".

 

İ.Hüseynlinin döyüş yoldaşları Ceyhun Əliyev, Akif Qasımov onun haqqında düşüncələrini, qatıldıqları vuruşlar barədə xatirələrini bölüşüblər.

 

"Qarabağ hər birimizin qəlbində yaraya çevrilib" - deyən türkiyəli qonaq Osman Gezeker İ.Hüseynlinin Türkiyədə də geniş tanınaraq hörmətlə qəbul edildiyini vurğulayıb.

 

Atamoğlan Məmmədli, Tahir Əkbər, Şöhrət Səlimov, Könül Vəliyeva, Fərqanə Mehdiyeva və başqaları da çıxış edərək, İ.Hüseynlinin şərəfli həyat yoluona həsr olunmuş kitab haqqında fikirlərini söyləyiblər.

 

Sonda İbad Hüseynov G.Behbuda və kitabın çapında əməyi olan hər kəsə, tədbir iştirakçılarına, çıxışçılara təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 3 noyabr.- S.2.