“Azərbaycan
ailəsi-2017” film festivalının qalibləri mükafatlandırıldı
Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan
ailəsi 2017” IX film festivalının
mükafatlandırma və
bağlanış mərasimi
keçirilib. Mərasimə millət vəkilləri,
dövlət qurumlarının,
icra hakimiyyətləri
və qeyri-hökumət
təşkilatları nümayəndələri,
festival iştirakçılar, tələbələr və
media nümayəndələri qatılıblar.
Öncə festivala qatılmış
filmlərin və fotoların qısa tanıtım çarxı
nümayiş olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və
festivalın münsiflər
heyətinin sədri Hicran Hüseynova festival haqqında geniş məlumat verib. Qeyd edib ki, bu
il doqquzuncusu
gerçəkləşən festival
2009-cu ildən etibarən
AQUPDK, Heydər Əliyev
Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. “Azərbaycan
ailəsi” film festivalına
ötən 9 il ərzində yerli rejissorlarla yanaşı, xarici rejissorlar da öz ekran əsərlərini
təqdim ediblər, hətta festivalın xüsusi mükafatlarına
layiq görülüblər.
Bu isə festivalın
beynəlxalq nüfuz qazanmasının göstəricisidir.
Festivalın əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsilə ailə dəyərlərinin təbliği,
milli-mənəvi dəyərlərin
qorunub saxlanılaraq gələcək nəsillərə
ötürülməsi, cəmiyyətdə
mövcud olan problemlərin işıqlandırılmasıdır.
Eyni zamanda, bu festival gənclərin yaradıcılıq
qabiliyyətinin aşkar
olunmasına, qeyd olunan istiqamətlərdə
video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi
və təqdim edilən işlərin maarifləndirmə məqsədilə
cəmiyyət üzvlərinə
nümayiş etdirilməsinə
yönəlib: “Bir tərəfdən biz uğurlu
ailələri, nümunəvi
ailə modellərini təbliğ edirik. Digər tərəfdən isə bu sahədə mövcud problemləri bədii obrazlar vasitəsilə insanlara göstəririk. İkincisi,
yaradıcılığa yeni
başlayan və təhsil alan
rejissorlar üçün
ailədaxili məsələlərin
bədii formada çatdırılması metodları
öyrədilir. Üçüncüsü,
təqdim edilən bütün filmlərdən
məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi
hissələrində apardığımız
maarifləndirmə işlərində
istifadə olunur. Ona görə də festivala qatılan heç bir namizəd uduzmur, əsas məsələ iştirak etməkdir.
Çünki təqdim edilən
bütün filmlər
komitənin maarifləndirmə
işlərində istifadə
olunur.
Yaranmış ənənəyə uyğun
olaraq, martın 30-da növbəti “Azərbaycan
ailəsi 2017” film festivalına
start verilib, oktyabrın
1-dək festivala işlərin
qəbulu davam etdirilib. Festival çərçivəsində
“Həyatdan şəklə”
fotomüsabiqəsi də
elan olunub. Altı ay ərzində festivalın Təşkilat
Komitəsinə peşəkar
və həvəskar
35 iştirakçı tərəfindən
41 film, 29 iştirakçı tərəfindən 112 foto
təqdim olunub. Təqdim edilmiş film və fotoşəkillər 13 nəfərlik
münsiflər heyəti
tərəfindən qiymətləndirilib.
Bu il ilk dəfə olaraq Fransa və Mərakeşdən rejissorlar
festivala qatılıblar.
Ən gənc iştirakçının
10, ən qocaman iştirakçının isə
90 yaşı var”.
H.Hüseynova qeyd edib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət ailə siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşımızın maraqlarının və hüquqlarının maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə ailələrimizin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev bildirib ki, builki festival BMT ilə Azərbaycanın əməkdaşlığının 25 illiyinə təsadüf edir. Azərbaycanda ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə davam etdirilir. Hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. F.Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və digərləri çıxış edərək cəmiyyətdə ailə institutunun və mənəvi dəyərlərin qorunmasında, eləcə də milli kino sənətimizin təbliği və inkişafında festivalın əhəmiyyətini qeyd ediblər.
Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndiriblər. Festivalın yüksək səviyyədə təşkilinə görə komitənin rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Xalq artisti Fidan Hacıyeva, tələbəsi Orxan Cabbarov, müğənni Gülay Hüseynova və başqa tanınmış sənətçilər öz ifaları ilə mərasimə xüsusi rəng qatıblar.
Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2017” IX film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub. Mükafatlandırılan işlər sırasında İctimai Televiziyada çəkilmiş “Beşinci fəsil” sənədli filmi də var. Film görkəmli alimimiz, BDU-nun professoru Cahangir Məmmədlinin ömür və fəaliyyət yoluna həsr olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 4 noyabr.-
S.17.