Millət
yaddaşının keşikçisi
Rafael HÜSEYNOV
Akademik, Milli Məclisin deputatı
Dəyərli “525”cilər!
Milli yaddaşımızın ən ardıcıl və
dürüst qoruyucularından olan qiymətli alimimiz professor
Şirməmməd Hüseynova qəzetinizdə çoxdan bəri
hər həftə səxavətlə
ayırdığınız yer, mahiyyəti ilə, vətənə
xidmətdir. Vətənin daşını hər kəs
qaldıra bilməz, amma belə bacarığı olana
maneçilik deyil, dəstək göstərməyin
özü də nəciblikdir, yurda və xalqa yararlı olmaq
nümunəsidir. Uzun həftələr və
aylar boyunca əziz Şirməmməd müəllimin qəzetinizin
sütunlarından xalqa çatdırdığı qiymətli
yazılar istiqlal tariximizin unudulmamalı səhifələridir.
Təqdim etdiyim bu yazıyla bu şənbə ustadın
guşəsinə qonaq olmaq istəyirəm.
4 ay öncə Şirməmməd Hüseynovun “Azərbaycan”
qəzetində parlament hesabatları və şərhlər
(noyabr 1918 - aprel 1920)” adlı kitabının III cildinin təqdimat
mərasimi keçirilirdi. Həmin toplantıda mən
də çıxış etmişdim. Şirməmməd
müəllim ötənaykı görüşlərimizdən
birində mənə həmin mərasimin
videoyazısını hədiyyə etdi. Mən
də qərara aldım, o gün söylədiklərimi
kağıza da köçürüm ki, Şirməmməd
müəllim və onun əsəri haqda düşüncələrim
daha çox insana yetişsin.
Bu qədər mühüm, çətin əməklərə
qatlaşan, millətəxeyir bəhrələr doğuran
ustada ən azı sağolumuzu, sayğımızı,
sevgimizi dilə və qələmə gətirməyi əsirgəməyək
ki, şərəfli işini davam etdirmək yolunda ilhamı və
eşqi bir qədər də artsın.
Hörmətlə,
Rafael Hüseynov Beynəlxalq Mətbuat Mərkəzində
Bakı Dövlət Universitetinin professoru, görkəmli tədqiqatçı
Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel
1920)” adlı kitabının III cildinin 2017-ci il
iyunun 8-də keçirilmiş təqdimat mərasimində
Milli Məclisin Mədəniyyət komitəsinin sədri,
akademik Rafael Hüseynovun çıxışı
Əziz
Şirməmməd müəllim, hörmətli dostlar,
xanımlar və cənablar!
Biz bu anlarda müasir gerçəkliyimizdə, Azərbaycanın
düşüncə həyatında son dərəcə əlamətdar
olan, həyəcan və qürur doğuran bir hadisənin
qeydetmə mərasimindəyik.
Haqlıdır Şirməmməd müəllim, Azərbaycan
tarixinin elə hadisələri var ki, onları biz hər zaman
anmalı, onlar barəsində daim minnətdarlıqla
düşünməliyik. XX yüzilin
başlanğıcındakı Azərbaycan tarixində iki
oxşar məqam var ki, ikisinin də əvvəlində
göz yaşı dayanır.
1918-ci il may ayının 28-də Tiflisdə sabiq
Qafqaz canişinliyinin iqamətgahında Həsən bəy
Ağayev Azərbaycanın İstiqlal Bəyannaməsini elan
edirdi.
O,
İstiqlal Bəyannaməsinin mətnini oxuyurdu, müstəqil
dövlətimizin yarandığını elan edirdi və həmin
yığıncağın protokolunda o qəbil sənədlər
üçün çox da səciyyəvi olmayan qeydlər də
əksini tapıb ki, Həsən bəy Ağayev
ağlayırdı, Xəlil bəy Xasməmmədov
ağlayırdı, Nəsib bəy Yusifbəyli
ağlayırdı, Xudadat bəy Məlikaslanov
ağlayırdı...
O insanlar
ki bu istiqlalı elan edirdilər, onlar bu möhtəşəm
anların fövqəladə mənasını, millət
tarixindəki yerinin ali siqlətini
bütövlüyü ilə anlayırdılar, bunun bir millət
üçün nə qədər müstəsna bəxtiyarlıq
olduğunu dərk edirdilər, ona görə kövrəlirdilər.
Və
1920-ci il aprel ayının 27-si Azərbaycan
Parlamentinin - Məclis-i Məbusanın son iclası. Məhəmməd Əmin Rəsulzadə söz
alaraq iclasın başlanğıcında deyir ki, biz bu
yığıncağımızı qapalı keçirməyək.
Qapıları açaq, millət gəlsin və
görsün ki, taleyimizdə nə baş verir. Millətin müqəddəratı həll olunur və
insanlarımız bundan bixəbər qalmamalıdır.
Məhəmməd Əmin Rəsulzadə qəlb
ağrısı ilə belə deyirdi. Çünki
Azərbaycanın müstəqilliyi əldən gedirdi, hakimiyyət,
istiqlal bolşeviklərə təslim edilirdi.
Bu sənəddə də belə protokollar
üçün heç də xas olmayan belə bir cümlə
var. Mötərizədə yazılıb ki, “Azərbaycan” qəzetinin
baş redaktoru Şəfi bəy Rüstəmbəyov
ağlayır.
O əvvəlki
göz yaşı - Həsən bəy Ağayevgilin 1918-ci
ilin mayındakı göz yaşı - fərəhin,
böyük səadətin, iftixarın gətirdiyi göz
yaşı idi, ikinci göz yaşı müdhiş faciənin,
millətin tarixində dərin yaralar açan bir
acının doğurduğu göz yaşı.
Və Şirməmməd müəllimə bu şərəfli
tarixin salnaməsi olan bir əsəri millətimizə təqdim
etmək məsudluğu nəsib olub.
Əlbəttə ki, bu kitabların yaranması millət
tarixinin çox önəmli bir hadisəsidir.
Hər bir istedadlı insan, hər bir güclü
yaradıcı ömür möhləti boyu hansısa şah əsərini
yaradır. Bu, onun gənclik illərində də baş verə
bilər, ahıllığında da, ixtiyar sinnində də.
Zəka, ilham sahibinin yaradıcılıq yolu uzun da
çəkə, onun şah əsərinin ortaya
çıxması həyatının erkən
çağına da, yolun ortasına da təsadüf edə
bilər, yaxud arzulanan şah əsərin ömrün
sonlarına doğru, təcrübələrin yekunu kimi meydana
gəlməsi də mümkündür.
Şirməmməd müəllim şərəfli
ömür yaşayıb, çox layiqli bir alim, xoşbəxt
bir müəllim həyatı sürüb və onun yetirmələri,
tələbələri Azərbaycan boyuncadır.
Şirməmməd müəllim örnək sayılası
ailə başçısı ömrü yaşayıb, Azərbaycana
çox dəyərli balalar bağışlayıb.
Və ilk gəncliyindən əli qələmli olub,
usanmadan işləyib, bolluca məqalələr, dissertasiyalar,
kitablar yazıb. Amma Şirməmməd müəllimin
ömrünün, düşünürəm ki, şah əsəri
bu üç kitabdır. Hərçənd, Şirməmməd
müəllimin doğurduğu və sanbalına, çəkisinə,
dəyərinə görə elə bu üçcildliyə
bərabər tutulası Məhəmməd Əmin Rəsulzadənin
əsərlərindən ibarət cildlər də var. Amma bu
üçcildliyin sanbalı, məna yükü, mahiyyəti
tamam başqadır.
Uzaq 1918-20-ci illərdə “Azərbaycan” qəzetində
dərc edilmiş parlament hesabatlarını günümüzə
çatdıran bu cildlər sırası qiymətəsığmaz
salnamədir.
Azərbaycanın tarixində iki əvəzsiz əsər
var ki, tariximizdən bəhs edərkən, salnaməçiliyimizdən
söz düşəndə hər zaman onları hökmən
xatırlamaq zərurəti yaranır. XIII yüzildə Fəzlullah Rəşidəddin
Təbrizdə Rəşidiyyə mədrəsəsini qurdu,
ilk universitet təhsilimizin təməlini qoydu və “Cami ət-təvarix”
adlı elmi əsaslara dayanan ilk misilsiz salnaməmizi
yaratdı.
Bu “Tarixlər
toplusu”ndan sonra çoxlu oxşar salnamələr, tarixi məcmuələr
yaranıb, fəqət bir örnək olaraq bütün orta əsrlər
içərisində ən uca mərtəbədə qərar
tutan zirvə əsər “Cami ət-təvarix”dir. Və XIX
yüzildə Abbasqulu Ağa Bakıxanov “Gülüstan-i
İrəm”i qələmə aldı. Bu da
salnamə idi, amma artıq həm də bir peşəkar
tarixçi alimin əsəri idi ki, incə təhlillər,
müxtəlif mənbələri tutuşdurmaq əsasında
elmi tarixçiliyin yeni dövrdə şəkillənən
bir sıra ümdə xüsusiyyətləri nəzərə
alınaraq ərsəyə gətirilmişdi. Bu iki əsər
arasındakı altı əsrlik zaman kəsiyində, həmin
iki kitabdan bir az əvvəli və bir qədər
sonranı da nəzərə alsaq, 7-8 əsrlik iri tarix
parçası ərzində çox salnamələr
yaranıb. Amma bu iki müəllifin adı və
əsəri, düşünürəm ki, hər zaman
üstün tutularaq yaşayacaq və sayğılarla yad ediləcək.
Artıq bizim dövrdə - XX əsrdə və XXI
yüzilin ilk onillərində Şirməmməd Hüseynov və
Qulam Məmmədli salnaməçiliyin yeni tipini yaratmaq
hünəri ilə ziyalı mühitimizi heyrətləndirə
bildilər. Onlar salnaməçiliyin Azərbaycanda bu
çağacan ortada olmayan nümunəsini yaratdılar.
Qulam Məmmədli Azərbaycan teatrının salnaməsini
vücuda gətirdi, “günbəgün” adlandıra biləcək
janr xəlq elədi, Hüseyn Cavidin, Abbas Mirzə Şərifzadənin,
Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun, Nəriman Nərimanovun,
Mirzə Cəlilin, Üzeyir bəy Hacıbəylinin
ömür yollarını əks etdirən tayı-bərabəri
olmayan qiymətli salnamələr yaratdı və salnaməçiliyin
tamam yeni çeşidi və tərzini Azərbaycan xalqına
bəxş etdi. İlk Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı, adı vətənimizin
adı ilə eyni olan “Azərbaycan” qəzeti bəlli idi,
ictimai-siyasi gerçəkliyimizdə, mətbuat tarixində
izini qoyub getmişdi.
Dövlət
müstəqilliyimizin bərpasından az
sonra, 1998-ci ildə ilk Azərbaycan Parlamentinin
iclaslarının stenoqramları çapa hazırlanaraq nəşr
edildi. Sanki boşluq doldurulmuşdu, onillərcə
hətta arxivlərdə belə gizli saxlanmış,
yalnız xüsusi hallarda və məxsusi icazə ilə
istifadəsinə icazə verilmiş bu mətnlər
hamınınkılaşmışdı.
Lakin nə yaxşı ki, müdrik alim və mətbuatşünas
Şirməmməd Hüseynov həmin dövrə bir də nəzər
salmağı vacib hesab etdi. Onun təqdimatındakı
“Azərbaycan” qəzetində dərc edilən parlament
hesabatları və bu hesabatlarla bağlı yazılar,
onların qovuşmasından törəyən üç
sanballı cild xüsusi hadisə - məlumdan yaranan
büsbütün yeni naməlum idi. O mənada ki, bu nə
“Azərbaycan” qəzetində
Xalq Cümhuriyyəti dövründə buraxılmış qəzetdə
çıxmış protokolların sadəcə əski əlifbadan
latın qrafikasına köçürülməsi idi, nə
də, 1998-ci ildəki kimi, bəlli protokolların cüzi
redaktə ilə nəşri. Şirməmməd
müəllim ömrü boyu topladığı təcrübə
və biliklərə qəlbindəki coşqun millət və
yurd sevgisini də artıraraq arxada qalmış şanlı,
mübarizəli, qəmli və nigaran tarixi, əslində,
yenidən canlandırdı.
Bişkin
alim usta qələmi ilə bəlli protokolları zəruri
izah və şərhlər, yeri düşdükcə sözə
söykək duran əlavə materiallarla zənginləşdirdi.
Buradaca bir-iki önəmli cəhətə diqqət
yönəltməyə ehtiyac var.
Əvvələn,
“Azərbaycan” qəzetinin nəşrindən 9 onillikdən
də artıq böyük zaman sovuşmuşdu, yeni nəsillər
o nüsxələrdən bixəbər idi. İkincisi
isə, həmin nüsxələrlə indi kitabxanalarda, arxivlərdə
açıq istifadə imkanı olsa da, yeni nəsillərçün
əlifba maneəsi, ərəb-fars tərkiblərinin
yaratdığı müşküllər bəlli idi. 1998-ci ildə buraxılmış parlament
protokolları isə xeyli şəkildə tələsik
hazırlanmışdı, yanlışlar, kobud xətalarla ləbələb
idi və heç bir tutarlı şərh və izahla
müşayiət edilmirdi.
Şirməmməd Hüseynov - bu böyük alimimiz, bu
böyük müəllimimiz, bu böyük ziyalımız
üçcildlik əsərini zahirən qısa bir zaman
içərisində hazırlayıb. Bu
yazıları kitablaşdıraraq xalqa təqdim edənəcən
ard-arda mətbuatda dərc də elətdirib və bu minvalla
cildlərin yaranma gedişatını müşahidə etmək
hər birimizə nəsib olub. Amma bilənlər
bilir ki, bu kitabları hazırlamaq üçün Şirməmməd
müəllim 50 illik yol gəlib. Ömrü
uzunu bu barədə düşünüb, ömrü boyu bu
hadisələri və adları içərisində
yaşadıb. Və bu, öz etirafıdır ki, ilk gənclik
illərindən, Moskvadakı aspirantura dövründən,
orada qapalı arxivlərdə işlədiyi
çağlardan, bu qəbil materialları nəinki üzə
çıxarmağa, hətta oxumağa belə yasaq
qoyulduğu zamanlardan gizli bir ümid və inamla tariximizin bu
dövrü ilə əlaqədar materialları
toplayırmış, qeydlərini edirmiş, haçansa belə
işlərin də vaxtı yetişəcəyi, bağlı
qapısının açılacağı arzusu ilə
usanmadan təhlillərini aparırmış.
50 ildən artıq müddətdə qəlbdə bəslənmiş,
kimsəyə görünməmiş Şirməmməd
müəllimin yazı masasının gözündə qalmış
həmin ilkin hazırlıq yazıları indi “Azərbaycan” qəzetindəki
parlament hesabatlarına qovuşaraq bizə qayıdır,
unudulmamalı şərəfli keçmişimizi bizə
qaytarır.
Bunları dinlədikcə, daha doğrusu, oxuduqca heyrətə
gəlməyə bilmirsən.
Bir tərəfdə
heyranlıq və heyrət doğuran istiqlalçı, qurucu
babalarımızın pak amal uğrunda fədakar mübarizələri,
mətinliyi, mərdanəliyi, təlatümlü əyyamlarda
söylədikləri köhnəlməz sözləri və
çağırışlarıdırsa, digər tərəfdə
ikiqat heyranlıq və ikiqat heyrət oyadan Şirməmməd
müəllimin, illərcə valideynlərinə borcunu
qaytarmaq üçün münasib girəvə gözləmiş
fərasətli, sadiq bir övladın məhəbbəti və
canıyananlığı ilə bu irsi belə ali peşəkarlıqla
canlandırmasıdır. Mən yanılaraq əvvəlcə
“oxuduqca” yerinə “dinlədikcə” söylədim. Əslində, elə bu, “dil çaşıb
düzünü söylər” məsəlinin
dürüstlüyünə əlavə sübutdur.
Şirməmməd müəllimin təqdimatındakı
bu yazıları oxuduqca biixtiyar tarixə dalırıq və
həmin qərib illərin axarındakı səsləri
aydınlığı ilə eşidirik. Parlament iclaslarının
salnaməsindən Həsən bəy Ağayevin, Əhməd
bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin,
Üzeyir bəy Hacıbəylinin, Əhməd Cavadın səsini,
onlara əleyhdar olanların sədalarını eşidirik.
Əliheydər Qarayevin də səsi gəlir ordan, Məhəmməd
Əmin Rəsulzadənin də.
O səsləri
indi - XXI əsrdə eşidirsən və anlayırsan ki,
hansı girdablardan, hansı yarğanlardan adlamışıq,
ayrıntıları ilə dərk edirsən ki, millətin
tarixində millətin, yurdun taleyinə münasibətdə
necə tam əks qütblərdə qərar tutmuş insanlar
yaşayıb, istiqlal yolumuzda hansı toqquşmalar,
çarpışmalar, hansı təzadlı baxışlar
olub.
Şahid kəsilirik ki, Azərbaycanın bugünkü
istiqbalının, təzədən qayıtmış bu
müstəqilliyinin təməlində hansı
barışmaz mübarizələr dayanır, bu səadətə
gələn yolun başlanğıcında hansı dramatik
aylar, günlər, saatlar, dəqiqələr yaşanıb.
Və bu kitablar silsiləsinin ortaya qoyduğu
mühüm bir öyüd, vacib bir dərs var.
Bu nəsihət, bu ibrət də ondan ibarətdir ki, o
pak insanlara, o qurucu babalara əbədi borcluyuq, onlara hər
zaman minnətdar olmalıyıq.
Onlar
olmasaydı, bu dövlət olmazdı, onlar mürəkkəbdən-mürəkkəb
tarix dönəmində Azərbaycan istiqlalını elan edib
23 ay yaşayacaq müstəqil dövlətimizi
qurmasaydılar, sonra 70 il ömür sürəcək Sovet
İttifaqının içərisində də Azərbaycan
Respublikası olmayacaqdı və 1991-ci ilin 18 oktyabrında biz
dövlət müstəqilliyimizi yenidən elan edə bilməyəcəkdik.
Sovet İttifaqı dağılanda onun içərisindən
bizim müstəqil dövlət kimi çıxmaq
imkanımız oldu. Ona görə ki, daha əvvəl
cümhuriyyətimiz olmuşdu, cümhuriyyətimizdən sonra
Sovet İttifaqı içərisində Azərbaycan
Respublikası olmuşdu. Sovetin
Konstitusiyası isə sözdə, yalandan da olsa, hər halda
Əsas Qanununda məhz respublikalara İttifaqdan çıxmaq
ixtiyarını rəsmən verirdi.
Bu gün
müstəqil dövlətimiz varsa, buna görə biz o qurucu
insanlara hər açılan səhərimizlə, müstəqil
yaşadığımız hər yeni günümüzlə,
başlanan hər yeni azad, asılılıqdan uzaq sabahımızla
borcluyuq.
Bu kitabların bünövrəsində, nüvəsində
dayanan ən birinci amil eşqdir. Qurucu babalarımızın öz
yoluna, əqidəsinə, xəttinə sonsuz inamı,
imanı və sevgisi, eləcə də Şirməmməd
Hüseynovun Azərbaycan tarixinə, Azərbaycan millətinə,
istiqlalımıza olan məhəbbəti, o böyük şəxsiyyətlərimizin
ruhuna olan sədaqəti, ehtiramı, etibarı!
Məhəbbət
yoxsa, dəryaca ağlın olsa da, bəhrəndə
işıq çatmaz, rənglər solğun alınar, təqdim
etdiyin məhsulla ürəklərə qığılcım
ötürə bilməzsən.
Bu üçcildlik tarixi nəşr ilk növbədə
nadir mətnşünaslıq abidəsidir. Nəyə
görə mətnşünaslıq abidəsi? Mətnşünaslıq elmin alın təri, fəhlə
zəhməti tələb edən ciddi sahəsidir. Təəssüflər olsun ki, artıq bu istiqamətin
yaşamalı olan bir çox ənənələrini
itirmişik, ya itirməkdəyik. Azərbaycanda
1950-60-70-ci illərdə Əbdülkərim Əlizadə, Məmmədağa
Sultanov, Tahir Məhərrəmov, Əbülfəz Rəhimov,
Nəsrəddin Qarayev, Əziz Mirəhmədov, Turan Həsənzadə
və bir sıra başqaları çox mükəmməl mətnşünaslıq
məktəbi yaratmışdılar. Təəssüf ki, o
insanlar getdilər, həmin üstün mətnşünaslıq
məktəbi, o məktəbin iş üsulları, vərdişləri
də səngiməyə başladı.
1990-cı illərin ortalarında mən Məclis-i Məbusanımızın
- ilk parlamentimizin birinci rəhbəri Həsən bəy
Ağayevin ömür yolunu araşdırırdım. Əslində,
milli parlamentimizin ilk sədri Əlimərdan bəy
Topçubaşov idi. Lakin Əlimərdan bəy
Topçubaşov əvvəlcə İstanbulda ezamiyyətdə
idi, sonra isə Paris Sülh Konfransında iştirak etmək
üçün Fransaya getdi və iki dəfə parlament sədri
seçilsə də, bir gün belə həmin kürsüdə
əyləşmədi, məclisi Həsən bəy idarə
etdi. Əlimərdan bəyin parlamentin sədri
olaraq xaricdəki fəaliyyətlərinin başlıca hədəfi
ondan ibarət idi ki, Azərbaycan dövlətinin
başçısı kimi rəsmi statusa və səlahiyyətlərə
malik olsun, Azərbaycanın müstəqilliyinin beynəlxalq
aləmdə rəsmən tanınmasını təmin etmək
üçün orada danışıqlar aparsın.
Həsən
bəy Ağayevin faciəli ömür yolunu araşdırarkən
məsləkinə candan bağlı bu millət fədaisi
haqqında “Yaxşıların yaxşısı” adlı
kitabımı yazarkən əski parlament materiallarını
da qaldırmalı olurdum və o zaman həmin protokollar nəşr
edilməmişdi - hələ 1990-cı illərin
başlanğıcı idi. Parlament iclaslarının
əlyazmalarını oxuduqca qürur hissi keçirirdim.
Hər vərəqin arxasında tarix durur. Yəni hətta mətninə
nüfuz etməzdən əvvəl bu kağızların, xətlərin
özü belə ayrıca tarixdir axı! Təsəvvür
edin, stenoqramları kimlər tərtib edir, kimlər qələmə
alırmış - onlardan biri hələ xeyli gənc olan, az sonra Azərbaycanın ən parlaq ədibi
kimi şöhrətlənəcək Cəfər Cabbarlı
idi. Di gəl, protokollarla tanış oduqca, stenoqramların əlyazmalarını
oxuduqca görürdüm ki, hətta Cəfər Cabbarlı
kimi istedadlı, bilikli, dərin düşüncəli, yeri
düşdükcə danışanların
buraxdığı müəyyən üslubi səhvləri
də əlüstü islah edən stenoqrafistin - tezyazarın
da yazılarında yanlışlıqlar az deyil. Təbii, bu, ilk növbədə vaxt
qıtlığı, tələskənlikdən
yaranmış qüsurlar idi.
Müstəqilliyimizin
bərpasından 7 il keçərkən həmin sənədlər
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi
üzrə Dövlət Komissiyası və Baş Arxiv
İdarəsi tərəfindən 5 kitabda nəşr edildi ki,
onların 2 cildi parlament hesabatlarıdır. 1998-ci il nəşrinə materialları əlyazmalardan
Bakı Dövlət Universitetinin müəllimi, çox dəyərli
insan və cümhuriyyət tariximizə, bir vaxtlar dərs
aldığı Cavidə, Müşfiqə coşqun məhəbbətlər
bəsləyən Səfər İbrahimov
hazırlamışdı. Onun əsas işi mətnləri
ərəb əlifbasından kirilə köçürmək
olmuşdu. Lakin o, sadəcə ərəb
əlifbasını bilirdi, klassik ədəbiyyata və
üsluba az-çox bələd idi, amma tarixçi, mətnşünas
deyildi. Doğrudur, o zaman əslən Cənubdan
olan və orta əsrlər tarixi üzrə yaxşı
mütəxəssis sayılan professor Seyidağa Onullahi də
redaktor kimi bu işə cəlb edilmişdi. Amma oxuduqca və orijinallarla tutuşdurduqca
görürsən ki, həmin stenoqramlarda nə qədər
kobud qüsurlar var. Ehtimal yaranır ki, hətta həmin
materialların çoxunu heç Seyidağa Onullahi görməyib.
Çünki nəşrdə elə səhvlərə
təsadüf edilir ki, bunlar heç vəchlə Seyidağa
müəllimin nəzərindən qaça bilməzdi.
Bəs o stenoqramlarla “Azərbaycan” qəzetində dərc
edilən hesabatların fərqi nədədir?
“Azərbaycan” qəzetində dərc edilən parlament
hesabatlarının mənası və dəyəri
büsbütün başqadır. Bunlar hamısı Məhəmməd
Əmin və Üzeyir bəylərin redaktə süzgəcindən
keçərək dərc olunub. Yəni
onlar, məlum stenoqramlardan fərqli olaraq, ağızdan
çıxan hər sözü əks etdirməyiblər,
yalnız ictimai məna kəsb edənləri saxlayıblar,
müəyyən ixtisarlar aparıblar, bəzi
parçaların məzmununu veriblər.
Və
Şirməmməd Hüseynovun məharəti, materiallara yetərincə
hündürdən, gen miqyasda, panoramda baxa bilməsinin nəticəsi
bundan ibarətdir ki, o, qəzetdə dərc edilən
ayrı-ayrı iclaslar barədə hesabatları verir, amma
bunun yanında bəzən əvvəldə, hərdən
sonda həmin mətləblərə dayaq duran, elə o qəzetdəcə
yer almış başqa yazıları da gətirir. Qəfildən qarşımıza bu məsələlər
və mətləblərlə həmahəng gələn,
heç parlamentdə olmayan Fərhad Ağazadənin məqaləsi
çıxır və sanki həqiqətlərə əlavə
bir pəncərə taybatay açılır. Ya Məhəmməd
Əmin Rəsulzadənin özünün, yaxud Üzeyir bəy
Hacıbəylinin parlament divarları arasında səslənməmiş,
müstəqil məqalə kimi işıq üzü
görmüş yazıları parlament hesabatları kontekstinə
qovuşur, həmin andaca mətnin ahəngi, ritmi dəyişir,
yeni məna qatları ortaya çıxır, xeyli qaranlıq
suallara aydınlıq gəlir.
Bunları edə bilməkçünsə, bu
kompozisiyanı qura bilməkdən ötrüsə gərək
o dövrün hadisələrinə, həmin dövrün
ayrı-ayrı şəxsiyyətlərinin əqidəsinə,
qələminə, düşüncə tərzinə dərindən
vaqif olasan.
Şirməmməd
Hüseynov kimi!
Bu yazılar silsiləsinin göstərdiyi parlament mənzərəsi,
istiqlal uğrunda gedən mübarizəmizin gerçəkçi
və dolğun fonu, ayrıca vurğulayıram ki, yalnız və
yalnız Şirməmməd Hüseynov kimi həmin tarix kəsiyindən
incəlikləri ilə agah olan müstəsna bələdçinin
əməkləri ilə yaradıla bilərdi.
Hər halda bu gün həmin işi o cür səriştə
və vurğunluqla yerinə yetirə biləcək ikinci
şəxsi mən tanımıram.
Mən
bayaq bu hesabatlara yanılaraq “dinləyirkən” dedim, bu dəfə
isə artıq çaşaraq yox, elə qəsdən
yanılaraq “oxuyuruq” əvəzinə “görürük” demək
istəyirəm.
Şirməmməd
müəllimin “Parlament hesabatları”nın
cildlərini vərəq-vərəq çevirdikcə hadisələri
yalnız oxumuruq, dinləmirik, həm də bütün əyaniliyi
ilə görürük.
Hesabatları ibtidasından son səhifəsinəcən
mütaliə edəndə belə qənaətə gəlirsən
ki, bu, nəhəng bir film kimidir, bir epopeya timsallıdır və
oxuya-oxuya olmuşları sanki ilk kadrından son kadrınacan
seyr edirsən.
Bu kitab həm də bir ülgüdür. 3 cild olsa da, onları bir
bütöv sayaraq “kitablar” yox, sadəcə “kitab” deyirəm.
Birincisi,
bu kitab bir daha əyan edir, nəşrindən bir əsr
keçəndən sonra da nümunə göstərir ki, yaxşı qəzeti
necə çıxararlar.
Bu toplantıda mətbuat nümayəndələri
iştirak edir.
“Azərbaycan” adlı qəzet bu gün də
var, digər dövlət qəzetlərimiz də
çıxır, müstəqil mətbuatımız da fəaliyyətdədir.
XX əsrin əvvəlindəki “Azərbaycan” qəzetinin
nümunəsi işarə edir ki, millətin ola
biləcək yaxşı qəzeti necə çıxarmaq
lazımdır ki, üstündən zamanlar keçəndən
sonra da salnamə sayılsın, tarixin bərpa olunması
üçün mənbəyə çevrilsin,
saralıb-solsa da, mahiyyətcə köhnəlməsin, yeni
zamanla da ünsiyyətə girə bilsin. Və nəşr
üçün istənilən məqaləni yazanda da
düşünməlisən ki, 50 il
ötəcək, mənim haqqımda bu yazıya görə nə
deyəcəklər, 100 il sovuşacaq, mənə bu yazıma
görə necə qiymət verəcəklər. Qələmi
götürəndə, qəzet-jurnal buraxanda bir an belə vaxtı yetişincə hər suala cavab
tələb edən tarix qarşısında məsuliyyətini
unutmamalısan!
Kim bilir, bəlkə də o qüdrətli şəxsiyyətlər
o zaman bütün bunlar barədə fikrə dalıblar. Məhəmməd Əmin Rəsulzadə
də, Üzeyir bəy Hacıbəyli də, Şəfi bəy
Rüstəmbəyli də, Ceyhun bəy Hacıbəyli də,
ola bilsin, bu barədə ən azı təhtəlşüur
düşünüblər, ona görə o təhər
köhnəlməz, dəyərini itirməz qəzet
yaradıblar. Həmin səbəbdəndir ki,
“Azərbaycan” qəzetinin səhifələri vətən
işığı ilə, millət atəşi ilə
doludur.
Vətən işığı, millət atəşi
elə əziz Şirməmməd müəllimin də
bütün varlığında olduğundandır ki, bu
cür mükəmməl bir əsəri ortaya
çıxarmağa müvəffəq olub.
Bu cildləri yaratmaq əsnasında Şirməmməd
Hüseynov dünənin dumanlarında əriyib-itmiş, bu
günün insanlarına pünhan qalan bir sıra adları da
aşkarlayıb, onlara təzədən həyat
bağışlayıb. “Azərbaycan” qəzetində
yazıları çıxan Əhməd Həmdi adlı
şəxs diqqətini çəkib. Azərbaycanda
çox soraqlaşsa, arxivlərə baş vursa da, bir məlumat
əldə edə bilməyib. Amma ruhdan, həvəsdən
düşməyib, ona cavanlığından xas olan
inadkarlığı ilə yenə arayıb, yenə
axtarıb, yenə soraqlaşıb və suallarına
cavabı Türkiyə arxivlərində bulub. Və bu hərəkəti ilə də Şirməmməd
müəllim növbəti dərsini, növbəti
öyüdünü verib. Yəni istiqlal,
müstəqillik bizim elə müqəddəs sərvətimizdir,
səcdəyə layiq elə mirasdır ki, onun yolunda
azacıq belə zəhməti olmuş hər insanı biz həmişə
qədirbilənliklə, dualarımızla,
sağollarımız, rəhmətlərimizlə
anmalıyıq.
Şirməmməd müəllimin hər
çıxışı, hər yazısı, hər
kitabı və o sıradan bu cildlər abidələrdir.
Tanrı, tale, tarix Şirməmməd Hüseynov kimi
nadir insanları millətə göndərir ki, cərəyan
ötürən naqilə çevrilsinər, qoymasınlar
yaddaş qırılsın, imkan verməsinlər
keçmişlə rabitələr kəsilsin.
Şirməmməd Hüseynov milli yaddaş
daşıyıcısı, bir mənəviyyat
körpüsüdür. Azərbaycanın dünəniylə
indisi, istiqlalımızın qaynaqları ilə bu gün
arasındakı körpü.
Milləti tarix sınaqlarından zədəsiz
çıxaran, həmişə ayaq üstə saxlayan,
güclü edənsə həmişə məhz tarixi
yaddaş, belə sarsılmaz körpülər olub.
Azərbaycan
bayrağı bu gün yenə yüksəklərdədirsə,
Azərbaycan himni səslənəndə yenə biz iftixar qəhəriylə
doluruqsa, bunun ümdə səbəbi odur ki, 70 ilin sovet
qadağaları boyunca ayrı-ayrı insanlar bu sevdaya
dönük çıxmadı, bu eşqi ürəyində
yaşatdı, ziyalılarımız, düşüncə və
duyğu adamlarımız sətirlərinin altında olsa da, həmin
hissləri yurddaşlarımıza çatdırdı və
qoymadı ki, istiqlal yanğısı sozalsın. Qürbətlərdə,
mühacirətlərdə, zillətlərdə
yaşaya-yaşaya bu hissiyyatı diri saxladılar və ən
qəddar maneələrə rəğmən vətənlərinə
bunu çatdırmağa səy elədilər, nail də
oldular ki, vətəndaşlarımızın içərisində
istiqlal ruhu, müstəqillik istəyi
şölələnməkdə davam etsin.
İndi Şirməmməd müəllim də yeni əsrimizin,
təzə minilliyimizin başlanğıcından bu
üç kitabla elə bir ocaq qalayır ki, bu ocağın
istisi və işığı Azərbaycanın çox uzaq
gələcəklərinə səmt götürüb və
söz yox, gələcəkdəki yurddaşlarımıza böyük
faydalar da verəcək.
Bu gün, bu mübarək əsərin bayramına
qatıldığımız anlarda Azərbaycan
istiqlalının artıq başlanmış olan və 2018-ci
ilin 28 mayında təntənəsini
yaşayacağımız 100-cü yaşının 10-cu
günüdür. O ülvi bayrama düz 355 gün qalır. Gərək biz hamımız dövlət müstəqilliyimizin
100 illiyinə qədər olan hər günün hər
saatında o şərəfli tarixə xidmət
üçün hansısa yeni, əhəmiyyətli,
qalıcı işlər görməyə köklənək.
Sözlərimə son verməzdən öncə
müstəqilliyimiz, parlament tariximiz, istiqlal yolumuz və elə
cazibə dalğasında olduğumuz, haqqında
düşüncələr bölüşdüyümüz
cildlərlə birbaşa bağlantısı olan bir diləyimi
ifadə etmək istərdim. 1918-ci ilin 7
dekabrında yaradılmış Məclis-i Məbusan
bütün tariximizçün fəxr qaynağı olan milli
hadisə idi.
Mən Azərbaycanın ilk parlamentinin həyatını
əks etdirən akademik nəşri görməyi çox istərdim.
Necə təsəvvür edirəm o kitabı?
Xatırlatdığım kimi, 1998-ci ildə Məclis-i Məbusanın stenoqramları həm Azərbaycan, həm rus dillərində, qüsurlu da olsa, nəşr edilib. Düşüncəmə görə, oradakı əsas nöqsan yalnız mətnin bərpası əsnasında buraxılmış ayrı-ayrı səhvlər deyil, həm də tərtib prinsiplərindəki xətalardır. Həmin nəşrdə azərbaycanca cilddə yalnız ana dilində olan çıxışlar verilib, rusca nəşrdə isə rus dilində edilən çıxışlar yer alıb. Demək, o da, bu da natamamdır. Mənsə akademik nəşrdə ana dilində olan mətnlərin arasında rusca olan mətnlərin də dilimizə çevrilərək verilməsini, amma orijinaldakının da cildlərin sonunda, şərhlərlə göstərilməsini məqbul sayıram. Eləcə də həmin akademik nəşrin şərhlər və izahlar, lüğət bölməsi Şirməmməd Hüseynovun kitablarındakı qəzet hesabatları, müxtəlif tamamlayıcı başqa “Azərbaycan” dərcləri, eləcə də ustadın o yazılara verdiyi yozumlar, dəqiqləşdirmələr, aydınlatmalarını artırmaqla mükəmməlləşdirilə, daha artıq elmiləşdirilə bilər. Beləcə, biz, nəhayət ki, ilk dəfə olaraq ilk milli parlamentimizin keçdiyi enişli-yoxuşlu, mübarizəli yolun qənaətbəxş mənzərəsini aydınlığı ilə izləmək, öyrənmək fürsəti əldə edirik.
Şirməmməd müəllim qiymətli bir insandır və Allah da bizdən daha əvvəl və daha yaxşı bilir nə qədər qiymətlidir o!
Allah Şirməmməd müəllimin millət üçün gərəkliyini, tarix üçün faydalığını dəqiq bildiyindən, ona millət körpüsü olmaq vəzifəsini həvalə etdiyindən bu millət üçün onu yaşadır.
Sağlam yaşadır, gümrah yaşadır, düşüncəsini aydın, ruhunu təmiz yaşadır. Elə yaşadır ki, bu gün də - doxsanını arxada qoyandan sonra da əli qələmlidir, bu gün də iş başındadır, universitetə gedərək dərsini deyir, bu gün də masasının üstündə yeni tədqiqlər var, millətə təqdim eləyəcəyi yeni işlər sıra gözləyir.
Tarix, tale və Tanrı Şirməmməd Hüseynov kimi sərvəti millətimizə çox görməsin!
525-ci qəzet.-2017.-4
nnoyabr.-S.18;19;23