Atamı xatırlayarkən...

 

14 əvvəl bir kitab tərtib etdim - “Doktor Qarayev”. XX əsr tariximizdə önəmli soylardan biri olan Qarayevlərin təmsilçisi, Azərbaycanın ilk uşaq həkimi professor Əbülfəz Qarayevin oğlu və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin qardaşı, görkəmli həkim, virtuoz hərbi cərrah, 5 minə yaxın uğurlu cərrahiyyə əməliyyatına imza atmış tibb elmləri doktoru Mürsəl Qarayev haqqında idi o kitab.

 

Aradan keçən bu uzun müddət ərzində mən doktor Qarayev haqqında xeyli yeni faktlarla rastlaşdım, hadisələr eşitdim. Həm də bunlar mənim istəyimlə deyil, öz-özünə baş verirdi, sanki hadisələr özü kitabın yazılmayan, çatışmayan səhifələrinə işarə edirdi.

 

Bu yaxınlarda “Yol” jurnalının 2014-cü il saylarının birində (¹5 (47) doktor Mürsəl Qarayevin oğlu, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Vspominaya otça” xatirə yazısına rast gəldim. Yadıma düşdü ki, illər əvvəl mən Əbülfəs Qarayevlə atası barədə səmimi və geniş bir söhbət eləmişdim. Amma bu yazıda o söhbətdə yer almayan bir sıra məqamlar gördüm. Təsirli detallarla zəngin bir yazı, eyni zamanda, valideynə, ataya düzgün övlad, əsl oğul münasibəti sərgilənən bədii nümunədir bu. Niyə bu məqamlar haqqında biz o vaxtlar Əbülfəs müəllimlə danışa bilməmişdik? Görünür, bəzi məqamları insan ancaq özüylə təkbətək, ağ vərəqlə üz-üzə qalarkən qeydə  ala bilir. Və hər şeyin öz vaxtı var. Odur ki, bu yazını dilimizə çevirərək, öz vaxtında, yəni noyabrın 4-də - doktor Mürsəl Qarayevin doğum günündə “525-ci qəzet”in oxucularına təqdim etməyi gərəkli bildim.

 

Səlim Babullaoğlu

 

Bu fani dünyanı təqribən 40 il əvvəl tərk eləmiş atam haqqında yazmaq, həmişə mənə asan gəlsə də, görünür, elə deyilmiş.

 

Bütün bu illər ərzində mən elə bir duyğuyla yaşamışam ki, atamın, heç vaxt dəyişməyən xarakterini, bu xarakterin cizgilərini bir foto qədər dəqiq və tam aydın əks etdirən, bütün xatirə və yaşantılarla dolu obrazı həmişə mənimlə olub, məni müşayiət edib.

 

Bu gün, mənim ondan bir yaş daha böyük olduğum vaxtda (Mürsəl Qarayev 56 yaşında vəfat edib, yazı qələmə alınan vaxt Əbülfəs Qarayevin 57 yaşı vardı - tərc.) həmin o obraz, portret bir qədər başqa, yəni bircə anda öz dünyasının əsas qəhrəmanını, dayağını itirmiş, söykənəcəyi divar yıxılmış 18 yaşlı gənc adamın nəzərlərindəkindən tam fərqli, diametral əks rakursdan və necəsə dəyişilmiş görünür.

 

Deyim ki, atamın mənimlə bərabər olmadığı bu illər ərzində, kimin oğlu olduğumu biləndə ilk reaksiyaları onun haqqında uzun zaman öz qəlblərində yaşatdıqlarını dərhal və səmimiyyətlə dilə gətirmək olan, atamın şəxsiyyətinə dərin ehtiram hissi bəsləyən, yoxluğuna ürəkdən təəssüflənən insanlarla tez-tez qarşılaşmışam. Səhiyyəmizin görkəmli nümayəndələri, onun keçmiş pasiyentləri və tələbələri, bəstəkarlar, musiqiçilər və rəssamlar, rayon xəstəxanalarının işçiləri, ovçular, tələbəlik və qanlı-qadalı müharibə illərinin dost-tanışları, qonşular, həmkəndliləri, atamın ömrü boyu rastlaşdığı, ünsiyyətdə olduğu neçə-neçə insan...

 

Qayğıkeş nəzərlərlə, çiynimə, kürəyimə dostcasına təmaslarla, mənə həyan olmaq, təskinlik vermək cəhdlərilə və bu sayaq hissləri ifadə edən başqa jestlərlə hələ də rastlaşıram. Əlbəttə, indi əvvəlkindən daha az. “O, əsl kişiydi, sən onunla fəxr eləməlisən... Atana görə, soyuna-soyadına görə məsuliyyət yükü var sənin çiynində...” Belə hallar öz həyat yoluyla addımlayan insanda müxtəlif vaxtlarda fərqli duyğular, reaksiyalar yaradır. Əlbəttə, əvvəl-əvvəl mən yalnız qürur hissi keçirir, fəxr edirdim, amma bir zaman gəldi, bütün bunlar, az da olsa, xətrimə dəyməyə başladı: axı, sən özün də yetkin adamsan, amma hələ də sənin öz uğurlarından yox, elə nəsil-nəcabətindən danışırlar. Sonralar bu hallar təkrarlandıqca mən yalnız sakitcə təbəssüm edir, razılıqla gülümsünürdüm. Amma bu gün, indilərdə qəfil anlamışam ki, xəbərsiz olsam belə, bu illər ərzində, sən demə, mən həmin bu adamlardan padzəhər alırmışam. Özündən razılığa, təkəbbürə qarşı padzəhər kimi, bütün bu illər ərzində həm də valideynlərimin obrazı sayəsində gözləyib qoruya bildiyim mənəvi norma və sərhədləri aydın görməyimə kömək edən həb, dərman kimi.

 

Necə insan idi atam? Əlbəttə, onu qiymətləndirmək mənə düşməz. Odur ki, gərək yaddaşımdakı diri, canlı xatirələrlə, epizodlarla onun obrazını yaratmağa cəhd edim.

 

Əvvəla, fövqəladə texniki savadı və bacarığı vardı: evdə elə bir cihaz yoxdu ki, onun məğzini, iş prinsipini anlamasın. İşsiz dayana bilmirdi. Bazar günləri sübh tezdən gah avtomobilə, gah radioqəbulediciyə, gah da başqa nəyəsə əl gəzdirməyə başlardı. Özü də obyekt seçimi təsadüfi olmurdu, mükəmməl musiqi-səs duyumu seçiminə əsas yaradırdı: mühərrikin səsindən “naxoşluğu” o saat anlayır,  taqqıltının hansı hissədən gəldiyini həmən tapır, uğultu və küyün necəliyindən televizorun “dərdini” anındaca hiss edirdi; yeri gəmişkən, o vaxtlar televizor və radioqəbuledicilər də tamam başqaydı. Peşəkar həkim kimi isə, insana bir dəfə, bircə anlıq baxması kifayət edirdi ki, bədəninin hansı hissəsində mərəz olduğunu, həmin adamın pis əhval-ruhiyyəsinin səbəbini anlasın.

 

 

Mühərriklə haqq-hesab, onun sökülüb-yığılması da hədsiz peşəkarlıqla baş verirdi. Avtomobilin ən mürəkkəb elementi olan karbüratoru lap xırda hissələrinə qədər söküb-yığmağı bacaran, gah dəmirçi məharəti ilə bamperdəki batıqları düzəldən, gah əyləcin qəliblərini dəyişən, gah da arxası üstə avtomobilin altında uzanıb sükan dartısını sazlayan cərrahı bir təsəvvür edin; ya da eyvanda istənilən elektrik cihazını sökən və ən təkmil yenilikləri, modifikasiyaları nəzərə alaraq onu təzədən yığan adamı... Yeni musiqi yazmağa və müxtəlif mexaniki dəyişikliklər hesabına royalda aldığı yeni səslərlə eksperimentlər eləməyə imkan verən həmin keyfiyyət bütünlüklə böyük qardaşıma keçib ki, bu, əlbəttə, ayrı bir mövzudur.

 

Mən şahidi olduğum bütün bu proseslərdə uşaqlıqdan iştirak edir, təbii, əksərən, maneçilik törədirdim. Gündəlik həyatımızda gərəkli olan texniki bilgilərin əsasını mən o zaman mənimsəmişdim. Daha bir vərdişim də o vaxtın yadigarıdır: istirahət, bazar günləri əslində, yaradıcılıq, qurub-yaratmaq, özünü kamilləşdirmə üçündür, hansısa bir eksperiment zamanı hadisə və əşyaların məğzini anlamaq, həqiqəti tapmaqdan ötrüdür.

 

Geniş, hərtərəfli bilikləri atamı qonşular arasında da danılmaz nüfuz sahibinə çevirmişdi. Biz Tibb İnstitutu çevrəsindəki binada, adi bir mənzildə yaşayırdıq, o vaxt, yəni 60-cı illərdə bu cür mənzilləri hamı - alim də, fəhlə də, başqa peşə sahibləri olan adi insanlar da ala bilirdi. 300 mənzillik məhəlləmizin daim həkimə işi düşən, yaxud başqa nədəsə köməyə ehtiyacı olan sakinlərdən başqa, o həndəvərdəki sürücülər də “bu zəhrimar maşın yenə xoda düşmür” deyib çox zaman bizim evə üz tuturdular; gərginliyin yeni xətlərdə fizika qanunları üzrə paylanmasıyla bağlı məsləhət üçün gələn montyorlar da bir tərəfdən... Bir qayda olaraq, hamı atamdan umduğu düzgün məsləhətləri ala bilirdi. Bütün bunlar həmyaşıdlarımız arasında qardaşımın və mənim hörmətimizi artırırdı. Üstəgəl, işdən evə gələndə rastlaşdığı qonşu uşaqlarını hələ qaraja salmadığı maşına mindirib ətraf küçələrdə bir neçə dövrə gəzdirməyi o dövrün tamam başqa, möhtəşəm əyləncəsi idi ki, balacadan-böyüyə, qonşuların buna necə yanaşdığını təsəvvür eləmək, yəqin, çətin deyil. Mən evə gələndə isə deyərdi: “Gəldim, fikirləşdim ki, sən də buralarda olarsan. Amma yox idin. Odur ki, dostlarını maşında yaxşıca gəzdirdim. Qoy, kef eləsinlər!” Vəssalam, yəni ki, evə gec gəlmə...

 

İstənilən vəziyyətdə ruhdan düşmədən yaşamaq, hər cür çətinlikdən çıxış yolu tapmaq kimi bacarığı, çox güman, 1942-1946-cı illərdə hərbi-səhra həkimi, cərrah olaraq keçdiyi müharibə zamanı formalaşmışdı. İnsanların sağlamlığını öz sağlamlığından, öz problem və dərd-sərindən üstün tutur, bunu vəzifə və borc bilir, böyük məsuliyyət hiss edirdi. 10 ilə yaxın respublikanın baş cərrahı işləmişdi. Yüksək təzyiqə, ya ciddi soyuqdəyməyə baxmayaraq, yaxud gün ərzində iki-üç cərrahiyyə əməliyyatı aparıb çox yorulduğu halda, biz onun gecələr maşınla, bəzən də vertolyotla ölkənin müxtəlif yerlərində çətinə düşmüş insanların həyatını xilas etmək üçün yola çıxdığına tez-tez şahid olurduq. Respublikanın bir çox bölgəsində: - “O vaxt doktor gecəylə gəldi, elə əməliyyat etdi ki, bu günə kimi həmin adam sağdır və bununla bizə də yaxşı dərs keçdi...” deyən həkimlərlə, düzünü deyim ki, mən indi də rastlaşıram.

 

Onun bu keyfiyyətləri özünü gündəlik həyatda, adicə məişətdə də büruzə verirdi. Yemək məsələsində qətiyyən vasvası deyildi, əl altında nə vardısa, onunla da keçinər, naharını yüngül qəlyanaltı ilə də ötüşdürərdi. Yadımdadır, bütöv bir həftəni ikilikdə keçirməli olmuşduq və hələ 10-12 yaşım vardı deyə, yemək-içməyim atamın öhdəsinə düşmüşdü. Axşamlar, işdən sonra, qəfil yemək tədarükünə başlayır, öz fantaziyası və ağız dadına uyğun, o vaxt üçün bütün mümkün ədva və məhsullardan yararlanmaqla, menyü ilə əsl cazmen kimi davranaraq improvizə edir, amma “məlum mövzunun melodika və kvadratlarına” ustalıqla sadiq qalırdı. Yemək də ki, gəl görəsən: dadından doymaq olmurdu! O isə razı halda, “hər şeydə improvizənin sağlığına” badə qaldırırdı.

 

Yeri gəlmişkən, musiqidə də ustaydı. Danışırlar ki, saksafonda ifası gözəl alınırmış, musiqiçi dostları ilə (onlar çox idilər və bir qismi də bəstəkar qardaşı ilə ortaq dostlardı) institut orkestrində ifa edirmiş. Amma təəssüf, bu, ancaq müharibəyə qədər davam edib. Cəbhədə, döyüş vaxtı aldığı kontuziyadan sonra ömrünün sonuna qədər dodağı yığılı qaldı və o, saksafonu bir daha düzgün tutub-alındıra bilmədi. Amma improvizə ruhunu bütün həyatı boyu qoruyub yaşatdı. Özündən eşitmişdim ki, bir gecə növbətçi olarkən küçə davasında yaralanmış bir kişini gətirirlər xəstəxanaya: yarası ağır deyilmiş. Yaranı təmizləyib tələb olunan hər şeyi edəndən sonra atam bu qəhrəmanda aşkar ədəbsizlik, dikbaşlıq müşahidə edir. Və ona: - Məncə, biz səhərə qədər hələ səninlə bir dəfə də görüşəcəyik, - deyir. Elə də olur. Səhərəyaxın həmin adamı ürəyindən ağır bıçaq yarası ilə təkrar xəstəxanaya gətirirlər. Və elə burda da improvizə başlayır: atam əliylə onun qabırğalarını sındırıb ürəyini “tapır”, qanaxmanı saxlayır. Qabırğalar gec bitişsə də, ürəyin işi dərhal bərpa olunur və adam xilas edilir. Yeri gəlmişkən, həmin adam ömrünün sonuna qədər ara-sıra atamın yanında peyda olar, onu sehrbaz hesab etdiyindən, bir çox həyat-məişət məsələlərilə bağlı məsləhət, kömək istəyərmiş. Belə hadisələr az olmayıb.

 

Atam mahir ovçuydu, stend atıcılığı üzrə respublika çempionu olmuşdu, xarakteri, bacarığı və ustalığı onu fərqli ekstremal vəziyyətlərdə dəfələrlə xilas etmişdi. Azərbaycana ova gələn bir çox böyük adamları müşayiət eləməyi tez-tez ona həvalə edirdilər. Doktor Qarayevin səmimiyyətini, fərasət və peşəkarlığını qiymətləndirən həmin adamlar sonradan onun yaxın dostuna çevrilirdilər.

 

Bir neçə dəfə onunla ünsiyyətdə olandan sonra atamı öz yaxını hesab edirdilər ki, bu da sonradan kömək üçün çoxsaylı xahiş və müraciətlərlə əvəzlənirdi. Atam baş verənləri elə olduğu kimi də qarşılayırdı. Məsələn, deyirdi ki, bu adam mənimlə ova çıxıb, bir qayıqda üzüb, bərkə-boşa düşübsə, indi mən onun qızına, ya da oğluna imtahanda necə kömək eləməyə bilərəm?! Zəng vurur, xahiş edir, köməyini əsigəmirdi.

 

Fərasət və bacarıq onun ömürlük yol-yoldaşı idi və ən gözlənilməz məqamlarda özünü göstərirdi. Məsələn, Nazim Hikmətlə bağlı əhvalat. O, dördüncü mərtəbədə yaşayan Qara Qarayevə qonaq gəlməli idi. Ürəyi xəstə olduğundan həkimlər ona ağır, kəskin fiziki hərəkəti qadağan eləmişdilər. Atam bu vəziyyətdən çıxış yolunu belə tapmışdı. Dostu Kamil Əliyevlə (Azərbaycanın Xalq Rəssamı) birgə Nazim Hikməti stulda oturdub, onu düz Qara Qarayevin mənzilinə qaldırmışdılar. Çoxlu gülüş və zarafat doğurmuşdu bu hadisə. Sonradan Nazim Hikmət Qara Qarayevlə, atamla və Kamil Əliyevlə, elə bir çox başqa mədəniyyət xadimləri ilə də dostlaşmışdı. Tez-tez bizim evdə olar, atamla zarafatlaşar, nənəm Sona xanımın və anamın  yeməklərini yüksək qiymətləndirərdi; o, anamı şəhərin ən gözəl qadını adlandırırdı. Həmin illərin sənət ab-havasının, dostluğunun bir nümunəsi də Nazim Hikmətlə görkəmli Azərbaycan bəstəkarı - o vaxtlar isə hələ sadəcə Qara Qarayevin tələbəsi olan - Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti idi ki, bu gün də dünya səhnələrində nümayiş etdirilir.

 

Qeyd etdiyim kimi, atam işsiz dayana bilmirdi. Uşaqkən bağ evində tənbəlliyimizi görən atamın bizim üçün necə tapşırıqlar uydurduğunu yaxşı xatırlayıram: - Gedin, ən böyük qarpızı çıxardın quyudan (quyu soyuducunu əvəz edirdi).

 

Təbii ki, bu tapşırıq ehtiras dolu yarışa, şən bir oyuna çevrilirdi. Ya da: - Tez olun, gedirik bambuk (qamış) qırmağa. - Niyə? - Hindular üçün nizə düzəldəcəyik. Və budur 5-10 “nizə” düzəldəndən sonra biz yarpaqlardan örtüklər və əlbisələr hazırlayır, atam isə təzə xartutla bizim kürəyimizdə hindu naxışları çəkirdi. Üz-gözümüz də xartutdan qapqara olur, əsl hinduya dönürdük. Sonra isə Ömər Eldarovun oğlu, mərhum Müslüm Eldarovla bu görkəmdə Pirşağıda, yaxınlığımızda olan “Vətən” pioner düşərgəsinə soxulur, uşaqları və pioner dəstə rəhbərlərinin canına qorxu salır, yenidən hasarı aşıb geri, bağa qayıdırdıq, valideynlərimizi gülmək tuturdu.

 

Pirşağı dövrü - atam və onun dostları, qonşuları ilə ünsiyyətin, Tokay Məmmədov, akademik Əli Quliyev və onun qardaşı Ələddin Quliyev, Ömər Eldarov, Rüfət Rəfizadə, Həmzəyevlər, Səlimxanovlar, qəssab Əli Zamanov və onun ailəsi, səxavətlə öz torpağının bir hissəsini bağışladığı ovçu dostu Nuri (bu gün də qonşuluqda, həmin torpaqda onun nəvə-nəticəsi yaşayır), onların sonradan bizim dostlarımız olacaq övladları və bir xeyli başqa dəyərli insanlarla münasibətlərin əsrarəngiz çağıydı.

 

Ətrafdakı ən böyük xartut bizim həyətdəydi, qonşu uşaqlar daim onun dadlı bəhrəsindən doyunca yeyir, üz-gözlərini qaraldıb şənlənməyi də unutmurdular. Qəribədir ki, atam həyatdan gedən il o ağac da qurudu və babam Əbülfəz Qarayevin vəfat etdiyi il quruyan böyük püstə ağacının taleyini (bunu bizə atam danışmışdı) təkrarladı.

 

Hamımızın açıq eyvanda, miçətkən altında, yerdən salınmış döşəklərdə, yan-yana uzandığımız Pirşağı gecələrini xatırlayıram və budur, atam sanki düz başımızın üstündə, zil qara göy qübbəsindən asılan ulduzlararası kosmik səyyah rolundadır, xəyallar aləmindədir. Bu gün səmada bəzi bürcləri mən yalnız ona görə tapa bilirəm ki, atam xəyali kosmik gəmisində bizi ulduzdan-ulduza çox gəzdirib, naməlum planetləri dolaşaraq, o sonsuz aləm barədə, hardasa, başqa planetdə bizimki kimi bir ailənin mövcudluğu, onların da bizim kimi uzanaraq səmaya baxmaları, bizim kimi danışıb düşünmələri haqda doyunca söz açıb. Belə anlarda nənəm Sona öz örtüyünün altından səsini qaldıraraq: “Mürsəl, bəsdi, uşaqları da qorxudursan, məni də... Yenə də başqa planetdən gəlmiş xortdanları görəcəm bütün gecə...” deyər, biz isə şaqqanaq çəkib gülərdik.

 

Atamın bizi əlvan yuxulara, parlaq xəyallara sövq edən maraqlı rəvayətlər danışması da yadımdadır. Sonralar anladım ki, atam bu rəvayətlərin əksəriyyətini vaxtilə oxuduğu cild-cild kitablardan, yeganə əbədi ehtirası və o dövrdəki fəal iş həyatının yeganə alternativi olan bədii ədəbiyyatdan əxz edibmiş. Kitablar onun üçün gündəlik qayğılardan, cərrahiyyə əməliyyatlarından, xəstələrin ağrı-acılarından yayınmağa imkan verən fərqli bir aləm idi. Təbiət qədər, kitablar da onun sabah yenə insanların əzablarını azaltmaq, onlara sağlamlıq və həyat bəxş etmək üçün güc və ilham aldığı bir dünyaydı. Onun möhtəşəm erudisiyasını, dünyagörüşünü məhz kitablar formalaşdırmışdı. Bəlkə də dünya ədəbi-bədii irsinə bələdlikdə onunla yalnız böyük qardaşı Qara yarışa bilərdi ki, bu gün də onların, valideynlərimizin əllərinin istisini saxlayan nüsxələrlə doludur kitab rəflərimiz.

 

Tale elə gətirib ki, mən babalarımın heç birini görməmişəm, amma formalaşma dövrümüzdə valideynlərimiz vasitəsilə bizdə onların şəxsiyyətinə dərin hörmət aşılanıb, cəmiyyət, ailə və çevrələri üçün əhəmiyyətli insanlar olması anladılıb. Atam həmişə qürur hissi keçirirdi ki, o, böyük bir həkimin oğludur, qaynatası da böyük həkimdir, qardaşı, musiqisi hər bir evdə səslənən Qara Qarayev, onun özü isə “dosent Qarayev”dir; dost çevrəsində 28 yaşından onu belə çağırırdılar, çünki namizədlik dissertasiyasını hamıdan əvvəl müdafiə eləmişdi (elmlər doktoru adının AAK tərəfindən təsdiqi yalnız ölümündən sonra gəldi).

 

O, xalası uşaqlarının - Mirqasımovların, aralarında xeyli musiqiçi və rəssam olan müxtəlif sənət və peşə sahibi dostlarının uğurlarıyla fəxr edirdi. Atamda vətənpərvərlik hissi güclü və dərin idi, hesab edirdi ki, onların hər bir uğuru yaxınları üçün qürur yeri olmaqdan daha çox, xalq üçün gərəklidir. Xalq, ölkə, şəhər, millət - bütün bunlar onun daimi qürur və həyəcan yeriydi, mənəviyyat və hikmət xəzinəsi olan Azərbaycan muğamlarını dinlədikcə gözləri dolurdu. Həmişə belə bir duyğuyla yaşayırdı ki, o da bütün çevrəsi kimi ətrafda baş verən hər şeyə görə məsuliyyət daşıyır, o borcunu ləyaqətlə yerinə yetirir, müalicə edir, həyata qaytarır, ümid verirdi.

 

Atam bir çox siyasi xadimlərlə dostluq etmiş, yaxından ünsiyyət qurmuş, uğurlarına sevinmiş, çətinliklərinə görə narahat olmuşdu; onları böyük məmnuniyyətlə, öz gənclik dostları kimi xatırlayır, o qayğısız illərdəki dostluğu, həyatın qarşıda, hamının isə ümid və arzularla dolu olduğu həmin illəri tez-tez yada salırdı. Atam həmişə deyirdi ki, onun dostları həmişə arxalana biləcəyi insanlardır. Nümunə kimi Tahir Salahov və Kamil Əliyevlə birlikdə avtomobil qəzasına düşmələrini, köməyə ilk olaraq o vaxtlar hələ yalnız general olan Heydər Əliyevin gəldiyini, onları xəstəxanaya yerləşdirdiyini tez-tez xatırlayırdı. Bu hadisəni sonralar Kamil Əliyevin yubileyində çıxış edən Heydər Əliyev də xatırlayırdı, onun sözlərində də həmin o gənclik və optimizm dolu illərə hörmət, rəğbət açıqca sezilirdi.

 

Atam bu dünyadan köçəndə mənim 18 yaşım vardı və bəlkə də bu gün, zaman baxımından, onun obrazı mənim üçün hardasa bir qədər ideallaşıb da. Əlbəttə, onun da, bütün digər insanlar kimi, çatışmayan cəhətləri vardı. Müharibə görmüşdü, dəfələrlə yaralanmışdı, kontuziya almışdı, içkini xoşlayır, tez-tez içirdi, çox zaman irəlini-gerini ciddi düşünmədən davranır, sonrasının necə olacağını fikirləşmirdi. Bu gün onu düşünə-düşünə mən öz səhvlərimi də görürəm: kimisə acılamışam, nə vaxtsa sözə baxmamışam, hardasa nəyisə doğru anlamamışam. Amma bu, həyatdır və yəqin, özü-özünü daxilən araşdıran hər kəs xarakterində, yaşam tərzində elə məqamlar tapa bilər ki, onlar üzündən həmişə təəssüflənsin, için-için göynəsin.

 

Bir cəhəti dəqiq bilirəm: atam əsl kişi, böyük hərflə, İnsan idi. Dostları çox, düşmənləri az oldu, heç kim onun haqqında övladlarına xoşagəlməz bir fikir demədi. Və mən indi, yaş baxımından, onu bir il geridə qoysam da, atamla, atamın adı və əməlləri ilə yenə də uşaq kimi qürur duyuram.

 

Əbülfəs QARAYEV

525-ci qəzet  2017.- 4 noyabr. - S.12-13.