Azərbaycan Teleradiosu: böyük
uğurlar yolunda
Sadıq ELCANLI
91 il əvvəlin gözəl bir payız
günündə - 1926-cı ilin 6 noyabrında Bakıda
baş verən əlamətdar hadisə ilə böyük
bir yol başladı, möhtəşəm bir salnamənin ilk
səhifəsi yazıldı.
Həmin
gün İsmailiyyə binasından “Danışır
Bakı” kəlmələriylə efirə çıxan Azərbaycan
Radiosu, 30 il sonra ona qoşulan, onunla birgə addımlamağa
başlayan Azərbaycan televiziyası xalqımızın həyatında,
bütövlükdə milli mədəniyyət tariximizdə
mühüm rol oynadı, vətənimizə, xalqımıza
şərəflə xidmət etdi, böyük uğurlar
qazandı.
Dahi bəstəkarlarımız
Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin, qüdrətli
sənətkarlarımız Cəfər Cabbarlı və Məmməd
Səid Ordubadinin, fədakar ziyalılarımız Nəsir
İmanquliyev və Teymur Elçinin, eləcə də
onlarla, yüzlərlə unudulmaz həmkarımızın, nəsil-nəsil
teleradio işçiləri ordusunun Azərbaycan radiosu və
televiziyasının inkişafına həsr etdiyi intellekt və
istedad, böyük mənəvi güc tükənməz Azərbaycan
sevgisindən soraq verir.
“Azərbaycan
Milli Televiziyası Azərbaycan xalqının milli sərvətidir”
deyən dahi dövlət xadimi, ümummilli liderimiz Heydər
Əliyevin ardıcıl, tələbkar, yaradıcı diqqət
və qayğısının nəticəsində Azərbaycan
Teleradiosu istər sovet dönəmində, istərsə də
Müstəqillik dövründə həqiqətən
böyük inkişaf yolu keçib, müasir yüksək səviyyəsinə
qovuşub.
Müstəqillik
dövründə mətbuatımıza, kütləvi
informasiya vasitələri sisteminə, xüsusilə, Azərbaycan
Televiziyası və Radiosuna dövlətimizin, möhtərəm
Prezidentimiz İlham Əliyevin daimi, yaradıcı diqqət və
qayğısı danılmaz faktdır; bunu minnətdarlıq
hissiylə qeyd edir, səmimiyyətlə qiymətləndiririk.
91 illik Azərbaycan Radiosunun, 61 illik Azərbaycan
Televiziyasının möhtəşəm uğurlar yolu bu
gün layiqincə davam və inkişaf etdirilir.
Qədim
tarixli yeni Azərbaycan dövlətinə və dövlətçiliyinə,
dilimizə, milli-mənəvi dəyərlərimizə sədaqətlə,
eləcə də bəşəri, tolerant, mültikultural dəyərlərə
hörmətlə fəaliyyət göstərən Azərbaycan
Teleradiosu bu gün də milli KİV sistemində əsas
nümunə, əsas örnəkdir.
Azərbaycan Teleradiosu dünən olduğu kimi, bu
gün də müasir dünya standartlarına cavab verən
yüksək maddi-texniki bazası, mənəvi-intellektual səviyyəsi,
nüfuzlu aparıcıları ilə seçilir.
Hörmətli
akademiklərimiz Vasim Məmmədəliyev, Kamal Abdulla, Nizami Cəfərov,
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar, Aşıqlar Birliyinin sədri, professor
Məhərrəm Qasımlı, Bəstəkarlar
İttifaqının katibi Sərdar Fərəcov,
Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi,
tarix elmləri doktoru, yazıçı-publisist Yunus Oğuz və
başqa aparıcılarımız yüksək peşəkarlığı
ilə seçilən klassik biçimli orijinal verilişlərimizin
həm də sanballı elmi-ədəbi səviyyəsini
göstərir.
Mən
AzTV-də işlədiyim 35 ildə zaman-zaman ona şahid
olmuşam ki, Azərbaycan Teleradiosu həmişə Azərbaycan
tarixindən gələn səslərə,
çağırışlara doğru gedib, o səsləri,
çağırışları eşidərək, ən yaxşı
verilişlərində, tamaşa və filmlərində milli
ruhumuzu, milli varlığımızı təqdim və təsdiq
edib. Müxtəlif dövrlərin
müxtəlif tələb və təkliflərindən,
sosial-siyasi sifarişlərindən irəli gələn
növbətçi teleradio məhsulları, əlbəttə,
olub; söhbət, ən çətin zamanlarda belə Azərbaycan
dilini, ədəbiyyat və mədəniyyətini,
bütünlükdə milli-mənəvi dəyərlərimizi
əsas istinad nöqtəsi, strateji hədəf kimi daim
gündəmdə qoruyub saxlamaq fədakarlığından
gedir. Qızıl
fondda qorunub saxlanılan saysız-hesabsız veriliş,
tamaşa, bədii və sənədli filmlərdə bu
misilsiz fədakarlığa dönə-dönə şahid
oluruq. İlk növbədə
ona şahid oluruq, onunla qürur duyuruq ki, Azərbaycan
Televiziyası və Radiosu bütün tarixi boyu həmişə
Azərbaycan xalqının yanında olub, Azərbaycanın
tarixi və çağdaş strateji mövqe və
maraqlarına xidmət edib. Və bu cümləni
yaza-yaza mən daha çox son on ilin möhtəşəm
uğurlarını düşünürəm.
Bəli, indi hamı görür, təsdiq və etiraf
edir ki, son illər Azərbaycan televiziyasının həyatında
yeni bir mərhələ başlayıb. Televiziyamızın həyatında
baş verən bütöv yenidənqurmanı,
taleyüklü, kompleks müsbət dəyişiklikləri,
dövrün əsas tələb və təkliflərindən
irəli gələn əsas yaradıcılıq
tendensiyalarını, yaradıcı axtarış və
tapıntıların miqyasını nəzərə alsaq, bu
mərhələni kəmiyyətdən keyfiyyətə
keçid, keyfiyyət yüksəlişi dövrü kimi
xarakterizə etmək olar. Həm maddi-texniki, həm
mənəvi-intellektual baxımdan yeniliyə, müasir
dünya standartları səviyyəsinə geniş meydan
açılıb; teledüşüncə on illər boyu
yaranan qəliblərdən, köhnədəbli ovqatdan xilas
olub. Otuz ildən artıq Azərbaycan Teleradiosunda işləyən,
bu sahəni dərindən bilən iqtisadçı, alim və
jurnalist Arif Alışanovun məqsədyönlü,
perspektivli islahatları və onların nəticəsi olan
uğurlar artıq tarixi faktdır, reallıqdır.
Arif Alışanov Azərbaycan Televiziyasına
çoxdan gözlənilən və ehtiyac duyulan yeni estetik dəyərlər
sistemi, təzə informasiya mühiti gətirdi, müasir
dünya standartlarına cavab verən, eyni zamanda,
bütünlüklə Azərbaycanın milli-mənəvi dəyərlərinə
əsaslanan yeni teleistiqamətə yol açdı.
İstər informasiya və ictimai-siyasi proqramlar, istər
“Azərbaycantelefilm” və dublyaj sahəsində, istərsə
də bədii və maarifçilik yönündə
davamlı keyfiyyət dəyişikliyi, əlamətdar,
sistemli uğurlar artıq göz qabağındadır. Əsası
odur ki, yol, hədəf düzgün seçilib və daha
ciddi uğurlara doğru gedirik. “Azərbaycan Televiziya və
Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
yeni “İdman Azərbaycan” və “Mədəniyyət”
kanallarının açılması və keyfiyyətli fəaliyyəti
də həmin uğurlar yolunun daha bir təsdiqidir.
“İdman Azərbaycan” bəlkə də dünyada yeganə
telekanaldır ki, planetin ən populyar, məşhur idman
yarışlarını əhalinin heç bir maddi ödənişi
olmadan canlı şəkildə xalqımıza təqdim edir. “Mədəniyyət”
telekanalı isə qədim, zəngin, dahilər bolluğuyla
seçilən Azərbaycan milli mədəniyyətini
bütün dünyaya olduğu kimi təqdim etməklə
çox böyük maarifçilik missiyasını həyata
keçirir.
“Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətində son illərdə
aparılan əsaslı, genişmiqyaslı yenidənqurma
işləri, beşmərtəbəli yeni korpus və təzə
studiyaların tikintisi uğurla başa
çatdırılıb, tam həcmdə istifadəyə
verilib.
Dünya standartlarına cavab verən ən müasir texniki
avadanlıqların quraşdırılmasıyla paralel
aparılan, həm kəmiyyət, həm keyfiyyət
baxımından 61 illik televiziya, 91 illik radio tariximizdə
analoqu olmayan, bütöv infrastrukturu əhatə edən bu
uğurlu, praktik nəticələr Azərbaycan Prezidenti
İlham Əliyevin teleradiomuza daimi diqqət və
qayğısının real nəticəsidir.
Azərbaycan televiziya və radiosu bu böyük
qayğıya əməli işlə cavab verir,
xalqımıza, müstəqil dövlətimizə layiqincə
xidmət göstərir. Azadlıq, müstəqillik, milli dövlətçilik,
Azərbaycançılıq ideyalarının,
istiqlalçı milli təfəkkürün, multikultural, bəşəri,
dünyəvi, eləcə də milli-mənəvi dəyərlərin
təbliğində, ümummilli düşüncə tərzinə,
həyat normasına çevrilməsində Azərbaycan
teleradiosunun son illərdəki məqsədyönlü fəaliyyəti
həqiqətən təqdirəlayiqdir.
Hazırda müstəqil Azərbaycan
Respublikasının kosmik peykləri və İnternet vasitəsiylə
Azərbaycan Televiziyası və Radiosunun verilişləri, demək
olar ki, bütün dünyaya yayımlanır. Radiomuzun “Güney Azərbaycan”
redaksiyasından hər gün Azərbaycan dilində 8 saat həcmində,
“Şərq ölkələri” redaksiyasından türk, ərəb,
fars dillərində, eləcə də talış, kürd,
ləzgi, gürcü və erməni dillərində
verilişlər dünya efirinə çıxır.
Bu gün
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyətində “Səsyazma evi”, Əməkdar kollektiv Səid
Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestri, Cahangir Cahangirov adına Xor, Tofiq Əhmədov
adına Estrada-simfonik orkesti, Niyazi adına Dövlət
simfonik orkestri, Əfsər Cavanşirov adına “Bənövşə”
uşaq xoru, Əhməd Bakıxanov adına Xalq
Çalğı Alətləri ansamblı, Vaqif Mustafazadə
adına “Sevil” vokal instrumental ansamblı, Əhsən
Dadaşov adına “Xatirə” xalq çalğı alətləri
ansamblı və solistlər, “Qaytağı” instrumental
ansamblı uğurla fəaliyyət göstərir.
Nüfuzlu, çoxsaylı orkestr və ansamblları
qoruyub saxlamaq, yenilərini yaratmaq, onların keyfiyyətli fəaliyyətini
lazımi şəraitlə, musiqi alətləri və
lazımi texniki imkanlarla təmin etmək müasir
musiqi-ifaçılıq sənətimizə, Azərbaycan
milli incəsənətinə layiqli qayğı, kömək,
strateji bir xidmətdir.
İndi
dünyanın istənilən bölgəsindən Azərbaycan
televiziyasının çəkiliş qrupları birbaşa
videoinformasiya vermək imkanına malikdir...
Artıq tam cəsarətlə demək olar ki, “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
kəmiyyətdən keyfiyyətə keçərək
inkişafın yeni, daha üstün mərhələsinə
daxil olub, bu gün ciddi uğurlarıyla seçilir.
Son vaxtlar yaradılan, geniş tamaşaçı
auditoriyasının diqqət və marağını,
böyük sevgisini qazanan bir sıra yeni silsilə verilişlərimiz,
film və tamaşalarımız bunu bir daha təsdiq edir. “Sevilənlər”,
“Bu axşam”, “Yaradanlar və yaşadanlar” verilişləri
tok-şou janrının teleestetika baxımından daha kamil,
forma və məzmun vəhdəti baxımından daha yetkin telemodellərini
təqdim edir. Bu yeni, uğurlu layihələr adətən
əsəb və göz yaşlarına hesablanan tok-şounun ənənəvi
sensasiya xəstəliyindən, neqativ, antiestetik, boz emosiya
bataqlığından uzaqdır, daha çox
işığa, pozitiv enerjiyə köklənir, xalqın
yaradıcı və yaşadıcı qüdrətini ön
plana çəkir, tamaşaçını əsl ziyalı,
milli-mənəvi dəyərlər
daşıyıcısı olmağa tələsdirir. Azərbaycan
Televiziyası bu yeni verilişləri ilə əslində,
nümunə göstərir, tok-şou janrını əsəb
və göz yaşlarından, qaranlıqdan, kriminal kabusundan
xilas edir...
Yeri gəlmişkən, ürəyimdən keçən
bir fikri də demək, bu yazının yaddaşında əbədiləşdirmək
istərdim. Professionallıq və
təşkilatçılıq bacarığı, yüksək
intellektuallıq və nəzəri-praktik səriştə, təcrübə
birləşəndə, adətən, uğurlu nəticə
verir. Arif
Alışanovu televiziya sahəsindəki professionallıqda
Elşad Quliyevlə, kadrları seçib yerləşdirmək
bacarığında, ümumi intellektual səviyyədə
Teymur Əliyevlə müqayisə etmək olar.
Xalqın
böyük tarixinin, milli-mənəvi yaddaş enerjisinin, min
illəri əhatə edən qüdrətli dövlətçilik
xatirələrinin müasir Azərbaycan mühitinə,
çağdaş azərbaycanlının ürək və
beyin, duyğu və dərk meydanlarına nəql, transformasiya
olunmasında, beləliklə, xalq-dövlət vəhdətinin
öz kökü üstündə, öz keçmişinə
layiq şəkildə yenidən
formalaşdırılmasında, mənən, ruhən səfərbər
edilməsində Azərbaycan televiziyası bu gün misilsiz
xidmət nümunəsi göstərir. Bu gün Azərbaycan
on səkkizinci əsrin ortalarından, Səfəvilər
dövlətinin süqutundan sonra itirdiyi vahid, bütöv,
müstəqil dövlətçilik vəhdətinin şərəfli,
uğurlu bərpası dövrünü yaşayır.
Azərbaycan Televiziyası ölkə Prezidenti İlham Əliyevin müdrik uzaqgörənliklə müəyyənləşdirdiyi əsas strateji istiqamətləri həlledici yol kimi götürərək həmin tarixi prosesə qoşulur, peşəkar, məqsədyönlü, ölçülü-biçili fəaliyyəti ilə məhz lazım olan məqamları ekrana, ön plana gətirir. Adi bir misal: bir neçə il əvvəl Azərbaycan Televiziyasının verilişlərarası keçidlərində milli tarix və mədəniyyət abidələrimizin kərpic-kərpic yenidən qurulması, məhz elmi bərpa və restavrasiya prosesinin ÖZÜ obrazlaşdırılırdı; 250 ildən bəri vahid, müstəqil dövlətçiliyini itirən Azərbaycana qədim tarix və mədəniyyət abidələrinin yenidən quruculuq telesimvolikası ilə bütöv dövlətçilik yaddaşı, onun bütöv bərpası təlqin və təqdim olunurdu; bu, xalqın kütləvi şüuruna, onun qan, gen yaddaşının oyadılmasına, səfərbər edilməsinə ünvanlanan və deyərdim ki, milli təhtəlşüurda çox mühüm iş görən bir teletapıntı idi. Daha sonra qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunmasını simvolizə edən səkkiz guşəli qalxan-qerb detalı önə çıxarıldı, əsas simvola çevrildi...
Müasir televiziyadan yazanlar məhz belə “gizli” detalların, simvolların şərhi və analitik təhlilinə, estetik-fəlsəfi izahına önəm verməlidirlər...
Dahi Heydər Əliyevin xilaskar ideyalarını uzaqgörən müdrikliklə, ləyaqətlə davam və inkişaf etdirən ölkə Prezidenti İlham Əliyev, yadımdadır ki, ziyalılarla bir görüşündə Azərbaycanın son iki əsrdə imperiyalar arasında duruş gətirə bilməsində, assimilyasiya olunmamasında milli ədəbiyyat və incəsənətin, məhz Azərbaycan dilinin misilsiz rolunu xüsusi vurğulamışdır. Bu, xalqının, dövlətinin əsas potensial imkanlarının, gizli güc mədənlərinin harada, “hansı laylarda” olduğunu dərindən və dəqiqliklə bilən böyük vətəndaşın, müdrik Prezidentin mövqeyidir. “Neft amilindən insan amilinə, maddi kapitaldan mənəvi kapitala” konsepsiyasını irəli sürən, əsas dövlətçilik mexanizmini məqsədyönlü hədəflərə doğru istiqamətləndirərək “əbədi və dönməz” hərəkətə gətirən İlham Əliyev, təsadüfi deyil ki, qısa bir müddətdə tariximizdə analoqu olmayan uğurlara imza atdı, müstəqil Azərbaycanın ən yeni tarixində inkişafın, əslində, intibahın yeni keyfiyyət mərhələsini həyati reallığa, praktik həqiqətə çevirə bildi.
Və mən bu misilsiz həqiqətlərdən yaza-yaza bir daha Azərbaycan Televiziyasının son illərdəki uğurlu fəaliyyətini düşünürəm, böyük teleradio yolunun uğur zirvələrini görür, zəfər zənglərini eşidirəm. Yüksək sürətlə inkişaf edən dövlətimizin daim yanında olan, ona layiqli əməyi, uğurlu, sədaqətli fəaliyyəti ilə kömək edən Azərbaycan televiziyasında işləməyimlə qürur duyuram.
525-ci qəzet 2017.-
4 noyabr. - S.16.