Zəng kiminçün
çalınır
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
Telefonum zəng çaldı. Xəbər
ilan kimi qulağımı çaldı:
Rafiq Hüseynov rəhmətə gedib.
Təxminən bir ay bundan qabaq
cib telefonuna zəng etmişdim. Həyat
yoldaşı Səbinə
xanım cavab vermişdi: “Rafiq komadan çıxdı, indi yaxşıdı”.
Çarəsiz xəstəliyindən xəbərim olsa da, hər halda hələ
xeyli müddət yaşayacağına ümid
edirdim. Sonra eşitdim ki,
Bakıya gəlib və müalicəsinə
davam etməkçün
Almaniyaya aparıblar.
Ən yüksək səviyyədə müalicəsi üçün
Heydər Əliyev Fondu, şəxsən hörmətli
Mehriban xanım hər şəraiti yaradıb. Sağ olsun!
Vaqif Səmədoğlunun bir
şeiri var. Yusif ona telefonla atasının
ölüm xəbərini
çatdırır. Vaqif telefon
dəstəyini qantelə
bənzədir və
“düşdü əlimdən
dünyanın ən ağır qanteli” yazır.
Cib telefonlarının
“qanteli” yoxdur, amma ara-sıra ilan kimi çalırlar.
Keçən ay böyük saz ustası Ədalətin ölümüylə bağlı bir yazı yazmışdım.
İngilis şairi Con
Donnun misralarını
xatırlatmışdım: Bir kəs öləndə
soruşma ki, çan kiminçün çalınır? Çan səninçün
çalınır.
Hər insanın
ölümü bəşəriyyəti
azaldır və deməli, sənin də ömrünün bir parçasını özüylə aparır.
Çanları telefon zəngləri əvəz etsə də, ölüm elə həmin ölümdür. Tanıdığın,
yaxşı tanıdığın
adamların itkisi dost görüşlərini, ünsiyyət
saatlarını xatirələr
aləminə çevirir.
Özəlliklə nəsildaşlarının itkisi.
Nə qədər Nazım Hikmətin misralarını
təkrar etmək olar: “Nəslimin yarpaq tökümü başladı”.
Bu artıq yarpaq
tökümü deyil,
meşənin qırılmasıdır. Yenə
də Nazım: “Yaşamaq bir ağac kimi tək və hürr və bir orman kimi
qardaşcasına”.
Hansı dramaturqunsa bu adda pyesi var: “Ağaclar ayaq üstə ölür”, orman get-gedə seyrəlir, Hürr yaşamaq yaxşıdır,
tək qalmaq çətin.
Hər nəslin
sifətini teatrda, kinoda, televiziya ekranlarında təcəssüm
etdirən şəxslər
olur. Həsən Turabov bizim nəsli teatrda, Həsən Məmmədov
kinoda, Rafiq Hüsenyov TV ekranında təcəssüm edirdi.
Həsənlərin ikisi də artıq yoxdur. İndi Rafiq də dünyasını
dəyişdi.
Rafiq Hüseynov etibarlı dost, mövqeyində sabit, əqidəsində sadiq insan idi. Televiziyanın özəlliklərini dərindən hiss edən, doğma dilimizin bütün gözəlliyini, özəlliyini dinləyiciyə, tamaşaçıya çatdıra bilən savadlı, nadir nitq mədəniyyətinə və qabiliyyətinə malik sənətkar idi. Hər sahədə bilikliydi, ünsiyyətdə yapışıqlı, maraqlı, zarafatcıldı, ömrünün xoş günlərində kefindən qalmayan oğlan idi. Gözəl musiqi hissi vardı. Mənə ifa etdiyi mahnılardan ibarət kaset bağışlamışdı. Hərdən ovqatımın müəyyən anlarında bu mahnıları dinləməyi xoşlayıram. Mahnılarda səmimi və təsirli bir tərzdə uzaqlara getmiş dostundan, uzaqlarda qalmış gəncliyindən, amma hələ də sönməyən gənclik həvəsindən, sevgilərindən, ayrılıqlarından, İçəri şəhərdən oxuyurdu. Geniş tanınmağın şirinliyini və acısını çəkmişdi, fərəhli illəri də olmuşdu, ağır günləri də... Oğul itkisinin müsibətini də yaşamışdı, yenidən ata olmağın sevincini də. Hisslərlə, fikirlərlə, görüşlərlə, səfərlərlə, yorulmaz əmək fəaliyyətiylə dopdolu bir ömür sona yetdi.
Bu yazını aldığım acı xəbərin təsiriylə noyabrın 1-də yazıram. Noyabrın 2-si əziz dostum Emin Sabitoğlunun doğum günüdür. Yaşasaydı 80 yaşı olardı. Ölümünə bir gün qalmış dost məclisində yığışmışdıq. Mənim maşınımda Vaqif Səmədoğluyla birlikdə məni evimə ötürüb getdilər, səhərisi gün görüşməyi vədələşdik. O gecə yuxuda gördüm ki, Emin ölüb. Səhər tezdən telefon zəng çaldı. Dəstəyi Zemfira qaldırdı:
- Nə? Nə danışırsan?
Xəbəri mənə çatdırmamış:
- Emin ölüb?- dedim.
Tək qalmış qaya kimi
Uçulur sağım-solum.
Bilirəm gec-tez bir gün
Mənə çatacaq növbə.
Hələ ki möhlətə var -
Beş il, beş ay, beş saat.
Yaşamaq nə şirinmiş,
Necə qısaymış həyat.
79 yaşında həyatın qısalığından şikayətlənmək olmaz. Amma hər halda daha bəd xəbərlər eşitmək istəmirəm. Telefon zənglərindən diksinmək istəmirəm. Bəlkə cib telefonumu həmişəlik söndürüm?
Allah Rafiqə qəni-qəni rəhmət eləsin...
525-ci qəzet 2017.- 4 noyabr. - S.11.