Vəfalı
bülbülüyəm, baği-gülşənimdir Vətənim...
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Alim Qasımovla
oxuduğu "Dəşti"
muğamı da musiqisevərlər tərəfindən
maraqla qarşılandı. Bu barədə
Güllü xanım belə deyir:
"Alim Qasımov
mənim kumirimdir. Mən onun
sənətinin vurğunuyam,
onun daxili dünyası, insanlarla ünsiyyət bacarığı
və yüksək mənəviyyatlı insana
xas gözəlliyinə
heyranam. O həmişə
xoş zarafat edən, rahat, çox həssas, dərin, zəngin daxili aləmi olan insandır.
Mən onun İctimai Televiziyada Adil Məlikovla apardığı ustad dərslərin birini də buraxmırdım.
Bilirsizmi, bəzən elə olur ki, oxumağın
daşını birdəfəlik
atmaq istəyirsən. Amma elə ki ekranda
Ustadın tanış
simasını görürsən,
başa düşürsən
ki, əgər o hər şeyə sinə gərə bilibsə, sən də bacaracaqsan. Daxilən yenidən doğulursan, yenə də muğama qərq olmaq istəyirsən, Odlar ölkəsinin sərvətini, əcdadlarımızın
əsrlərlə qorunub
saxlanmış bu böyük sənətini
sən də yaşatmaq istəyirsən.
Ustad Alim Qasımovla birgə ifama gəlincə, bu, mənimçün həyat
iksiri, ilham çeşməsi, güc
mənbəyidir".
Güllü xanımın Ehtiram Hüseynov, Səbuhi İbayev və başqa sənətçilərlə
ifa etdiyi "Qarabağ şikəstəsi"
(film-kompozisiya) də əsl sənət səviyyəsində ərsəyə
gəlib. Kadrlarda Qarabağ didərginlərindən,
onların doğma yurdlarına qayıtmaq arzularından danışılır.
Və təbii ki, muğam notları xanəndənin nəfəsiylə
birləşib həsrəti,
dərdi bütün ağrı-acısıyla birgə
göz önünə
gətirir. Ümumiyyətlə, muğamda sevinc qəmdə, qəm-qüssədə
əriyir və ortaya yeni bir
mahiyyət çıxır.
İnsan
daşıdığı dərdin
yüküylə üzbəsurat
dayanır.
Onunla söhbətləşir,
dərdləşir. İnsanın və dərdin kimliyi yeni fəlsəfi
düşüncə çalarları
ilə təfəkkürdə
bir oyanışın
və dirçəlişin
yaranmasına səbəb
olur. Muğamın böyüklüyü, onun dərin fəlsəfəsi tutumu da elə ən
çox belə məqamlarda üzə çıxır. Təsadüfi deyil ki, Güllünün
ikinci bir sevdiyi sənət də var - Fotoqrafiya.
Xanəndə olmasaydım, peşəkar
fotoqraf olardım - deyən xanəndənin bu istəyi həyatı, təbiəti,
varlığı sevməyin
təcəssümüdür. Fotoqrafiya, foto işi də
bir rəssamlıqdır,
texniki vasitələrlə
həyata keçirilən
rəssamlıq. Rəssamlıqla muğam sənəti bir-birinə qohum sənətdir. Sadəcə, birində həyat tabloları barmaqla cızılır, digərində
insan nəfəsi, insan səsiylə.
Güllü Muradovanın seçdiyi şeirlər, qəzəllər
də sanki onun öz boyuna
biçilib. Onun ruhunun və
ifa etdiyi muğamların ahənginə
tabe olan şeirlər, qəzəllər
seçimində xüsusi
zövqə malikdir.
Adamın ağlına gəlməzdi
ki, həm ruhən, həm də zahirən bu qədər incə bir xanım
Nəsiminin üsyankar
misralarına müraciət
edər. Zərifliklə üsyankarlığın, cəngavərliyin
vəhdətini yaratmaq
muğamın mayasındadır.
Və xanəndə bunun öhdəsindən gəlirsə,
demək, o özü
də muğamın bir parçasına çevrilir. Füzulidən,
Nəsimidən, Seyid Əzimdən, daha çox Əliağa Vahiddən, Seyid Mirhəmzə Nigaridən
oxuduqca, Güllü xanıma daha çox diqqət kəsilirsən. Seyid Mirhəmzə Nigarinin
Qarabağ həsrətiylə
yazılmış "Dağlayıbdır
məni bir laleyi-zarı Qrabağ"
rədifli qəzəlini
misilsiz bir yanğıyla oxuması, bu səsin ah-amanı bizi doğma diyarlarımızdan
əsən meh kimi yaddaşımızı
silkələyir.
Adama elə gəlir ki, sənətkar hər bir ifasında dinləyicini bir imtahan qarşısında
qoymaqla, özü də çətin bir sınaqdan keçir. Məsələn, deyəndə ki,
hər aşinaya söyləmək olmaz vəfası yox, çək imtahanə, bəlkə bir əhli-vəfasi var.
Hər birimiz də öz içimizi saf-çürük
edir, mənəvi təmizlənmədən, antik
bilicilər demiş, katarsisdən keçirik.
Bu məqamda "Şuşanın
dağları" mahnısını
yada salmaq istərdim. Bu mahnının
da Xandan üzübəri möhürünü
vuranlar çox olub. Gülül Muradova da öz
dəst-xəttilə, özünün
bülbül səsiylə
"Şuşanın dağları"nı öz ifasında vəsf edir. Yeri gəlmişkən, 2013-cü ildə təqdimatı keçirilən "Qarabağdı
məkanım" adlı
ilk albomunun təqdimatı
oldu. Albomda müxtəlif kompozisiyalar
yer alsa da, bu kompozisiyalar
bütövlükdə, böyük
bir vətənpərvər
ruhu aşılayırdı.
Seyid Nigaridən, Mirsədi Ağadan, Mirməhəmməd və
Paşa ağanın qəzəllərindən istifadə
olunan kompozisiyalar Əliağa Sədiyevin
"Xarı bülbül"
qrup ilə yazılmışdı. Güllü xanımın
solo konserti də böyük sevgiylə qarşılandı. Beynəlxalq Muğam
Mərkəzində "Axşamüstü
Qarabağdan" layihəsi
çərçivəsində baş tutan solo konsertinin uzun müddət yaddaşlardan
silinməyəcəyinə əminəm.
Məncə, Güllü Muradovanı tamaşaçı, dinləyici gözündə daim ehtiram mərtəbəsində qoruyub-saxlayan bir məxsusi keyfiyyətinin də olmasıdır ki, əfsus ki, həmin keyfiyyət Güllünün bir çox həmkarında yoxdur. O, həm də mütaliəsevər bir yaradıcıdır. Ən sevimli müəlliflərindən biri də yaradıcılığı başdan-başa Qarabağ həsrətiylə süslənmiş İlyas Əfəndiyevdir. Görünür, elə onun Qarabağ sevgisi, Vətən məhəbbəti də İlyas Əfəndiyev yaradıcılığı ilə formalaşıb. Bu yaradıcılıq ona Qarabağın məişəti, mədəni həyatı, coğrafiyası barədə mükəmməl bilgilər verdiyi qədər də bir torpaq eşqi, yurd vəfası bəxş edib.
"Vəfalı bülbülüyəm, baği-gülşənimdir Vətənim". Bu misra Güllü xanımın oxuduğu qəzəllərdən bir qəlpə kimi qopub yaddaşımda qalıb. Həm də ona görə qalıb ki, Güllü Muradova doğrudan-doğruya gözəl Qarabağın vəfalı bülbülüdü. Onu susmağa qoymayan təkcə diyari-qarabağın gözəllikləri deyil, həm də bu xan, bəy, sultan yurdunun həsrəti, nisgilidir. Bu nisgili, bu dərdi bizim ürəyimizdən kim qoparacaq, gözlərimizdən kim siləcək bu ələmi? Elə bu sualın cavabını da Güllü xanımın oxuduğu muğamlarda və mahnılarda hər birimizə çatdırır. O öz ifa tərzi, səhnə mədəniyyətilə mübarizliyi, mətinliyi, mərdanəliyi tərənnüm edir. Yuxarıda qeyd etdiyim kimi, bu tərənnüm həm də bir imtahan təsiri bağışlayır. "Çək imtahanə, bəlkə bir əhli-vəfası var" - deyən xanəndənin ən böyük arzusu doğma kəndi Gülablıya qovuşmaq, yağı tapdağında qalmış babalarının, nənələrinin məzarını, o yerlərdə dolaşan ruhlarını ziyarət etməkdir.
Muğamı bir inci, mirvaritək, bir boğunbağıya düzsən və onun ən dəyərli ifaçılarını da bu boyunbağının əhatəsinə toplasan, orada Güllü Muradovanı da görərsən. Sənət və şəxsiyyət vəhdətinin nümunələrindən birini də Güllü Muradovanın timaslında görürəm. Düzdü, onu da deyirlər ki, o, hələ gəncdir, sənət yollarında kifayət qədər bərkiməyib. Amma unudurlar ki, xislətində, təbiətində sevgi, sədaqət, vəfa olan insanların ayaqları heç zaman büdrəmir. Onlar həyatdakı kimi, sənət yollarında da uğurla addımlayırlar.
Hər halda, muğam sənətinin bir Güllüsü olmalıydı. O da Güllü Muradovanın bəxtinə düşdü...
Fariz Çobanoğlu
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət 2017.- 5 noyabr.-
S.4.