Molla Pənah Vaqif
İstanbul Beynəlxalq Kitab
Sərgisində anılıb
Noyabrın 4-də Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbiri giriş nitqi ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov şairin 300 illik yubileyinə həsr edilmiş tədbirlərdən bəhs
edib, Molla Pənah Vaqifin yubileyinin Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
yüksək səviyyədə
keçirildiyinə diqqət
çəkib, il ərzində keçirilən
Beynəlxalq Kitab Sərgilərində belə
tədbirlərin keçirilməsinin
artıq ənənə
halını aldığını
qeyd edib.
Direktor Milli Kitabxananın bu yubileyə tövhəsi olan kitabxananın əməkdaşları tərəfindən
tərtib edilmiş və "Azərbaycanın
görkəmli şəxsiyyətləri"
seriyasından çap
olunmuş "Molla Pənah Vaqif. Biblioqrafiya",
Nizami Cəfərovun
"Molla Pənah Vaqif", eləcə də TÜRKSOY və Milli Kitabxana tərəfindən hazırlanmış
"Molla Pənah Vaqif şeirləri dünya dillərində"
kitablarını tədbir
iştirakçılarına təqdim edib.
O, kitabxananın əməkdaşları
tərəfindən hazırlanan
fundamental biblioqrafiyada Azərbaycan
və rus dillərində materiallarla
yanaşı, dünya
xalqlarının iyirmiyə
yaxın dillərində
çap olunmuş şairin əsərlərinin
əhatə olunduğunu
bildirərək bütövlükdə
2500-ə yaxın mənbənin
əks olunduğunu vurğulayıb. Təqdim olunan kitabların
Vaqif irsinin dünya miqyasında təbliğində böyük
rol oynayacağını
söyləyib.
Sonra söz TÜRKSOY-un baş
katibi, professor Düsen Kaseinova verilib.
O, son illərdə Mədəniyyət
və Turizm Nazirliyi, TÜRKSOY, eləcə
də Azərbaycan Milli Kitabxanası ilə birgə keçirilən tədbirlərin
ortaq türk mədəniyyətinin tədqiqi
və təbliğində
danılmaz rolu olduğunu iştitakçıların
diqqətinə çatdırıb,
tədbirin eyni zamanda vaqifsevərlərin
bayramı olduğunu bildirib.
Azərbaycanda Atatürk Mərkəzinin
müdiri, millət vəkili, akademik Nizami Cəfərov böyük şairin yaradıcılığı haqqında
geniş məlumat verib, M.P.Vaqifin həyat və fəaliyyətinin Heydər
Əliyev tərəfindən
çox yüksək
qiymətləndirildiyini, vaxtilə
Sovet İttifaqının
görkəmli ədəbiyyat
xadimlərinin iştirakı
ilə Qarabağın
mərkəzi Şuşada
möhtəşəm məqbərəsinin
açılışında iştirak etdiyini bildirərək hazırda
həmin abidənin erməni vandalları tərəfindən yerlə
yeksan olunduğunu iştirakçıların diqqətinə
çatdırıb.
Akademik vaqifsevərlərin
tədbirdə iştirakını
yüksək qiymətləndirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, AMEA-nın Ədəbiyyat İnstitutinun
şöbə müdiri
professor Mahirə Quliyeva,
Mərmərə Universitetinin
Türk dili və ədəbiyyatı
fakültəsinin başqanı
professor, Gülşən Alışıq,
Yeditepe Universitetinin Təhsil Fakültəsinin
dekanı dosent Eralp Alışıq və digər çıxış edənlər
şairin keçdiyi həyat yolundan, poeziyamıza verdiyi töhfələrdən danışıblar.
Tədbirdə həmçinin, Azərbaycanın
İstanbuldakı baş
konsulu Məsim Hacıyev də iştirak edib.
Mərmərə Universitetinin istedadlı
tələbələri Ləman
Qarayeva və Cəfər Mustafalı, habelə "Molla Pənah Vaqif dünya dillərində"
kitabındakı şeirləri
Ukrayna dilinə tərcümə edən İvan Pavliy şairin qəzəllərindən
bəzilərini səsləndiriblər.
Tədbirə yekun vuran K.Tahirov Vaqifin şairliklə yanaşı
həm də ictimai-siyasi xadim olaraq XVIII əsr Qarabağ xanlığında
mühüm vəzifə
tutduğunu söyləyib,
erməni silahlıları
tərəfindən işğal
olunmuş Qarabağ torpaqlarının tezliklə
işğaldan azad olunacağını və
Vaqifin növbəti yubileyinin Qarabağda, Şuşada və Cıdır düzündə
keçiriləcəyinə tam əmin olduğunu bildirib.
Sonda TÜRKSOY tərəfindən tədbirdə əməyi keçən şəxslərə mükafat və fəxri fərmanlar təqdim olunub.
525-ci qəzet.-2017.-7
noyabr.-S.7.