Səhnədə, ekranda və yaddaşlarda
əfsanələşmiş sənətkar
Görkəmli aktyor, yaddaqalan rolların mahir ifaçısı, əsl sənət fədaisi, Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illiyi tamam olur.
Prezident İlham Əliyevin yubileyin ölkə
miqyasında qeyd olunmasına dair müvafiq sərəncamına
əsasən, aktyorun həyat və
yaradıcılığına həsr edilmiş silsilə tədbirlər
keçirilməkdədir. Həmin silsilədən,
oktyabrın 27-də Azərbaycan Dövlət Teatr Muzeyində
görkəmli teatr və kino aktyoru, Xalq artistinin anadan
olmasının 120 illiyinə həsr edilmiş tədbir
gerçəkləşib. Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı, Dövlət Teatr Muzeyi
və Dövlət Film Fondunun birgə təşkil etdikləri
tədbirdə qonaqlar əvvəlcə sənətkarın həyat
və yaradıcılığına aid fotosərgiyə
baxıblar.
Tədbirdə Dövlət Teatr Muzeyinin direktoru Sevinc
Mikayılova çıxış edərək unudulmaz aktyorun
yaradıcılıq dünyasından danışıb. Aktyorun sənət
dünyasının özünəməxsusluğundan söz
açan muzeyin direktoru görkəmli aktyoru əsl sənətkar
kimi xarakterizə edib.
Kinematoqrafçılar
İttifaqının birinci katibi, Əməkdar İncəsənət
Xadimi Cəmil Quliyev sənətkarın sənət fəaliyyəti
ilə yanaşı, milli kinomuzun inkişafındakı xidmətləri
haqqında danışaraq deyib ki, A.Gəraybəyli teatrda,
eyni zamanda, kino sahəsində çoxsaylı obrazları ilə
tamaşaçıların qəlbini fəth edib. 1897-ci ildə Şamaxıda bəy ailəsində
dünyaya gələn sənətkar səhnədə və
ekranda 100-dən artıq obrazlar qalereyası yaradıb.
1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında çalışan
unudulmaz sənətkar "Müfəttiş",
"Nişanlı qız", "Əliqulu evlənir",
"Ölülər", "Aydın", "Yurdsuz
insanlar", "Od gəlini", "Fərhad və
Şirin", "Ovod" və digər səhnə əsərlərində
bir-birindən fərqli rollarda çıxış edib. İlk dəfə filmə 1924-cü ildə çəkilən
A.Gəraybəyli "Qız qalası"nda həkim
obrazını mükəmməl tərzdə oynayıb.
1928-ci ildə "Hacı Qara" filmində
Əsgər bəy rolunda çıxış edib.
1937-ci ildə "Dəcəl dəstə" uşaq filmində
ata, 1947-ci ildə "Fətəli xan" tarixi-bioqrafik
filmində İran sərdarı rollarını ifa edən
aktyorun "Bəxtiyar" filmindəki Ağabala obrazı
onun kino yaradıcılığında xüsusi yer tutur.
"O olmasın, bu olsun" kinokomediyasındakı Rüstəm
bəy surəti aktyorun teatr və kinoda yaratdığı ən
müvəffəqiyyətli işlərindən hesab edilir.
A.Gəraybəyli
müxtəlif vaxtlarda "Qızmar günəş
altında" filmində Sərdarov, "Leyli və Məcnun"da
İbn Xalid, "Yaşamaq gözəldir,
qardaşım"da Dayı, "Poçt qutusu"nda Bəy,
"Ulduzlar sönmür"də Jandarm, "Bizim
küçənin oğlanları"nda Rüstəm
kişi, "Mən nəğmə qoşuram" və
"Musiqi müəllimi" filmlərində epizodik rollar
oynayıb.
İstər teatrda, istərsə də kinoda bu
böyük sənətkarın yaratdığı yüzlərlə
surət, onun tükənməz zəhmətinin, gərgin əməyinin
bəhrəsidir.
Əməkdar
incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə,
Xalq artisti Hacı İsmayılov, teatrşünas Aydın
Talıbzadə aktyorun sənət dünyasına ekskurs edərək
onun yaradıcılıq nailiyyətlərini sadalayıblar. Bildiriblər ki, A.Gəraybəyli hər zaman insani
keyfiyyəti ilə yaradıcılığı vəhdət
təşkil edən sənət adamı kimi tanınıb,
sevilib.
Sonda
aktyorun ailəsi adından çıxış edən nəvəsi
- Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, professor Gəray
Gəraybəyli sənətkarın xatirəsinə göstərilən
ehtiram üçün Prezidenti İlham Əliyevə, həmçinin,
tədbirin təşkilində əməyi olanlara minnətdarlıq
ünvanlayıb.
lll
Ağasadıq Gəraybəyli bənzərsiz
rolları, fədakar zəhməti ilə böyük bir
xalqın sevgisini qazanmış unudulmaz sənətkarlarımızdandır.
Tanınmış teatr-kino xadimi Adil İsgəndərovun
qeyd etdiyi kimi, o, təkcə Rüstəm bəy rolunu
oynasaydı belə, yenə də ekran sənətimizin fəxri
kimi xatırlanardı. Ancaq onun işi Rüstəm bəylə,
Ağabalayla, İbn Xalidlə bitmir. İstedadlı
və zəhmətkeş aktyor Azərbaycan teatr və kino sənətini
200-ə qədər ən müxtəlif obrazlarla zənginləşdirir.
A.Gəraybəyli hər zaman bir aktyor kimi müxtəlif
rolları ilə ön planda olub, ən fərqli xarakterli
insanların obrazlarını təbii və
inandırıcı tərzdə biz
tamaşaçılarına təqdim edib. Adətən,
məhz buna görə aktyorların şəxsi taleyi bir qədər
kölgədə qalır. Tamaşaçı
yaxşı aktyorun səhnədəki obrazına o qədər
aludə olur ki, səhnədən, ekrandan kənardakı həyatla
çox da maraqlanmır. Biz isə mərhum sənətkarın
bioqrafiyasını unutmamaq üçün bu yazıda
qısa şəkildə xatırlatmaqda fayda var deyə
düşündük:
Ağasadıq Gəraybəyli 1897-ci ildə,
özünün dediyi kimi, Novruz bayramı qabağı, lap dəqiqi
isə martın 15-də Şamaxıda bəy ailəsində
dünyaya göz açıb. Atasını erkən itirdikdən
sonra Bakıya gələrək Əlisəttar kişi
və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə görkəmli dramaturq Cəfər
Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn
Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs
alıb. Ərəblinskinin sayəsində
"Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə
üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin
"Ölülər" pyesində kefli İsgəndər
rolunu oynayıb. Üzeyir Hacıbəyovun
tövsiyəsilə teatr kursuna yazılıb. 200-ə qədər
müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə
çıxıb: Nəriman Nərimanovun "Nadir
şah", Üzeyir Hacıbəyovun "Arşın mal
alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini",
"1905-ci ildə", sonralar "Vaqif", "Həyat",
"On ikinci gecə", "Xanlar" və s. tamaşalarda
rol alıb. 1940-cı ildə Azərbaycanın Xalq artisti fəxri
adına layiq görülüb. Teatrla yanaşı, kinoda da maraqlı obrazlar
canlandırıb. "Bəxtiyar"
filmində klub müdiri Ağabala, "O olmasın, bu
olsun" filmində Rüstəm bəy bu obrazlardandır.
1933-cü ildən ömrünün son gününə
qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında
çalışıb, alqışlarla qarşılanan səhnə
xadimləri sırasında xüsusi yer tutub. O, şəhərin mərkəzində,
Xaqani küçəsi 19-da yaşayıb. Məşhur
müğənni Bülbüllə, Xalq
yazıçısı Mirzə İbrahimovla, Xalq şairi
Süleyman Rüstəmlə qonşu idi. Bir gün
Süleyman müəllim ona deyir: "Ay qardaş, ay qonşu,
ay oynadığı rollara can, nəfəs verən aktyor, niyə
iş yerinə piyada gedib-gəlirsən? Sabahdan
mənim xidməti maşınım səni teatra aparıb gətirəcək".
Onun cavabı isə qısa olur: "Yox, Süleyman, hələ
ki ayaqlarım sözümə baxır. Bir də
qardaş, mənim doğma xalqımdan nə gizlinim?
Teatrın binasından evimə gələnəcən yüzlərlə
adam mənə salam verir, əhvalımı
soruşur. Bundan da böyük şərəf,
şöhrət olar?!"
92 il ömür sürən, Azərbaycan səhnəsində
unudulmaz izlər qoyan, çox mükafatlara, fəxri adlara,
orden-medallara layiq görülən Ağasadıq Gəraybəyli
1988-ci il dekabrın 5-də Bakıda vəfat edib.
2007-ci ildə ölməz sənətkarın anadan
olmasının 110 illiyi və səhnə fəaliyyətinin
80 illiyi təntənəli şəkildə qeyd olunub.
"Yox, yox, canım eee... indicə Hüseynova
bacıları öz məharətlərini görsədəcəklər". "Bəxtiyar"
filmindəki Ağabala obrazında söylədiyi bu replika onu əfsanələşəcək
qədər məşhurlaşdırıb. Ən böyük sevinci "O olmasın, bu
olsun"da Rüstəm bəyi oynamaq olmasına baxmayaraq,
özünün ən sevdiyi obraz da məhz Ağabala
imiş. Söhbətlərində bu obraz
haqqında xüsusi sevgi ilə danışarmış.
O,
aktyorluq məharətini nə az, nə
çox, düz 80 il nümayiş etdirdi. İlk
dəfə 1908-ci ildə Hüseyn Ərəblinskinin
truppasında işləyən rejissor qardaşı
Ağaların köməyi ilə səhnəyə
çıxan aktyor ömrünün son günlərinə qədər
canı, həyatı, varlığı qədər sevdiyi səhnəsindən
ayrılmadı.
Aktyorun
qızı Zemfira xanım atasının səhnəyə
bağlandığı günləri belə xatırlayır:
"O vaxtlar teatrda qadın rollarını kişilər
oynayırdı. Bir gün qadın rolunun ifaçısı xəstələnir
və əvəz etməyə adam
axtarırlar. Onda əmim Ağalar deyir ki, mənim
bir qardaşım var, özü də
yaraşıqlıdır, gedib evdə danışıb
razı salaram. Atam əvvəlcə qadın
rolunda oynamağa razı olmur, lakin əmim onu birtəhər
razı salır. Əmim Ağalar
Hüseyn Ərəblinski ilə Qori seminariyasında bir yerdə
oxumuşdu. Atam isə C.Cabbarlı ilə
tələbə yoldaşı olmuşdu. Babam
elə bir mühitdə böyümüşdü ki, incəsənəti
sevməyə bilməzdi. Məşhur
aktyor Hüseyn Ərəblinski atamgillə bir məhəllədə
yaşayır, onların evinə gedib-gəlirmiş. Hətta bəzən teatr tamaşalarını da
onların evində məşq edərmişlər. Həmin vaxtlar H.Ərəblinski ilk Azərbaycan
kinofilmi olan "Neft və milyonlar səltənətində"də
çəkilir və atamgilin ailəsini filmin ilk
baxışına dəvət edir. Az
sonra Ərəblinski teatrda atamın ilk rejissorlarından biri
olur. Atam sonralar səhnəyə ilk
çıxışını belə xatırlayırdı:
"Hüseyn Ərəblinskinin oyunu məni necə
ovsunladısa, başladım titrəməyə. Səhnə çox təsirli idi. Bir də onu gördüm ki, gözlərimdən
yaş gəlir. Ərəblinski də
başımı sığallayıb gülür. Bura səhnənin arxası idi. Sən
demə, mən səhnədə Ərəblinskini ağlayan
görüb, hönkürə-hönkürə ona tərəf
qaçmışam, ağlaya-ağlaya da səhnədən
çıxmışam. Bu mənim səhnəyə
ilk gəlişim oldu".
Müxtəlif illərdə tamaşaçıların
yaddaşına həkk olunmuş neçə-neçə
obraz yaradan sənətkar sonuncu rolunu
canlandırdığı "Xurşudbanu Natəvan"
pyesində səhnəyə çıxarkən artıq
gözləri görmürdü. Bütün çətinliklərə
baxmayaraq, 92 yaşlı aktyor son rolunun da öhdəsindən
məharətlə gəlir. Hətta o,
rolunu elə gözəl ifa edir ki, tamaşaçılar səhnədəki
aktyorun gözlərinin görmədiyini, sadəcə
intuisiyaları ilə hərəkət etdiyini sezmirlər.
Bu, əsl teatr sevgisinə, sənət
yanğısına bağlı hal idi. A.Gəraybəyli
kinoda da çox rol almağına baxmayaraq, teatra daha çox
üstünlük verərmiş. Müsahibələrinin
birində bu haqda danışarkən deyib: "Aktyor teatrda
yetişməlidir".
Bu qədər
böyük uğurların arxasında istedad, zəhmətsevərlikdən
əlavə, canlandırdığı rolu bütün qəlbi
ilə duya bilmək, hiss etmək bacarığı da
dayanırdı. A.Gəraybəyli səhnəmizin
və kinomuzun ən məhsuldar aktyorlarından sayılsa da,
canlandırdığı bütün qəhrəmanlar
tamaşaçıların yaddaşına bircə-bircə həkk
olub. Bu da sənətkarın öz işinə
böyük ciddiyyətlə yanaşmasından, xarakteri əvvəlcə
öz içindən, ürəyindən keçirib, onun əslində
kim olduğunu birinci özünün
anlamağa çalışmasından irəli gəlir. Rolu
ilə tanınıb xatırlanmaqdan möhtəşəm
uğur varmı səhnə
xadimi üçün?!
A.Gəraybəyli özündən sonra böyük bir məktəb qoyub getmiş sənətkardır. O məktəbdən bəhrələnən, öyrənən, onun açdığı cığırın davamçıları olan mahir aktyorlar nəsli yetişib və yetişməkdədir.
Bütün həyatını xalqına, xalqının mədəniyyətinə həsr edən sənətkara ən böyük qiymət də məhz xalqımızdan, dövlətimizdən gəlir. Ağasadıq Gəraybəyli kimi sənətkarlarımız unudulmur, hər zaman ehtiramla, layiqincə xatırlanır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-7 noyabr.-S.7.