Qürbət, həsrət və sevgi
Təranə VAHİD
"Duyğuların ən gözəli"ni yazan şairin "Ayrılıq
heykəli" kitabı
haqqında doğma düşüncələr...
... O kitabdan sonra bir xeyli şeir
kitabı oxumuşam.
Bu gün oxumuşam, sabah unutmuşam.
Amma o kitabı unuda bilmədim. Şeirləri
yaddaşımda yuva saldı, misraları ağlımda uçuşdu,
sözün gözəlliyi,
fikirlərin işığı,
qürbətin soyuğu,
Vətənin istisi o zərif duyğuları unutmağa qoymadı.
Tofiq Məliklinin "Ayrılıq
heykəli" kitabını
deyirəm.
Siz heç
həyat bulvarından
uzaqlaşıb "Düşüncə
bulvarı"nda dolaşdınızmı? O qərib
bulvarda Bakı küləyi, Dağüstü
park üçün darıxdınızmı?
Düşüncə bulvarındayam,
Dolaşıram o başa, bu başa.
Nə ağac var bulvarda,
Nə dəniz,
Nə insan.
Sadəcə düşüncələr...
Düşüncələrin ovqatına düşdükcə
azadlığın mehi,
duyğuların təzəsi,
kədərin izi səni alıb "Kimdi, nədi, həyatı sevdirən mənə?" sualı ilə qarşılaşdırır.
Kimdi, nədi
həyatı sevdirən
mənə?
Tanımadığım bir insanın
təbəssümümü?
Yoxsa
İllərdi qəlbimdə yaşatdığım
sevgimi?
Kimdi, nədi
həyatı sevdirən
mənə?
Tofiq Məliklinin
poeziyası səssiz poeziyadı. Əslində, poeziya sükutla pıçıltı arasında
an, nəfəslikdi. Ya da su
üstünə çəkilən
rəsmdi. Toxunsan, nizamı pozulacaq, ruhu qaçacaq:
Sus, danışma.
Sözlərlə adiləşir
duyğuların ən gözəli.
Sus,
qoy gözlərin danışsın,
o mavi gözlərin...
"Duyğuların ən gözəli"
Poeziya ruhun fəza halıdı. Sərhəd tanımır, köhnəlmir,
qocalmır, minlərin,
milyonların ruhundan keçdikcə yenidən
yaşamaq imkanı qazanır. Bəlkə, poeziyanın sirri
elə bundadı?
Bax, nə demiş şair:
"Ya sən gəl,
ya da
Ölüm gəlsin
yerinə".
Sən məndən ayrılmadın
ki,
Ölüm gəlsin
yerinə.
"Etiraf"
Böyük türkoloq, dəyərli tənqidçi, əvəzsiz
tərcüməçi olsa
da, əslində, Tofiq Məlikli bütün varlığıyla
şairdi. Ruhundakı poeziya gözlərinə
köçüb. Bu gözlərdə
qürbətin nisgili,
ayrılığın şəkli,
Vətənin həsrəti
var - "Bədbin bir axşamda yazılmış qürbət
şeri kimi":
Qürbəti heç kim anlamaz, -
Çəkəndən başqa...
Heç
kim duymaz
səhranı,
Karvanın başını çəkən
Dəvədən başqa...
Qürbət Tofiq Məlikli yaradıcılığından Səmum küləyi kimi keçir. Keçdiyi
yeri qarsalayıb yandırırır, yaddaşı,
xatirələri oyadır:
2000 kilometr uzaqlıqdan
radioda dinlədim səni -
xalqımın səsi.
"Aman ovçu, vurma məni,
mən bu dağın maralıyam..."
Titrədi içimdə
sevinc, kədər deyilən
hisslər...
"Aman ovçu, vurma məni..."
Uzaqdan qürbət
rəngli görünür,
qürbətdəki həyatsa
sapsarı həsrət
rəngindədi. Yaxşı ki, doğma
günəş var.
Günəşin əli alnımda,
...Həyat sevinci damağımda,
Qara tutun dadı ağzımda,
Fikrim-zikrim isə
Çox-çox uzaqlarda...
"Günəşin əli alnımda"
Ayrılıq bir başqa biçimdə boy göstərir
Tofiq Məliklinin yaradıcılığında. "İkiyə
bölünmələr" şerindəki kimi:
Alma ikiyə bölündü,
yarısı sənin,
yarısı mənim.
Günəş
bölünmədi.
Tarla ikiyə bölündü
-
ora sənin,
bura mənim.
Göy üzü
bölünmədi.
Ölkə ikiyə bölündü,
Şimala,
Cənuba.
Xalq bölünmədi.
Fikrimcə, bu şeir tamlıq,
bütövlük, birlik
haqqında ən gözəl şeirlərdən
biridir.
"Ayrılıq heykəli"ninsə
bir heykəltəraşı
var - Tofiq Məlikli:
... Uzaqlaşan qatarın tıqqıltısı,
İxtiyar vağzal saatının
paslı əqrəbləri,
Feilin keçmiş zaman şəkilçisi,
Yaradır
Kimsəsiz perronda
Yeni bir
Ayrılıq heykəli.
Qürbətdə vətəni köynək-köynək
ürəyindən keçirmək,
günbəgün ürəyində
böyütmək hər
kəsin işi deyil.
Tofiq Məliklinin
"Mənim şəhərim"
şeiri qürbətlə
vətən arasında
elə gözəgörünməz
bir bağdı ki, bu bağı
kimsə qıra bilməz.
... Orda mənim cocuqluğum qalıb,
anam qalıb
dostlarım qalıb,
ilk dəfə kinoda öpdüyüm
sevgilim qalıb.
Bir də dənizdə
kirlilikdən boğulan
balıqlarım qalıb...
lll
Tofiq Məlikli
müharibə illərində
anadan olub. "Müharibə dövrünün
övladları" kimi
gözünü açanda
dünyanı qan rəngində görüb.
O illərlə bağlı
xatirələri hələ
də yaddaşını
qanadır:
... Nənəm kimi, mən də
poçtolyandan qorxmağa,
uzatdığı məktubu
almazdan əvvəl
üzünə baxmağa
alışdım.
Beş yaşımda həyətimizdəki
şaftalı ağacından
şaftalı satdım
ağzım sulana-sulana...
Tofiq Məlikli Göy adamı olsa da, o da hamı
kimi Yerdə yaşayır, yaşadığı
dünyanın gerçəkləri
hərdən onu sıxır. Bu sıxıntı
misralara çevrilir.
Dünən yenə susuz balıq kimiydim,
Çırpınırdım boş akvariumda.
Yenə
"kötək" yemişdim
bəzi "dost"larımdan...
"Şeir oxudun"
Dünyanın əşrəfi sayılan
insanın zavallı varlığa çevrilməsi
"Sahibli köpəklər"
şeirində ürək
ağrısıyla, təəssüflə
qələmə alınır:
Müxtəlif heyvanlar gördüm,
bu dünyada.
Rastlaşdım ayılarla
heyvanxanada.
Pələngə əl çaldım
sirk meydanında...
Dünyanın yırtıcı heyvanlarını
müqayisə edən
şair sonda bu qənaətə gəlir:
... Ancaq
ən çox acıdım,
heyvanların ən yalqızı
sahibli köpəklərə.
Tofik Məliklinin
poeziyası işıqlı
poeziyadı. Kədərin, həsrətin, ölümün
içindən belə
işıq boylanır,
ümid zoğ atır:
Göylər də
sevincdən ağlayır
bu gün.
Görəsən,
sevincdənmi,
kədərdənmi?
Yeni il gecəsi
hər kəsin bir arzusu olur.
Şairin arzusu bambaşqadı:
Yeni il gecəsi
Hərə öz arzusunu söylər.
Mənim
də bir arzum var -
Başımı anamın dizinə
qoyub,
buludsuz göyə baxmaq!
lll
Tofiq Məliklinin
yaradıcılığında sevgi şeirləri yaşıl rəngdədi. Günəşə gülümsəyir bu sevgilər, meh kimi əsib keçir, amma keçici olmur.
Görməyəndə səni
çəkisizliyə düşürəm
elə bil.
Birdən-birə azalıram,
yox oluram sanki...
Bu ağ, zərif
şeirlərin öz
ovqatı, öz xatirəsi, öz ətri var.
Necə
də tez keçdi sənli illər,
Bir-birindən parlaq sevimli günlər
Həzin
bir Tanqo musiqisitək
Parlaq xatirələrdi
bizi yaşadan.
"Serenada"
Milyon ilin sevgisi, ayrılığı,
həsrəti yeni biçimdə, yeni çalarda, yeni deyim tərzində boy göstərir Tofiq Məliklinin yaradıcılığında:
Deyirsən, görüşməyək bir daha,
Yaxşı,
Görüşməyək.
Ancaq düşündünmü -
Kim qoparacaq səmadan
ulduzlarını?
Kim darayacaq saçlarını
barmaqlarıyla?...
Şeir
axarıyla axır, təsir qüvvəsi ruhunu qarsır:
... Bəs səni gözləyərkən söykəndiyim
O əyri bitən qovaq ağacı nə deyəcək?
O mehriban,
O dost,
Sirlərimizi bərk-bərk saxlayan
Qovaq ağacı...
"Qovaq ağacı"
İnsanla təbiət arasında bundan doğma, bundan isti münasibət
gördünüzmü?
Tofiq Məliklinin
şeirləri süjetli,
görüntülü şeirlərdi. Oxuduqca görürsən, gördükcə
hiss edirsən, hiss etdikcə
düşünürsən. İnanmırsınızsa, "Məktub"u
oxuyun:
Siz heç
buz kimi soyuq məktub aldınızmı?
Mən aldım.
Bir neçə gün əvvəl
Şiddətli külək əsmişdi.
Bir şeylər olacaq,
demişdi,
içimdən biri...
Tofiq Məlikli şeirlərinin
birində deyir ki, "Sevginin bitdiyi yerdə yalqızlıq cücərir",
"Xahiş" şeirində
isə yalqızlığı
belə ifadə edir:
Neçə vaxtdı
Su kimi içirəm yalqızlığımı,
Mənə bir az
dözüm göndər...
Elə bil Tofiq Məlikli
şeirlərini sübh
duasından sonra, dünyanın tərtəmiz
vaxtında yazır
ki, yaradanla arasındakı
söz rabitəsi qırılmasın:
... Bu gün dünyanı
Pikassonun
"Qız və şar"ı kimi görürəm.
Həmin o qız sənsən, gülüm.
Unutdunmu,
O şarı mən bağışladım sənə..."
"Yaxşı ki, gəldin"
Payızın bu vaxtında
sizə Tofiq Məliklinin unuda
bilmədiyim "Ayrılıq heykəli" kitabından
danışdım. Göydə bir qatar ağ durna
cənuba, yaddaşımda bir qatar ağ şeir
sabaha uçdurdu. Mənə
elə gəlir ki, bu
şeirlər heç vaxt
yerə enməyəcək...
525-ci qəzet.-2017.-7 noyabr.-S.8.