Körpüsalan

 

Aydın TAĞIYEV

 

 

Ötən əsrin 60-70-ci illərində yeniyetmələrin xüsusi həvəslə, maraqla oxuduqları əsərlərdən biri də Xalq yazıçısı İlyas Əfəndiyevin "Körpüsalanlar" romanı idi.

 

Məktəbli Yusif də kitab həvəskarı olduğundan, oxuduğu "Körpüsalanlar" onun gələcək ömür-gün yolunu da müəyyən etdi: O da körpüsalan olacaq!

 

Orta məktəbin yuxarı siniflərində oxuyan, dərs əlaçısı olan oğlan xəyalı ilə baş-başa qalmışdı.

 

- Hara gedirsən, ay oğul?

 

- Körpü salmağa!

 

Ağsaqqal qarşısındakı oğlanı diqqətlə süzüb əlindəki kağıza və qələmə baxdı.

 

- Yolun uğurlu! Yolun açıq! - Sonra da nə fikirləşdisə: - Körpünü elə o kağız qələmlə də sala bilərsən, a bala, - dedi, - körpünü elə sözlə də qurmaq olar. Söz də insanlar arasında elə bir körpüdür.

 

Əlaçı oğlan əlindəki o qələmi kağız üzərində gəzdirib vərəqlərə ürəyindəkiləri sözlə boşaltdı, sonra yazdıqlarını kənddən rayon mərkəzi Qazaxdakı yerli "Qalibiyyət bayrağı" qəzetinə göndərdi. Göndərdiyi yazı rayon qəzetində çap olundu. Sözlə ilk körpüsünü qurdu.

 

Yusif evin böyük uşağı idi. Ona görə də anası ilə birgə gecədən xeyli keçsə də, yollarda olan sürücü atasının işdən evə qayıtmasını gözləyərdi.

 

Yoldan yorğun-arğın qayıdan atası da bəzən: - Sel körpünü yuyub dağıtmışdı, - deyərdi, - ona görə yolum da uzaq oldu...

 

Bəlkə də bir də atasının bu sözlərindən sonra qayğıkeş oğlan öz peşə seçimini qətiləşdirdi. İnşaatçı olmaq, körpü salmaq, insanların uzaq yolunu yaxın etmək!

 

Papaqçıyev soyadı respublikamızın təkcə qərb regionlarında deyil, ümumilikdə ölkəmizdə az-az rast gəlinən soyadlardandır.

 

Yusif Papaqçıyevin soyadı köklü-köməcli bir nəslə gedib çıxır. Papaq tarix boyu xalqımızda uca, müqəddəs tutulub, qeyrət rəmzi hesab olunub. Yusif müəllimin ulu babaları özlərinə məhz papaqçılığı peşə seçiblər. Yarımçıq papaqçı yox, kamil usta olublar.

 

Atası Paşa kişi isə sürücü idi. Ancaq çox erkən, 46 yaşında dünyasını dəyişən Paşa kişi hələ cavan vaxtlarından əməlinə görə ağsaqqal mərtəbəsində olub. Barışıq yaradıb, elçi düşüb. "Daş atıb başını tutanları" yola gətirib.

 

Halal duz-çörəkləri kimi halal ata öyüdü, ana nəsihəti ilə böyüyən Yusif 1981-ci ildə doğma kəndlərində, qədim Qazax mahalının Aslanbəyli kəndində orta məktəbi bitirib, elə həmin il Azərbaycan İnşaat Mühəndislər İnstitutuna qəbul olunub. 1986-cı ildə ali məktəbi bitirdikdən sonra təyinatla Başqırdıstana göndərilib. 1989-cu ildə keçmiş Sovet Ordusunda hərbi xidməti başa vurduqdan sonra doğma Azərbaycana qayıdıb.

 

Baş idarəsi Moskvada yerləşən xüsusi körpülər trestinin Azərbaycandakı 100 saylı tikinti dəstəsində əmək fəaliyyətini davam etdirib Qaraməryəm-Balakən avtomobil yolunun üzərində, Qəbələ və Nic kəndinin ərazisində, Türyan çayı üzərində, Oğuz rayonunun Sincan, Məmmədli, Dəymədəyər çayları üzərində qurulan körpülərin tikintisində iş icraçısı kimi iştirak edib.

 

Sonralar, ötən əsrin 91-94-cü illərində bu təcrübəli körpü salan Şabran, Siyəzən rayonlarında üç kiçik körpünün, Şəkidə Kiş çayı üzərində iki körpünün inşasında və sahil bərkitmə işlərində, necə deyərlər, külüng vurub.

 

1993-1994-cü illərdə Salyanda Kür çayı üzərində tikintisi uzun illər yarımçıq qalan 365 metr uzunluğunda körpünün tikilib istifadəyə verilməsi də Yusif Papaqçıyevin adı ilə bağlıdır.

 

Gəlin onun əmək fəaliyyətinin sonrakı illərinə nəzər salaq.

 

- 1999-2001-ci illər - Bakı şəhərində 15 mərtəbəli ilk monolit binanın tikintisinin başa çatdırılması;

 

- 2000-2001-ci illər - Ceyranbatan gölünün ərazisinin hasarlanması, 220 hektar sahədə meşə zolağının yaradılması, suvarma sisteminin qaydaya salınması, xidməti evlərinin inşaası.

 

- 2004-2006-cı illər. Samur-Abşeron kanalından 67 km uzunluğunda Xanarxı kanalının çəkilişi.

 

Quru faktları sadalamağa nə var ki?

 

Lakin bu faktların arxasında xalqına, Vətəninə can yandıran layiqli bir övladın, vətəndaşın gərgin əməyi, halal zəhməti durur.

 

Və nəhayət, 2006-2013-cü illərdə məşhur Taxtakörpü su anbarının və elektrik su anbarının tikintisi ...

 

1939-cu ilin 18 avqust tarixli sayında o zaman "Kommunist" adlanan respublika qəzeti "Həyat verəcək kanal" adlı məqalədə yazırdı:

 

"Samur-Dəvəçi, ordenli Azərbaycanın tarixinə yazılmaqda olan kanalın çəkildiyi yerdir. Qafqaz sıra dağlarının əriyən qarlarından və buzlarından daha da qüvvətlənən Samur çayı dağlardan uğultu ilə axaraq öz sahilindəki çölləri və tarlaları suvarır, çöllərə əlvan don geyindirir.

 

Tezliklə Samur kolxozçuların qüvvəsi ilə öz axınını dəyişərək Samur-Dəvəçi kanalına töküləcək və buradan Qusar, Xaçmaz, Qonaqkənd və Dəvəçi rayonlarının kolxoz tarlalarını suvaracaqdır. Samur-Dəvəçi kanalını çəkmək şüarı uğrunda xalq hərəkatı qüdrətlidir. Hər yerdə, hər bir kolxozçulardan bu sözlər eşidilir: - Əsrlərdən bəri səssiz və sakit olan çöllər tezliklə dönüb çiçəkli bağ, gözəl bostan olacaqdır. İndi bütün kolxozçular hazır duraraq işə başlamaq əmrini gözləyir".

 

O zaman "hazır duraraq işə başlamaq əmrini gözləyənlər" arasında şabranlılar da var idi.

 

Samur-Dəvəçi adlanan kanal o illərdə, ilanlar mələyən boz torpaqlara həyat verdi. Bu kanal 1939-cu ilin sentyabrında o zaman Dəvəçi adlanan rayonun zəhmətkeşlərinin təşəbbüsü ilə qısa bir vaxtda, əl ilə torpaq məcrada qazılaraq Samur çayından Ataçaya kimi istifadəyə verildi.

 

1951-55-ci illərdə kanalın tikintisi torpaq məcrada davam etdirilərək Abşeron yarımadasına kimi uzadıldı. Kanalın adı da dəyişdirildi.

 

Bu kanal respublikamızın şimal-şərq rayonlarının çox mühüm suvarma qurğusuna çevrildi. Kanalın istifadəyə verilməsi bu bölgələrin ekoloji quruluşunda, əhalinin yerləşməsində, kənd təsərrüfatının inkişafında həlledici dönüş yaratdı.

 

2007-ci ilin noyabrın 9-da respublikamızın informasiya orqanları AzərTAC-ın belə bir məlumatını dərc etdilər ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Dəvəçi rayonu ərazisində Taxtakörpü Su Anbarının və Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

 

Məlumatda bildirilirdi: "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin həyata keçirilməsi ölkəmizdə içməli su probleminin həllinə mühüm töhfə olacaq. Taxtakörpü Su Anbarı və Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanalları da bu layihə çərçivəsində inşa edilib. Taxtakörpü anbarı Samur-Abşeron kanalının suyu ilə doldurulacaq. Həcmi 68 milyon kub-metr olacaq anbar Bakı, Sumqayıt şəhərlərinin, ümumən Abşeron yarmadasının içməli su, suvarma suyu və texniki su təminatının iki dəfə yaxşılaşdıracaq... Samur-Abşeron kanalının uzunluğu 180 kilometrdir. Yenidənqurma işlərinə bu kanalın baş qurğusunun yeniləşdirilməsi, 50 kilometrlik hissəsinin təmir olunması, Taxtakörpü anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanalının tikintisi daxildir...

 

Taxtakörpü anbarının ümumi su tutumu 268,4 milyon kubmetr, gölün sahəsi 8,7 kvadrat kilometr, bəndin hündürlüyü 142,5 metr, eni 10-15 metr, bəndin qatının uzunluğu 1180 metrdir... Hələ ki, respublikamızda bunun bənzəri olan belə bir qurğu tikilməyib. Bu anbardan Taxtakörpü-Ceyranbatan kanalına saniyə ərzində 40 kubmetr su axıdılacaq, quraşdırılacaq üç turbin isə 25 m vt elektrik enerşisi istehsal edəcək..."

 

Su anbarının və elektrik stansiyasının inşaasını "Azərkörpü" ASC həyata keçirdi. Və bu nəhəng layihəni yerinə yetirənlərə məhz Yusif Papaçıyev başçılıq edirdi.

 

2013-cü ildə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı oldu.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər.

 

2007-ci ildə isə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına başlanmışdı. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" - indi Avropa-Asiya İnşaat Korporasiyası "Yevraskon" Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirirdi. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər görüldü. İlk növbədə Vəlvələçay-Taxtakörpü kanalının təxminən 11 kilometrlik hissəsi istismara hazır oldu, 2011-ci il avqustun 15-də rəsmi açılış mərasimi keçirildi. 2013-cü il iyulun 19-da isə 34 kilometr uzunluğunda Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsinin istismara buraxılması və Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə növbəti rəsmi mərasim gerçəkləşdi. Üç mindən çox işçinin zəhməti sayəsində tikilib istifadəyə verilən belə bir nəhəng obyektin inşasına rəhbərliyi Yusif Papaqçıyev edib və heç şübhəsiz bu da onun əmək bioqrafiyasının ən şərəfli, tarixi səhifələrindəndir.

 

Qədirbilən şabranlılar son illər rayonda gedən geniş abadlıq-quruculuq işlərində Yusif müəllimin də iştirakını məmnuniyyətlə xatırlayırlar.

 

Dövlətimiz də Yusif Papaqçıyevin əməyini, xidmətlərini layiqincə qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ötən il inşaat işçilərinin peşə bayramı günündə Yusif Papaqçıyevə "Tərəqqi" medalı verilib, bu il isə o, Əməkdar mühəndis fəxri adına layiq görülüb.

 

Yusif müəllim həm də xoşbəxt bir ailə başçısıdır.

 

Oğlu Paşanı babasının adına layiq bir övlad kimi böyüdüb. Paşa qardaş Türkiyədə, İstanbulda universiteti ingilis dilində bitirib. İqtisadiyyatın idarə edilməsi üzrə mütəxəssisdir.

 

Qızı Ləman xanım isə Bakı Dövlət Universitetinin kimya fakultəsinin məzunudur.

 

"Yevroskan" tikinti korporasiyası idarə heyətinin sədr müavini Yusif Papaqçıyev bu gün də iş başındadır. Qurur, yaradır, körpülər salır... Bu da mənim və daha neçələrinin səmimi arzusudur ki, zəhmətlə, əzmlə irəlilədiyi quruculuq yolunda yorulmasın, işi daim avand olsun!

 

525-ci qəzet.-2017.-7 noyabr.-S.8.