Nizami irsinin leksikası araşdırılır

 

Nizaminin "Xəmsə"si Yaxın və Orta Şərq klassik poeziyasında geniş yayılmış məsnəvi janrında ümumi başlıq altında verilən, ideya-məzmun və forma cəhətdən bəşər zəkasının, onun poetik təxəyyülünün zirvəsinə yüksəlmiş ədəbi abidədir.

 

Böyük şairin həyatı, yaradıcılığı, sənəti, dünyagörüşü, poemalarının mövzu, məzmun, ideya, tarixi mənbələri, həmçinin, onun tərcümələrinə yazılmış qiymətli şərhlər, elmi məqalə və əsərlər nizamişünaslıq və ümumiyyətlə, şərqşünaslıq sahəsində görkəmli tədqiqatçılar tərəfindən tarixi, fəlsəfi, ictimai-siyasi, əxlaqi, etik-estetik, ədəbi-bədii istiqamətlərdə yetərincə öyrənilib. Y.E.Bertels, M.Rəfili, H.Araslı, F.Qasımzadə, M.Quluzadə, M.Mübariz, M.C.Cəfərov, Y.Qarayev, R.Əliyev, Q.Əliyev, R.Azadə, N.Araslı, X.Yusifli, Z.A.Quluzadə kimi görkəmli mütəxəsislər tərəfindən bu barədə sanballı əsərlər yazılıb. XX əsrin 90-cı illərinin əvvəllərində sövet hakimiyyətinin süqutundan sonra Azərbaycan ədəbiyyatşünaslığı klassik dövrün tədqiqində yeni mərhələ kimi səciyyələndirilə bilər: bu mərhələdə proqressiv təmayüllər müşahidə olunmuş, üstünlük daha çox klassiklərimizin yaradıcılığında türkçülük, din, ürfan, tarixi poetika kimi ya yasaq olunmuş, ya da etina edilməmiş mövzuları verilmişdi. Qadağan olunmuş mövzulardan biri də məlum olduğu kimi, Qurani-Kərimin ədəbiyyatımıza, şair və ədiblərimizin dünyaya baxışına təsiri və onların dünyagörüşündə buraxdığı izlər ilə bağlı məsələlərdir.

 

Qeyd etmək lazımdır ki, sövet dövrünün ideoloji basqısı və siyasi sifarişinə uyğun aparılmış bir sıra araşdırmalarda Nizami dünyagörüşünün bir sıra cəhətləri kölgədə qalmış, yetərincə dəyərləndirilməmişdi: şairin dini-fəsəfi fikirləri ya tam təhrif olunmuş, ya da üstüörtülü şəkildə işıqlandırılmışdı.

 

Bu baxımdan V.Hacıyevanın son araşdırmaları Nizami irsində bəzi problemlərin, xüsusən, onun dil-üslub cəhətlərinin öyrənilməsi sahəsində irəliyə atılmış addımdır.

 

Əsərin birinci fəsli "Nizami Gəncəvinin dünyagörüşü və "Xəmsə"nin onomastik lüğət tərkibi" adlanır. Bu fəslin birinci paraqrafında "Xəmsə"də rast gəlinən onomastik leksikadan, yəni peyğəmbərlərin, şəxs adlarının təhlili, Nizami Gəncəvinin müxtəlif dini təlimlərə münasibətinin özünəməxsusluğu (iudaizm, xristianlıq, zərdüştlük, manixeizm, islam) aşkarlanıb.

 

Bu bölümdə müəllif Nizami Gəncəvinin zəngin yaradıcılığının bəhrəsi kimi özündə ümumbəşəri problemləri əks etdirən ölməz "Xəmsə"sində beş məsnəvinin giriş hissələrinə daxil olan və onun dünyagörüşünün dini aspektini ehtiva edən fəsilləri tədqiqata cəlb etmişdir.

 

Giriş fəslindən sayılan "Minacat" ("Gizli söhbət", "Yalvarış"), "Nət" (Məhəmməd peyğəmbərin mədhi), "Merac" ("Məhəmməd peyğəmbərin yüksəlişi") kimi bölümlərdə əks olunan müxtəlif dini təlimlərə dahi mütəfəkkir-şairin özünəməxsus münasibəti aşkarlanıb və onomastik lüğət tərkibinin geniş təhlili dəyərləndirilib.

 

Monoteist əqidəyə malik olan şair, Quranın "Həşr" surəsində "Əsma-ü-l-hüsna" ("Allahın gözəl adları") kimi məşhur olan 1001 sifətini "Sirlər xəzinəsi" poemasının ilk fəslində Qurandan iqtibas edərək, məharətlə vəsf edib. Təkallahlığı təbliğ edən bu bölüm həm də "mərifət-üllah" ("Allahı tanımaq") termini ilə məəruf və məşhurdur.

 

"Sirlər xəzinəsi" məsnəvisinin ideya və məzmunca "mərifət-üllah" (Allahı tanımaq) məfhumunu şərh etməyə yönəlmiş bu bölümündə Allahın "əsma-ül-hüsna" (gözəl isimləri) kimi sifətləri açıqlanır. Allah, Nizamiyə görə, əzəli, əbədi, sonsuz, hududsuz, özü-özünə yetən, müqəddəs, bənzəri olmayan, əliaçıq, səxavətli, mərhəmətli, şəfqətli, Mücərrəd Ruha və Mütləq İradəyə malik ən uca ilahi, ruhani Varlıqdır. Allahın bütün özəl sifətlərini özündə ehtiva edən giriş fəslində onun, Rəhman (ər-Rəhman) sonsuz mərhəmət sahibi, ər-Rəhim - mərhəmətli, əl-Həkim - hikmət sahibi, ər-Rəzzaq - ruzi verən, gündəlik ehtiyacları təmin edən; əl- Fəttah - çətinlikləri həll edən; əl-Qədim - əzəli, ət-Təvvab - tövbələri qəbul edən; əl-Gafur - günahları bağışlayan; əs-Səməd - hər şeyin Ona möhtac, Onun isə heç kimə möhtac olmadığı və sair xüsusiyyətləri şair tərəfındən tərənnüm olunmuşdu.

 

"Nət" bölümündə isə Quranda adı çəkilmiş (müsəvi, isəvi, zərdüştlük manilik) dinlərə mənsub peyğəmbərlərin adlarını bir çox poetik fiqurun, əksərən, "təlmih" (allyuziya) tərkibində ustalıqla istifadə edərək, şeirin ifadəliliyinin güclənməsini təmin etməsini diqqət mərkəzinə çəkmişdir.

 

"Xəmsə"nin giriş fəsillərində Nizaminin "əhl-e touhid" olmasının şahidi oluruq. Lakin qeyd etmək lazımdır ki, hər poema-məsnəvi özünəməxsusluğu ilə yadda qalır. "Xosrov və Şirin" poeması mövzu baxımından Zərdüştiliklə bağlı olması, həmin əqidənin ön plana çəkilməsi, təkallahlığı təbliğ edən bir şairin mövzu ilə bağlı Zərdüştə və onun dini təliminə müraciət etməsi maraq doğurmaya bilmir. Bu anlamda araşdırma, təbii ki, onomastik lüğət təhlili və təqdimi üzərindən zərdüştülik və monoteist dinlərdən biri sayılan islam dini ilə qarşılaşdırılaraq aparılır.

 

Aparılan müşahidələr nəticəsində müəllif belə qənaətə gəlmişdir ki, şairin fikir sisteminin əsas qaynağı Quran, Quranla bağlı rəvayətlərdir. Nizami dünyagörüşünün dini-fəlsəfi yönü Quran qissə mötiviəri əsasında "tazmin", "iktibas", "təlmih" kimi ənənəvi bədii-ifadə vasitələri ilə yığcam və obrazlı şəkildə, yəni şairin fərdi poetik-üslubuna xas bir tərzdə məharətlə ifadə olunmuşdu.

 

Bu fəsildə - "Nizami Gəncəvi "Xəmsə"sinin onomastik leksikası mədhiyyə ünsürü kimi" başlıqlı bölümündə də "Xəmsə" boyu, ədəbi ənənəyə müvafiq olaraq, giriş hissələrində şairin əsərlərinin ithaf edildiyi və yaxud məmduhların şəxs adları, titulları, nisbə və künyələri, ləqəblərinin müxtəlif poetik-stilistik fıqurların tərkibində mədhiyyə ünsürü kimi işlədilməsi problemi qoyulur. Fəslin üçüncü bölməsində Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında sakral "yeddi" rəqəminin əsərdə vəsf olunmuş yeddi planet, yeddi gözəl, yeddi ölkə adlarının təhlili üzərindən Nizami dünyagörüşünü əks etdirən simvolikası problemi şərh edilmişdir. Yeddi səyyarə haqqında müsəlman nücum (astroloji) elminin dəyərli alimlərindən Əbu Reyhan Biruninin "ət-Təfhim" əsərindən bəhrələnərək təqdim edilməsi işin elmi dəyərini artırmağa xidmət edir.

 

Qeyd etmək lazımdır ki, XX əsrin 80-ci illərindən başlayaraq, sovet şərqşünaslıq elmində klassik Şərq poeziyasına mənsub poetik mətnlərin üslub cəhətdən təhlilində məhz həmin regionun poetik traktatlarına müraciət etmək tendensiyası gündəmə gəlmişdi. Avropa fılologiya elminə mənsub məhdud sayda bədii-poetik kateqoriyalar Yaxın və Orta Şərqə məxsus poetik mətnlərinin zəngin dilinin təhlilində aciz qalmış, bədii obrazların incəliklərinin şərhində tam münasib olmamış, tədqiqatçıların qarşısında müəyyən əngəllər yaratmışdı.

 

Bədii və obrazlı dildə qələmə alınmış mənzum və mənsur əsərlərin dilini poetik cəhətdən araşdıran tədqiqatçılar həmin mətnlərin müqaviməti ilə üzləşirdilər. Bu səbəbdən Yaxın və Orta Şərqdə mövcud poetik risalələrə müraciət etmək zəruriyyəti ortaya çıxmışdı. Araşdırıcılar belə doğru qənaətə gəldilər ki, klassik Şərq poeziyasının tam bədii şərhi yalnız ənənəvi poetik risalələrin, daha dəqiq desək, Rəşid-əd-Din Vatvat, Şəms Qeys Razi kimi nəzəriyyəçilərin, Şərq fıloloqlarının poetikaya həsr olunmuş əsərləri vasitələri iiə təhlil və tədqiq oluna bilər.

 

Əsərin ikinci fəsli "İskəndərnamə" poemasının onomastik lüğət tərkibinin bədii təsvir vasitələrinin, tərkibində iştirakı dərəcəsinə görə təsnifatına həsr olunmuşdur. İlk yarımfəsildə Yaxın və Orta Şərq ənənəvi klassik poetikasının ("elm-əl-bədi") bədii nitqin zinətləndirən ifadə vasitələrinin haqqında təlimin xüsusiyyətləri və mövcud nəzəriyyənin tarixinə qısa ekskurs edilmişdir.

 

İkinci yarımfəsildə isə təsnifatın əsas prinsipləri, statistik göstəricilər, onomastik leksikanın iştirakı ilə ləfzi (söz incəlikləri), məsələn, "təcnis" və onun çeşidli növləri kimi; mənəvi (məna gözəllikləri), məsələn, "təşbih" və onun çeşidli növləri və yaxud bədii sifət (epitet) kimi və ləfz-o-mənəvi fıqurları qarşılaşdırılmaqla təhlil olunub.

 

Burada, həmçinin, ərəb-farsdilli poetikanın obraz sisteminin özəllikləri məsələləri qoyulub və dörd bölümdə Nizami Gəncəvi "İskəndərnamə" poemasının xüsusi adlar sistemi bütövlükdə ləfzi, mənəvi, məna gözəllikləri və ritorik vasitələrin işlədilməsinin dərəcəsinə görə sistemləşdirilib, poemadan gətirilmiş konkret nümunələr əsasında əyani olaraq göstərilib və bədii nitqin qüvvətləndirilməsi məqsədi daşıyıcıları kimi təhlil edilib, dəyərləndirilib.

 

Əsərin "Xüsusi adların ekspressiv xüsusiyyətləri və funksiyaları" adlanan üçüncü fəsilində "İskəndənamə" poemasının onomastik lüğət tərkibinin ekspressiv özəllikləri və vəzifələri struktur poetikanın metodlarına uyğun şəkildə - mətn qurumunun səs, söz və tematik səviyyələrində təyin edilib: yəni mətn quruluşunun fonetik səviyyəsində səslərin ekspressiyası (səslərin bədii təsirinin, ifadəliliyinin güclənməsi məsələsi təyin olunub. Məsələn, "touzi" (Avropa filologiya elminin nəzəriyyəsinə uyğun olaraq alliterasiya) ənənəvi poetik vasitənin tərkibində işlə-dilən xüsusi adların şeirin təsir gücünü artırması faktının onomastik leksika üzərindən təhlili böyük maraq doğurur.

 

Mətn strukturunun leksik səviyyəsində "təkrir" kimi (Avropa filologiya elminin nəzəriyyəsinə uyğun olaraq anafora, epifora) poetik fıqurunun tərkibində xüsusi adların iştirakı sözlərin təkrarı sayəsində şeirin ekspressivliyinin (sözün emosional təsirini artırması) güclənməsi hadisəsinə şahid oluruq. Və yaxud mətnin semantik səviyyəsində xüsusi adların "istiarə" (metafora) məcaz (metonimiya), "kinayə" və sair vasitəsilə ifadəliliyin güclənməsi hadisəsi baş verib.

 

Burada stilistik və tematik səviyyələrdə fikri ifadə etmə özəllikləri (yəni motiv kimi işlədilməsi) aşkarlanıb və bədii nümunələr əsasında dəyərləndirilib.

 

Elmi araşdırmanın "Xüsusi adların bədii-üslubi funksiyalarının əsas tipləri" adlanan dördüncü bölməsində nizamişünaslıq elmində ilk dəfə xüsusi adların bədii-üslubi funksiyalarının əsas beş tipi müəyyən olunub: təsvir etmə, ifadə etmə, yığcamlıq (lakoniklik), ornamentallıq (zinətləndirmə) və obrazlılıq (bədii surət yaratma).

 

Müəllifin gərgin zehni əmək sayəsində ərsəyə gətirdiyi əsər Nizamişünaslıq elminə yeni bir töhfə kimi çox qiymətli elmi əsər olmaqla dahi şairimizin yaradıcılıq sirlərinin aşkar edilməsi sayəsində təqdirəlayiq işdir.

 

Nərgiz ƏLİYEVA

Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı

525-ci qəzet.-8 noyabr.-S.8.