Kaliforniyada Fikrət Əmirov və Niyazinin əsərləri təqdim olunub
Noyabrın 5-də ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, həmçinin görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərinin ifa olunduğu geniş konsert keçirilib.
Sakramentonun tarixi Krest Teatrında
keçirilən konsertdə
Kaliforniya paytaxtının
siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin
nümayəndələri, həmçinin KİV təmsilçiləri
iştirak ediblər.
Əsərləri səsləndirən kollektiv,
yəni dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyi Sakramento Gənclər Simfoniyası ABŞ-ın
ən tanınmış
simfonik orkestrlərindən
hesab olunur.
Azərbaycanın Los Ancelesdəki Baş
Konsulluğunun dəstəyilə
keçirilən və
1000-dək amerikalının iştirak etdiyi konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun
dirijorluğu ilə, gənc müğənni Mərziyyə Hüseynovanın
ifasında Sakramento Gənclər Simfoniyası
Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndirib.
Proqramda F.Əmirovun həyat və yaradıcılığını
əks etdirən
video-çarx da nümayiş olunub.
Konsertdən öncə çıxış
edən Azərbaycanın
Los Ancelesdəki baş
konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, bu cür möhtəşəm
konsertin Kaliforniyanın
paytaxtında keçirilməsinin
əlamətdar və
tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan haqqında tamaşaçılara məlumat
verərək, ölkəmizin
qədim tarixə, zəngin mədəniyyətə
və musiqiyə sahib
olduğunu diqqətə
çatdırıb. Sonda baş konsul konsertin ərsəyə gəlməsində göstərdiyi
səylərə görə
Sakramento Gənclər
Simfoniyasının direktoru
Maykl Nyumana, musiqiçilərə, həmçinin
Sakramentodakı Azərbaycan
icmasının fəalı
Şəbnəm Qafarovaya
dərin təşəkkürünü
bildirib.
Konsert proqramı
F.Əmirovun “Azərbaycan
Kapriççiosu” ilə
təntənəli şəkildə
yekunlaşıb.
Sonra qonaqlara
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət
Cəmiyyətinin hazırladığı
zəngin Azərbaycan
mətbəxinin ləziz
nümunələri təqdim
olunub.
XƏDİCƏ
525-ci qəzet.-8 noyabr.-S.7.