Milli dövlətçiliyimizin və
müstəqilliyimizin müqəddəs rəmzi
Üçrəngli Dövlət Bayrağımız Şərqdə ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb.
1918-ci il
noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə
baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi,
qırmızı və yaşıl rənglərdən,
ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan
bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət
Bayrağı olaraq qəbul edib. Üstündə
ay-ulduz nişanəsi olan Dövlət
Bayrağımızın rənglərindəki məzmunda
xalqımızın milli ideologiyası və mənliyi təcəssüm
tapır. Dövlət
Bayrağımızdakı mavi rəng
türklüyümüzü, qırmızı rəng
azadlıq və istiqlaliyyəti, demokratiya və insan
hüquqlarını, yaşıl rəng isə İslam
sivilizasiyasına mənsubluq anlamını ifadə edir.
Milli dövlətçilik tariximizdə
oynadığı rola görədir ki, Azərbaycan Xalq
Cümhuriyyətinin yubileylərinə müstəqillik
dövründə həmişə böyük qayğı
ilə yanaşılıb. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
Cümhuriyyətin 100 illiyinin 2018-ci ildə təntənəli
şəkildə qeyd edilməsi üçün sərəncam
imzalayıb.
Naxçıvanda
yenidən və əbədi yüksələn bayraq
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən
sonra üçrəngli bayrağımız endirildi. Yalnız 70
ildən sonra Azərbaycanın üçrəngli
bayrağı milli şüurun oyanışı ilə yenidən
Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin
ifadəsi kimi dalğalanmağa başladı. Dahi lider Heydər Əliyevin uzaqgörən zəkası
və əzmi ilə Naxçıvanda
dalğalandırılan, Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı olaraq təsdiq
edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin
və müstəqilliyimizin bərpa olunması və eləcə
də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır
günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti
həyata keçirilərək milli dövlətçilik ənənələrinin
əsası qoyuldu. 17 noyabr 1990-cı ildə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə keçirilən
iclasında birinci növbədə bayraq məsələsinə
baxılıb, yüksək səsvermə ilə üçrəngli,
ay-ulduzlu bayraq qaldırılıb, Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı kimi təsdiq
edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19
noyabr 1990-cı il tarixli qərarı ilə
isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası
üzərində ucaldılıb. Məhz dahi
dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həyata
keçirdiyi tədbirlər və aldığı qərarlar
sonralar müstəqil Azərbaycanın milli dövlətçilik
fəaliyyətinin təməlini təşkil edib, milli
dövlət quruculuğunun əsasında dayanıb.
Beləliklə, vaxtilə böyük uzaqgörənliklə
Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər
Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil
Azərbaycan dövlətinin dövlətçilik yoluna
çevrildi.
Dövlət bayrağı kimi üçrəngli,
ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət
Bayrağı olaraq qəbul edilməsi də
Naxçıvandan başladılan yolun davamı oldu.
Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti
Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən
üçrəngli bayrağa da Azərbaycan
Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin
il oktyabrın 18-də dövlət
müstəqilliyini bərpa edən Azərbaycan Respublikası
özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan
edərək onun dövlət rəmzlərini, o cümlədən,
Dövlət Bayrağını da qəbul etdi.
Ən
uca, ən ali dəyər...
Dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər
ki, bizə milli qürur, mənlik, ləyaqət, güc,
qüdrət verir. Bu gün
dünyanın, demək olar, əsas ölkələri ilə
əlaqə və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda
təmsil olunan dövlətimiz öz bayrağı ilə
tanınır. Birləşmiş Millətlər
Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın
qeyri-daimi üzvü olan, sülhməramlı tədirlərdə
bütün qüvvəsilə iştirak edən dövlətimiz
üçrəngli bayrağı ilə sərhədlər
aşdıqca, ölkələr keçdikcə
xalqımızın milli simvolu kimi yaddaşları fəth
edir, əbədiləşir. Keçirilən
müxtəlif tədbirlərdə, beynəlxalq
yarışlarda qaldırılan Dövlət
Bayrağımız həm də qələbə və zəfər
anlayışlarını özündə təcəssüm
etdirir. Dalğalandığı hər
ölkədə bayrağımız siyasi qələbəmizin
təntənəsi kimi hər birimizə qürur verir,
bütün dünya azərbaycanlılarının həmrəylik,
birlik rəmzi kimi görünür. Ulu öndərimizin
dediyi kimi: "Mən çox ölkələrə gedirəm.
Hava limanında Azərbaycan bayrağını
görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim
avtomobilin üstündə Azərbaycan bayrağını,
hansı bir yerə danışığa gedəndə Azərbaycan
bayrağını görürəm. Bu,
bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı,
xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.
Onda bayrağa olan məhəbbət, eyni zamanda,
Vətənə, xalqa, dövlətə olan məhəbbət
bərabər olsun".
Yeni mərhələdə
yaşanan təntənə...
Ulu öndər Heydər Əliyevin dövlətçilik
yolu dünyaya bir Günəş kimi doğan,
günü-gündən inkişaf edən müstəqil Azərbaycan
Respublikasının idarəçilik yolu, siyasi kursu və
dövlətçilik fəlsəfəsidir. Bu baxımdan
Ümummilli liderin dövlət rəmzlərimizə olan
qayğısı da həmişə ölkəmizdə
ön planda tutulmuş, uğurla davam və inkişaf
etdirilmişdir. Bu mənada Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi
hakimiyyətə gəlişi Azərbaycanın dövlət
müstəqilliyi tarixində yeni mərhələnin
başlanğıcını qoydu. Məhz
bu mərhələdə ölkəmiz bir sıra nailiyyətlərə
imza atmaqla Heydər Əliyev siyasətinin nə qədər
böyük bacarıqla idarə edildiyini qətiyyətlə
təsdiq etdi. Beynəlxalq aləmdə özünü
dayanıqlı inkişaf, iqtisadi yüksəliş,
etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycan
Respublikası, həmçinin, daxili siyasətdə də əvəzsiz
uğurlarla ölkə ictimaiyyətinə böyük fərəh
və sosial rifah bəxş etdi. Bu nailiyyətlərin
davamı olaraq Prezident İlham Əliyevin Azərbaycan
Respublikasının Dövlət Bayrağı
Gününü təsis etməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət
Bayrağı Meydanının yaradılması haqqında sərəncam
imzalaması milli dəyərlərimizə və dövlət
atributlarına, o cümlədən, Dövlət
bayrağına hörmət və ehtiramın yüksək
ifadəsi kimi böyük razılıqla
qarşılandı. 2010-cu ildə Bakı şəhərində
Dövlət Bayrağı Meydanının yaradılması hər
bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət
hisslərini daha da alovlandırdı. "Ginnes"
dünya rekordları təşkilatının 2010-cu il mayın 29-da Azərbaycan Dövlət
Bayrağı dirəyinin dünyada ən hündür bayraq
dirəyi olduğunu təsdiq etməsi də Azərbaycan vətəndaşına
ayrı bir qürur və iftixar hissi bəxş etdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
meydanda Dövlət Bayrağı Muzeyi də yaradıldı. Bütün
bunlar qüdrətli dövlətin və müstəqilliyinə
hakim bir gücün təzahürü olaraq Azərbaycan vətəndaşına
iftixar gətirir. Bayraq Meydanının
açılış mərasimində çıxış
edən ölkə Prezidenti cənab İlham Əliyev
üçrəngli bayrağımızın müstəqil
Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi
olduğunu bildirərək deyib: "Bu meydan nadir memarlıq
abidəsidir. Bu bayraq bizim milli dəyərimizdi... Bu Bayraq
Meydanının yaradılması Azərbaycanın
gücünü, Azərbaycan xalqının öz dövlətinə
sevgisini, dövlət rəmzlərimizə
ehtiramımızı göstərir... Bizim
bayrağımız qürur mənbəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində
dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa
edəndən sonra milli dövlət bayrağımız bu
gün hələ də işğal altında olan torpaqlarda
da qaldırılacaqdır. Bizim
bayrağımız Dağlıq Qarabağda, Xankəndində,
Şuşada dalğalanacaqdır. O günü biz hər
an öz işimizlə yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq" .
Naxçıvanda
uğurla davam etdirilən dövlətçilik yolu
Naxçıvan Muxtar Respublikasında da Heydər
Əliyev dəst-xəttinə uyğun olaraq dövlət rəmzlərinin
təbliğ olunması, hörmət və ehtiramla qarşılanması
həmişə diqqət mərkəzində
saxlanılıb. Bu baxımdan Naxçıvan Muxtar
Respublikasında ulu öndər Heydər Əliyev dövlətçilik
təlimi uğurla davam və inkişaf etdirilir. Dövlət atributlarının təbliği də
başlıca yerdə dayanır. Naxçıvan
Muxtar Respublikasında Bayraq Meydanının yaradılması
istiqamətində aparılmış işlər də
razılıq doğurur. Belə ki, "Naxçıvan
şəhərində Dövlət Bayrağı Meydanı və
Muzeyinin yaradılması haqqında" Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 22 avqust 2014-cü il tarixli Sərəncamı ilə
Naxçıvan şəhərinin ən hündür və
gözəl yerində Dövlət Bayrağı Meydanı və
Muzeyi yaradılmışdır. Açılış tədbirində
iştirak edən Ali Məclisin Sədri cənab Vasif
Talıbov deyib: "Dövlətçilik tariximizdə
mühüm yer tutan dövlət rəmzləri və bayraqlar
bir tərəfdən nadir dövlətçilik irsinin varisləri
kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən
Naxçıvanda mövcud olmuş qədim dövlətlərin
tarixini öyrənməyə də geniş imkanlar
yaradır. Naxçıvan şəhərində
yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi
bu baxımdan mühüm əhəmiyyətə malik
olacaqdır".
Naxçıvan şəhərində inşa
edilmiş Bayraq Meydanının mərkəzindəki bayraq dirəyinin
pyedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi
yaradılıb. Səkkizguşəli ulduz formasında
inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə
olunub. Bayraq Muzeyi dövlət
atributlarımızın tarixi və onların gələcək
nəsillərə çatdırılması
baxımından müstəsna əhəmiyyətə
malikdir. Naxçıvan Muxtar
Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun təntənəli
paradı, hərbi texnika və aviasiya qüvvələrinin təlim
yürüyüşü Azərbaycanın dövlət
müstəqilliyi və ərazi bütövlüyünün
rəmzi olan müqəddəs bayrağımızın
etibarlı müdafiə olunduğunu tam mənası ilə
nümayiş etdirdi. Mətanətli və
döyüşkən ordumuzun, hərbi helikopterlərin
nümayiş zamanı böyük təntənə ilə gətirdikləri
bayraqlar sanki qələbə meydanına gətirilən zəfər
bayrağı kimi alqışlanmaqla bu qələbə və
zəfərin yaxın olduğuna ismarıc verdi.
Birliyə, həmrəyliyə çağırış simvolu
Bəli, "Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq...uğrunda ölən varsa, vətəndir"... Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğruna canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən Milli Qəhrəman və şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir".
Ramiz QASIMOV
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-2017.-9 noyabr.-S.4.